Azərbaycan-Gürcüstan
münasibətlərində yeni mərhələ
başlayır
Salome Zurabişvilinin Gürcüstan
Prezidenti kimi ilk rəsmi səfərini Azərbaycana etməsi
məlum həqiqətlərə yenidən aydınlıq gətirdi.
Belə ki, bu səfər ilk növbədə onu göstərdi
ki, Gürcüstan Prezidenti Azərbaycanın Cənubi
Qafqazın aparıcı dövləti kimi bölgədəki
mövqeyini yüksək dəyərləndirir. Eyni zamanda,
Salome Zurabişvilinin ilk səfərini məhz Azərbaycana
etməsi ikitərəfli əlaqələrin həqiqətən,
strateji xarakter daşımasının, siyasi əlaqələrin
yüksək səviyyədə olmasının təsdiqi kimi
yadda qaldı.
Davam edən ənənə
və alternativi olmayan münasibətlər
Gürcüstanın əvvəlki
prezidentləri həmişə Azərbaycana dost münasibəti
göstərib, dövlətlərarası əlaqələrin
inkişafında maraqlı olublar. Məhz bunun nəticəsində
ötən əsrin 90-cı illərinin ortalarından etibarən
iki dövlətin birgə siyasi iradəsi ilə mühüm
iqtisadi layihələr reallaşdırılıb. Salome
Zurabişvili isə yeni seçildiyindən onun Azərbaycan-Gürcüstan
əlaqələrinin gələcək perspektivləri ilə
bağlı mövqeyinin necə olacağı maraq
doğururdu. Lakin onun Bakıda səfər proqramına
uyğun olaraq nəzərdə tutulan Prezident İlham
Əliyevlə təkbətək ilk görüşdə
xanım Salome Zurabişvilinin "Şadam ki, regiona ilk səfərimi
bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana
dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm.
Gürcüstanın bütün prezidentləri Azərbaycanın
dostu olub və mən də bu ənənəni davam etdirirəm.
Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli
əlaqələrimiz var” deməsi onun bu səfərinin
yalnız pozitiv siyasi dialoq şəraitində keçəcəyini
göstərmədi. Bu fikirlər bütövlükdə Azərbaycan-Gürcüstan
münasibətlərinin perspektivdə daha da inkişaf edib dərinləşəcəyindən
xəbər verdi.
Xatırladaq ki, bu, Salome Zurabişvilinin
Azərbaycana ilk səfəri deyil. Hələ 2004-cü ilin
may ayında o, Gürcüstanın xarici işlər naziri
kimi də Azərbaycana səfər edib.
O zaman da Prezident İlham Əliyevlə
görüşdə söylədiyi fikirlər göstərir
ki, Salome Zurabişvili Azərbaycanın Cənubi Qafqazdakı
rolunu və xüsusən Gürcüstanla münasibətlərə
verdiyi böyük önəmi yüksək qiymətləndirir.
Bu gün isə Salome Zurabişvili Gürcüstan Prezidenti
kimi yenidən 15 il əvvəl göstərdiyi mövqeni
nümayiş etdirir.
Bakı dostları
heç vaxt darda qoymur
Azərbaycan və Gürcüstan 20-ci əsr
boyu eyni taleni yaşayıblar. Bir vaxtlar Rusiya
imperiyasının tərkibində olan Azərbaycan və
gürcü xalqları 1918-ci ildə eyni vaxtda müstəqil
dövlətlərini qurub, iki il sonra isə bu müstəqilliyi
itirməyə məcbur olublar. 1991-ci ildə hər iki xalq
yenidən öz dövlət müstəqilliyini bərpa edib.
Elə müstəqilliyə aparan yolda hər iki xalq bir
çox dolanbaclardan keçməli olub. Müstəqilliyin ilk
illərində istər Azərbaycan, istərsə də
Gürcüstan sosial və iqtisadi göstəricilərin tənəzzülə
uğraması ilə nəticələnən vətəndaş
qarşıdurması və münaqişələrə, ərazi
bütövlüyünün pozulmasına məruz qalıb.
Bütün bunlar sonrakı dövrdə Azərbaycanda Heydər
Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin
hakimiyyətə gəlməsindən sonra əlaqələrin
tamamilə yenidən inkişafında mühüm rol
oynayıb.
Son 15 ildə əlaqələrin
inkişafında yeni keyfiyyət dəyişiklikləri
baş verib. Bu illərdə xüsusən Bakı-Tbilisi-Ceyhan
və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin,
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, "Cənub qaz dəhlizi”nin
inşası əlaqələrin strateji səviyyədə yüksəlməsini
təmin edib. Azərbaycanın bu qlobal təşəbbüsləri
həm də Gürcüstanı regionun tranzit dövlətinə
çevirib, onun maliyyə imkanlarının yüksəlməsinə,
əhalisinin sosial rifahının yaxşılaşmasına
xidmət edib. Azərbaycan eyni zamanda Gürcüstana sərmayə
yatıran əsas ölkədir. SOCAR-ın xətti ilə
Gürcüstanda görülən işlər bu ölkənin
iqtisadiyyatının inkişafına, dövlət büdcəsinin
formalaşmasına böyük töhfələr verir.
