Qafqazın modernləşən və qüdrətlənən ordusu

 

101 illik yubileyini təntənə ilə qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin ön xətdəki hər bir əsgərinin qələbə əzmkarlığı, döyüş ruhu çox yüksəkdir

 

Tarix - 26 iyun...

 

Qəlbində Vətən, yurd sevgisi olan, dövləti və onun güclü ordusu ilə qürur duyan, uğuruna ürəkdən sevinən hər bir vətəndaş üçün bu tarix son dərəcə şərəfli və əlamətdardır. Milli ruhda köklənən, tarixi təməl üzərində sürətlə inkişaf edərək regionun ən qüdrətli silahlı qüvvələrinə çevrilmiş Azərbaycan Ordusu möhtəşəm bir hadisəni - yaranmasının 101 illik yubileyini təntənə ilə qeyd edir. Xalq da bu əlamətdar bayramın xoş ovqatına köklənib.

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub. Respublikada bu gün rəsmi dövlət bayramı kimi qeyd edilir.

Təntənəli yubiley ərəfəsində Azərbaycan əsgərinin mənəvi-psixoloji durumu, hərbi və maddi-texniki təchizatı, döyüş hazırlığı, bir sözlə, ümumi vəziyyəti ilə əyani surətdə tanış olmaq, qazanılan uğurların canlı şahidlərinə çevrilmək üçün yenə də ön xəttə döyüş tapşırığını yerinə yetirən "N” saylı hərbi hissələrimizdən birinə üz tutduq...

 

Qürur duyulacaq hərbi infrastruktur, şanlı döyüş yolu

 

...Qatardan düşüb hərbi təyinatlı avtomobillə üzü dağlara tərəf yollanırıq. Hava çox istidir. Yol boyu gözəl və əsrarəngiz təbiət, yaşıl çəmənlər, sıx meşələr ovqatımızı daha da yüksəldir. Bu heyrətamiz mənzərəyə tamaşa edə-edə möhtəşəmliyi və əzəməti ilə diqqəti uzaqdan cəlb edən silsilə dağların ətəyində düşmənin atəş mövqeyindən görünməyən, səngərdən bir qədər aralıda yerləşən hərbi hissəyə yetişirik.

Avtomobildən düşəndə sanki havanın temperaturu bir anlıq bizi payıza qaytarır. Bu da əlbəttə ki, təbiidir, dağlar qoynunda yayın istisi o qədər də hiss olunmur axı...

Hava kimi hərbi hissə ilə ilk tanışlıq da xoş təsir bağışlayır. Çünki hərbi hissə sosial infrastrukturu, maddi və hərbi-texniki təchizatı, hərbi təyinatlı tikililəri səliqə-sahmanı, təmizliyi ilə diqqəti çəkir. Düşmənlə üz-üzə dayanan əsgər və zabitlərin bütün zəruri ehtiyacları çətin dağ relyefinin imkan verdiyi qədər nəzərə alınıb.

Hərbi hissənin şəxsi heyəti tribunanın qarşısındakı sıra meydanında düzülüb. Komandanlığın hərbi salamından sonra tapşırıqlar verilir və bölüklər, taqımlar müxtəlif istiqamətlərə hərəkət edərək döyüş tapşırığı, sıra və atəş hazırlığı məşğələlərinə başlayırlar. Biz isə hərbi hissə ilə ətraflı tanış oluruq.

Hərbi hissə komandirinin ideoloji və mənəvi-psixoloji təminat üzrə müavini, zabit Rüfət Məmmədov deyir ki, hərbi hissə müstəqilliyin bərpasından sonra yaranan ilk hərbi hissələrdən biridir. Birinci Qarabağ müharibəsində cəbhənin müxtəlif istiqamətində şəxsi heyətinin göstərdiyi böyük şücaətə görə adını hərb tariximizin şanlı səhifəsinə yazdıran bu hərbi hissənin döyüş yolu təlatümlü olsa da, haqqında fəxrlə danışa biləcəyimiz tarixçəsi var. Çətin döyüş tapşırıqlarını yerinə yetirərək bir çox yüksəkliklərin, vacib ərazilərin düşməndən geri qaytarılmasında böyük qəhrəmanlıq göstərən hərbi hissənin əsgər və zabitləri müxtəlif orden və medallarla təltif ediliblər. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlər zamanı iki hərbçisi şəhid olub.

 

Son illərdə isə hərbi hissənin yüzlərlə zabiti qüsursuz xidmətə görə müxtəlif dərəcəli medallarla təltif olunub.

