“Xalq Əmanəti”
layihəsinin növbəti nəşri Mirzə Şəfi
Vazehə həsr olunub
"Xalq Bank”ın "Xalq Əmanəti”
layihəsinin on səkkizinci nəşri böyük Azərbaycan
şairi, mütəfəkkiri, maarifçi-pedaqoqu Mirzə
Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunub.
"Vazeh” (ifadəli, aydın) təxəllüsü ilə
Azərbaycan və fars dillərində yazıb-yaradan Mirzə
Şəfi 1794-cü ildə Gəncədə doğulub.
Erkən yaşlarında mədrəsədə
dinin əsaslarını öyrənmiş Mirzə Şəfi
təhsilini başa vurduqdan sonra Azərbaycan və Şərq
ədəbiyyatı, sufilik fəlsəfəsi ilə dərindən
maraqlanıb. Gənc şair yazdığı əsərlərində
insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik
kimi dəyərləri vəsf edib. Vazehin qələmindən
çıxan "Yusif və Züleyxa”, "Sədi və
şah” poemaları, çoxsaylı qəzəlləri,
rübailəri, kəskin satira və yumorla dolu aforizmləri
dövrü üçün çox cəsarətli nümunələr
idi. Lakin şairin yaradıcılığı, onun tədris
və maarifçilik sahəsində səyləri din xadimlərinin
ürəyincə deyildi. Böyük təzyiqlər
altında Mirzə Şəfi 1840-cı ildə doğma şəhərini
tərk edərək, o vaxt Qafqazın mütərəqqi mədəniyyət,
elm və təhsil mərkəzi sayılan Tiflisə
köçməyə məcbur olur. Mirzə Şəfi
Tiflis məktəbində mükəmməl bildiyi "nəstəliq”
xətti ilə yazıdan, sonra isə Şərq dillərindən
və ədəbiyyatdan dərs deyirdi. Şair öz evində
"Divani-Hikmət” ədəbi məclisi
yaratmışdı. Dövrünün tanınmış
şair, yazıçı və filosofları, o cümlədən
Vazehin şagirdi və davamçısı Mirzə Fətəli
Axundzadə axşamlar tez-tez bu məclisdə
toplaşardılar. Eyni zamanda, Mirzə Şəfi Azərbaycan
poeziyasının ilk müntəxəbatını yazır və
Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini
tərtib edir (İ.Qriqoryevlə birgə).
Mirzə Şəfi Vazehin ədəbi
məclisinin dinləyicilərindən biri Qafqazın tədqiqatçısı,
alman tərcüməçi, ondan bir neçə il ərzində
Şərq dilləri dərsi alan Fridrix Martin fon Bodenştedt
olub. Bodenştedtin sözlərinə görə, Vətəninə
dönərkən Vazeh ona öz əlyazmalarını verir, o
isə müəlliminə əlyazmaları tərcümə
edib nəşr edəcəyini və bir nüsxəsini müəllifə
göndərəcəyini vəd edir. Bodenştedt 1850-ci ildə
"Şərqdə min bir gün” kitabını nəşr
edir və həmin kitabda azərbaycanlı müəllimi,
şair Mirzə Şəfiyə və onun şeirlərinə
xüsusi yer ayırır. Kitab böyük uğur qazanır
və 1 il sonra həmin kitabın məzmunu genişləndirilərək
"Mirzə Şəfinin nəğmələri” adı ilə
ayrıca şeir toplusu kimi çap edilir. 23 il keçəndən
sonra Bodenştedt "Mirzə Şəfinin irsindən”
adlı daha bir toplu nəşr etdirir ki, bu kitabda o artıq
şeirlərin əvvəlki kitablarda söylədiyi kimi, Mirzə
Şəfiyə deyil, ona məxsus olduğunu iddia edir. Vazehin
"nəğmələri” Almaniyada nəşr edildiyi 1850 və
1851-ci illərdən sonrakı 40 il ərzində 145 dəfə
çap olunmuş, bu dövr ərzində Avropanın əsas
aparıcı dillərinə çevrilmiş, dünya
şöhrəti qazanmışdı. O dövrün
reallığı nəzərə alınarsa, Mirzə Şəfinin