Rəsmi ziyafətdə bu barədə
danışan Pezident İlham Əliyev enerji əməkdaşlığının
digər sahələrdəki əlaqələrdə də
çox mühüm rol oynadığını bildirib:
"Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından
və Gürcüstanda əsas investorlardan biridir. Azərbaycan
şirkətləri Gürcüstan büdcəsinə ən
çox vergi ödəyən şirkətlər
sırasındadır. Birgə həyata keçirdiyimiz
irimiqyaslı enerji layihələri - Bakı-Tbilisi-Ceyhan,
Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri enerji resurslarımızın nəqlinin
şaxələndirilməsi və bunun üçün
müasir infrastrukturun yaradılması baxımından
çox əhəmiyyətli hadisələrdir. Bu gün icra
etdiyimiz irimiqyaslı transmilli "Cənub qaz dəhlizi” layihəsi
ölkələrimiz üçün böyük əhəmiyyət
daşıyır. Hazırda uğurla icra edilən bu layihənin
dörd elementindən üçü - "Şahdəniz-2”,
Cənubi Qafqaz Kəməri və TANAP layihələri
başa çatdırılmışdır. Əlbəttə
ki, enerji əməkdaşlığı layihələri digər
sahələrdəki əlaqələrimizdə də
çox mühüm rol oynayır”.
Azərbaycan həm də dost və
strateji tərəfdaş ölkələri heç vaxt darda
qoymur. Bunu Gürcüstanın timsalında xüsusilə
görmək mümkündür. Belə ki, vaxtilə bu
ölkədə soyuq və şaxtalı havalarda istiliklə
bağlı problem baş verəndə köməyə Azərbaycan
çatmış, əhalini təbii qazla təmin etmişdi.
2008-ci ilin böhranlı avqust günlərində də Azərbaycan
gürcü xalqına yardımını əsirgəməmişdi.
Yeni prezident bütün
sahələrdə əlaqələrin daha da
inkişafında maraqlıdır
Azərbaycanla Gürcüstan arasında
mükəmməl əməkdaşlıq formatı
yaradılıb. İstər energetika, istər nəqliyyat sahəsində
yüksək səviyyədə əməkdaşlıq
formalaşıb. Bütün bunlar iki dövlətin
inkişafına xidmət etməklə yanaşı, regionda,
xüsusən Avropa ilə Asiya arasında iqtisadi münasibətlərin
dərinləşməsinə töhfə verir. Bunlar, eyni
zamanda regiondakı problemlər Bakıda Azərbaycan və
Gürcüstan prezidentlərinin görüşlərində
əsas müzakirə mövzusu oldu. Görünən odur ki,
hər iki ölkənin rəhbəri əlaqələrin daha
da inkişafına və yeni layihələrin həyata
keçirilməsinə tərəfdardır.
"İndi qarşımızda duran əsas
məqsəd daha böyükmiqyaslı layihələri
gündəmə gətirməkdir” - deyən Salome
Zurabişvili xüsusən nəqliyyat dəhlizinin
inkişafının əhəmiyyətini qeyd etdi. Nəqliyyat
dəhlizinin genişlənməsi ilə bağlı
gördüyü işlərə toxunan Gürcüstan
Prezidenti ölkəsinin Qara dənizdəki imkanlardan istifadə
edərək nəqliyyat dəhlizinin inkişafına
çalışdığını dedi, Azərbaycanla
birlikdə bu imkanlardan sona qədər istifadə edilməsinin
vacibliyini bildirdi.
Gürcüstan prezidenti mədəniyyət,
təhsil, turizm sahələrində əlaqələrin
inkişafının vacibliyindən də söz
açdı. Ümumiyyətlə, Salome Zurabişvilinin
toxunduğu məsələlər göstərdi ki,
Gürcüstan Azərbaycanla bütün sahələrdə əlaqələrin
daha da inkişafında maraqlıdır. Eyni zamanda Salome
Zurabişvilinin Prezident İlham Əliyevi Batumi konfransına dəvət
etməsi, Azərbaycan mədəniyyət günlərinin
Gürcüstanda keçirilməsi təklifi ölkəmizlə
əlaqələrə və Azərbaycanın regiondakı
roluna olduqca böyük önəm verməsinin göstəricisidir.
Bütövlükdə isə bütün bunlar təsdiq edir
ki, Azərbaycan-Gürcüstan münasibətlərində
yeni mərhələ başlayır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2019.- 1 mart.-
S.1; 5.