 

Təkbaşına iki erməni əsgərini girov götürən igid

 

İlk tanışlığa qərargahdan başlayırıq. Qərargah binasında Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, hərbçilərlə görüşlərini əks etdirən fotostendlər, müxtəlif hərbi kitablar, Milli qəhrəmanların şəkilləri, Aprel döyüşləri zamanı geri qaytarılmış ərazilərin görüntülərindən ibarət guşə yaradılıb.

Əsgərlərin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən xüsusi hərbi təlimatlar, döyüş tapşırığı planı, eyni zamanda divar qəzeti maraq doğurur. Divara vurulmuş lövhələrdə Silahlı Qüvvələrin hərbi andının və Azərbaycanın Dövlət himninin mətnləri ilə tanış olmaq mümkündür.

Əməliyyat növbətçisi, zabit Zaur Gülüyev çox diqqətlidir. Çünki tez-tez ön xətdən düşmənin atəşkəsi pozması ilə bağlı xəbərlər daxil olur. Növbətçi həmin məlumatları dərhal komandanlığa məruzə edir. 2012-ci ildən orduda zabit kimi xidmət edən hərbçi həm də Aprel döyüşlərinin iştirakçısıdır. 4 günlük müharibə zamanı artilleriya batareyasında bölmə komandiri kimi çalışan zabit düşmənin Talış yüksəkliyi istiqamətindəki əks-hücumunun qarşısının alınmasında bölmə ilə bərabər qəhrəmanlıq göstərib: "Tapşırığa uyğun olaraq düşmənin hücumunun qarşısını almalı idik. Həm atıcı silahlar, həm də minaatanlardan istifadə etməklə tapşırığı yerinə yetirdik. 20-yə yaxın düşmənin canlı qüvvəsini məhv etmişdik. Bu döyüşlərdən sonra bizdə əminlik yarandı ki, düşməni istənilən zaman Azərbaycan torpaqlarından qovmağa məcbur edə bilərik. İndi hər bir hərbçinin arzusudur ki, Ali Baş Komandan İlham Əliyevin verəcəyi hücum əmrinin iştirakçısı olsun”.

Nizami hissənin kargüzarlıq xidmətinin də işi bir qədər çətindir. Bütün əmrlər, raportlar, məktublar və digər sənədlər burada yazılır. Burada xidmət edən gizir Rəşad İsayev deyir ki, bu işdə diqqətli olmaq vacib şərtlərdən biridir. Çalışdığı müddətdə heç bir səhvə yol verməyib.

Zabit Rüfət Məmmədov diqqətimizə çatdırır ki, Rəşad İsayev 2009-cu ildə Ali Baş Komandan tərəfindən "İgidliyə görə” medalı ilə təltif edilib. Amma bu işində deyil, təmas xəttində göstərdiyi şücaətə görə. Səbəbini öz dilindən eşidək: "Mən 6 il ön xətdə manqa komandiri, post başçısı kimi xidmət etmişəm. 2009-cu ildə bir hadisə baş verdi. Həmin vaxt manqa komandiri idim. Müşahidə apararkən gördüm ki, 2 erməni əsgəri bizim əraziyə keçib. Dərhal manqaya hazırlıq komandası verdim. Ancaq gördüm ki, erməni əsgərlərinin başı yaman qarışıb. Özümdən asılı olmadan səngərdən çıxıb onlar tərəfə qaçmağa başladım. Gizlənə-gizlənə qaçırdım ki, görməsinlər. Bir neçə dəqiqəyə onlara çatdım və ilk zərbəmlə birini yerə sərdim. İkincisi üstümə gəldi və əlbəyaxa olduq. Onu da zərərsizləşdirmişdim. Amma qaçmağa can atırdılar ki, arxadan manqamın bir əsgəri özünü yetirib silahı onlara tərəf tuşladı. Hər ikisini gətirib komandanlığa təhvil verdik. Müdafiə Nazirliyinə məruzə edildi və Ali Baş Komandanımız tərəfindən "İgidliyə görə” medalı ilə təltif edildim.

Rəşad İsayev bundan sonra Aprel döyüşlərində də manqa komandiri kimi iştirak edib. Düşmənin qəfil hücumunun qarşısının alınmasında ön xəttə olan hərbçilərimizə dəstək olub.

Cəbhə xəttinə, döyüş tapşırığını yerinə yetirən hərbi hissələrimizə hər dəfə baş çəkib. Vətənin belə igid oğullarını tanıdıqca həqiqətən çox qürurlanır insan. Azərbaycan Silahlı Qüvvələri sırasında yüzlərlə belə mərd, igid oğullarımız var. Hələ neçə-neçə belə qəhrəmanlar tanıyacağıq.

