Azərbaycan Respublikasında fiziki şəxslərin
problemli kreditlərinin həlli ilə
bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında əhalinin
rifahını yüksəltmək,
sosial müdafiəsini
və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi
inkişaf konsepsiyasının
prioritetlərindəndir.
Bu istiqamətdə
həyata keçirilən
tədbirlər, reallaşdırılan
iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış
səviyyəsinin yaxşılaşmasında,
yeni iş yerlərinin açılması
sayəsində əhalinin
məşğulluğunun və
gəlirlərinin artmasında,
yoxsulluq səviyyəsinin
daha da azalmasında
öz müsbət nəticələrini göstərməkdədir.
Lakin qlobal iqtisadi və maliyyə böhranının
ölkə iqtisadiyyatına
təsirləri əhalinin
müəyyən qrupunun
ödəmə qabiliyyətinin
zəifləməsinə, bunun
da nəticəsində,
kredit təşkilatlarından
xarici valyutada borc almış vətəndaşların bank sistemi
qarşısında vaxtı
keçmiş kreditlər
üzrə öhdəliklərinin
artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə
müstəvisində baxılma
hallarının çoxalmasına
rəvac vermişdir.
Son dövrdə
respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının
genişlənməsi digər
sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə
də dövlət dəstəyi göstərilməsi
üçün şərait
yaratmışdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində
fiziki şəxslərin
xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə
itkisini qarşılamaq,
o cümlədən problemli
kreditlər məsələsinin
həllinə dövlət
dəstəyini təmin
etmək məqsədilə
qərara alıram:
1. Aşağıda
qeyd olunan tarixlərə fiziki şəxslərin banklara
10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada
qiymətləndirilməklə, bu fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi
Bankının elan etdiyi məzənnəyə
uyğun olaraq, dövlət büdcəsinin
vəsaiti hesabına üç aydan gec olmayaraq manatla
ödənilsin:
1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına
0,25 manat (0,15 ABŞ dolları) kimi;
1.2. 2015-ci il fevralın 22-dən həmin
il dekabrın 21-dək
bağlanmış kredit
müqavilələri üzrə
xarici valyutada əsas kredit borcuna münasibətdə
- 1 ABŞ dollarına 0,6
manat (0,35 ABŞ dolları)
kimi;
1.3. 2015-ci il fevralın 21-nə
və dekabrın 21-nə
mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə
- bu fərmanın
1.1-ci və 1.2-ci bəndlərində
qeyd olunan hər iki qaydada
nəzərdə tutulduğu
kimi.
2. Bu fərmanın
1-ci hissəsinə əsasən
edilən ödəniş
ilk növbədə fiziki
şəxslərin banklar
və ləğvetmə
prosesində olan banklar qarşısında
ödəniş müddəti
keçmiş əsas
kredit borclarının
ödənilməsinə yönəldilsin,
qalan məbləğ
isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət
Palatası:
3.1. Azərbaycan Respublikasının Mərkəzi
Bankı ilə birlikdə bu fərmanın
1-ci hissəsində
göstərilən tələblər
nəzərə alınmaqla,
fiziki şəxslərin
xarici valyutada olan kreditlərinin əsas məbləğinin
devalvasiya nəticəsində
manatla artmış hissəsinin ödənilməsi
mexanizmini (qaydasını),
habelə həmin məbləğə hesablanmış
faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri
müəyyən edərək,
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla on beş
gün müddətində
təsdiq etsin;
3.2. bu
fərmanın 1-ci hissəsinə
əsasən ediləcək
ödənişin ümumi
məbləğini, ödəniş
ediləcək fiziki şəxslərin siyahısını
və hər bir fiziki şəxsə
ödəniləcək vəsaitin
məbləğini qırx
beş gün müddətində müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
və Azərbaycan Respublikasının Mərkəzi
Bankına məlumat versin.
4. Müəyyən
edilsin ki, bu fərmanın 1-ci hissəsinə əsasən
bir fiziki şəxsə ödəniləcək
vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının
manat ekvivalentindən çox olmamalıdır.
