Əməyə verilən dəyər qürur
doğurur
Elm xadimləri
Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türkdilli dövlətlərdə müəyyən sahələrdə böyük işlər görmüş insanları layiq olduqları mükafatlarla təltifləndirirlər. Bu günlərdə daha bir sevindirici xəbər aldıq. Müstəqil Azərbaycan Respublikası səhiyyəsinin inkişafında böyük xidmətlərini nəzərə alaraq həkim, alim, səhiyyə təşkilatçısı Kamran Aslanov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçildi və Beynəlxalq Qızıl Ulduz medalı ilə təltif olundu.
Peşəyə sevgi və məsuliyyət...
Hər yüksək mükafat, fəxri ad uzun illərin gərgin əməyinin nəticəsidir. Kamran Aslanov da əlli beş ildir ki, Azərbaycanda stomatologiya sahəsində çalışır. Bu illərin uğurları çoxdur. Kamran Aslanov Səhiyyə Nazirliyinin baş stomatoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru, respublika Stomatoloji Mərkəzinin direktoru, Azərbaycan Özəl Stomatoloji Fəaliyyətlə Məşğul Olanların Assosiasiyasının prezidentidir. Nailiyyətlərinin hər biri öz peşəsinə sevgisinin, bilik və bacarığını ona üz tutanlardan heç vaxt əsirgəməməsinin bəhrəsidir.
1943-cü
ilin sentyabrında Bakıda dünyaya gələn Kamran Aslanov
həkim olmağın məsuliyyətini uşaqlıq illərindən
bilib. İxtisasca həkim olan ata-anasının bu peşəyə
sevgi ilə bərabər, böyük məsuliyyətlə
yanaşdıqlarını görüb. Valideynlərinin
müqəddəs saydıqları bu sənəti özünə
doğma bilərək seçdiyini deyir: "Bakının Səbail
rayonunda yerləşən məşhur bir məktəb var - 7
saylı orta məktəb... Məzunları arasında görkəmli
şəxsiyyətlər çoxdur. 1960-cı ildə həmin
məktəbdə orta təhsilimi başa vurdum. Azərbaycan
Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Stomatologiya
fakültəsinə daxil oldum. 1965-ci ildə təhsilimi
başa vurdum”.
1966-cı ildən stomatoloq-həkim
kimi Bakıdakı 2 saylı stomatoloji poliklinikada əmək fəaliyyətinə
başlayıb. Həmin vaxtdan da bu sahədə
çalışır. İllər boyu
qazandığı təcrübə, oxuyub-öyrəndiyi
bilik və bacarığını artırdıqca, ona həvalə
edilən vəzifələr dəyişdikcə, daha da
yüksəldikcə üzərinə düşən məsuliyyətin
böyüklüyünü dərindən hiss edib. Gənc yaşlarından rəhbər vəzifələrə
irəli çəkilən Kamran Aslanov ona etibar edilmiş
bütün işlərdə etimadı doğrultmağa
çalışıb.
Tibb elminin bütün sahələri
kimi, stomatologiyada da hər zaman peşəkarlara ehtiyac var. Bu
sahədə tanınmaq isə hər həkimə müyəssər
olmur. Kamran
Aslanov isə buna nail olub. O, əmək fəaliyyətinə
başladığı poliklinikada tanınmağa
başlayıb. Orada on ilədək həkim-stomatoloq
və şöbə müdiri işləyib. 1976-cı ildə Bakı şəhər 1 saylı
stomatoloji poliklinikanın baş həkim müavini, 1979-cu ildən
baş həkimi vəzifəsində çalışıb.
1982-ci ildən 4 saylı stomatoloji
poliklinikanın baş həkimi işləyib.
1986-cı ildə Respublika
Stomatoloji Mərkəzinin direktoru təyin olunan Kamran Aslanov bu
vəzifədə indiyədək çalışır. Həmin ildən
respublikanın baş stomatoloqudur. 1987-1993-cü
illərdə, 1996-2003-cü illərdə Səhiyyə
Nazirliyinin baş stomatoloqu olub və qısa bir fasilədən
sonra 2006-cı ildən yenə də həmin vəzifədədir.
Sağlamlığın
birinci şərti inamdır
Kamran Aslanov uzun illər
çəkdiyi zəhmətdən, qazandığı
uğurlardan çox sevib-seçdiyi həkimlik peşəsinin
xüsusiyyətlərindən, stomatologiya sahəsindən,
başçılıq etdiyi kollektivdən, ölkəmizin səhiyyə
və tibdə qazandığı nailiyyətlərdən
söhbət açır. Deyir ki, həkimlik
sevgi, məsuliyyət, həssaslıq tələb edir. Bir də xəstə müraciət etdiyi tibb
işçisinə inanmalıdır. Xəstəlikdən
qurtuluşun, sağalmağın birinci şərti budur.
