Cəfər Cabbarlı yaradıcılığı zamanın və sənətin sınağında

 

Cəfər Cabbarlı - 120

 

XX əsr Azərbaycan ədəbiyyatının klassiki C.Cabbarlı irsini yarandığı dövrdən bir əsr sonra dəyərləndirməyin hansı tarixi təcrübəsi və müasir nəzəri-metodoloji meyarları mövcuddur? Az qala bir əsrin tarixi gedişatında əli qələm tutan ədəbi-elmi nəsillər bu böyük sənətkarın sənət sirlərini üzə çıxartmaqda öz zövq və istedadları ilə yanaşı, yaşadıqları mühitin doqma və vərdişlərini də ehtiva etmişlər.

C.Cabbarlının sənətə gəldiyi gündən bu günə qədər üç dəfə ictimai formasiya dəyişmiş, ədibin tərənnüm etdiyi milli dövlət - Azərbaycan Xalq Cümhuriyyəti işğal olunmuş, nəhayət, 70 il sonra Azərbaycan xalqı öz müstəqilliyini bərpa etmişdir. Bir-birindən kəskin fərqlənən belə zaman hüdudlarında C.Cabbarlı sənətinin təravəti, bədii sənət kimi yaşarlığı nədədir və müasir demokratik elmi meyarlar mövqeyindən onun həmişəyaşar, müasir tutum qazanan hansı keyfiyyətləri əbədi yaşamaq haqqı qazanıb?

C.Cabbarlı irsinə, bizcə, aşağıdakı metodoloji prinsiplə, dəyərləndirmə üsulu ilə yanaşma onun müasirliyinin, yaşarlığının ictimai-sosial və ədəbi-bədii zəminini üzə çıxartmağa imkan verər: müasir ədəbi-siyasi reallıqlardan tarixə qayıdış, bu qayıdışın fonunda tarixi bədii gerçəkliyin yaşamlı məqamlarının dövriyyəyə gəlməsi, C.Cabbarlı və zaman, onun meyarları probleminə toxunan Yaşar Qarayev yazırdı: "...C.Cabbarlının məfkurə və sənət taleyi ilk dəfə deyil ki, belə tarixi imtahan, əxlaqi sınaq qarşısında dayanır. Onun bu sınaqdan tamam zədəsiz və yan keçəcəyini iddia etmək qeyri-səmimilik olardı. Ancaq bir şeyə qəti və tərəddüdsüz hökm vermək olar: Cabbarlı hətta vulqar empirizmin, nadan sxolastikanın, ədəbi irticanın, siyasi ehkamın və inzibati terrorun sınağından salamat çıxıb, aşkarlığın və yeni təfəkkürün sınağından çıxmaq onun üçün qat-qat asan olacaqdır! Əksinə, bu sınaqda onu gözləyən kəşflər və tapıntılar zədədən və itkilərdən qat-qat artıq olmağı vəd edir”.

C.Cabbarlı sənəti ilk növbədə yerinə yetirdiyi ədəbi-tarixi missiyası baxımından dəyərlidir. "Xalqın tarixi sənətkara məxsusdur” (A.S.Puşkin). Bu mənada C.Cabbarlı Azərbaycan xalqının XX əsrin əvvəlləri tarixi mərhələsinin keçid dövrünün, yeni ictimai görüşlərin formalaşma prosesinin mahiyyətini bütün tərəfləri ilə əks etdirir.

C.Cabbarlı nadir sənətkarlardandır ki, qısa bir zaman çərçivəsində baş verən inqilabi təbəddülatlar onun yaradıcılığında yaradıcılıq metodları və poetik sistemlərin keçid prosesi ilə reallaşır. İlk gənclik illərində Sabir satirasının, eləcə də "Molla Nəsrəddin” məktəbinin poetikası zəminində onun satirik şeirləri meydana çıxdı. Bu şeirlərdə realist sənət prinsipləri dərhal hiss olunurdu. Onun lirik şeirləri isə realist estetika ilə çiyin-çiyinə mövcud olan romantik poeziyanın estetik təsiri ilə yazılmışdır. C.Cabbarlı poeziyasında müşahidə olunan bu iki ifadə sistemi onun pyeslərində - realistromantik poetikanın hüdudlarında dövriyyəyə gələcək.

