Minskdə medal yağışı

 

Minsk - 2019 II Avropa Oyunları

 

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Bütün idman növlərində bir-birindən maraqlı mübarizələrin şahidi oluruq. Sözsüz ki, son dörd gündə idmançılarımız qazandıqları medallarla idman ictimaiyyətinin diqqətini özlərinə cəlb edə biliblər. Düzdür, hələlik qzıl medal olmasa da, 4 gümüş və 7 bürünc medal qazanan idmançılarımızın uğuru təqdirəlayiqdir.

 

İki gün, 5 medal

 

İyunun 23-də cüdo yarışlarının ikinci günü idmançılarımız üçün uğurlu olub. Cüdoçularımız ölkəmizin hesabına daha 2 medal yazdırıblar. 73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala layiq görülüblər.

"Minsk-2019”da Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk görüşündə monakolu Sedrik Bessini 57 saniyəyə ippona salan cüdoçumuzun 1/8 finaldakı rəqibi Rio Olimpiadasının qızıl mükafatçısı, italyan Fabio Bazile olub. Titullu rəqibinə də qalib gələn cüdoçumuz adını 1/4 finala yazdırıb. Bu mərhələdə erməni idmançısı Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib. Onun final yolunda rəqibi yunanıstanlı Georgios Azoidis olub. Görüşü ipponla başa vuran Rüstəm finala çıxıb. Həlledici mərhələdə isveçli Tommi Makiasa uduzan idmançımız II Avropa Oyunlarını gümüş medalla başa vurub.

Eyni çəkidə yarışan Hidayət Heydərov 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı, 1/8 finalda isə israilli Din Yaakov Gemeri ipponla məğlub edərək növbəti mərhələyə yüksəlib. Dörddəbir finalda yunanıstanlı Georgios Azoidisə ipponla uduzan Hidayət bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Bu mərhələdə gürcüstanlı Laşa Şavdatuaşviliyə ipponla qalib gələn Hidayət "Minsk-2019”u bürünc medalla başa vurub.

Qadınların yarışında isə Nuriyyə Axundova (63 kq) 1/16 finalda rumıniyalı Stefania Adelina Dobreyə uduzaraq mübarizəni erkən dayandırıb.

İyunun 24-də cüdo yarışlarında daha 5 çəkidə qaliblər müəyyənləşib. 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev 1/16 final mərhələsində Belarus təmsilçisi Yeqor Voropayevə qalib gələrək adını səkkizdəbir finala yazdırıb. Bu mərhələdə fransalı Aurelien Disse ilə görüşən cüdoçumuz qələbə qazanaraq dörddəbir finala yüksəlib. Bu mərhələdə türkiyəli Mikail Özerlərə uduzan Məmmədəli təsəlliverici görüşdə isveçrəli Ciril Qrossklaus ilə qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz mübarizəni bürünc medal uğrunda davam etdirib. Hollandiyalı rəqibi Noel Vant End ilə üz-üzə gələn cüdoçumuz tatamini qələbə ilə tərk edərək Oyunların bürünc mükafatçısı olub.

100 kq çəkidə yarışan Elmar Qasımov 1/16 finalda ukraynalı Anton Savitskiyə vaza-ari fəndi ilə qalib gələrək 1/8 finala yüksəlib. İdmançımız bu mərhələdə estoniyalı Qriqori Minaşkini ipponla məğlubiyyətə uğradaraq adını dörddəbir finala yazdırıb. O, yarımfinala gedən yolda fransalı Siril Mane ilə görüşdə uduzub. Cüdoçumuz təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi mübarizədən kənarlaşdıraraq bürünc medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Daniel Mukete ilə üz-üzə gəlib. Maraqlı və gərgin keçən görüşdən qalib ayrılan Elmar "Minsk-2019”u bürünc medalla başa vurub.

100 kq çəkidə digər təmsilçimiz Zelim Kotsoyev 1/16 finalda serbiyalı Boyan Dosen üzərində ipponla qələbə qazansa da, 1/8 finalda Belçika təmsilçisi Toma Nikiforova uduzub.

+100 kq çəkidə Uşanqi Kokauri 1/8 finalda sloveniyalı Vinçentso Vito Draqiçlə qarşılaşmadan qalib ayrılaraq adını dörddəbir finala yazdırıb. Bu mərhələdə hollandiyalı Roy Meyeri məğlub edən U.Kokauri yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rusiyalı İnal Tasoyevlə güləşən təmsilçimiz uduzaraq final şansını əldən verib. Bürünc medal uğrunda qarşılaşmada avstriyalı Stefan Heqi ilə güləşən təmsilçimiz məğlubiyyətlə barışaraq Oyunları medalsız başa vurub.