Yoxsa istənilən nəticəni əldə
etmək çətin olacaq. Əsl həkim
bu ünsiyyəti qurmağı bacarmalıdır. Elə etməlidir ki, xəstə ona etibar etsin,
sağaldacağına şübhəsi qalmasın. Həkimlə xəstə arasında inam və birlik
olarsa, xəstəlik gücünü, hökmünü itirər.
Bunun üçün həkim yüksək
intellektə malik ziyalı olmalıdır. Yalnız ona müraciət edən xəstələrə
deyil, həm də onlarla birlikdə gələn
doğmalarına, yaxınlarına alicənablıqla
yanaşmaq, yorğun olsan da, səbrin tükənsə də,
bunu hiss etdirməmək lazımdır. Kamran
Aslanovun çoxillik həkimlik və həyat təcrübəsindən
gəldiyi qənaətlər budur ki, bəzən
özünü belə unudaraq yardım üçün gəlmiş
xəstələrin qayğısına qalmağı
başlıca məqsədə çevirmədən bu
inamı, güvəni qazanmaq mümkünsüzdür. Hər gün neçə-neçə müxtəlif
yaşlı, fərqli xarakterli xəstəni səbirlə
dinləmək, onunla dil tapmaq, dərdinə çarə edəcəyinə
əminlik yaratmaq lazımdır. Əsl həkimin
xəstəsini yalnız dava-dərmanla, tibb alətlərilə,
həm də şəfqətli sözlərilə
sağaltmalıdır. Bildirir ki, bəzən
xoş davranış, şirin söz, ümid dolu bir
baxışı da xəstəliyi yenməyə kömək
edir.
Deyirlər ki, insanın harası
ağrıyırsa, canı ordadır. Dişlərin
sağlamlığının isə insanın rahat
yaşamasına təsiri çox böyükdür. Bir də sağlamlığının ilkin göstəricisi
olduğu kimi, diş həm də insanın simasının
gözəlliyidir. Deməli, stomatoloqlar
dişləri müalicə etməklə insanın həm də
başqa orqanlarının sağlamlığının, eyni
zamanda, onun gözəlliyinin qayğısına qalırlar.
Həyatı boyu gəldiyi nəticələrdən
biri də budur ki, insan qazandığı nailiyyətlərə
baxıb arxayınlaşmamalıdır. Dəyişən
zamanın, inkişaf edən texnologiyaların yüksəlişindən
geri qalmaq olmaz. Odur ki, fəaliyyətə
başladığı ilk günlərdən daim
axtarışlar aparıb, oxuyub, öyrənib. Hələ 1985-ci ildə Moskvada Mərkəzi
Stomatoloji İnstitutda (Mərkəzi Stomatoloji Universitet)
"Körpüyəbənzər protezlərdən sonra əmələ
gələn fəsadlar və onların aradan
qaldırılması üsulları” mövzusunda müdafiə
etdiyi namizədlik dissertasiyası tibb elmini uzun müddət
narahat edən məsələlərdən birinə həsr
olunub.
O, əlli beş
ildir ki, stomatologiya, stomatoloji xəstəliklərin müalicəsi,
profilaktikası, problemlərinin öyrənilməsi ilə məşğuldur.
Həm praktik həkim, həm də nəzəriyyəçi
alim kimi çalışdığı sahənin problemlərini
yaxşı bilir, onları aradan qaldırmağın
yollarını araşdırır.
Kamran həkimin
yetirmələri
Çoxşaxəli fəaliyyətlə
məşğul olan həkim, alim, təşkilatçı,
rəhbər vəzifələr sahibi olan Kamran Aslanov həm də
qayğıkeş pedaqoqdur. Ali dərəcəli həkim olan
Kamran Aslanov 1992-2000-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə
İnstitutunun Stomatologiya kafedrasının assistenti, eləcə
də ATU-nun Ortopedik Stomatologiya kafedrasının dosenti olub. Bildiklərini heç vaxt tələbələrindən
əsirgəməyib. Yetirmələrinə
hörmətlə, həm də böyük tələbkarlıqla
yanaşır.
