Əsrarəngiz təbiət turistləri heyran edir

 

Əlverişli iqlim şəraiti, əsrarəngiz təbiət mənzərələri, təbii bulaqlar Tovuzda turizmin inkişafı üçün geniş perspektivlər açır. Bu imkanlardan səmərəli istifadə edən rayon rəhbərliyi də son illər bu sahəyə daha çox diqqət ayırmış, nəticədə yeni istirahət mərkəzləri yaradılmış, rayona dincəlməyə gələn xariciyerli turistlərin sayı xeyli artmışdır.

Başqa sözlə, turizmin inkişafı ilə əlaqədar Tovuz şəhərinin girəcəyində 5 hektar ərazidə Olimpiya idman kompleksi, onun yaxınlığında 5,2 hektar sahədə beşulduzlu "Ayan Palacehoteli, karvansara tipli "Qala”, "Şəlalə”, "Üç qala” kompleksləri tikilmiş, 10,4 hektar sahəsi olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı salınmışdır.

Rayon tarixi abidələr baxımından da turistlər üçün maraqlıdır. Aşağı Quşçu kəndi ərazisində yerləşən, miladdan əvvəl VI minilliyə aid Göytəpə yaşayış məskəni və onlarca digər qədim tarixi abidələrə olan maraq turizm imkanlarını xeyli genişləndirmişdir. Turistləri məlumatlandırmaq məqsədilə yaşayış məntəqələrində ictimai-iaşə obyektləri, poçt, tibb məntəqələri haqqında məlumatlandırıcı lövhələr vurulmuş, turizm məkanlarına gedən yollara asfalt salınmış, nişanlar quraşdırılmışdır.

Tovuzda turizmdən söhbət düşəndə Xınna dərəsi ilə Əsrik dərəsinin adlarını xüsusilə qeyd edirlər. Təkcə Əsrik dərəsində təxminən 200-ə yaxın bulaq var. Yayın qızmar istisində bu ərazidə mövcud olan sərin hava insanların istirahətinə geniş imkanlar açdığı üçün yay mövsümündə burada minlərlə turist dincəlir. Xüsusilə müstəqillik illərində bu ərazidə turizmin inkişafı üçün böyük işlər görülmüş, dərə boyu istirahət məkanları yaradılmışdır.

Rayon icra hakimiyyətində xarici turistlər üçün yüksək səviyyəli istirahət məkanlarından söhbət düşəndə Xınna dərəsi adlanan ərazidə salınmış yeni "Suyun səsi” istirəhət mərkəzinin adını çəkdilər. Dedilər ki, beşulduzlu hotel səviyyəsində olan mərkəzdə yaradılan şərait həm yerli, həm də xarici turistlərin ən çox maraq göstərdikləri məkanlardandır.

Genişrahat asfalt yolla Xınna dərəsinə yollandıq. Yolboyu cərgə ilə sıralanmış Aran, Məşədilər, Yanıqlı, Qozdərə, Böyükxoşdarlı, Sadıxlı və Kecabə kəndlərindən keçib "Suyun səsi” ailəvi istirahət mərkəzinə çatdıq. Bizi istirahət mərkəzinin sahibi Eyvaz Şamiyev qarşıladı. Əslən tovuzlu olsa da, Rusiya vətəndaşıdır. Bu məkana xərclədiyi 7 milyon manat vəsaiti də orada qurduğu bizneslə əldə edib. Öz vətənində belə bir istirahət mərkəzini yaratmaq çoxdankı arzusu olub.

Mərkəzlə yaxından tanış olduq. Hər səliqəli və turistlərin ürəyincə yaradılıb. Hər tərəf göz oxşayır. Dördmərtəbəli istirahət mərkəzinin əsas binası eyni vaxtda 200 turistin qalmasına imkan verir. Binada son tamamlama işləri görülür. Tək və ailəvi qalmaq istəyənlər üçün də şərait yaradılıb. Bundan başqa, mərkəzin ərazisində hər bir şəraiti olan 4 kottec inşa edilib. Ən çox diqqətimizi istirahət mərkəzinin ərazisində olan iki çimərlik cəlb etdi. Hər birinin uzunluğu 100 metr, eni 50 metr olan iki hovuzda təhlükəsizlik qaydaları təmin edilib. Hovuzlar Xınna dərəsi boyunca axan Zəyəm çayının üstündə salındığından hər gün suyu dəyişdirilir. Hovuzda 4 qayıq da var.

İstirahət mərkəzinin sahibi dedi ki, tam istifadəyə verildikdən sonra burada müxtəlif attraksionlar, auropark, uşaq üzgüçülük hovuzu inşa ediləcək, atlamikroavtobuslarla gəzintilər təşkil olunacaq. Turist marşrutlarında Tovuzun tarixi abidələrinə ekskursiyalar və görməli yerlərinə səyahətlər nəzərdə tutulmuşdur.

Mərkəzə uzaq dağlardan içməli su xətti çəkilmiş, qədim üslubda bulaq inşa edilmişdir. Ümumiyyətlə, istirahət mərkəzində səliqə-sahman hökm sürür. İşçi heyəti yüksək təlimlərdən keçmişdir.

İstirahət mərkəzinin inşasına 3 il əvvəl başlanılıb. Keçən ilin yay mövsümündə kotteclər istifadəyə verilib. Bu ildən mərkəz ilboyu turist qəbul edəcək. Çünki istirahət mərkəzi qazla da təmin olunmuşdur. İstirahət məkanı hələ tam hazır olmasa da, keçən il internet portalından məlumat əldə edən insanlar yay istirahətlərini burada keçirmişlər. Gələnlərin əksəriyyəti Türkiyədən, RusiyadanGürcüstandan olub. Tezliklə tam gücü ilə fəaliyyət göstərəcək "Suyun səsi” ailəvi istirahət mərkəzində dincələnlərin sayı dəfələrlə artacaq.

Beləcə, Tovuz respublikamızın turizm mərkəzlərindən birinə çevrilir. Uca dağlar, gur axan çaylar, buz bulaqların suyu, yaşıl örpəyə bürünmüş yamaclar istər yerli və istərsə də xarici turistlərin təbiət qoynunda mənalı istirahətini təmin etməklə yanaşı, onların bu bölgəyə maraqlarını da artırır. Bu işdə Xınna dərəsində istifadəyə verilən "Suyun səsi” ailəvi istirahət mərkəzinin də böyük rolu olacaq.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2019.-30 iyun.- S.5.