“Övladımı yenidən bu
həyata Mehriban xanım qaytardı”
Minlərlə ana xəstə uşağının
sağalmasına dəstək olan Azərbaycanın Birinci
vitse-prezidentinə minnətdarlıq edir
Bu elə
xoşbəxt və təsirli an idi ki...
Dil
susmuş, duyğular dilə gəlmişdi...
Gözlərindən
sevinc göz yaşları sel kimi axan bir ana ona tərəf
addımlayan, bəzən yıxılan, amma yenidən durub
davam edən 3-4 yaşlı övladının qarşısında diz
çökərək qollarını
açmışdı...
İllər
idi ki o, övladının ilk addım atacağı anı xəyalında
canlandırırdı...
Elə
indi də gözlərinə inanmır, bu yaşananların
da xəyal, yuxu olduğundan qorxurdu...
Ana və
övladının qucaqlaşma anı isə hər kəsi
duyğulandırmış, kövrəltmiş, qəhərləndirmişdi...
Bu təsirli
mənzərəyə Uşaq Psixonevroloji Mərkəzində
şahidlik edirdik...
Mərkəzdə
çalışan bütün tibbi heyət də zəhmətlərinin
bəhrəsini görməkdən olduqca qürurlu, sevincli
idilər...
"Övladım uşaq serebral iflicidir və biz bunu 8
aylığında bildik. Onu sağaltmaq
üçün dünyanın bir çox ölkəsində
müalicələrə baş vurmuşuq, amma nəticə
olmayıb. Sonda isə ötən ilin
noyabrında bu mərkəzə üz tutduq. İbrahim bura gələndə yerimirdi,
yıxılırdı, yerindən qalxa bilmirdi. Bu müddət ərzində onda çox irəliləyişlər
olduğunu gördüm. İndi isə o,
artıq yeriyir. Bu bir möcüzədir... Bu mərkəzi
yaratdığına, bu, cür uşaqlara dəstək
olduğuna, bizim kimi minlərlə valideyni övladı ilə
sevindirdiyinə görə Mehriban xanım Əliyevaya
çox təşəkkür edirəm! O məni və
övladımı yenidən bu həyata bağladı, bizə
ikinci can bağışladı, necə minnətdar
olacağımı, nə deyəcəyimi bilmirəm...” - deyə
Günay adlı valideyn sevinc təəssüratlarını
bölüşür.
Heydər Əliyev Fondunun dəstəyi
Uşaq Psixonevroloji Mərkəzi Heydər Əliyev
Fondunun dəstəyi ilə yenidən inşa edilib və
2009-cu ildə müəssisənin
açılışında Prezident İlham Əliyev və
Mehriban Əliyeva da iştirak ediblər.
Beşmərtəbəli bu tibb ocağında psixoloq,
aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor,
ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət
göstərir.
Mərkəzdə autizm, uşaq serebral iflici və
formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən
əziyyət çəkən uşaqlar müalicə
olunurlar. Onların müalicəsi isə kompleks formada, yəni
həkim və pedaqoji müalicə daxil olmaqla aparılır.
Mərkəzdə bu sahədə dünyada tətbiq
olunan ən təkmil proqramlardan, həmçinin müasir tibb
və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından
istifadə olunaraq, sağlamlıq imkanları məhdud
uşaqlara yüksək səviyyədə tibbi və bərpa
xidməti göstərilir. Bunun
üçün mərkəzdə hər cür şərait
yaradılıb. Uşaqların müalicəsi,
təlim-tərbiyəsi ilə peşəkar tibbi, pedaqoji və
texniki heyət məşğul olur.
Psixoloq
Ayşən Rəfiyeva söyləyir ki, 1 ay yarımdır
ki, məşğul olduğu 3 yaşlı autizm xəstəsi
Məryəmdə xeyli irəliləyişlər əldə
olunub: "Məryəm mərkəzimizə tamamilə
göz kontaktı olmadan gəlmişdi, qavraması zəif
idi, danışa bilmirdi. Artıq bir neçə söz deyir,
kiçik matorikası, diqqətin mərkəzləşməsi,
paylanması istiqamətində inkişaf var və davamlı
olaraq qavrama üzərində iş gedir”.
Tibb müəssisəsində musiqi ilə müalicə
də aparılır. Bu müalicə filtrasiya olunan musiqinin
xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən
beyinə impulsların ötürülməsidir. Planlaşdırılır ki, klassik musiqilərimiz -
Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun əsərləri
filtrasiya olunsun.
İdman
zalında reabilitoloqların iş prosesini müşahidə
edirik. Burada mütəxəssislər serebral
iflic, dayaq hərəkət sistemində problemi olan uşaqlara
xüsusi fiziki hərəkətlər etdirirlər.
Reabilitoloq Elminaz Məmmədova məlumat verir ki, hazırda məşğul
olduğu daun sindromlu uşağın balansını saxlamaq
üçün çalışırlar: "Sol
boşluğu var idi və uşaq yeridikcə
yıxılırdı. Artıq bu problemi aradan
qaldırmışıq və indi o, velosiped sürür, pilləkənlə
çıxır, yıxılmır, ən əsası da
qorxularını yenib”.