Avropadakı şöhrətinin miqyasını təsəvvür
etmək çox çətindir. Dövrünün
böyük musiqiçisi, rus pianoçusu və bəstəkarı
Anton Rubinşteyn Mirzə Şəfidən seçdiyi 12
şeir əsasında silsilə romanslar bəstələmişdi
ki, bu əsərləri 1855-ci ildə böyük Avstriya-macar
bəstəkarı Ferens List bəyənmiş və nəşrinə
kömək göstərmişdir. "İran motivləri”
adı ilə populyarlıq qazanan romansları sonradan digər
böyük rus bəstəkarı Pyotr Çaykovski alman
dilindən rus dilinə tərcümə etmiş, dünya
opera sənətinin əfsanələrindən biri Fyodor
Şalyapin isə onları uzun illər uğurla ifa
etmişdir. 1887-ci ilin noyabr ayında isə Berlinin
küçələrini Fridrix Vilhelm teatrında Emil Polun
librettosu və bəstəkar Karl Milyokerin "Mirzə Şəfinin
şərqiləri” operettasının afişaları bəzəyirdi.
Mirzə Şəfi Vazehin
"Bütün əsərləri” "Xalq Əmanəti”
kollektivinin təcrübəsində ən mürəkkəb
işlərdən biri olub. Beş ildən çox müddət
ərzində üzərində müxtəlif ölkələrin
çoxsaylı mütəxəssislərinin
çalışdığı, zərrə-zərrə
toplanaraq üç dilə tərcümə edilən
külliyyatın gəncəli müdriki və onun
yaradıcılığını xalqımıza yenidən
qaytaracağı şübhəsizdir. Azərbaycan, rus və
alman dillərində işıq üzü görən kitabda
böyük şairin bütün əsərləri yer
alıb.
Mirzə Şəfi Vazehin alman
dilindəki irsi - Fridrix fon Bodenştedtin çap etdirdiyi
üç kitabda yer alan bütün poetik mətnlər nəzərə
alınarsa, 351 şeirdən ibarətdir. Şairin əsasən
N.Qrebnev və L.Maltsev tərəfindən rus dilinə tərcümə
olunan əsərlərinin sayı 400-ə yaxındır. Bu
şeirlərin yarısından çoxunu eyni şeirlərin
müxtəlif tərcümələri təşkil edir.
Orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin
ümumilikdə sayı isə heç vaxt 100-ü ötməyib.
Yaradıcı qrup, ilk növbədə,
əski alman əlifbasında olan bütün şeirləri
yeni alman əlifbasına keçirdi. Bu şeirlər Mirzə
Şəfinin Azərbaycan və rus dillərində indiyədək
mövcud şeirləri (tərcümələri) ilə
tutuşduruldu və hər üç dildə
çatışmayan şeirlər müəyyənləşdirildi.
Bu şeirlərin Azərbaycan və rus dillərində sətri
tərcümələri hazırlandı. Eyni zamanda, Azərbaycan
və rus dillərində mövcud olan şeirlər bir-biri ilə
tutuşdurularaq bu istiqamətdə də boşluqlar müəyyənləşdirildi
- Azərbaycan dilində çatışmayan 270, rus dilində
180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri
hazırlandı.
Bu prosesdə alman dilinin
tanınmış mütəxəssisləri, alimlər və
eləcə də Mirzə Şəfi
yaradıcılığının azərbaycanlı tədqiqatçıları
Akif Bayram, Fəxrəddin Veysəlli, Vilayət Hacıyev,
Yusif Savalan yaxından iştirak ediblər. Almaniyadan tərcüməçi-ədiblər
Orxan Aras və Karl H.Kiel mətnləri əski alman əlifbasından
yenisinə keçirib və alman dilində bədii tərcümələri
hazırlayıb, görkəmli rus şairi Mixail Sinelnikov,
istedadlı şair-tərcüməçilər - Nicat Məmmədov
və Alina Talıbova mətnləri rus dilinə çeviriblər.
