Bakıda Azərbaycan-Monteneqro
biznes forumu keçirilib
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə iyunun 25-də Bakıda Azərbaycan-Monteneqro
biznes forumu keçirilib. Tədbirdə hər iki ölkə
hökumətlərinin yüksək
vəzifəli rəsmiləri
ilə yanaşı, iqtisadiyyatın müxtəlif
sahələri üzrə
fəaliyyət göstərən
iş adamları iştirak ediblər.
AZƏRTAC xəbər
verir ki, forumun açılış
tədbirindən əvvəl
Azərbaycan Respublikası
Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan
tərəfindən həmsədri
- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Monteneqronun
Baş Naziri Duşko Markoviçi və digər qonaqları forumda təqdim edilən Azərbaycan stendi ilə tanış edib, ölkəmizin iqtisadi inkişafı, ixrac imkanları, mühüm iqtisadi layihələri və s. barədə məlumat verib.
Forumun açılışında çıxış
edən S.Babayev hər iki tərəfin
işgüzar dairələri
arasında baş tutacaq bugünkü görüşün Azərbaycan
və Monteneqronun iqtisadi əməkdaşlığının
sərhədlərini daha
da genişləndirəcəyinə
və hər iki dövlətin biznes potensialının inkişafı üçün
yeni imkanlar yaradacağına ümidvar
olduğunu deyib. Nazir Azərbaycanın
Monteneqroda ən böyük investorlardan biri olduğunu deyib, Azərbaycan şirkətləri və
investorlarının fəaliyyətinin
həyata keçirilməsi
üçün əlverişli
mühitin yaradılması
və saxlanılmasına
görə Monteneqro hökumətinə təşəkkürünü
ifadə edib. O,
bank, energetika, turizm və digər sahələrdə yeni layihələrin həyata
keçirilməsi barədə
də davamlı danışıqlar aparıldığını,
Monteneqronun Herseq-Novi şəhərində “Azmont
İnvestments” şirkəti
tərəfindən turizm
kompleksinin tikinti işlərinin davam etdirildiyini, 2016-cı ildən
Monteneqroda Azərbaycan
bankı olan “Nova Bank”
fəaliyyət göstərdiyini
qeyd edib.
İki ölkə arasında ticarət əlaqələrinin
inkişaf etdirilməsinin
iqtisadi əməkdaşlığın
əsas istiqamətlərindən
biri olduğunu deyən nazir bu sahədə dinamik artım tempini statistik məlumatlar əsasında
diqqətə çatdırıb. Bildirib ki,
əsas məqsəd ticarət həcmini daha da artırmaq
və onun strukturunu şaxələndirməkdir.
Azərbaycan-Monteneqro Hökumətlərarası Komissiyası bu istiqamətdə ciddi işlər aparacaq ki, bu da,
öz növbəsində,
ölkələrimiz arasında
iqtisadi əlaqələrin
inkişafına yeni təkan verəcək.
Nazir ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini vurğulayıb. O bildirib ki, iqtisadi və
sosial sahədə mühüm nailiyyətlər
əldə edən Azərbaycanın xarici iqtisadi əlaqələrinin
coğrafiyası da genişlənib. Ölkənin ixrac imkanlarının
artırılması, ticarətin
əmtəə strukturunun
təkmilləşdirilməsi məqsədilə sistemli
tədbirlər həyata
keçirilib. Bunun nəticəsidir
ki, indiyə qədər Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb
ki, bunun da yarısı xarici investisiyaların payına düşür.
Ölkənin ixrac imkanlarının artırılması,
“Made in Azerbaijan” brendinin xarici
bazarlarda təşviqi,
müxtəlif ölkələrdə
Azərbaycan Ticarət
Evlərinin yaradılması
və s. sahələrdə
aparılan işləri
qeyd edən S.Babayev yaxın zamanda Monteneqroda da Azərbaycan Ticarət Evinin açılacağına ümid
etdiyini deyib. O, bugünkü görüşün
turizmin inkişafına
da yeni təkan
verəcəyini və
bu sahənin nümayəndələrinin qarşılıqlı
faydalı layihələri
müzakirə edə
biləcəklərini diqqətə
çatdırıb.
