Azərbaycanın uğurlu layihələri beynəlxalq
nümunəyə çevrilir
BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak edən
qonaqlar ölkəmizdə vətəndaşlara xidmətlərin
göstərilməsi istiqamətində görülən
işlərin, şəffaflığın, tətbiq edilən
innovativ yeniliklərin şahidi oldular
Bir neçə gün əvvəl Azərbaycan növbəti beynəlxalq tədbirə evsahibliyi etdi. İyunun 24-26-da Bakıda BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirildi. Heydər Əliyev Mərkəzində keçirilən forumda dünyanın 190-dan çox ölkəsindən 800-dən artıq nümayəndə iştirak etdi.
İslahatlar hökumət-vətəndaş münasibətlərini
yeni keyfiyyət mərhələsinə yüksəldib
Xatırladaq ki, bu forum 2003-cü ildən etibarən 23 iyun - BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Məqsədi isə dövlət xidmətlərinin göstərilməsi ilə bağlı aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə bu istiqamətlərdə qabaqcıl təcrübələrin mübadiləsidir. Bu mənada BMT-nin Dövlət Xidmətləri Forumu dövlət xidmətlərinin aktual problemləri, bu sahədə innovasiyalar və texnologiyaların tətbiqi, eləcə də digər vacib məsələlərin müzakirə edildiyi, o cümlədən dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq platformadır. Həmçinin forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılır.
Bakı forumu dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda təşkil olunan ilk BMT tədbiri kimi tarixə düşdü. Forumun Azərbaycanda keçirilməsinə gəldikdə isə, buna zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlərdir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda hökumət-vətəndaş münasibətlərində daha çevik mexanizmlərin tətbiqi, bürokratik əngəllərin aradan qaldırılması istiqamətində vacib addımlar atılıb. Bu da nəticə etibarilə ölkəmizdə vətəndaşlara dövlət xidmətlərinin göstərilməsini yeni keyfiyyət mərhələsinə yüksəldib. Bu sahədə islahatların ən bariz nümunələrindən biri "ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır. "ASAN xidmət”in məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların, "bir qapı” prinsipinin tətbiq olunmasıdır. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan "ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində "vahid məkan” prinsipinə əsaslanır.
Məqsəd dövlət xidmətlərini əlçatan,
rahat, asan və səmərəli etməkdən ibarətdir
Yarandığı gündən ölkə ictimaiyyətinin rəğbətini qazanan "ASAN xidmət” tezliklə beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edib və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Bütün bu amillər də BMT-nin növbəti forumunu Bakıda keçirmək qərarına çox ciddi təsir göstərib. Bir sözlə, forumun Bakıda keçirilməsi Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsidir.
Forumun açılışında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva səmərəli dövlət qulluğu sistemi sahəsində Azərbaycanın uğurlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, bu sahədə ölkəmizdə görülən işlərin əsas hədəf və məqsədi yeni xidmətlərin insanlara yönəlməsindən və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. "Vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin "asan” olduğunu vurğulayaraq dedi: "ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. "ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı.
ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və "ASAN xidmət” Azərbaycanın rayonlarında da açılmağa başlandı”.
Azərbaycan inklüziv, insanyönümlü və
İKT əsaslı dövlət xidməti sistemi yaradıb
BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin isə Azərbaycanda dövlət xidməti sahəsində əldə edilən uğurları xüsusi qeyd edərək dedi: "Azərbaycan Respublikası innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü, İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Beləliklə, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib. Bu, nəticənin əldə edilməsində çox vacibdir”.
Təsadüfi deyil ki, Azərbaycan rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb. Mükafat BMT Baş katibinin müavini tərəfindən Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edildi.
Bakı Forumuna müxtəlif ölkələrin Dövlət idarəçiliyi və xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılmışdılar. Onların iştirakı ilə keçirilən plenar sessiyalarda, 9 fərqli aktual mövzu üzrə seminarlarda və tədbirlərdə dövlət xidmətləri ilə bağlı müxtəlif mövzularda müzakirələr aparıldı, fikir mübadiləsi edildi. O cümlədən, qonaqlara "MyGov”, "Asan İmza”, "ASAN Viza”, "ASAN ödəniş”, "ABAD” barədə məlumat verildi, "ASAN xidmət” mərkəzlərini real şəkildə təqdim etmək imkanı yarandı. Bu, "ASAN xidmət”in daha geniş arealda yayılmasına ciddi töhfə olacaq.
Həmçinin forum çərçivəsində BMT-nin dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi olub. Beş fərqli kateqoriya üzrə mükafatların builki qalibləri Keniya, Braziliya, Avstraliya, İndoneziya, Argentina, Portuqaliya, Tailand, Kosta Rika, Koreya Respublikası, Çili və Avstriya olub.
Forum çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə "ASAN Beynəlxalq Assosiasiyası”nın yaradılmasına dair Niyyət Bəyannaməsi imzalandı. "ASAN Beynəlxalq Assosiasiyası”nın yaradılmasının təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Sənədi Mərakeş, Monteneqro, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda, Azərbaycan və Birləşmiş Ərəb Əmirliyinin nümayəndələri imzalayıblar. "ASAN Beynəlxalq Assosiasiyası”nın yaradılması ilə tərəfdaşlar arasında dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspert, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur. Assosiasiyanın yaradılmasına dair Niyyət Bəyannaməsi çərçivəsində, həmçinin müvafiq sahə üzrə ən qabaqcıl təcrübələrin və ekspertizaların davamlı mübadiləsi üçün institusional platforma təsis olunacaq, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqinin təşviqi həyata keçiriləcəkdir.
Bütövlükdə, BMT-nin bu mötəbər forumunun Azərbaycanda keçirilməsi ölkəmizin növbəti mühüm uğuru kimi yadda qaldı. Eyni zamanda dünyanın hər yerindən gəlmiş qonaqlar ölkəmizdə vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi istiqamətində görülən nümunəvi işlərin, şəffaflığın, tətbiq olunan innovativ yeniliklərin şahidi oldular.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.-30 iyun.- S.1; 4.