5. Azərbaycan Respublikasının Mərkəzi
Bankına tövsiyə
edilsin ki:
5.1. bu fərman qüvvəyə
mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği
10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə,
Azərbaycan Respublikası
Maliyyə Bazarlarına
Nəzarət Palatasının
müraciəti əsasında,
banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək
dövlət zəmanəti
ilə təmin edilmiş güzəştli
kredit verilməsini təmin etsin;
5.2. bu
fərmanın 5.1-ci bəndində
nəzərdə tutulan
tədbirlər nəticəsində
bankların valyuta mövqeyinin pisləşməsinin
qarşısını almaq
məqsədilə ayrılmış
kreditin hesabına banklara, onların müraciəti əsasında
215 000 000,0 (iki yüz
on beş milyon)
ABŞ dolları dəyərinədək
xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi
0,5 faiz olmaqla qiymətli kağızların
verilməsini təmin
etsin;
5.3. bu
fərmandan irəli gələn digər tədbirlərin həyata
keçirilməsini təmin
etsin.
6. Banklara tövsiyə edilsin ki:
6.1. bu
fərmanın 7.1-ci bəndində
nəzərdə tutulan
siyahı üzrə vaxtı keçmiş kredit borcu olan
fiziki şəxslərə
yeni güzəştli
kredit müqaviləsi
bağlanmasını təklif
etsinlər;
6.2. fiziki
şəxslərin vaxtı
keçmiş kredit borclarının restrukturizasiya
olunacağını nəzərə
alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin
silinməsini və məhkəmədə olan
işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər;
6.3. borcları
restrukturizasiya olunmuş
fiziki şəxslərin
borc yükünün
yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət
Palatası:
7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını
müəyyən edərək,
bu barədə Azərbaycan Respublikasının
Prezidentinə, Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyinə və Azərbaycan Respublikasının
Mərkəzi Bankına
məlumat versin;
7.2. bu
fərmanın 1-ci və
2-ci hissələrinin banklar
tərəfindən icrasını
nəzarətdə saxlasın
və həmin hissələr icra edildikcə, bu fərmanın 5.1-ci bəndinə
uyğun olaraq Azərbaycan Respublikasının
Mərkəzi Bankına
müraciət etsin;
7.3. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
8. Müəyyən
edilsin ki, bu fərmanın məqsədləri üçün:
8.1. fiziki
şəxslərin xarici
valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada
17 000 (on yeddi min) manatadək
olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin
cəmi;
8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ
dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının
və ya
17 000 (on yeddi min)
manatın da daxil olduğu məbləğ;
8.3. bu
fərmanın 5-ci və
7-ci hissələrində fiziki
şəxslərin kredit
borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu fərman qüvvəyə
mindiyi günədək
bağlanmış kredit
müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində
olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;
8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları
(kredit ittifaqları istisna olmaqla);
8.5. ləğvetmə
prosesində olan bank dedikdə ləğvetmə
prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit
ittifaqları istisna olmaqla);
8.6. vaxtı
keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə
2012-ci il yanvarın
1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış
kredit müqavilələri
üzrə əsas məbləğin və (və ya) faiz
borclarının ödənilməsi
360 gündən çox
gecikdirilmiş borclar;
8.7. restrukturizasiya
dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə
fiziki şəxslərə
güzəştli kreditlərin
verilməsi;
8.8. güzəştli
kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə
onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən
illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən
kreditlər;
8.9. faizlərin
silinməsi dedikdə
vaxtı keçmiş
kredit borcları üzrə hesablanmış
faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi;
8.10. məhkəmədə
olan işlərin geri çağırılması
dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə
olan iddialardan imtina edilməsi və icra sənədi
üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin və
"İcra haqqında”
Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun tədbirlər
görülməsi nəzərdə
tutulur.
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
9.1. bu fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görsün;
9.2. bu fərmandan irəli gələn digər tədbirlər görsün.
10. Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.
11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 fevral 2019-cu il
Azərbaycan.- 2019.-1 mart.- S.2.