“Balaca şahzadə” Dövlət Musiqili Teatrının səhnəsində
Fevralın 28-də Azərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası olub. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.
Premyeradan əvvəl tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova səhnə əsəri ilə bağlı təəssüratlarını bölüşüb. Antuan de Sent-Ekzüperinin kitablarının dünyada hər zaman yüksək tirajla satıldığını deyən rejissor bildirib ki, belə böyük yazıçıların əsərlərinin tərcümə olunub Azərbaycan teatrlarında səhnələşdirilməsi sevindirici haldır. "Tamaşanın ərsəyə gətirilməsi bizim üçün texnoloji baxımdan çətin idi. Lakin yaradıcı heyət bunun öhdəsindən məharətlə gələ bildi. Nəhayət, iki il sonra tamaşanın premyerası reallaşdı. Şadam ki, bu gün belə möhtəşəm tamaşanın premyerasına toplaşmışıq”, - deyə o qeyd edib.
Səhnə əsərinin süjet xəttində balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti tamaşaçıya fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.
Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdıqları gözəl ifalar, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi, həm də sənət ocağının səhnəsində daha bir yenilikdir.
Maraqla qarşılanan tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.
Balaca
şahzadə obrazını Musiqili
Teatrın azyaşlı iki aktyoru - adı "Qızıl kitab”a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib
Məmmədzadə canlandırıblar. Digər rolları əməkdar
artistlər Ələkbər Əliyev, Şövqi
Hüseynov, aktyorlar
Əmrah Dadaşov, Nicat
Əli, Aydan Həsənova, Əliməmməd
Novruzov, Məhərrəm Qurbanov,
Hüseyn Əlili, Rauf
Babayev, Emil Heydərov,
İbrahim Əlizadə ifa
ediblər. Tamaşanın quruluşçu
rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı
ABŞ-da yaşayan həmyerlimiz,
beynəlxalq müsabiqələr laureatı Ruslan
Ağababayev, musiqi rəhbəri
əməkdar artist Vaqif
Məstanov, rəssamı Məryəm Ələkbərli,
xoreoqrafı Rusiyanın əməkdar incəsənət xadimi, dünya
şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri
əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni
Azərbaycan Yazıçılar Birliyinin
katibi, şair,
yazıçı-publisist İlqar Fəhmidir.
Azərbaycan.-
2019.- 1 mart.- S.5.