S.Babayev bildirib ki, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə həyata keçirilən iqtisadi siyasət və görülmüş işlər
nəticəsində cari
ilin birinci rübündə ölkəmizdə
ümumi daxili məhsul 3 faiz artıb və bu, son bir neçə
il ərzində
ən yüksək göstəricidir. Sənaye
istehsalında 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalında 15,6 faiz, kənd təsərrüfatında
3,6 faiz, əhalinin gəlirlərində isə
5,5 faiz artım özünü göstərib.
İnflyasiya aşağı
səviyyədə - 2,1
faizdir. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə yatırılıb, bunun 2
milyardı ölkəmizin
qeyri-neft sektoruna yatırılıb. Cari ilin
fevral ayının sonuna ölkəmizin valyuta ehtiyatları 47 milyard dollara yaxın olub.
Son illər
ölkəmizdə qeyri-neft
sektorunun davamlı və rəqabətqabiliyyətli
inkişafı istiqamətində
görülən mühüm
işləri diqqətə
çatdıran nazir Azərbaycanın xarici investorların fəaliyyəti
üçün əlverişli
investisiya məkanına
çevrildiyini vurğulayıb. O, Azərbaycanda
həyata keçirilən
iqtisadi islahatların müsbət nəticələrinin
beynəlxalq maliyyə
qurumlarının hesabatlarında
da öz əksini tapdığını,
Dünya Bankı tərəfindən hazırlanmış
“Doing Business” hesabatına əsasən
2018-ci ildə 57-ci yeri
tutan Azərbaycanın
2019-cu ildə 32 pillə
irəliləyərək 190 ölkə arasında
25-ci yerdə qərarlaşdığını
deyib. Bildirib ki, Azərbaycan
hesabat göstəricilərini
yaxşılaşdırmış 10 ölkədən biri olub. Həmin 10 ölkə əsasən
biznesin başlanması,
kredit almaq və vergilərin ödənilməsi sahəsində
62 islahat həyata keçirib. Azərbaycan 10 göstəricinin 8-i üzrə
islahatlar apararaq öz mövqeyini yaxşılaşdırıb və
islahatların sayına
görə dünyada
birinci yeri tutub.
S.Babayev Azərbaycanla Monteneqro arasında iqtisadiyyatın
bir çox sahələrində əməkdaşlıq
imkanlarının geniş
olduğunu vurğulayıb,
hər iki ölkənin işgüzar
dairələrini bu imkanlardan yararlanmağa və qarşılıqlı
faydalı birgə layihələri həyata keçirməyə dəvət
edib, biznes forumun bütün iştirakçılarına uğurlar
arzulayıb.
Monteneqronun Baş Naziri Duşko Markoviç çıxış edərək
iki ölkə arasında dostluq münasibətlərinə əsaslanan
əməkdaşlıq əlaqələrinin
getdikcə genişlənməsinin
məmnunluq doğurduğunu
qeyd edib. O, Monteneqro
iqtisadiyyatına investisiya
qoyuluşuna görə
Azərbaycanın ön
sıralarda dayanan ölkə olduğunu diqqətə çatdırıb.
Ölkəsinin Azərbaycanla bütün
sahələrdə əlaqələrin
inkişafına xüsusi
önəm verdiyini və gələcəkdə
ikitərəfli əməkdaşlığın
daha geniş miqyas alacağına əminliyini bildirib.
D.Markoviç və digər çıxış
edənlər hazırkı
forumun, eləcə də Azərbaycan Respublikası Hökuməti
və Monteneqro Respublikası Hökuməti
arasında iqtisadi əməkdaşlıq üzrə
Birgə Komissiyanın
bu gün Bakıda keçiriləcək
ikinci iclasının qeyd olunan sahədə
növbəti irəliləyişlərə
imkan yaradacağını
vurğulayıb.
Azərbaycan.- 2019.-26 iyun.- S.3.