İlham Əliyevin fevral islahatları

 

Problemli kreditləri də həll edən Prezidentin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar əhalinin rifah halının yüksəldilməsinə xidmət edir

 

2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq.

Təkcə fevral ayında bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib. Bütün bunlar isə Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

 

Minimum əməkhaqqı 130 manatdan 180 manata yüksəldi

 

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etməkdən, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaqdan, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti sosial-iqtisadi sahədə həyata keçirdiyi layihələrlə hər il yeni-yeni nailiyyətlərə imza atır. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsinin, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Fevral ayında Prezidentin böyük sosial paketinin tərkib hissəsi olan sənədlərə bir daha nəzər saldıqda aydın şəkildə dövlətin vətəndaşına qayğısının şahidi oluruq. İlk olaraq dövlət başçısı fevralın 8-də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzaladı. Bu sənədə əsasən bu il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 130 manatdan 180 manata yüksəldi. Bu da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən 600 min işçinin əməkhaqqının artması deməkdir. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Özəl sektorda əməkhaqqı artımı ən çox avtomobillərin təmir servis xidmətlərində, xırda çörəkbişirmə sexlərində, hüquqi şəxs statusunda olan ticarət ictimai-iaşə sahələrində çalışan işçilərə aiddir. Orta hesabla ölkəmizdə muzdla çalışan ümumi işçilərin 40 faizinin, büdcədən maliyyələşən sahələrdə isə 55 faizinin əməkhaqları artırılıb.

 

Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına da töhfə verəcək.

Ümumiyyətlə, vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son 15 ildə ölkəmizdə əməkhaqları 7 dəfə, eləcə də minimum əməkhaqları 6,5 dəfə artırılıb.

 

Ölkə gəncliyinə, tələbələrə dövlət qayğısının əyani təzahürü

 

Bu gün həmçinin ölkəmizdə təhsilin inkişafı istiqamətində uğurlu islahatlar aparılır, təhsil müəssisələrinin maddi-texniki bazaları möhkəmləndirilir, yüksək ixtisaslı, bacarıqlı mütəxəssislərin hazırlanmasına xüsusi önəm verilir.

Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı bir fərman və iki sərəncam - "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”, "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sənədlər də bu prosesin məntiqi davamıdır.

Prezidentin imzaladığı fərmana əsasən, bu kateqoriyadan olan tələbələr martın 1-dən 210 manat təqaüd alacaq. Xatırladaq ki, əvvəl əlaçı tələbələrin təqaüdü 185 manat idi. "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sənədə əsasən isə ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılacaq.

Həmçinin təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayaraq müəyyənləşdirilib. Göründüyü kimi, bu sənəd daha çox tələbənin təqaüd alaraq öz sosial müdafiəsini gücləndirməsinə xidmət edir.

Digər sərəncama əsasən isə doktorantura pilləsi, yəni elmlər doktoru hazırlığı üzrə doktorantlara 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 180 manat, ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə 170 manat ödəniləcək. Həmçinin magistratura, bakalavriat və orta ixtisas səviyyəsi üzrə akademik göstəriciləri olanların, peşə təhsili müəssisələrinin tələbələrinin də təqaüdü yüksəldi.

Bu sərəncamlara əsasən, təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı. Bu sənədlər təkcə bir gəncin təqaüdünün artırılması və yaxud ailə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı deyil, bütövlükdə Azərbaycan dövlətinin, ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir.

 

Tikinti sahəsində inqilabi yenilik və ya memarlıq amnistiyası

 

Ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Prezidentin yeni inkişaf konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir.

Lakin bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılıb. Bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.

Elə dövlət başçısının fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman bu sahədə inqilabi yenilik etdi desək, yanılmarıq. Ekspertlər bu fərmanı tikinti sahəsində memarlıq amnistiyası da adlandırdılar.