Mərkəzdə xəstə uşaqlarla həm
individual, həm də qrup şəklində məşğul
olurlar. "Bizə elə uşaqlar gətiriblər ki,
yeriyə bilməyib, amma burada müalicə aldıqdan bir
müddət sonra özləri gəzə-gəzə
çıxıb gediblər. Bu isə
çox sevindirici haldır. Bu cür
uşaqlarla işləyən zaman nəticəni görüb
fərəhlənirik. Hansısa bir
uşağı xilas etmiş oluruq, onların həyatda
addımlamaları üçün təkan veririk” deyə həkim-fizioterapevt
Leyla Abdulova qeyd edir.
Elə il olub ki,
Mehriban xanım mərkəzə 4-5 dəfə gəlib
Sözügedən mərkəzin əvvəl fəaliyyət
göstərdiyi binadakı şərait uşaqların təlim-tərbiyəsi
üçün uyğun olmayıb. Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın dəfələrlə bu müəssisədə
olması, tibbi bərpa və təlim-tərbiyə prosesləri
ilə yaxından maraqlanması, mövcud problemlərin həllinə
dair tapşırıqlar verməsi Uşaq Psixonevroloji Mərkəzinin
yeni, müasir standartlara uyğun bina ilə təmin edilməsinə
şərait yaradıb.
Mərkəzin
baş həkimi İradə Musayeva deyir ki, ilk dəfə
2005-ci ilin fevral ayında Mehriban xanım Əliyeva müəssisəyə
baş çəkib: "O zaman bura Psixonevroloji Uşaq Evi
idi. Ümumiyyətlə, həmin ildən etibarən elə
il olub ki, Mehriban xanım 4-5 dəfə bura gəlib, Uşaqların
Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlərdə
iştirak edib, onların hazırladıqları proqramlara,
çıxışlara baxıb”.
Baş həkim məlumat verir ki, 1993-cü ildən
2008-ci ilə qədər burada atılmış, imtina
olunmuş uşaqlardan xeylisi sağaldılaraq övladlığa
verilmiş, bir hissəsi də nisbən sağaldılıb əlillər
evinə, xüsusi məktəblərə
köçürülmüşdür. Yəni həmin
uşaqlar özlərini idarə edə bilirdilər. Amma respublikada bir çox valideynli xəstə
uşaq bu müalicəni kompleks ala bilmirdi. Bu zaman
valideyn tibbi yardım, idman terapiyası, loqopedik, psixoloji
yardım üçün fərqli yerlərə üz
tutmalı olurdu: "2008-ci ildə Mehriban xanımın bu tibb
ocağına növbəti gəlişində bu barədə
məlumat verdik. həmin il bu məsələ
ilə bağlı Mehriban xanım tapşırıq verdi və
ikimərtəbəli köhnə bina sökülərək
yerinə daha böyük və müasir bina tikildi. 2009-cu ildən bəri artıq biz təkcə
atılmış, imtina edilmiş uşaqlarla yox, ailədən
gələn problemli uşaqlarla da işləyirik”.
Leyla xanım hər zaman bu
uşaqların yanında olub
2015-ci ildə isə Mehriban Əliyevanın göstərişi
ilə bina yenidən rekonstruksiya olunub, həmçinin ikimərtəbəli
akt zalının tikintisinə başlanılıb. Mehriban
xanımın dəstəyi, diqqəti, köməyi ilə bu
müəssisədə böyük işlər
görülüb. İlk növbədə
maddi-texniki baza yüksək səviyyədə inkişaf edib.
Ötən ilin dekabrında mərkəzə
Mehriban xanım və Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın yardımı ilə 350 min avro dəyərində
tibbi avadanlıq verilib.
İ.Musayeva
xüsusilə qeyd edir ki, Mehriban xanım və Leyla xanım
bu müəssisəni həddindən artıq dəstəkləyir:
"Hələ tələbəlik illərindən Leyla
xanım heç bir tədbir-filan olmadan qəfildən dəfələrlə
bura gəlib uşaqlarla vaxt keçirir, onlarla
oynayırdı. Həmçinin 2012-ci ildə Yeni il ərəfəsində Leyla Əliyeva mərkəzə
gələrək burada yaşayan və müalicə olunan,
xüsusi təhsilə yiyələnən uşaqların
bayram üçün hazırladıqları səhnəciklərə,
bir-birindən maraqlı mahnılarına, rəqslərinə
tamaşa etmişdi. Leyla xanım hər zaman bu
uşaqların yanında olub, həm mənəvi, həm də
maddi kömək edib. Belə nəcib təşəbbüslərindən
birini də ötən ilin sentyabrında gerçəkləşdirdi.
Belə ki, Leyla xanımın təşəbbüsü
ilə bizim mərkəzə Çindən həkimlər
qrupu gəlmişdi. O zaman pulsuz aksiya keçirildi, 500-ə
yaxın uşaq müayinə olundu. Bu ilin aprel
ayında isə çinli reabilitoloqlar bir ay burada işlədilər”.