 

Dayanıqlı rabitənin təmini vacib şərtlərdən biridir

 

Qərargahdan ayrılıb rabitə qovşağına baş çəkirik. Növbətçi telefonçu, əsgər İntiqam Qəniyev çox diqqətlidir. Növbətçi hərbi hissə komandanlığının bölmələrlə əlaqəsini təmin edir. Gün ərzində növbəli şəkildə döyüş növbətçiliyi təşkil edilir.

Rabitə növbətçisi, gizir Rəşad Allahverdiyev gün ərzində qovşaq növbətçisi kimi bütün növ rabitənin təşkil olunmasına nəzarət edir. Fasilələr yarandıqda dərhal komandanlığın vasitəsilə tədbirlər görür.

Qovşaq rəisi, zabit Məmməd Qasımov vəzifəyə yeni təyin olunub. Ancaq buna baxmayaraq işində çox tələbkar və məsuliyyətlidir. Gün ərzində rabitənin dayanıqlığının təmin edilməsi işini peşəkarlıqla yerinə yetirir.

Zabit deyir ki, burada daha çox növbətçi telefonçu diqqətli olmalıdır. Çünki mütəmadi olaraq komandanlıq müxtəlif bölmələrlə əlaqə yaradır. Növbətçinin fikri dağınıq olarsa, verilən tapşırığı düzgün icra edə bilməz. Ona görə də rabitəçi əsgərlərə ciddi təlimatlar verilir, vaxtlı-vaxtında istirahətləri təmin edilir.

 

Nizam-intizam sıra hazırlığından başlayır

 

Sıra meydanında da bir qrup şəxsi heyət plana uyğun olaraq sıra hazırlığı və atış məşqi ilə məşğuldur. Kənardan sıra hazırlığı məşğələsini izləyirik. Əsgərlərin nizami addımlarla hərəkəti, rəisə yaxınlaşaraq hərbi salam vermələri şəxsi heyətin nizam-intizamlı olmasından xəbər verir.

Yüksək nizam-intizam hərbi hissənin qarşısına qoyulan ilkin tələblərdən biridir. Şəxsi heyətin nizam-intizamını və sıra vərdişlərini təkmilləşdirmək məqsədilə sıra hazırlığı məşğələsi keçirilir.

Zabitin elan etdiyi fasilədən yararlanaraq onlarla həmsöhbət oluruq. Bölmə komandiri, zabit Namiq Quliyev 7 ildən artıqdır ki, hərbi qulluqçu kimi xidmət edir. Bugünkü dərsin məzmununa gəldikdə isə, zabit deyir ki, hər bir əsgər üçün vacib olan prosesdən biri də sıra hazırlığıdır. Çünki nizam-intizam birinci növbədə sıra hazırlığından başlayır: "Ona görə də hər həftə təyin olunmuş vaxtda sıra meydanında müxtəlif mövzularda sıra hazırlığı ilə məşğul oluruq. Bugünkü məşğələdə əsgərlərə səfər və sıra addımlarının fərqini, rəisə hərbi salam vermə qaydalarını və sırada duruş qaydalarını öyrədirik. Artıq məşğələmizin əsas hissəsi bitib. Sonda şəxsi heyət tribuna qarşısından sıra addımlarıyla keçərək bacarıqlarını nümayiş etdirəcək. Burada əsas məsələ addımların və qolların hərəkətidir. Verilən əmri cəld və düzgün yerinə yetirsən, o, səndə vərdiş halı alacaq”.

Əsgər Alim Şahverənli bir neçə aydır xidmətdə olmasına baxmayaraq, kifayət qədər bilik əldə etdiyini deyir. Biləsuvar rayonundan hərbi xidmətə çağırılan əsgər sıra hazırlığını döyüş hazırlığının vacib elementi hesab edir: "Zabitlərimizin keçdikləri dərslərdə hamımız fəal iştirak edirik. Sıra hazırlığında öyrəndiklərimiz təntənəli mərasimlərdə, bayram günlərində sərbəst olmağımıza, həyəcansız tribuna önündən keçməyimizə kömək edir. Buradan əsl hərbçi kimi evimizə yollanmaq istəyirəm”.

Artıq bir ildir ki, burada hərbi xidmətdə olan əsgər Yunus Rzayev isə deyir ki, sıra hazırlığı olmayan bir bölmənin döyüş hazırlığından danışmaq olmaz. Çalışırıq ki, bütün dərslərdə olduğu kimi, sıra hazırlığı məşğələsində də yüksək əzmkarlıq göstərək. Özünüz də görürsünüz ki, əsgərlərin dərslərə böyük həvəsi var”.

