Azərbaycanın beynəlxalq təşkilatlarda
yüksək nüfuzu var
QDİƏT
Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar
sessiyasında ölkəmizlə bağlı həqiqətlər
beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırıldı
İyunun 20-21-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası keçirildi. Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədr müavini, QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevlə söhbətimiz bu barədədir.
53-cü sessiyaya beynəlxalq miqyasda maraq böyük idi
Əvvəlcə Azərbaycan-QDİƏT əlaqələrindən danışan Eldar Quliyev bildirdi ki, QDİƏT regional əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək və Qara dəniz hövzəsi dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə yaradılıb. QDİƏT-in təsisçi üzvlərindən biri kimi Azərbaycan onun regiondakı əhəmiyyətli rolunu yüksək qiymətləndirir və üzv dövlətlər arasında fəaliyyətə böyük töhfələr verir.
Ölkəmizin QDİƏT-in Parlament Məclisinin işində iştirakına gəldikdə Eldar Quliyev dedi: "Təşkilatın Parlament Məclisi Qara dəniz hövzəsi ölkələrinin ali qanunverici orqanları arasında dialoqu təmin edən nüfuzlu beynəlxalq strukturdur. Parlamentarilərin işindən ticarət-iqtisadi və investisiya mübadiləsinin dinamikası, sosial, elmi-texniki və humanitar sahələrdə əlaqələr çox asılıdır.
Parlament Məclisinin Baş
Assambleyası ildə iki dəfə toplanır. Baş
Assambleyanın 53-cü plenar sessiyası Bakıda Milli Məclisdə
keçirildi. Bildiyiniz kimi, ötən ilin
noyabrında Yerevanda keçirilən 52-ci sessiyada QDİƏT
Parlament Məclisinə sədrlik Azərbaycana
keçmişdi. Təşkilata sədrlik
əlifba sırası əsasında, rotasiya qaydasına
uyğun olaraq 6 ay çəkir. Buna
görə Məclisə rəhbərliyi bu dövrdə Milli
Məclisin Sədri Oqtay Əsədov həyata keçirdi”.
Eldar Quliyevin sözlərinə
görə, Bakıda keçirilən 53-cü sessiyada
QDİƏT PM-də təmsil olunan 12 dövlətdən
10-nun nümayəndə heyəti iştirak etdi. "Sessiyanın
işində 10 dövlətdən 150-dən artıq
parlamentar iştirak etdi. Gəlməyənlərdən
biri Ermənistan nümayəndə heyəti idi. Onlara verilən zəmanətə baxmayaraq, Bakıya
gəlməkdən imtina etdilər. Əslində
bununla erməni tərəfi bir daha qeyri-konstruktiv mövqe
ortaya qoydu. Halbuki keçən ilin
noyabrında Yerevanda keçirilən 52-ci sessiyada Azərbaycan
nümayəndə heyət iştirak etmişdi. Onu da
qeyd edim ki, Avropa Parlamentinin, Avropa Şurası Parlament
Assambleyasının, ATƏT Parlament Assambleyasının, NATO
Parlament Assambleyasının, MDB Beynəlxalq Parlament
Assambleyasının, İƏT Parlament İttifaqının,
Baltik Dənizi Parlament Konfransının, Almaniya
Bundestaqının, İsrail Knessetinin, Fransa Milli
Assambleyasının və Senatının, eləcə də
Misir, Belarus, Slovakiya parlamentinin müşahidəçiləri
iştirak edirdilər. Bütün bunlar
QDİƏT PM-in 53-cü sessiyasının beynəlxalq
miqyasda kifayət qədər maraqla
qarşılandığını göstərir”.
QDİƏT PM Baş Assambleyasının
53-cü plenar sessiyasında giriş nitqi söyləyən
QDİƏT PM-in fəaliyyətdə olan sədri, Milli Məclisin
spikeri Oqtay Əsədov qeyd edib ki, Parlament
Assambleyasının plenar sessiyasının 6 il sonra yenidən
Bakıda keçirilməsinin rəmzi mənası var:
"Bu 6 il Azərbaycanın yaxından iştirakı ilə
həyata keçirilən nəhəng nəqliyyat-enerji layihələrinin
köməyi ilə bölgənin iqtisadi mənzərəsinin
dəyişdirilməsində mühüm bir dövr olub. Qara
dəniz iqtisadi məkanında beynəlxalq və regional əməkdaşlığın
gözəl nümunələri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri,
Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər
transmilli layihələr nəinki bölgəmizin, həm də
Avropa qitəsinin yeni iqtisadi xəritəsinin
formalaşmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin
təmin edilməsinə töhfə verir. Bu
layihələr arasında 2017-ci ildə istifadəyə
verilmiş Bakı-Tbilisi-Qars dəmiryol xəttinin və
reallaşdırılmaqda olan TAP qaz kəmərinin əhəmiyyəti
xüsusi qeyd edilməlidir”.