Adları çəkilən rus dili tərcüməçilərinin
işləri ilə yanaşı, kitaba əsasən N.Qrebnev və
L.Maltsevin tərcümələri olmaqla F.Kaluqin, B.Markov,
S.Nadson, İ.Prodan, İ. və A.Txorjevskilər,
P.Çaykovksi, N.Eyfert, P.Yakuboviç, A.Şeller-Mixaylov və
V.Luqovskoyun tərcümələri salınıb.
Oxucular Mirzə Şəfi Vazehin
"Bütün əsərləri”ni Azərbaycan dilində,
ana dilimizdə olan orijinal şeirlərdən başqa, Xəlil
Rza Ulutürk, Balaş Azəroğlu, Aslan Aslanov, Azad
Yaşar, Pünhan Əzimli və Yusif Savalanın tərcümələrində
oxuyacaqlar.
Tərcümə və mətnlər
üzərində işlər bitdikdən sonra şeirlərin
sıralanması, yaxud Mirzə Şəfi Vazehin ilk
"Bütün əsərləri”nin tərtibi prinsipləri
müəyyənləşdirilməli idi. 4 şərti
kitabda toplanan şeirlərin, I kitabında Vazehin ana dilində,
sonra isə fars dilində olan şeirləri yer alıb. II
kitabda Mirzə Şəfinin "Şərqdə min bir
gün” kitabına daxil edilmiş (şairin şeirləri
toplanmış və Almaniyada çap olunan ilk kitabdır)
şeirləri toplanıb. Bu kitabın ilk nəşrində
şeirlərin sayı 40-dan artıq olsa da, sonradan həmin
şeirlərin böyük hissəsi Bodenştedtin nəşr
etdiyi digər kitablara salındığı nəzərə
alınaraq bu hissəyə yalnız 18 şeir daxil edilib. III
kitaba "Nəğmələr”dəki şeirləri, IV
kitabda isə "Mirzə Şəfinin irsindən”
kitabındakı şeirləri daxil edilib. Həm Azərbaycan,
həm rus dillərindəki versiyalarda silsilələr və
ya yarımbaşlıqlar alman versiyasında olduğu kimi
saxlanılıb.
Əlamətdardır ki, kitabın
nəşri şairin anadan olmasının 225-ci
ildönümünə təsadüf edir.
"Xalq Əmanəti” layihəsi
"Xalq Bank” tərəfindən 2010-cu ildən etibarən həyata
keçirilir. Layihə xalqımızın mədəni
irsinin qorunub gələcək nəsillərə
ötürülməsi, mənəvi dəyərlərimizin
dünyaya tanıdılması məqsədini
daşıyır. Layihə çərçivəsində nəşr
olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində
çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil
müəssisələrinə, uşaq evləri və
kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə,
xarici ölkələrin Azərbaycanda və Azərbaycanın
xaricdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarına, dünyanın böyük muzeylərinə,
kitabxanalarına, eləcə də sənətsevərlərə
hədiyyə olunur. Ötən zaman ərzində xalq rəssamları
Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar
Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev,
eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova,
Kamal Əhməd, Ələkbər Rzaquliyev, Fazil Əliyev,
Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun,
şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən
ibarət sərgilər təşkil olunub və bədii
albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz,
Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin
seçilmiş əsərləri, görkəmli alim-numizmat,
professor Əli Rəcəblinin "Azərbaycan sikkələri”
kitabı və üçcildlik "Aşıq ədəbiyyatı
antologiyası” işıq üzü görüb.
Azərbaycan. - 2019.- 25 iyun.- S.7.