“Azərbaycan”
qəzetinin 100 illiyinə
həsr olunan elmi konfrans
İyunun 27-də “Azərbaycan” qəzeti: tariximizin güzgüsü”
mövzusunda elmi konfrans keçirilib. Tədbir “Azərbaycan”
qəzetinin 100 illiyinə
həsr edilib. Elmi konfransın təşkilatçıları
AMEA-nın Tarix İnstitutu və “Azərbaycan” qəzetidir.
AZƏRTAC xəbər
verir ki, tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan” qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olduğunu
diqqətə çatdırıb. Vurğulayıb ki, Cümhuriyyət tarixinin öyrənilməsində
“Azərbaycan” qəzetində
dərc olunmuş materialların ilk mənbə
kimi əhəmiyyəti
böyükdür. Qəzetin
ilk nömrəsi 1918-ci il sentyabrın 15-də
Gəncə qubernatorunun
mətbəəsində çap
edilib. Qəzetin Gəncədə Azərbaycan dilində buraxılmış səhifələrinin
başında qəzetin
adı ilə yanaşı “Türk və islamçılığa
aid məqalələrə “Azərbaycan”ın səhifələri
açıqdır” yazısı
da verilib.
Yaqub Mahmudov qeyd edib ki,
“Azərbaycan” qəzeti
1918-1920-ci illər ərzindəki
saylarında Azərbaycanın
dövlət, ictimai-siyasi,
iqtisadi və mədəni həyatını
geniş əks etdirib: “Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı,
vəhşiliklər, Ermənistan
respublikası ərazisində
yaşayan azərbaycanlıların
acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilmişdi”.
Akademik bildirib ki, Cümhuriyyət dövründə ölkənin
böyük ziyalıları
- Ceyhun bəy Hacıbəyli, Şəfi
bəy Rüstəmbəyli,
Xəlil İbrahim və Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetinin baş redaktorları olublar: “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda “Azərbaycan”
qəzeti və qəzetin ilk redaktorları
barədə geniş
məqalələr yer
alıb. Cümhuriyyət
tarixinin bəzi xadimləri ağır təqiblər şəraitində
ölkəni tərk etsələr də, Üzeyir bəy onu nələr gözlədiyini bildiyi halda heç yana getmədi.
Yəni vətən yolunda şəhid olmağı şərəf sayaraq, ölümün gözünə
dik baxıb burada yaşadı”.
“Tarix İnstitutu ilə “Azərbaycan” qəzeti arasında çox sıx əməkdaşlıq
mövcuddur. Qəzetdə tarixçilərimizin azərbaycanlıların
soyqırımı, İrəvanın,
Naxçıvanın, Qarabağın
tarixi, müxtəlif dövrlərdə erməni
millətçilərinin xalqımızın
başına açdıqları
qanlı olaylar barədə məqalələri
dərc olunur”, - deyə tarixçi alim qeyd edib.
Elmi konfransda Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Dövrümüzün obyektiv
salnaməçisi və
etibarlı arxivi” mövzusunda məruzə ilə çıxış
edib.
Bəxtiyar Sadıqov
bildirib ki, müstəqil Azərbaycanın
quruculuq və inkişaf dövrünün
salnaməsini öz səhifələrində əbədiləşdirən
“Azərbaycan” Cümhuriyyət
dövründə çıxan
“Azərbaycan”ın varisidir:
“Azərbaycan” bizim müstəqilliyimizin qeyri-rəsmi
simvoludur. Qəzetin ilk redaktoru Üzeyir
bəy Hacıbəylinin
kiçik qardaşı
Ceyhun bəy Hacıbəyli olmuşdu.
Qəzetin səhifələrində Üzeyir bəy Hacıbəylinin Azərbaycan
tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına,
sənayesinə, maarif
və mədəniyyətinə
və s. aid 100-dən çox
məqaləsi dərc
olunub”.