İclasda Azərbaycanın
və Bolqarıstanın xarici işlər nazirlərinin
sessiyaya ünvanlanmış təbrik məktubları oxunub. Hər iki məktubda
QDİƏT PM-in fəaliyyəti yüksək dəyərləndirilib.
Hazırkı tədbirə evsahibliyi edən
Milli Məclisin rəhbərliyinə təşəkkür
bildirilib.
Ermənilərin
qurumun Baş katibi vəzifəsi ilə bağlı iddiaları
baş tutmadı
İclasda qurumun fəaliyyətində
fərqlənən deputatlara medallar da təqdim edilib. Qurumun fəaliyyətində
fərqlənmiş Otari Danelia (Gürcüstan), Mixail
Yemelyanov (Rusiya), Cemal Öztürk (Türkiyə), Refat
Çubarov (Ukrayna), Ramazan Can (Türkiyə), David Saqanelidze
(Gürcüstan), Georq Vlad Nistor (Rumıniya), Ramaz
Nikolaşvili (Gürcüstan) və Eldar Quliyev (Azərbaycan)
Fəxri medala layiq görülüblər. Xatırladaq ki, təltif
olunan Türkiyə, Ukrayna və Gürcüstandan olan
deputatlar, o cümlədən Eldar Quliyev QDİƏT PM-in
yaradılmasının 25 illiyi ilə bağlı medalı
keçən il Yerevanda almaqdan imtina etmişdilər.
Eldar Quliyev dedi ki, sessiyada qurumun
ötən payız keçirilmiş 52-ci plenar
iclasının protokolu təsdiqlənib. Gürcüstanın
Acarıstan Muxtar Respublikasının Ali Sovetinə
QDİƏT PM-in tərəfdaşı statusu verilib. Sonra təşkilati məsələlərə
baxılıb. Prosedur qaydalarına
müvafiq olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Məclisinin sədr müavinləri
seçilib. Yeni seçilən müavinlərdən
biri də Azərbaycan nümayəndə heyətinin rəhbəri
Eldar Quliyevdir.
QDİƏT Parlament Məclisinin
Baş katibi vəzifəsinə isə gizli səsvermə ilə
yenidən Asəf Hacıyev seçilib. Bu barədə
danışan Eldar Quliyev dedi ki, Ermənistan nümayəndə
heyəti Asəf Hacıyevin növbəti müddətə
Baş katib seçilməməsi üçün əvvəlcədən
cidd-cəhdlə iş aparırdı. Lakin istəklərinə
nail ola bilmədilər və Bakıda
keçirilən səsvermədə Asəf Hacıyev
böyük səs çoxluğu ilə yenidən qurumun
Baş katibi postuna layiq görüldü. O,
qarşıdakı 5 il müddətində
bu vəzifəni icra edəcək.
Prezident İlham
Əliyev QDİƏT PM-in "Şərəf” medalına
layiq görüldü
53-cü sessiyada QDİƏT
PM-ə sədrlik 6 ay müddətinə Azərbaycandan
Bolqarıstana keçdi. Milli Məclisin Sədri Oqtay Əsədov
rəmzi çəkici Bolqarıstan Milli Assambleyasının
sədri Tsveta Karayançevaya təqdim etdi. Estafeti qəbul edən T.Karayançeva
çıxışında vurğulayıb ki, Azərbaycanın
assambleyadakı 6 aylıq sədrliyi çox məhsuldar
keçib və qurumun inkişafına layiqli töhfələr
verib. Tsveta Karayançeva onu da bəyan
etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüskarı
olduğu irimiqyaslı enerji layihələrinə, neft-qaz kəmərləri
və infrastruktur layihələrinə görə Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament
Məclisinin "Şərəf” medalına layiq
görülüb. İclasda həmin ali
mükafat Azərbaycan parlamentinin rəhbərinə təqdim
olunub.
Sessiya çərçivəsində
aparılan müzakirələrdən biri "QDİƏT
regionunda dayanıqlı energetikanın inkişafında
parlamentlərin rolunun möhkəmləndirilməsi”
mövzusuna həsr edilib. İqtisadi, ticarət,
texnoloji və ekoloji məsələlər gündəmdə
olub. Məruzələrə dair tövsiyələr
qəbul edilib. Yekunda parlament assambleyalarının
və beynəlxalq təşkilatların nümayəndələri
fikirlərini bölüşüblər.