Həqiqətən də müşahidələrimiz əsgərlərin sıra hazırlığının yüksək səviyyədə olduğunu deməyə əsas verir. Ancaq onu da qeyd etməliyik ki, təkcə bu hərbi hissədə deyil, bütün ordumuzda döyüş hazırlığının digər növləri kimi sıra hazırlığı da yüksək səviyyədədir. Buna həm keçirilən paradları, həm də tədbirlərdə yüksək nizam-intizamı ilə sırada dayanan şəxsi heyəti nümunə göstərmək olar.

 

Kazarmalardakı səliqə-sahman, əsgərin informasiya təminatı

 

Əsgərlərlə söhbətləşdikdən sonra kazarmalara baş çəkirik. Ön cəbhədə hərbi hissənin əsgər kazarmalarındakı səliqə-sahmana və təmizliyə də söz ola bilməz. Burada hərbi qulluqçuların istirahəti üçün hər cür şərait var. Əsgərlərin şəxsi bacarığının üzə çıxarılması məqsədilə yaradılan guşələrdə onların yaradıcılıq nümunələri, divar qəzeti, Aprel döyüşlərində şəhid olan hərbi qulluqçuların, Milli qəhrəmanların fotoları, hərbi qaydalar haqqında stendlər asılıb.

Əsgər çarpayıları yüksək keyfiyyətli döşəklərlə və yastıqlarla təchiz olunub. Eyni zamanda hərbçilərin televiziya vasitəsilə həm informasiya təminatı ödənilir, həm də maraqlarında olan verilişləri izləmələri təmin edilir.

Belə ucqar yerdə normal infrastruktura malik kazarma, isti və soyuq suyu olan hamam və sanitariya qovşağının, hərbi tələblərə cavab verən yeməkxananın inşa olunması xoş təəssürat yaradır. Bu, hərbi hissənin komandanlığının düşmənlə təmas xəttində hərbi xidmət keçən əsgər-zabit heyətinin maddi-texniki və hərbi təchizatına əsasnamədə nəzərdə tutulmuş ciddiliklə, son dərəcə məsuliyyətlə yanaşmasının göstəricisidir.

 

Əsgərin qida rasionu

 

Nahara az qalır. Bir azdan şəxsi heyət hərbi orkestrin barabanının müşayiəti ilə yeməkxanaya doğru irəliləyəcək. Biz isə yeməkxanadakı hazırlıq prosesini izləməyə yollanırıq. Burada da səliqə-sahmana və təmizliyə tam riayət edilir. Bütün avadanlıqla təchiz edilmiş yeməkxanada mətbəx, təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Qadın aşpazların qayğıkeş münasibəti sayəsində yeməklər ev yeməyindən heç də fərqlənmir.

Şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yemək hazırlanır. Günortanın qida rasionu artıq hazırdır - mərci şorbası, mal ətindən hazırlanmış kotletlə qarabaşaq süzməsi, soyuq qəlyanaltı, meyvə şirəsi.

Şəxsi heyət üçün hazırlanan gündəlik yeməyin çeşidi zəngindir. Səhər qida rasionunda hər gün kərə yağı, pendir, meyvə cemi, yumurta, şirin çay mütləqdir. Bundan başqa müxtəlif günlərdə səhərlər südlü düyü, vermişel sıyığı, çəkilmiş mal əti ilə qarabaşaq, südlü makaron, pomidor-yumurta, kolbasa verilir.

Nahar rasionu da çoxçeşidlidir. Həftənin müxtəlif günlərində çeşidi dəyişməklə sulu yeməklərdən mərci, lobya, noxud, yaşıl noxud şorbası, borş, küftə, mal və toyuq ətindən souz, bozbaş hazırlanır. Quru yeməklərdən qovrulmuş ətlə makaron, qarabaşaq, düyü, vermişel, kartof qızartması, mal və toyuq ətindən kotlet, kələm dolması bişirilir.

Şam yeməyində isə lobyalı düyü, qarabaşaq qiymə ilə, balıq konservi, kartof püresi, düyü sıyığı və qızartma balıq olur. Həmçinin hərbçilər mövsümi tərəvəz salatları və şirələrlə təmin edilirlər.

