Gürcüstan Prezidenti Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub

 

Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub.

Prezident Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzdi, müəllim və şagirdlərlə söhbət etdi.

Gürcüstan dövlətinin başçısının diqqətinə çatdırıldı ki, Qaxingiloy kənd tam orta məktəbində 163 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olur. Ötən il məktəbi bitirən 8 məzundan 5-i ali məktəbə daxil olub.

Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söylədilər.

Bildirildi ki, respublikanın hər yerində olduğu kimi, Qaxda da milli azlıqların övladlarının hərtərəfli təhsil almaları, onların bilikli, savadlı yetişmələri üçün bütün zəruri addımlar atılır.

Gürcüstan Prezidentinə məlumat verildi ki, Qax rayonunda 8 minə yaxın gürcü yaşayır. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, həmçinin Qax şəhərindəki məktəb-liseydə gürcü bölməsi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 2 mədəniyyət evi, 1 folklor klubu, 2 kitabxana filialı, 1 sahə xəstəxanası, 1 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir.

Məktəblə tanış olan Gürcüstanın dövlət başçısı təhsil ocağının müəllim və şagirdlərinə uğurlar arzuladı.

 

Azərbaycan.- 2019.- 1 mart.- S. 5.