“Cümhuriyyət
dövründə “Azərbaycan”
qəzetinin dörd baş redaktoru olub. Onlardan yalnız
Üzeyir Hacıbəyli
özünün musiqi
dühası ilə sovet repressiyasından xilas ola
bilib. Ceyhun bəy Hacıbəyli,
Şəfi bəy Rüstəmbəyli ömürlərini
qürbətdə, sıxıntılar
içərisində başa
vurublar. Xəlil İbrahimin
isə heç qəbrinin harada olduğu məlum deyil. Sovet dönəmində Cümhuriyyətin qurucuları
kimi, qəzetin də üzərinə qadağa qoyulmuşdu.
Hətta
BDU-nun Jurnalistika fakültəsində
bu qəzetlə bağlı nəinki 5 dəqiqə, ümumiyyətlə,
heç söhbət
getmirdi. “Müsavat təmayüllü
qəzet” deyib susurdular”, - deyə baş redaktor qeyd edib.
Deputat deyib ki, “Azərbaycan” qəzeti ölkəmizin tarixində, bugünkü
inkişafında və
xalqımızın milli-mənəvi
dəyərlərinin qorunmasında
mühüm rol oynayıb və oynayır: “Ulu öndər Heydər Əliyev daim redaksiyamızla əlaqə
saxlayıb, tövsiyə,
məsləhət və
iradları ilə bizi öyrədib, peşəkarlığımızın yüksəlməsinə şəxsi
töhfəsini verib. Jurnalist yaradıcılığına bu
qayğını Prezident
İlham Əliyevdən
də görürük.
Ulu Öndər və Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin kollektivinə müxtəlif dövrlərdə
təbrik məktubları
göndəriblər”.
Bəxtiyar Sadıqov
Tarix İnstitutuna “Azərbaycan” qəzetinin Cümhuriyyət dövründə
dərc edilmiş nömrələrini elektron
variantda, Yaqub Mahmudov isə qəzetə institutun nəşrlərini - “Nadir şah
Əfşar: tarixin gedişini dəyişdirən
dahi sərkərdə”,
“Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin
dövlətçilik fəaliyyətinin
Tiflis dövrü” və
“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitablarını
təqdim edib.
Konfransda, həmçinin “100 yaşlı
“Azərbaycan” kitabının
təqdimatı olub. Kitabda ölkənin
tanınmış ictimai-siyasi
xadimlərinin, elm adamlarının
qəzet haqqında məqalələri dərc
olunub və qəzetin bütün fəaliyyətinə işıq
salınıb. Nəşrin redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa
məsul şəxs isə Əməkdar jurnalist İxtiyar Hüseynlidir.
Tarixçi alimlər
Tofiq Nəcəfli və Cəbi Bəhramov “Müstəqillik
dövründə Azərbaycan
tarixi məsələləri
“Azərbaycan” qəzetinin
səhifələrində”, Vaqif Abışov “Azərbaycan” qəzetinin səhifələrində Türkiyə
tarixinin əksi
(1918-1920-ci illər)”, İlqar
Niftəliyev “1918-1920-ci illərdə
İrəvan quberniyasında
azərbaycanlıların soyqırımı
“Azərbaycan” qəzetinin
səhifələrində”, Rəşad Rüstəmov
“Azərbaycan Xalq Cümhuriyyəti mövzusu
“Azərbaycan” qəzetinin
səhifələrində (müasir dövr)” və Akif Vəliyev
“Qafqaz İslam Ordusu hərəkatı “Azərbaycan” qəzetində”
mövzuları ilə
çıxış ediblər.
Konfransda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-ci il dekabrın 7-də işə başladıqdan sonra “Azərbaycan” qəzeti onun fəaliyyətini geniş işıqlandırıb və parlamentin mühüm iclaslarından stenoqrafik hesabatları “Azərbaycan Məclisi-Məbusanında” rubrikasında dərc edib. Bundan başqa, qəzetdə “Rəsmi xəbərlər”, “Teleqraf xəbərləri”, “Rusiyada”, “Ermənistanda”, “Gürcüstanda”, “Türkiyədə”, “İrəvan müsəlmanlarının halı”, “Teatr və musiqi” və digər daimi rubrikalar da var idi.
Qeyd edilib ki, “Azərbaycan” qəzeti ölkəmizdə elmi və yaradıcı mühitin sanballı tərənnümçüsüdür.
Azərbaycan.- 2019.-28 iyun.- S.5.