Vəfasız ürəyin vəfalı arzuları

 

Cəfər Cabbarlı - 120

 

Cəfər Cabbarlının teatr sənəti ilə tanışlığı daha erkən yaşlarında başladı. O, 1915-ci ildə 3 saylı ali ibtidai məktəbdə təhsil aldığı vaxtlarda ilk səhnə əsərini - "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüşpyesini qələmə aldı. Başqa bir pyesini - "Solğun çiçəklər”i də elə həmin il yazdı. Bu əsərlərdə həyatın realist boyalarla təsviri, cəmiyyətdəki ədalətsizliyə, haqsızlıqlara etiraz elə ustalıqla əksini tapdı ki, müəllifinin on altı yaşında olması hər kəsi təəccübləndirdi.

Sonralar Azərbaycan ədəbiyyatına, teatr sənətinə "Nəsrəddin şah”, "Trablis müharibəsi” ("Ulduz, yaxud Trablis müharibəsi”), "Ədirnə fəthi”, "Aydın”, "Oqtay Eloğlu”, "Od gəlini”, "Sevil”, "Almaz”, "Dönüş”, "Yaşar” və başqa dram əsərlərini bəxş edən, həmçinin uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən Cəfər Cabbarlının uğurları bədxahlarını pəjmürdə etdi. Ona maneələr yaratmaq üçün hər vasitəyə əl atdılar. İddia etdilər ki, yazıçı Azərbaycan Dövlət Dram Teatrını monopoliyaya götürüb, nə qədər ki, Cəfər teatrdadır və yazır, onlar ora pyes verməyəcəklər. Nəhayət, istəklərinə çatdılar. Cəfər teatrdan getdi. O, Dövlət Kino fabrikində daimi işə keçdi.

 

Cabbarlı cəsarəti

 

Ancaq yoluna daş qoymaq istəyənlər unudurdular ki, Cəfər Cabbarlı hara getsəydi, orada inkişaf da, uğur da olacaqdı. Çünki o, hər işi ürəyinin odu, atəşi, heyrətamiz işgüzarlığı və parlaq istedadı ilə görürdü. Kino sahəsində də çox ciddi fəaliyyətə başladı. Və onun bu gəlişi Azərbaycan kinosunun böyük mənəvi qazancı oldu.

Səssiz kino dövrü idi. 1920-ci il dekabrın 20-də Azərbaycan Xalq Maarif Komissarlığı "Kinematoqrafiya filmləri fabrikinin açılışı haqqında” qərar qəbul etdi. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi nəzdində I Dövlət Kinofabriki yaradıldı. Bu, "Azərbaycanfilm” kinostudiyası tarixinin başlanğıcı oldu. Kinofabrikdə ilk film 1924-cü ildə çəkildi. "Qız qalası” adlı bu bədii film Cəfər Cabbarlının "Maarif və mədəniyyət” jurnalının 1923-cü il 4-5-ci saylarında dərc olunmuş poeması əsasında (ssenari müəllifi H.Breslav-Luvrev) ekranlaşdırıldı. Amma onun adı titrlərdə qeyd edilmədi.

Nüfuzlu teatr və mədəniyyət xadimi kimi tanınan Cəfər Cabbarlı kino sənətinə də nabələd deyildi. 1925-1927-ci illərdə aktyorkinorejissor kurslarında oxumuşdu. Ən əsası isə kinonun problemləri barədə yalnız ədib, mədəniyyət xadimi kimi deyil, həm də vətəndaş kimi düşünürdü. Bu sahənin əhəmiyyətini nəzərə alan Cabbarlı qeyri-peşəkar rusların, yəhudi və ermənilərin Azərkinoya gətirilməsindən narahat idi. O, "Azərkino hara gedir?” məqaləsində yazırdı: "Azərkino rəhbərləri ssenari işini kimə desəniz inanıb tapşırırlar, təki o adam azərbaycanlı-türk olmasın. İş burasındadır ki, Azərkino yerli qüvvələrdən ssenariçilərin hazırlığı ilə məşğul olmur. Onların dəvət etdikləri "gəlmələr” isə yerli həyatla tanış olmadıqlarından bizim türklərin həyatından ağlasığmaz qondarmalar quraşdırırlar”. Belə fikirləri dilə gətirmək, bu barədə yazmaq böyük cəsarət tələb edirdi. Vətəndaşlıq duyğusu, vətənə, millətə məhəbbət hissi ilə yazırdı Cəfər Cabbarlı: "Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün sizdə fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biritürk deyiltürk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, "gözəl qızlar” - "gözəl qozlarkimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur. Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarında aktyorlarüçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmirdirektor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s.i.a. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır”.

 

Kinoya Sevil axtarışı...

 

O, təşkilatçılıq bacarığını bu sahədə də göstərirdi. Amma azərbaycanlı kadrların azlığı vəziyyəti qəlizləşdirirdi. Kinoda milli kadrların yetişdirilməsinə böyük əhəmiyyət verən Cəfər yorulmaq bilmədən çalışırdı.

Kino sahəsində işləri canlandırmaq üçün həm ssenarist, həm də rejissor kimi fəaliyyət göstərirdi. Yazdığı ssenari Cəfər Cabbarlını Azərbaycanın ilk milli kino ssenaristi kimi tanıtdı. 1928-ci ildə Dövlət Kino fabrikində Mirzə Fətəli Axundzadənin vəfatının 50 illiyi münasibətilə "Hacı Qara” əsərinin motivləri əsasında onun ssenarisi ilə "Sona” adlı film çəkildi.