C.Cabbarlının "Aydın”, "Od gəlini” kimi klassik romantik əsərlərinin meydana çıxması da onun XX əsrin 20-ci illəri tarixi ədəbi prosesinin aparıcı simalarından biri olduğunu təsdiq edir. C.Cabbarlının bu əsərlərindən danışarkən adətən romantikadan daha çox danışılıb. Halbuki, C.Cabbarlı irsinin alt qatları, kölgədə qalan əsərləri onun romantizm estetikası və poetikası prinsipləri ilə yazılmış pyeslərdir.

C.Cabbarlı romantizmini həyat və ədəbi mühit özü yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu milli azadlıq idealları ilə yaşayan sənət adamlarının arzu və ümidlərini puç etdi. Azərbaycan ədəbiyyatında romantizm cərəyanından bəhs edənlər bu tarixi amili önə çəkə bilməzdilər. Romantizmin ictimai, sosial gerçəkliyi məhz AXC-dən sonrakı mənəvi böhran idi. "Aydın” pyesində baş qəhrəmanın real gerçəkliyə üsyanı, ideal və varlıq arasında uçurum, bunun çıxış yolu kimi uzaq bir kəndə çəkilmək klassik romantik sənətin estetik normalarından xəbər verir.

C.Cabbarlı romantizmi bu gün daha real, yaşarlı görünür. XX əsrin 90-cı illərinə qədər qarşı-qarşıya duran iki ictimai formasiya tipi, iki ədəbi-fəlsəfi dünyagörüş aradan götürüldü. Kommunizm qurmaq xəyallarının puç olduğu yaşadığımız vəhşi kapitalizm (belə demək mümkünsə) cəmiyyətdə, əxlaqi norma və prinsiplərdə yeni meyillər ortaya qoydu. Əxlaqi-mənəvi münasibətlərin mərkəzində altun, biznes əsas mövqeyə keçdi. "Aydın”da, "Oqtay Eloğluda və "Solğun çiçəklər”də ifadə olunan şəxsiyyət və cəmiyyət problemi çağdaş reallıqlarla səsləşir. Sanki Aydın bu gün harınlamış məmur əxlaqına, altun hərisliyinə üsyan edir: "Aydın. Hamının ardınca behiştə getməkdənsə, hamının qabağında cəhənnəmə getmək yaxşıdır”, "İstəmirəm, artıq sənə də inanmıram, inanmıram heç bir şeyə: Allaha da, imamlara da, Quran-kitabı hamısı yalandır. Məhv olsunlar. Dünyada hakim bir qüvvət varsa da, o altun, yenə altundur. Hamı ona tapınır, hamı ona pərəstiş edir”.

"Aydın” faciəsinin ideya-bədii konsepsiyasını romantizmin estetik prinsipləri kontekstində təhlil edən Y.Qarayev haqlıdır: "İntiqam almaq üçün üsyana qalxan Aydın bir hədəf kimi Dövlət bəyi seçmir. "Kimə qarşı üsyan” sualına o, "bütün bəşəriyyətə qarşı, bütün qanunlara, adətlərə qarşı” deyə cavab verir. Təklikdə Dövlət bəy onun intiqam arzusundan nə qədər aşağıda durur! Dövlət bəy olmasaydı, onu başqa bir Dövlət bəy əvəz edə bilərdi. Məqsəd Dövlət bəyləri yetirən mühitdən - altun səltənətindən intiqam almaq idi. Aydının qarşısında aciz qaldığı məqsəd bu idi”.

Aydının dilindən səslənən "Bəli, zənginlik elə şeydir ki, gözü qara, qara üzü göstərir”, yaxud, "siz əlinizi belinizə atmaqdansa, cibinizə atın. Çünki Sizin silahınız oradadır, kişiliyiniz elə oradadır” kimi mühakimələr bu gün də bəşəriyyətin ən ağrılı yeridir, bir çox xalqların faciə və əzablarının milli sərhədlər bilməyən mənbəyidir. Dini dəyərlərə münasibət, bu dəyərlərin daşıyıcıları olan maddi-mənəvi amillər XIX-XX əsrlər klassikasının ədəbi-bədii, ictimai-sosial mübahisələr predmeti olub. Dini dəyərlərin az qala yasaq olduğu Sovet gerçəkliyində xalqın bu dəyərlərə daxili inamı zahirən azaldığı halda, yüksək əxlaqi keyfiyyətlərin daşıyıcısı kimi yaşamış və "kommunizmin əxlaq prinsipləri” ilə uyuşmuşdur. C.Cabbarlı haqqında mövcud elmi ədəbiyyatda onun "Od gəlini”, "Sevil”, "Almazkimi əsərləri din və qadın azadlığı, çadra əleyhinə mübarizə, "1905-ci ildə” xalqlar dostluğunun təbliği kimi dəyərləndirilmişdir. Ənənəvi təsəvvür etibari ilə belədir, lakin bu əsərlərin mətnaltı qatları tarixən kənarda qalıb, duyulubsa da, məlum səbəblər ucbatından şərh olunmayıb.