Ermənistan
status-kvonu saxlamağa çalışır
"Qara Dəniz İqtisadi
Əməkdaşlığına üzv ölkələrdə
demokratiyanın möhkəmlənməsində ombudsman
institutlarının rolu” mövzusunda məruzənin
müzakirəsi zamanı çıxış edən Azərbaycan
nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Azərbaycanda
ombudsman institutunun yaranması, fəaliyyəti və ölkəmizin
insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlər
barədə məlumat verib. Eldar Quliyevin bildirdiyinə
görə, daha sonra o, Ermənistan silahlı qüvvələrinin
təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizinin işğal olunmasından və
işğalın bu gün də davam etdirilməsindən
danışıb. Diqqətə
çatdırıb ki, hüquqları işğalçı
dövlət tərəfindən pozulmaqda davam edən 1
milyondan çox qaçqın və məcburi
köçkün Azərbaycanda yaşayır. Dövlət
tərəfindən həmin şəxslərin bütün
sosial məsələlərinin həlli diqqətdə
saxlanılır, onlar üçün şəhərciklər
salınır, işlə təmin olunur,
övladlarının təhsil haqqı dövlət
hesabına ödənilir və s. Buna baxmayaraq, onların ən
böyük istəyi öz ata-baba yurdlarına
qayıtmaqdır.
Eldar Quliyev xatırladıb ki, cəbhə
bölgəsində atəşkəsin olmasına baxmayaraq, Azərbaycan
itkilərə məruz qalır: "Bir neçə gün
öncə Azərbaycan Ordusunun zabiti, tabor komandiri 36
yaşlı Aqil Omarov erməni snayperi tərəfindən qətlə
yetirildi, onun ailəsi, o cümlədən iki azyaşlı
uşağı başsız qaldı. Sonrakı
günlərdə isə yaşı hələ 20-yə
çatmamış bir əsgərimiz ermənilər tərəfindən
öldürüldü. Amma dəhşətə
bax ki, Ermənistan müdafiə naziri buna görə qatili
medalla mükafatlandırdı və
çıxışında öldürmək lazım gəldiyini
xüsusilə vurğuladı”.
Deputat Azərbaycanın sülh tərəfdarı
olduğunu bildirərək deyib: "Biz bu münaqişənin
sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq.
Prezident İlham Əliyev də dəfələrlə
bəyan edib ki, ərazilərimiz işğaldan azad
olunmalı, bütün dünya tərəfindən
tanınmış ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir. Yalnız məcburi köçkünlərimiz
öz yurdlarına qayıtdıqdan sonra Dağlıq
Qarabağa ən yüksək muxtariyyət verilərək ermənilərlə
birgəyaşayış təmin oluna bilər. Təhlükəsizliyi isə sülhməramlı
qüvvələr təmin edə bilər. Lakin Ermənistan tərəfindən nümayiş
etdirilən qeyri-konstruktiv mövqe onların qəsdən vaxt
uzatmağa çalışdıqlarını, mövcud
status-kvonu saxlamağa cəhd etdiklərini göstərir”.
E.Quliyev Baş Məclisin Yerevanda keçirilən
iclasında Azərbaycan nümayəndə heyətinin
iştirak etməsinə baxmayaraq, dövlətimiz tərəfindən
təhlükəsizliklərinə zəmanət verilsə də,
Ermənistan nümayəndələrinin toplantıya
qatılmadıqlarını diqqətə çatdırıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsinə də toxunub. "Ermənistan hələ də əsir götürdüyü Azərbaycan vətəndaşlarını girov saxlayır. Bir neçə il əvvəl erməni separatçılarının işğalı altında olan əzəli Azərbaycan torpaqlarına valideynlərinin və qohumlarının qəbirlərini ziyarət etmək üçün keçmək istəyən üç nəfər mülki Azərbaycan vətəndaşından biri öldürülmüş, iki nəfəri isə indiyədək girov saxlanılır. Azərbaycan rəhbərliyi Ermənistanın yeni hökumətinə girovları "hamının-hamıya” prinsipi ilə mübadilə etmək təklifi ilə müraciət etsə də, erməni tərəfi bunun əleyhinə oldu. Biz bütün girovları dəyişməyi təklif etmişik. Bu, bütün insan hüquqlarının pozulmasının birbaşa göstəricisi deyilmi?” - deyə Eldar Quliyev bildirib.
Yekunda Eldar Quliyev bildirdi ki, QDİƏT PM Baş Assambleyasının 53-cü sessiyası zamanı Azərbaycan həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Sessiya həm də yüksəksəviyyəli təşkilatçılığı ilə yadda qaldı. Bir daha təsdiq olundu ki, Azərbaycan istənilən beynəlxalq tədbirə layiqincə evsahibliyi etməyə qadirdir.
Söhbəti yazdı:
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 28 iyun.- S.1; 6.