Azərbaycan qadınlarını siyasi, iqtisadiictimai həyatda fəal görmək istəyən Cəfər Cabbarlı 1929-cu ildə "Sevil” filmində bu arzusunu daha geniş ifadə etdi. Həyat yoldaşı Sona xanımın xatirələrindən öyrənirik ki, Cəfər Cabbarlı filmin çəkilişində həm ssenari müəlliflərindən biri, həm də ikinci rejissor kimi iştirak etmişdi. Sevil rolunu ifa etmək üçün azərbaycanlı qızı tapmaq çətin olsa da, Cəfər Cabbarlı israr edir, inadkarlıq göstərirdi. Şəhərin küçələrini gəzir, evlərin, idarələrin qapılarını döyür, ali məktəblərə gedirdi. Sonralar "Gülər” hekayəsini həmin axtarışların təəssüratı ilə qələmə aldı.

Nəhayət, arzusuna çatdı, Sevil rolunu Azərbaycan Dövlət NeftKimya İnstitutunun tələbəsi İzzət Orucova oynadı. İzzət Orucova o günləri belə yada salırdı: "C.Cabbarlı çox tələbkar idi. Bəyənmədiyi kadrın dəfələrlə yenidən çəkilməsini israr edirdi”.

Bu filmin böyük uğurundan vəcdə gələn Cəfər Cabbarlı "Sevil”dən dərhal sonra "Almaz”ın çəkilişlərinə başladı. Həyat yoldaşı Sona xanım xatırlayırdı: "Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları "Almazfilmini Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər”.

 

Yarımçıq qalan işlər...

 

1933-cü ildə Cabbarlı "Mən "Almazssenarisiniüçün yazdım?” adlı məqaləsində bildirirdi: "İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onların mübarizlik iradəsini və cürətini artıraq. Hamı Almazı sevəcək və onunla ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti, möhkəmliyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mənbəyi olacaqdır”.

Kinostudiyada elə ürəklə çalışırdı ki, istirahəti tamamilə unutmuşdu. 1933-cü ilin 29 avqustunda Cəfər Cabbarlı həyat yoldaşına məktubunda yazırdı: "Moskvada qət olunub ki, kinoda "1905-ci ilin pastanovkasını ancaq mən verməliyəm. Özgə adamın verməsinə razı olmayıblar. Moskvada həll olunub ki, hansı kinolar gedə bilər və hansını hansı rejissor qoymalıdır. "1905-ci ildə” filminin rejissorundan söhbət gedəndə demişlər ki, Braginski-mraginski tanımırıq, Cəfər özü qoymalıdır. Özübu il olmalıdır. Və teatrdan kinoya keçməlidir. Mən dedim: teatrdan getmərəm. Sonra dedilər ki, teatrda da, kinoda da işlə. İndi gərək rejissor ssenarisinə başlayaq. Ayın 1-dən kinoda qulluqdayam. Sonra, "Səfa”nın ancaq bircə 4-cü pərdəsi qalıb. 1-ci, 2-ci, 3-cü pərdələrini qurtarmışam. Tamam-kamal. Bu yandan da Qliyer gəlib Narkomprosda deyir: gərək bir həftəyə "Şahsənəm”i qurtarasan, operada oynayaq. Deyirəm vaxtım yoxdur. Deyirlər, özgə adam eyləyə bilməz. Bu yandan da Şillerin "Qaçaqlar”ı, o yandan da "Əfqanıstan” ...Xülasə, işlərim çox dolaşıqdır, haraya gedib çıxsa, sənə yazaram... Sonra, Türk teatrında "1905-ci ildə”ni quruluşda verməliyəm. Rus teatrında da "1905-ci ildə” gedir. Mayorov deyir, gərək ikili işləyək, tək qoya bilmərəm. Operada da "Səfa”nın pastanovkasını gərək mən verəm. Bizim teatrda da "Otellonu təzələmək boynuma qalmışdır. Onlardan bir cür ilə boyun qaçırmışam. Hamısı da deyir bir vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə edəcəyəm. Hə, "Od gəlini”ni də gərək Mayorov ilə mən işləyəm”.

Öz pyesi üzrə "1905-ci ildə” ssenarisini yazan Cəfərə rejissor kimi bu filmi çəkmək qismət olmadı... Kinematoqrafiya tariximizin "qızıl fonduna "Sevil”, "Almazkimi filmlər bəxş edən, milli kinomuzun yaranmasında, bu sahədə milli kadrların yetişməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında əvəzsiz xidmətlər göstərən Cəfər Cabbarlı bir zamanlar:

 

Coşğun Xəzər oynar ayaqlarında,

İşıq saçan nefti torpaqlarında,

Tarixlərin qızıl yarpaqlarında

Dadlı-dadlı sözləri var ölkəmin.

 

deyə öydüyü Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğu günləri görməyin həsrəti ilə bu dünyaya gözlərini yumdu. Kino sahəsində tükənməz enerji, böyük təəssübkeşliklə, canıyananlıqla gördüyü işlər unudulmadı. 1960-cı ildə kinostudiyaya onun adı verildi.

Ürəyi ona vəfasızlıq etdi. Cəfər Cabbarlı bu dünyada heç vaxt itirmədiyi arzularını, sarsılmayan ümidlərini qoyub getdi. Arzuları buludlara döndü. Heç zaman məmləkətinin göylərindən çəkilmədi. Və o günlər gəldi. Bu gün Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında peşəkar milli kadrlarımızın iştirakı ilə yeni filmlər çəkilir, millətin vətənsevər övladlarının qəhrəmanlıq salnamələri ekranlaşdırılır.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 30 iyun.- S.6.