“ASAN Akademiya 2019” layihəsi başa çatıb

 

“ASAN KönüllüləriTəşkilatının təşəbbüsü Gilan Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən “ASAN Akademiya 2019” layihəsinin iyunun 28-də bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində karyera sərgisi təşkil olunub. Sərgidə iştirakçılar üçün 10-a yaxın şirkət tərəfindən müxtəlif vakansiyalar təqdim edilib.

“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova bildirib ki, “ASAN Akademiya” layihəsini həyata keçirməkdə əsas məqsəd müxtəlif ixtisaslar üzrə təhsil alan gəncləri bir araya gətirərək onların karyera və təhsillərində irəliləmələrinə şərait yaratmaqdır: “Beş il müddətində bu layihəyə 4000-dən çox gənc müraciət edib. Onlardan yalnız 250 gənc iştirakçı adına layiq görülüb. Bu il layihə çərçivəsində 6 proqram modulu təqdim olunub. Ümumilikdə, gənclər üçün 20 təlimçi tərəfindən 30-a yaxın təlim tədris edilib. Akademiya məzunlarının 90 faizi müxtəlif dövlət və özəl müəssisələrdə işlə təmin olunublar və təhsillərini çox yüksək pillələrdə davam etdirirlər. Layihənin növbəti illərdə də davam etməsi nəzərdə tutulub”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, “ASAN Akademiya 2019” layihəsi müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunub. İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyalar təşkil edilib. Layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq olub: “Son 6-7 il ərzində “ASAN xidmət” mərkəzlərində 20 minə yaxın gənc könüllü kimi fəaliyyət göstərib. “ASAN xidmət”in əhatə dairəsi genişləndikcə könüllülük hərəkatı da genişlənməyə başlayıb. Altı il əvvəl könüllülərimizi birləşdirən “ASAN Könüllüləri” təşkilatını formalaşdırdıq. Bu günə qədər təşkilat tərəfindən icra olunan 500-dən çox layihədə 60 minə yaxın gənc iştirak edib. Könüllülərimizin əksəriyyəti tələbələrdir. Bu illər ərzində biz də çalışmışıq ki, öz səlahiyyətlərimiz çərçivəsində gənclərin öz ideyalarını, layihələrini həyata keçirmələrinə dəstək olaq. “ASAN Akademiyada bu günə qədər 250-yə yaxın gənc iştirak edib. Sevindirici haldır ki, onların əksəriyyəti müxtəlif sahələr üzrə işlə təmin olunublar. Bu gün növbəti 50 könüllü gəncin “ASAN Akademiyada təlimləri başa çatıb”.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Gilan Holdinqin İnsan Resursları Departamentinin direktoru Allahverdi Bağırov çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, layihənin gənclərin həyatındakı rolundan danışıblar.

Tədbirdə, həmçinin “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramı tərəfindən konsert proqramı təşkil olunub, “ASAN Akademiyaya dair videoçarx nümayiş etdirilib.

Bağlanış mərasimində mükafatlandırma mərasimi keçirilib.

Həmçinin bu gün “ASAN Akademiya” layihəsinin 5 illiyi münasibətilə iştirakçılar üçün məzun gecəsi də təşkil olunacaq.

 

Azərbaycan.- 2019.- 29 iyun.- S.3.