Xatırladaq ki, Bakıda tikintisinin başa çatmasına və sakinlərin məskunlaşmalarına baxmayaraq, rəsmi olaraq istismarına icazə verilməmiş kifayət qədər bina var idi. Həmin binaların sakinləri yaşadıqları mənzillərlə bağlı çıxarış sənədləri ala bilmirdi və bu, onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olurdu. Həmin sakinlər rəsmi olaraq mənzillər üzərində hüquqlara malik deyildilər. Bu vəziyyət nəticəsində həmin şəxslər dövlətə və bələdiyyələrə əmlak vergisi də ödəyə bilmirdilər. Fərmana əsasən, bundan sonra vətəndaşlar sahib olduqları mənzillərinin çıxarış sənədlərini qısa zamanda ala biləcəklər. Bununla da sakinlərin mülkiyyət hüquqları qısa müddətdə təmin olunacaq. Bu fərmanın əsas üstünlüyü ondan ibarətdir ki, artıq sakinlər və ya mənzil-tikinti kooperativləri müvafiq sənədlərin alınması üçün özləri müraciət etməyəcəklər. Aidiyyəti dövlət qurumları lazımi sənədləri hazır etdikdən sonra vətəndaşlar onları ala biləcəklər.

 

Əfqanıstan müharibəsi şəhidlərinin ailəsinə verilən təqaüd 300 manat oldu

 

Hər zaman şəhid ailələrinə, müharibə veteranlarına böyük diqqət göstərən dövlət başçısı fevralın 21-də imzaladığı bir sərəncam və bir fərmanla Əfqanıstan veteranlarının və onların ailə üzvlərinin heç vaxt dövlətin diqqətindən kənarda qalmadığını təsdiqlədi.

Sərəncama əsasən, Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat vəsait ayrıldı. Fərmana əsasən, Əfqanıstan müharibəsində həlak olan, itkin düşən və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edildi. Qeyd edək ki, bugünədək həmin məbləğ 220 manat təşkil edirdi. Martın 1-dən bu məbləğ 80 manat artırılıb.

Ölkəmizdə aparılan və ildən-ilə güclənən sosial siyasətin əsas istiqamətlərindən biri kimi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır. Bundan bir qədər əvvəl, dövlət başçısının 30 yanvar tarixli fərmanı ilə şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği də 58 manat artırılaraq 300 manata çatdırılıb. Hazırda dövlət tərəfindən 12 min 200-dən çox şəhid ailəsinə birdəfəlik maddi yardım kimi 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaq.

 

600 min nəfərin sosial müavinəti, təqaüdü əhəmiyyətli dərəcədə artdı

 

Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşlarına olan diqqət və qayğısının təzahürüdür. Dövlət başçısının fevralın 25-də imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam da böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

Sərəncama əsasən, yaşa görə müavinət 73 manatdan 130 manata yüksəldi. I qrup əlilliyə görə müavinət 150 manat, II qrup əlilliyə görə 130 manat, III qrup əlilliyə görə isə 110 manata çatdırıldı.

Bundan başqa, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün verilən 82 manat 150 manata, ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri üçün 68 manat 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün verilən 61 manat 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manat 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manat 55 manata, uşağın anadan olmasına görə 109 manat 200 manata, dəfn üçün ödənilən 146 manat sosial müavinət 300 manata qaldırıldı.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 121 manatdan 150 manata çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, sərəncam Prezident təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaratdı. Belə ki, sərəncamda əsasən I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdünün təsis edilməsi, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində təqaüdün təsis edilməsi yer də alıb.

Sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir.

Sərəncama əsasən, edilən artımlara cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.

 

Məcburi köçkünlərə Prezident qayğısı - 50 faiz artan müavinətlər

 

Son 15 ildə Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən uğurlu iqtisadi siyasət hazırda sosial məsələləri həll etmək üçün real imkanlar yaradıb və gələcəkdə də bu istiqamətdə fəaliyyətin davamlı olması perspektivlərini müəyyənləşdirib. Dövlət başçısı dəfələrlə qeyd edib ki, iqtisadi uğurlarımız olmasaydı, Azərbaycanda sosial layihələrin reallaşdırılması qeyri-mümkün olardı.

2019-cu ilin əvvəllərindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində az qala hər gün Azərbaycan Prezidenti tərəfindən imzalanan yeni bir fərman və sərəncamın şahidi oluruq. Heç bir ölkədə bir ayda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu qədər fərman və sərəncam imzalanmır.

Prezidentin fevralın 26-da böyük sosial paket çərçivəsində imzaladığı sərəncamlardan biri də məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı oldu. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq.