Qadınların mübarizəsində +78 kq çəkidə İrina Kindzerska 1/8 finalda almaniyalı Yasmin Kuelbsi, 1/4 finalda isə britaniyalı Sara Adlinqtonu ipponla məğlub edərək yarımfinala adlayıb. Finala gedən yolda Belarus təmsilçisi Marina Slutskaya ilə qarşılaşan təmsilçimiz uduzaraq 3-cü yer uğrunda döyüşdə qüvvəsini sınayıb. Ukraynalı Qalina Tarasova ilə üz-üzə gələn təmsilçimiz qalib gələrək yarışın bürünc mükafatını qazanıb.

Beləliklə, cüdoçular II Avropa Oyunlarını bir gümüş və dörd bürünc medalla başa vurublar.

 

Rüfət və Lorenso 1/4 finalda

 

İyunun 23-də II Avropa Oyunlarının üçüncü günündə boks yarışlarında iki çəki dərəcəsində 1/16, beş çəki dərəcəsində isə 1/8 final mərhələsinin görüşləri keçirilib. Həmin gün Azərbaycanın üç boksçusu rinqə çıxıb.

Rüfət Hüseynov (49 kq) 1/8 finalda İsrail təmsilçisi David Alaverdiyanla qarşılaşıb. Görüşdə 5:0 hesabı ilə inamlı qələbə qazanan R.Hüseynov 1/4 finala yüksəlib. O, bu mərhələdə İtaliya təmsilçisi Federiko Serra ilə görüşəcək.

Mübarizəyə 1/16 finaldan başlayan Bəxtiyar Qazıbəyov (64 kq) Niderland idmançısı Enriko Lakruza uduzub.

1/16 finalda Gürcüstan təmsilçisini mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksələn Kamran Şahsuvarlı (75 kq) isə 1/4 finalda mübarizəni dayandırıb. O, İrlandiya təmsilçisi Maykl Nevinə məğlub olaraq "Minsk-2019”da iştirakını başa vurub.

Dünən isə boks yarışlarında Azərbaycanın daha 4 idmançısı rinqə çıxıb. Kişilərin mübarizəsində 56 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşıb və uduzaraq mübarizəni dayandırıb.

52 kq çəki dərəcəsində döyüşən təmsilçimiz Məsud Yusifzadə 1/8 finalda ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. "Uruçye Arena”da baş tutan döyüş Ukrayna boksçusunun qələbəsi ilə başa çatıb.

69 kq çəkidə mübarizə aparan Lorenso Sotomayor isə 1/4 finala gedən yolda Adem Fetahoviçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib. Rəqibini 4:1 hesabı ilə məğlub edən boksçumuz növbəti mərhələyə yüksəlib.

Qadınların mübarizəsində 69 kq çəkidə yarışan Məryəm Cəbrayılova 1/8 finalda macarıstanlı Vivyen Budai ilə qarşılaşıb. Gərgin keçən görüş macarıstanlı boksçunun qələbəsi ilə yekunlaşıb.

 

Akrobatlardan 3-cü medal

 

İyunun 23-də "Minsk-2019”un üçüncü günündə akrobatika gimnastlarımız II Avropa Oyunlarında üçüncü medalı qazanıblar. Akrobatika gimnastikası yarışında təmsilçilərimiz Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq Oyunların gümüş medalına sahib olub.

Rusiyanı təmsil edən Viktoriya Aksyonova - Kiril Startsev dueti 29,580 xalla Oyunların çempionu olub. Bürünc medala 29,420 xal toplayan Olqa Melnik-Artur Belyakov cütlüyü (Belarus) layiq görülüb.

Xatırladaq ki, bu, Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxinin "Minsk- 2019”da üçüncü medalıdır. İdmançılarımız srağagün bir gümüş və bir bürünc medal qazanmışdılar.

 

Samboçular "Minsk-2019”u 3 medalla başa vurdular

 

II Avropa Oyunlarında sambo yarışları başa çatıb. İyunun 23-də Azərbaycanın üç samboçusu mübarizə aparıb. 52 kq çəki dərəcəsində çıxış edən Ağasif Səmədov Oyunları gümüş medalla başa vurub.

Beləliklə, sambo yığmamız "Minsk-2019”da üç medalla (bir gümüş, iki bürünc) kifayətlənib.

II Avropa Oyunlarında 4 günün yekunlarından sonra Azərbaycan 11 medal (4 gümüş, 7 bürünc) qazanıb.

 

Elçin CƏFƏROV

 

Azərbaycan. - 2019.- 25 iyun.- S.57.