Yeməkxananın rəisi, gizir Coşqun Quliyev deyir ki, bayram günlərində qida rasionu bir qədər də zənginləşir. Bayramlarda əsgərlərə plov, küftə-bozbaş, kartof qızartması ilə kotlet, kələm və ya tərəvəz dolması, qızartma toyuq əti, mövsümə uyğun salatlar, meyvə şirələri verilir.

Burada üç növbəli sistemlə mülki işçilər çalışırlar. Əksəriyyəti qadındır.

Bişirilən yeməklərin dadına gəldikdə isə, bunu əsgərlərin xörəkləri necə iştahla yediklərindən hiss etmək mümkün idi. Birlikdə süfrə arxasına əyləşdiyimiz əsgərlərdən Nahid Nəzərov, Zəlimxan Əliyev və Fuad Vəliyevin etiraflarından da bəlli olur ki, həqiqətən burada bol çeşidli yeməklər çox dadlı bişirilir. Hərbi xidmətə başladıqları gündən yeməklə bağlı problem yaşamayıblar.

Əlbəttə ki, ön xətdəki hərbi hissədə yaradılmış bu şərait şəxsi heyətin yüksək mənəvi-psixoloji ovqatda köklənməsinə, döyüş və mübarizə əzminə də müsbət təsir göstərir.

 

Mənəvi-psixoloji cəhətdən möhkəm, fiziki cəhətdən güclü

 

Bir qədər istirahətdən sonra bölmələrin müxtəlif ərazilərdə məşğələləri başlayır. Bir neçə bölmə isə sıra meydanında atış məşqi keçir. Bu məşğələ zamanı əsgərlərə müxtəlif vəziyyətlərdə silahdan nişanalma qaydaları öyrədilir. Məşğələlər yekunlaşdıqdan sonra idman saatı başlayır.

Şəxsi heyətin fiziki sağlamlığının təmini məqsədilə yaradılmış idman şəhərciyində lazımi idman qurğuları quraşdırılıb. Ümumiyyətlə, düşmənlə təmas xətti özünəməxsus çətinlikləri, ciddi nizam-intizamı ilə seçilir. Burada xidmət keçən əsgər və zabitlərin mənəvi-psixoloji cəhətdən möhkəm, fiziki cəhətdən güclü olması vacib şərtlərdəndir. Elə bu səbəbdən də fiziki hazırlığa xüsusi önəm verilir.

Əsgərlər zabitlərin göstərişləri ilə müxtəlif hərəkətləri yerinə yetirirlər. Kimisi qaçır, kimisi turnikdə, kimisi paralel qollarda məşq edir. Bütün bunlar hərbçiləri daha sağlam, gümrah saxlayır.

Hərbçilərimizin əzmkarlığı bizim də əhvalımızı yüksəldir və xoş təəssüratla hərbi hissəni tərk edirik.

 

Azərbaycan əsgərinin baxışları qələbə ovqatını ifadə edir

 

Əlbəttə ki, bütün bunlarla tanışlıq zamanı Azərbaycan Ordusunun yüksək inkişaf mərhələsində olduğunu bir daha görür, fəxarət hissi keçirirsən. Bu inkişaf orduda aparılan islahatların öz bəhrəsini verdiyini bir daha təsdiqləyir.

Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan əsgərinin baxışları qələbə ovqatını ifadə edir. Əsgərlərimizin döyüş əzmi, qələbə ruhu olduqca yüksəkdir. Hər biri Ali Baş Komandanın döyüş əmrinin intizarındadır.

Orduda döyüş hazırlığının yüksək tələblərə cavab verən səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirən Ali Baş Komandan, Prezident İlham Əliyevin, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərləri, əsgərlərimizlə keçirdikləri görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır. Bununla da güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. Hər bir əsgərin qayğısına qalan, onun döyüş ruhunu yüksəldən, maddi-texniki bazasını gündən-gündən yaxşılaşdıran dövlət bütün imkanlarını bu istiqamətdə səfərbər edir.

Bu gün yaranmasının 101 illik yubileyini təntənə ilə qeyd edir Azərbaycan Ordusu. Dünyanın ən güclü 50 ordusu sırasında çəkilir Azərbaycan Ordusunun adı. Bu da sübut edir ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan güclü iqtisadiyyatla yanaşı, peşəkar, modern orduya sahibdir. Peşəkar ordusu olan xalqın isə müstəqilliyi əbədidir və bu ordunun gücünün əsasında xalqına, dövlətinə sədaqət və Vətən sevgisi durur.

Bayramın mübarək, Azərbaycan əsgəri!

 

Rəşad BAXŞƏLİYEV

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 26 iyun.- S.1; 6.