"Od gəlini” əsəri çağdaş meyarların, təsəvvürlərin fonunda öz missiyasını yerinə yetirmək əzmindədir. "Od gəlini” faciəsində isə (1925-1928) Cabbarlı Azərbaycan xalqının IX əsrdə Babəkin başçılığı ilə xarici işğalçılara qarşı apardığı azadlıq mübarizəsini öz əsərinin əsas mövzusu və ideyası kimi seçir, milli-mənəvi istiqlal və azadlıq idealını bütün dövrlərin və xalqların ədəbi dəyəri və sərvəti kimi tərənnüm edir. Belə bir istiqlal tərənnümündə otuzuncu illərin kommunist tiranlığına və bolşevik istibdadına xəlvəti, gizli üsyan edənlərin, etiraz göstərənlərin də olması (M.Ə.Rəsulzadə) mülahizəsində bir həqiqət var” (Y.Qarayev. səh.558). Əsərin yazıldığı dövrün ərəfəsinin milli azadlıq, milli istiqlalını dadmış həssas bir sənətkar kimi C.Cabbarlının bu əsəri məhz Azərbaycanın müstəqilliyi, milli azadlıq ideallarının təsdiqi idi. Dünyanı çalxalayan, xalqları bir-birinə qarşı qoyan ideologiyaların, məscidlərdə, kilsələrdə, sinaqoqlarda bəşər övladına qarşı törədilən, yüzlərlə, minlərlə günahsız insanların nahaq qanının axıdıldığı bir zamanda C.Cabbarlı Elxanın dilindən bütün dünyaya dünən də, ötən əsrdə də, bu gün də - XXI əsrdə meydan oxuyur. "Elxan.. Qoy hər kəs özü öz yaşayışının tanrısı olsun. Artıq yetişməzmi? Din adına törətdiyimiz bu qədər qırğınlar, tökdüyümüz bu qədər qanlar yetməzmi? Neçin zavallı insanlığı bir-birindən ayırıb bir-birinə çeynədirsiniz? Bəs deyilmi içdiyiniz qanlar? Qandan doymadınızmı? Bu qanlar bir gün coşacaqmizraqlar ucunda yaratdığımız bütün bu əski dünyanı öz acıqlı dalğalarında boğacaqdır”.

Bu məqamda 16 yaşlı C.Cabbarlının "Vəfalı Səriyyə”sində Axundun aşağıdakı mülahizələri C.Cabbarlının dini-mənəvi dəyərləri fanatizmlə, din pərdəsi altında ən mənfur sosial bəlalar törədən bir zümrəyə nifrətini görürük. "Keçən gün bir uşqolla uşağı Quranın tərcüməsini mənim yanıma gətirib deyir: Cənab axund, bu Qurana bax, gör yaxşı tərcümə olunub. Və məhzi ki, mən bu sözü eşitdim, elə bil ki, rəhmətlik atamın qəbrinə od vurdular. Dedim: ay laməzhəb! Quranı da tərcümə etmək olarmı? Bu hansı kitabda yazılıb? Axı belə müsəlmançılıq olmaz, ay biqeyrət, axır Qurana da əl apardın”. Şükür ki, bu böyük dini abidənin bir neçə tərcüməsini oxumaq imkanı qazanmışıq. Ancaq yas mərasimlərində onun azərbaycanca oxunuşuna qoyulan qadağanın müəllifləri C.Cabbarlının bir əsr bundan əvvəlki qəhrəmanlarının eyni deyilmi?

