Güləşçilərimiz Minskdə də tarix yazırlar
Azərbaycan
7 yarış günündən sonra II Avropa Oyunlarında 16
medal qazanıb
Belarusun paytaxtı Minskdə davam edən II Avropa Oyunlarının 7-ci günü arxada qaldı. Azərbaycan idmançıları qitənin yaxşılarından olduqlarını öz parlaq qələbələri ilə burada da sübuta yetirirlər. Güləşçilərimiz bu dəfə də xüsusilə fərqlənir, onlara bəslənən etimadı doğruldurlar. Pəhləvanlarımız son iki gündə 5 medal (2 qızıl, 1 gümüş, 2 bürünc) qazanıblar.
Qələbədən sonra əsgər
salamı
İyunun 26-27-də "Minsk-2019”da keçirilən güləş yarışlarında 4 idmançımız medallar uğrunda mübarizə aparıb.
57 kq çəki dərəcəsində yarışan Mahir Əmiraslanov finalda serbiyalı Stevan Miçiçlə üz-üzə gəlib. Təmsilçimiz həlledici mərhələyədək boqarıstanlı Georgi Vangelovu, şimali makedoniyalı Vladimir Yeqorovu, rusiyalı Zavur Uğuyevi mübarizədən kənarlaşdırmışdı.
Final mərhələsi başlayanda tribunada "Azərbaycan, Azərbaycan” sədaları səngimək bilmirdi. Hamı güləşçimizdən qızıl medal gözləyirdi.
Güləş başladı. Hər iki finalçı mübarizəyə fəal qoşuldu. Lakin rəqibindən daha güclü olan Mahir 9:1 hesabı ilə qalib gələrək II Avropa Oyunlarının qızıl medalını qazandı. İdmançımızın qələbədən sonra verdiyi əsgər salamı da diqqəti çəkdi.
Himnimizi səsləndirdin, Mahir. Halal olsun! Bu sevinci bizə yaşatdığına görə çox sağ ol!
Final görüşündən sonra Mahir Əmiraslanov dedi ki, qələbəni hərbçilərə həsr edir: "Bu yaxınlarda özüm də hərbçi olacağam. Qələbəmdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycana ilk qızıl medal qazandırdığım üçün çox sevinirəm. İstəyirəm ki, bayrağımız daim yüksəklikdə dalğalansın. Çalışacağam ki, bundan sonra da bayrağımızı ucaldım”.
74 kq çəki dərəcəsində yarışan Hacımurad Hacıyev təsəlliverici görüşlərdə iştirak edib. Onun "bürünc” yolunda ilk rəqibi yunanıstanlı Kirillos Binenpaum olub.
Rəqibi üzərində inamlı qələbə qazanan (10:3) pəhləvanımız mübarizəni davam etdirərək, üçüncü yer uğrunda görüşdə ukraynalı Vasil Mixaylovu asanlıqla məğlub edib və bürünc medalın sahibi olub.
125 kq çəkidə yarışan Camaləddin Məhəmmədovun rəqibi Rares Çintoan (Rumıniya) olub. 12:2 hesabı ilə qələbə qazanan Camaləddin də II Avropa Oyunlarını 3-cü yerdə başa vurub.
86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev isə bürünc medal uğrunda mübarizədə San-Marino təmsilçisi Amine Miles Nazemə uduzub.
Hacı Əliyev "Minsk-2019”un qalibidir
İyunun 26-da daha 3 sərbəst güləşçimiz mübarizəyə qoşulub. Yığmamızın liderlərindən biri - Hacı Əliyev (65 kq) 1/8 finalda erməni Valodya Franqulyana göz açmağa imkan verməyib - 6:0. 1/4 finalda belaruslu George Koliyevlə güləşdə də idmançımız əzmkarlıq nümayiş etdirərək 7:5 hesablı qələbə qazanıb. Hacı yarımfinalda Ukraynanı təmsil edən Xor Ohanesyanla qarşılaşıb. Gərgin keçən görüşdən qalib ayrılan pəhləvanımız finala yüksəlib.
Dünən həlledici mərhələnin görüşləri keçirilib. Qızıl medalın taleyi gürcüstanlı Vladimer Xiceqaşvili ilə görüşdə həll olunub. Görüş 10:2 hesabı ilə pəhləvanımızın xeyrinə başa çatıb. Rio Olimpiadasının qalibi olan rəqibini asanlıqla məğlub edən Hacı ölkəmizin hesabına 2-ci qızıl medalı yazdırıb.
Əhsən, üçqat dünya və üçqat Avropa çempionumuza! Dövlət himnimiz səsləndi, bayrağımız ən yüksəkdə dalğalandı.
