Azərbaycanda ilk
dəfə inklüzivlik hakatonu
təşkil edilib
Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu təşkil edilib.
AZƏRTAC
xəbər verir ki, iyunun 28-də Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramının təşkil
etdiyi mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva da iştirak edib.
İnklüzivlik hakatonu ideya və açıq mənbədən olan həll yollarını təklif edə biləcək insanların bir araya gətirilməsi deməkdir. Həll yolları dedikdə tətbiqi proqramlar, veb-saytlar, elektron məhsullar kimi müxtəlif innovativ xidmətlər nəzərdə tutulur.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti bu yarışmanın dünyanın 60 ölkəsində keçirildiyini, Azərbaycanda isə ilk dəfə təşkil olunduğunu qeyd etdi. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın inklüziv ideyaların ilk carçısı olduğunu və onun daim bu cür layihələrə dəstək göstərdiyini dedi. "İnklüzivliyi bizi birləşdirən amil kimi görək”, - deyən Alessandro Frakassetti texnologiyalara dövrümüzün həll variantı kimi yanaşmağı tövsiyə etdi və müsabiqəni "inklüzivliyin çempionatı” adlandırdı.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yarışmanın
başlamasını bildirən rəmzi düyməni
basdı və müsabiqəyə start verildi. On altı komandadan ibarət hakaton
iştirakçıları fasiləsiz olaraq
48 saat ərzində öz
ideyalarını praktiki prototiplərə
çevirmək üçün təlimatçılar
qrupu ilə işləyəcəklər.
Təlimatçılar iştirakçı qruplara
dəstək göstərəcək və ən yaxşı
mümkün həll yollarının
işlənib hazırlanmasına kömək edəcəklər.
Həyəcanlı təlim modulları və gərgin
iş dolu üçgünlük intensiv
proqramın sonunda innovasiya,
inklüzivlik və texnologiya
sahələrində səriştəsi olan
milli və beynəlxalq ekspertlərdən
ibarət münsiflər heyəti ayrı-ayrı qrupların
hazırladıqları modelləri nəzərdən
keçirəcək və hansı ideyanın qalib gəldiyinə dair yekun rəy bildirəcəklər. Qalib gələn ideya 5 min manat məbləğində
mükafat alacaq və
üç ay müddətində
ideyanın tətbiqi tamamlanacaq.
Azərbaycan.-2019.-29 iyun.- S.3.