C.Cabbarlının ədəbi irsi XX əsrin əvvəli ilə 20-30-cu illərin qovuşduğu və ayrıldığı məqamları özündə birləşdirməklə milli-mənəvi keçmişimizin inkişafındakı iki mərhələni bütöv bir estetik sistem kimi öyrənməyə zəmin yaradır. C.Cabbarlının bədii yaradıcılığı tənqidi realizmin, XX əsr romantizminin zəminində yarandığı kimi, onun nəzəri görüşləri də bu dövrün çoxsaylı ədəbi-estetik nəzəriyyələrinin təsirindən kənarda qalmamışdır. Ədəbi prosesdə müxtəlif yaradıcılıq metodlarının və üslublarının mübarizəsi mövcud olduğu kimi, sənətin mahiyyətinə verilən qiymətlərdə də fikir ayrılığı təbii idi. Bunun qanunauyğun davamına 20-30-cu illər ədəbiyyatşünaslığında təsadüf edilir.

C.Cabbarlının ədəbi-tənqidi məqalələrində qoyulan, həllini tapan aşağıdakı məsələlər bu günaktual olaraq qalmaqdadır. Onu da qeyd etməyi lazım bilirəm ki, C.Cabbarlının sənət görüşləri onun yaradıcılıq təcrübəsinə əsaslanır.

Füzuli və M.F.Axundzadə dövrü arasındakı ədəbiyyatda yaranmış üsluba yeknəsəklik, ədəbiyyatla həyat arasındakı dialektik əlaqə probleminin elmi cəhətdən qoyuluşu nəzəri fikir tariximizdə C.Cabbarlıya məxsusdur. O, həmin problemi buya digər metodun poetik üstünlüyü ilə yox, bədii fikrin inkişafında, "həlqəvi bir gedişinyeni istiqamətə çevrilməsi ilə başlayır, onun səbəbini isə sənətin mürəkkəb inkişaf qanunları ilə əlaqədə şərh etməyə çalışır: "Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi. Lakin, eyni zamanda, onun dühası bir yük kimi azəri ədəbiyyatının inkişafı üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı”.

C.Cabbarlının "Azərbaycan türk ədəbiyyatının son vəziyyəti” adlı konseptual məqaləsində bu gün üçün dəyərli məqamlardan biriuzun zaman kölgədə qalmış, tarixi ədəbi prosesdən kənar götürülən xalq ədəbiyyatı - aşıq poeziyası haqqında cəsarətli, çağdaş günlərimizdə nəzəri-metodoloji baza yaratmaq üçün dəyərli olan konsepsiyanı irəli sürməsidir: "Sarayları mədh edən, qaş-gözləri tərif edən bu yanma, cansız, duyğusuz, qeyri-təbii ədəbiyyat onun dörd telli sazına uymamış, o öz yaratdığı kərəmləri ilə, qəribləri ilə, taptıqları ilə gün keçirmiş, onların kədərlərinə ağlayaraq, qələbələrinə sevinərək, son zamanlaradək gəlmişdir. İnsafən etiraf edilirsə, Azərbaycan türk ədəbiyyatının ən parlaq səhifəsini bu adi xalqın bir sövqi-təbii ilə yaratdığı bu adi xalq ədəbiyyatı təşkil edir”.

XX əsr Azərbaycan ədəbiyyatında xarakter yaratmaq baxımından dramaturgiyada C.Cabbarlının gördüyü işi nəsrdə Süleyman Rəhimovla müqayisə etmək olar. Təkcə "Almaz” və "Saçlı” əsərlərindəki xarakter zənginliyini XX əsr ədəbiyyatımızın sonrakı heç bir mərhələsində görmürük.

C.Cabbarlının tərcüməçilik fəaliyyəti xüsusi tədqiqatın mövzusudur. Şekspir və Şillerdən tərcümələri onun yaradıcılığında, dramatik konflikt yaratmaq məqamında xüsusi əhəmiyyət daşıyır. Onun tərcümə sahəsindəki istedadını təsdiq edən Seyfəddin Dağlı tərəfindən qeyd edilən fakt C.Cabbarlının dilin zənginliyini səfərbər etmək istedadının təsdiqidir: "Hələ Hamletin məşhur monoloqundakı "Olum, ya ölüm”. Axı həmin monoloqu ondan əvvəl də tərcümə etmişlər. Birisi "Həyat, ya matəm”, ikincisi "Qəbir, ya səbr”, üçüncüsü "Varlıqmı, yoxluqmu” yazmışdır. O isə "ölüm” müqabilində "olum” kəşf etmişdir.

Bu gün sənətin "olumya ölüm” məqamında C.Cabbarlı yaşayır, bizimlədir.

 

Şirindil ALIŞANLI,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2019.- 30 iyun.- S.6.