Azərbaycan
Respublikası vətəndaşlarının 2019-cu il aprelin
1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər
tutaraq, "Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və
40.1-ci maddələrinə əsasən və Azərbaycan
Respublikasının Silahlı Qüvvələrini şəxsi
heyətlə komplektləşdirmək məqsədi ilə qərara
alıram:
1. 2001-ci ildə doğulmuş və
çağırış gününədək (həmin
gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə
1984-2000-ci illərdə doğulmuş, yaşı 35-dək
olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
müddətli həqiqi hərbi xidmət keçməmiş,
müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan və
ya müddətli həqiqi hərbi xidmətə
çağırışdan azad edilməmiş Azərbaycan
Respublikası vətəndaşları 2019-cu il aprelin 1-dən
30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılsınlar.
2. "Hərbi vəzifə və
hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş
xidmət müddətini keçmiş müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları 2019-cu il aprelin
1-dən 30-dək ehtiyata buraxılsınlar.
3.Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamın icrası
üçün qanunvericilikdə nəzərdə
tutulmuş tədbirləri görsün.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 fevral 2019-cu il
Azərbaycan.
- 2019.-1 mart.- S.1.