Yaqub Mahmudov: Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır

 

İyunun 24-də "Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” mövzusunda elmi konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransın təşkilatçıları Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondudur.

Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir: "200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb”.

"Xalqımıza sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma "böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. "Qarabağ: real tarix, faktlar, sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb”, - deyə akademik qeyd edib.

Yaqub Mahmudov deyib ki, Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır. Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.

Konfransda "Sovet dövlətinin Cənubi Qafqazdakı milli siyasətində erməni amili” mövzusunda məruzə ilə çıxış edən Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev vurğulayıb ki, sovet dönəmində erməni amilinin gücləndirilməsinə xüsusi qayğı göstərilib: "1948-1953-cü illərdə azərbaycanlılar Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya olunmuş və orada xaricdən gətirilmiş ermənilər yerləşdirilmişdir. 1945-1985-ci illərdə Cənubi Qafqaza 150 mindən çox erməni köçürülüb”.

Tarixçi alimlər Cəbi Bəhramov, Kərim Şükürov, İlqar Niftəliyev, Kamran İsmayılov və başqaları bildiriblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılıb.

 

Azərbaycan.- 2019.-25 iyun.- S.6.