Onu da qeyd edək ki, məcburi köçkünlərin hər zaman qayğısına qalan dövlət bu kateqoriyaya aid insanların mənzil-məişət şəraitini də yaxşılaşdırır. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər məcburi köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu, həqiqətən də Prezidentin, dövlətin öz vətəndaşlarına olan diqqət və qayğısının təzahürüdür. Görülən bütün işlərin arxasında vətəndaşın həyat səviyyəsinin yüksəldilməsi, onun rifahının yüksəlməsi dayanır.

 

233 min pensiyaçının müavinəti 116 manatdan 160 manata çatdırıldı

 

Fevralın sonunda pensiyaların artırılması ilə bağlı çox ciddi qərar qəbul edildi. Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsində daha bir mühüm addım oldu. Xatırladaq ki, hələ fevralın 7-də Prezident "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncam imzalayaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsini tapşırmışdı.

Prezidentin fevralın 27-də "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncamına əsasən, minimum pensiya 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırıldı.

Bu sərəncam əlbəttə ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, həssas qrupların rifah halının yaxşılaşdırılmasına xüsusi qayğının növbəti təzahürüdür. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edir. Minimum pensiya məbləğinin artırılması nəticəsində pensiyası artan 233 min nəfərdən 9 min nəfərin pensiyası 93 faiz (75 manat), 26 min nəfərin pensiyası 30 faiz (37 manat), 74 min nəfərin pensiyası 16 faiz (27 manat), 80 min nəfərin pensiyası 7 faiz (15 manat) və s. artır.

Ümumilikdə 233 min nəfərin pensiyasında ümumi orta artım 40 faizədək təşkil edir. Artımın edilməsi üçün bu ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, il ərzində isə 49 milyon manat əlavə vəsait ayrılacaq. Artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ön sıraları bölüşür.

 

Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq

 

Son bir ayda müavinətlərin, təqaüdlərin, əməkhaqqının artırılması ilə bağlı sərəncam və fərmanlar göstərir ki, Azərbaycanda sosial məsələlərin həlli yönündə həyata keçirilən siyasət mövsümi deyil, davamlı və prinsipial xarakter daşıyır.

Bunu Prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə də bir daha diqqətə çatdırdı. Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparıldığını söyləyən dövlət başçısı minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılmasını, digər ödənişlərin verilməsini böyük sosial paketin tərkib hissəsi adlandırdı.

Dövlət başçısı vurğuladı ki, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq və sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq: "Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

 

Problemli kreditlər - kredit borclarının artan hissəsi silinəcək

 

Dövlət başçısı uzun müddətdir vətəndaşları narahat edən daha bir proses - problemli kreditlər və bu məsələnin həlli istiqamətində görülən işlərdən söz açmışdı.

Müşavirədən 3 gün sonra isə dövlət başçısı fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən narahatçılığa son qoyuldu.

Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

Fərmanda 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr devalvasiyaları ilə bağlı ayrıca bəndlər nəzərdə tutulub. Belə ki, devalvasiyalar nəticəsində kredit borcunun artan hissəsinə güzəşt ediləcək.

Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. İlham Əliyev vətəndaşla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll olundu.

Dövlət başçısı bu fərmanla bir daha dövlətin potensialından xalqın mənafeyi üçün istifadə olunduğunu nümayiş etdirdi. Prezident problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi.

 

2019-cu il sosial inkişaf ili kimi tarixə düşəcək

 

Vətəndaşların sosial rifahının yaxşılaşdırılmasını ən başlıca vəzifə hesab edən Prezident İlham Əliyev bu istiqamətdə artıq bir çox ciddi addımlar atır və xalq da bunu yüksək dəyərləndirir.

Dövlət başçısı əhalini narahat edən bütün məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara ciddi tapşırıqlar verir və icrasının nəticəsi ilə şəxsən özü maraqlanır. Şad gündə də, dar gündə də insanlarla görüşüb səmimi söhbət edir, problemlərini dinləyir.

Əminliklə deyə bilərik ki, İlham Əliyevin böyük sosial islahatlar paketi əsasında hələ çox belə fərman və sərəncamlar imzalanacaq. Elə İlham Əliyev də bunu dəyərləndirərkən demişdi ki, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı müəyyən edilsə, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.

Görülən işlərə əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaq. Prezidentin söylədiyi kimi, Azərbaycan bu il də uğurlar və inkişaf yolu ilə gedəcək.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2019.- 1 mart.- S.1; 3.