Şirməmməd Ağaməmməd oğlu
Hüseynov
Azərbaycan jurnalistikasına ağır
itki üz vermişdir. Görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
Əməkdar jurnalist,
Bakı Dövlət Universiteti Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının
professoru Şirməmməd
Ağaməmməd oğlu
Hüseynov 2019-cu il iyunun 24-də ömrünün
95-ci ilində vəfat
etmişdir.
Şirməmməd Hüseynov
1924-cü il dekabrın 17-də Şəki
şəhərində anadan
olmuşdur. 1940-cı ildə
Şəki şəhəri
Mirzə Fətəli
Axundov adına
2 saylı orta məktəbi bitirmiş,
1940–1942-ci illərdə Şəki
ikiillik Müəllimlər
İnstitutunun fizika-riyaziyyat
fakültəsində oxumuşdur.
O, 1945–1950-ci illərdə indiki
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika
şöbəsində ali təhsil almışdır. Universiteti
fərqlənmə diplomu
ilə başa vuran Şirməmməd Hüseynov Mixail Vasilyeviç Lomonosov adına Moskva
Dövlət Universiteti
Jurnalistika fakültəsinin
aspiranturasına daxil olmuş, 1954-cü ildə
təhsilini tamamlayıb
dissertasiya müdafiə
edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1954-cü ildən
indiki Bakı Dövlət Universiteti Filologiya fakültəsinin
Jurnalistika kafedrasında
elmi-pedaqoji fəaliyyətə
başlayan Şirməmməd
Hüseynov həyatını
universitetə bağlayaraq
ömrünün sonunadək
burada baş müəllim, dosent,
1962–1969-cu illərdə Filologiya
fakültəsinin dekan
müavini, 1970–1976-cı illərdə
Jurnalistika fakültəsinin
dekanı, 1976–1988-ci illərdə
Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri
olmuş, 1988-ci ildən
ömrünün sonunadək
həmin kafedranın professoru vəzifəsində
çalışmışdır.
Elmi fəaliyyətini, əsasən,
Azərbaycan jurnalistikası
tarixinin öyrənilməsinə
həsr edən Şirməmməd Hüseynov
mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın,
800-dən artıq elmi
və elmi-publisistik məqalənin müəllifidir.
Şirməmməd Hüseynov
bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının
görkəmli simaları
Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin
Rəsulzadə, Üzeyir
Hacıbəyli, Əhməd
Ağaoğlu, Cəlil
Məmmədquluzadə irsini
hərtərəfli araşdıraraq
yetişməkdə olan
nəslə çatdırılmasında
təqdirəlayiq xidmətlər
göstərmişdir. Alimin Azərbaycan
Xalq Cümhuriyyəti
qurucularının fəaliyyətinə
dair araşdırmalarının
Azərbaycan tarixinin öyrənilməsində xüsusi
əhəmiyyəti vardır.
Şirməmməd Hüseynov Azərbaycan klassik publisistika məktəbi ənənələrini
müstəqillik dövründə
yeni bir məktəb səviyyəsinə
yüksəltmişdir. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanmış alimin elmi kadrların yetişdirilməsində də
böyük əməyi
olmuşdur. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc
nəsil jurnalistlərin
milli təəssübkeşlik,
vətəndaşlıq ləyaqəti,
obyektivlik ruhunda tərbiyə olunmasında
Şirməmməd Hüseynovun
xidmətləri əvəzsizdir.
Bu gün də
onun tələbələri
Bakı Dövlət Universitetində, eləcə
də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz
müəllimlərinin yolunu
uğurla davam etdirirlər.
Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında
uzunmüddətli səmərəli
fəaliyyəti yüksək
qiymətləndirilmişdir. O, bir sıra mükafatlara layiq görülmüş,
Azərbaycan Respublikasının
"Şərəf” ordeni
ilə təltif olunmuşdur.
Görkəmli alim, pedaqoq və
publisist, əsl ziyalı Şirməmməd
Ağaməmməd oğlu
Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində
daim yaşayacaqdır.
Allah rəhmət
eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Əli Həsənov
Eldar Əzizov
Ceyhun Bayramov
Akif Əlizadə
Aslan Aslanov
Elçin Babayev
Əflatun Amaşov
Cahangir Məmmədli
Azərbaycan.- 2019.- 26 iyun.- S.2.