Final qarşılaşmasından sonra Hacı Əliyev bildirdi ki, əvvəlki qarşılaşmalarda rəqibinə uduzmağına baxmayaraq, final görüşünə çox ciddi hazırlaşmışdı: "Gürcüstanlı Olimpiya çempionunun qarşılaşmalarını ciddi təhlil etdiyimdən bu görüşdə qalib gələrək II Avropa Oyunlarının qızıl medalını qazana bildim. Final görüşünün çətin olacağını əvvəlcədən bilirdim. Çünki rəqib olduqca güclü idmançıdır. Növbəti hədəfim Tokio Olimpiadasında qızıl medal qazanmaqdır”.
97 kq çəkidə yarışan Nurməhəmməd Hacıyevin ilk rəqibi polşalı Radoslav Baran idi. Rəqibini 8:0 hesabı ilə üstələyən idmançımız 1/4 finalda Elizbar Odikadze ilə qarşılaşıb. Gürcüstan təmsilçisi də Nurməhəmmədlə bacarmayıb. Hacıyev bu dəfə 7:3 hesablı qalibiyyətlə yarımfinala yüksəlib. Onun final yolunda rəqibi Murazi Mçedlidze (Ukrayna) olub. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Hacıyev qızıl medal uğrunda mübarizədə rusiyalı Abdulraşid Sadullayevlə qarşılaşmaya zədə ucbatından çıxmadığı üçün gümüş medalla kifayətlənməli olub.
Daha iki qızıl və iki bürünc medal şansı
İyunun 27-də 4 qadın güləşçimiz mübarizəyə başlayıb.
50 kq çəkidə mübarizə aparan komandamızın lideri Mariya Stadnik yarışa 1/4 final mərhələsindən başlayıb. Polşalı Anna Lukasiakla güləşən təmsilçimiz 10:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Finala gedən yolda Evin Dəmirhana (Türkiyə) qalib gələn Mariya həlledici mərhələdə bu gün ukraynalı Oksana Livaçla qarşılaşacaq.
57 kq çəkidəki təmsilçimiz Alyona Kolesnik oyunlara 1/8 finaldan başlayıb. Macarıstanlı Ramona Qalambos ilə üz-üzə gələn idmançımız 10:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda bolqarıstanlı Mimi Xristova ilə bacarmayıb (0:6). Amma rəqibi finala yüksəldiyi üçün Alyona üçün bürünc medal şansı yaranıb. Bunun üçün isə ilk olaraq təsəlliverici görüşdə bu gün italiyalı Franseska İndelikatoya qalib gəlmək lazımdır.
62 kq çəki dərəcəsində yarışan Elmira Qəmbərova da turnirə 1/8 finaldan başlayıb. Almaniyalı Luzi Manke ilə güləşən idmançımız 4:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. Bu mərhələdə polşalı Katarzina Madrovska üzərində 9:0 hesabı ilə qələbə qazanan Elmira yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda təmsilçimizin son maneəsi Krişta İnçze (Rumıniya) olub. Bu mərhələni də uğurla adlayan güləşçimiz finalda bu gün ukraynalı Yuliya Tkaçla üz-üzə gələcək.
76 kq çəki dərəcəsində güləşən Səbirə Əliyeva isə 1/8 finalda Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşıb və 9:0 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. Bu mərhələdə də Georgina Neltorpa (Böyük Britaniya) 8:2 hesabı ilə qalib gələn Səbirə yarımfinalda almaniyalı Frensi Rideltlə qarşılaşıb. Görüşü məğlub başa vuran idmançımız bu gün bürünc medal uğrunda yarışacaq.
İki boksçumuz yarımfinalda
Srağagün II Avropa Oyunlarında boks yarışlarında 1/4 final görüşləri keçirilib. 60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev gürcüstanlı rəqibinə uduzaraq mübarizəni dayandırıb.
69 kq çəki dərəcəsində yarışan təmsilçimiz Lorenzo Sotomayor isə kosovalı Patriot Behrami ilə qarşılaşıb. İdmançımız 4:1 hesablı qələbə ilə yarımfinala yüksəlib. Final yolunda Sotomayorun rəqibi Böyük Britaniya təmsilçisi Pet Makkormak olacaq.
81 kq çəkidə digər boksçumuz Alfonso Dominqez isə belçikalı Ziyad El-Moxoromla döyüşüb. Mübarizəni qələbə ilə başa vuran idmançımızın yarımfinalda rəqibi italiyalı Simone Fioridir.
Xatırladaq ki, 7 yarış günündən sonra Azərbaycan yığması "Minsk-2019”da 16 medal qazanıb. Bunlardan 2-nin əyarı qızıl, 5-i gümüş, 9-u bürüncdür.
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 28 iyun.- S.1; 7.