Mehriban xanım uşaqlarla söhbət
edib, suallarını cavablandırıb, rəsm çəkib...
Birinci vitse-prezident Mehriban Əliyeva bu ilin fevral ayında
yenidən Uşaq Psixonevroloji Mərkəzində olub. Mehriban
xanım tibbi bərpa və təlim-tərbiyə prosesləri
ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə
dair tapşırıqlar verib. Birinci
vitse-prezident uşaqlarla söhbət edib, doqquz yaşlı
Ömərlə birgə rəsm çəkib. Mehriban xanım Əliyeva xüsusi qayğıya
ehtiyacı olan 6 yaşlı Nasimin də istək və
arzularını dinləyib, oyun vasitəsilə onun
suallarını cavablandırıb.
Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan balacalar
Mehriban Əliyeva ilə söhbət edərək
bacarıqlarını nümayiş etdiriblər. Uşaqlar Heydər
Əliyev Fondunun prezidentinə sevimli oyunlarından,
oxuduqları mahnılardan danışıblar. Mərkəzdə
müalicə və təhsil alan
uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim
edilib.
Xəstə uşaqlar
üçün yaradılan şərait sanki möcüzədir...
Bütün
bu qayğının, dəstəyin, köməkliyin nəticəsində
bu müəssisənin nailiyyətləri, göstəriciləri
də az deyil. Bu barədə
danışan İ.Musayeva söyləyir ki, uşaqlar 7
yaşına çatandan sonra çalışırlar ki,
onların əksəriyyəti övladlığa
götürülsün: "Elə də olub ki, vaxtilə xəstə
övladından imtina edən valideynlər onun
sağaldığını görərək evlərinə
aparıblar. Həmçinin uşaqların müəyyən
bir hissəsi xüsusi internat məktəblərinə gedir,
hansı ki onlar bir az zəif qavrayırlar,
amma özlərini idarə edə bilirlər. Həmin
uşaqlara peşə öyrədilir, məsələn,
xalça toxuma, dülgərlik kimi peşələrə yiyələnərək
özlərini gələcək həyatda təmin edə
bilirlər. Üçüncü ən
ağır kateqoriyalı uşaqlar isə əlillər evinə
gedir. Tam sağalmayan uşaqlarla
bağlı çalışırıq ki, onlar heç
olmasa özləri otura bilsin, qaşıqla yeyə bilsinlər,
kimdənsə asılı olmasınlar. Heç
olmasa minimum özləri üçün nə edə bilərsə,
onu öyrədək”.
Qeyd edək ki, hazırda müəssisədə körpəlikdən
yetkinlik yaşına qədər 105 uşağa tibbi xidmət
göstərilir.
Hərf-hərf, addım-addım irəli...
Uşaq Psixonevroloji Mərkəzinin yaradılmasında əsas
məqsəd problemli uşağı olan valideynin onun
qayğıları ilə tək qalmaması və sonda bezib
uşağından imtina etməməsi idi. Görünən
isə odur ki, bu mühüm missiya Mehriban xanım
Əliyevanın bilavasitə şəxsi nəzarəti ilə
müvəffəqiyyətlə həyata keçirilir.
Bu isə onu deməyə əsas verir ki, artıq cəmiyyətin
sağlamlaşması, gələcək nəslimizin
sağlam olması üçün zəmin var və bizi gələcəkdə
daha az xəstə olan cəmiyyət
gözləyir.
"Hər səhərim o ümidlə açılır ki, bu gün daha gözəl bir gün olacaq. Bu gün qızım daha yeni bir söz öyrənəcək. Mən onun öyrəndiyi sözlərin lüğətini beynimə həkk etmişəm ki, Nuray daha hansı yeni kəlmə öyrənib? Tək mən yox, bütün ailə onda olan bu müsbət dəyişikliyi sevinclə izləyir” - nitq ləngiməsi olan 6 yaşlı övladının mərkəzdə qazandığı uğurlardan fəxrlə danışır bir valideyn... O, "indi dünyanın xoşbəxtiyəm, bu sevinci yaşatdığına görə Mehriban xanıma minnətdaram. Mehriban xanımın xəstə uşaqlar üçün yaratdığı bu şərait sanki möcüzədir, qiymətli bir tapıntıdır...” deyir.
Demək olar ki, mərkəzdə həmsöhbət olduğumuz bütün valideynlərin dilindən Mehriban xanım Əliyevaya xoş sözlər, dualar ünvanlanmışdı...
Artıq hərf-hərf əzmlə "ana” demək istəyən, diqqətini toplayaraq anasının gözlərinə baxmağa çalışan, yıxıla-dura anasının qucağına tələsən bu körpələrlə, uşaqlarla vidalaşırıq...
Onlar da rəqs edir, mahnı oxuyur, şeir söyləyir, səhnəciklər göstərirlər. Artıq onlar da cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilib və ona öz töhfələrini verirlər...
Təsəvvür
edin ki, autizmli bir uşaq səhnədə öz məharətini
göstərir və bundan sevindirici daha nə ola bilər ki?!
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2019.-29 iyun.- S.1;4.