Tibb elminin ayrı-ayrı bölmələri
var. Kamran Aslanov həmin sahələr üzrə
respublikamızdan xarici ölkələrə müraciət edən
müəyyən xəstələr olduğunu qeyd edir:
"Ancaq Azərbaycanda stomatologiya yeganə sahədir ki, elə
səviyyəyə çatıb, o dərəcədə
inkişaf edib ki, heç bir xəstə xaricə stomatoloji
müayinə və müalicə üçün müraciət
etmir. Hələ sovet hakimiyyətinin son
dövrlərində SSRİ-nin baş stomatoloqu, akademik
Leontyev Azərbaycana gəlmişdi. O, bizim klinikalarla tanış olanda birinci sözü bu
olmuşdu: "Mən inanmazdım ki, Azərbaycanda bu səviyyəli
mütəxəssislər, klinikalar olsun. Sizin
klinikalar dünya klinikaları ilə müqayisəediləcək
dərəcədədir”. Stomatoloji xidmət
elmi-texniki tərəqqi ilə sıx bağlıdır.
Yəni o illərdən bəri Azərbaycan
stomatologiyası daha da inkişaf edib”.
Azərbaycan
stomatologiyasının bugünkü səviyyəyə
çatmasında müsahibimiz öncə kadrların hazırlıqlı
olmasına diqqəti çəkir. Bu sahədə də
onun xidmətləri var. Belə ki, Kamran Aslanov uzun illər Həkimləri
Təkmilləşdirmə İnstitutunun Stomatologiya
kafedrasının müəllimi olub. Həkimlərin
təkmilləşdirilməsində öz təcrübəsini
və biliyini onlara çatdırıb. Rəhbərlik
etdyi Stomatoloji Mərkəzin öz yetirmələri var.
Onların arasında hazırda professorlar da var. On nəfərə yaxın tibb elmləri namizədi
bu mərkəzdə çalışır. Onlar da əhaliyə yüksək səviyyədə
stomatoloji tibbi xidmət göstərirlər. Ümumiyyətlə, Kamran Aslanov rəhbərlik
etdiyi mərkəzin fəaliyyətini həm təşkilati-metodik,
həm də elmi istiqamətə yönəldib. Nəticədə mərkəzdə ənənəvi
tədbirlərlə yanaşı, yeni profilaktik metodlar işlənib
sınaqdan keçirilir.
Kamran Aslanov direktoru olduğu Respublika
Stomatoloji Mərkəz uzun illərdir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Stomatologiya
kafedrasının tədris-təcrübə bazasıdır. Kamran Aslanov bu mərkəzə rəhbər təyin
olunduğu ilk vaxtlarda bu müəssisədə təmir-yenidənqurma
işləri həyata keçirildiyini, nəticədə
terapiya, cərrahiyyə, ortopedik stomatologiya, rentgen və
fizioterapiya kabinetlərinin müasir avadanlıqlarla təchiz
edildiyini və yüksəkixtisaslı mütəxəssislərlə
təmin olunduğunu vurğulayır.
O, müstəqillik illərində
ölkədə stomatologiya sahəsinin inkişafından,
kadrların təkmilləşdirilməsinə diqqətin
artırılmasından da söz açır. Diqqətə
çatdırır ki, stomatologiya səhiyyənin
mühüm, özünəməxsus sahələrindən
biridir: "Buna görə də stomatoloji poliklinikaların
maddi-texniki bazası daha da gücləndirilir, təkmilləşdirilir,
həkimlərin peşəkarlığına diqqət
artırılır. Səhiyyə sistemində
keçirilən islahatlar əhaliyə stomatoloji xidmətin səviyyəsinin
yüksəlməsi ilə nəticələnir”.
Əməkdaşlıq
inkişafa xidmət edir
Kamran həkim bildirir ki, bu
gün Stomatoloji Mərkəzdə insanlara dünya
standartları səviyyəsində tibbi-stomatoloji xidmət
göstərmək üçün maddi baza mövcuddur, eyni
zamanda, müəssisənin yüksək peşəkarlığa
malik kadr potensialı var.
Əldə olunmuş nailiyyətlərlə kifayətlənmək tərəqqini ləngidə bilər. İnkişaf etmək üçün istər respublikada, istərsə də xaricdə yaşayan həmkarlarla fikir mübadiləsi aparılmalı, bir-birlərinin bilik və bacarıqlarından, uğurlu yeniliklərindən öyrənilməlidir. Kamran Aslanov bu vacib məqamları hər zaman nəzərə aldığını söyləyir. Buna görə də xarici ölkələrdəki həmkarları ilə də sıx əməkdaşlıq əlaqələri saxlayırlar.
Bütün dünyada geniş yayılmış stomatoloji xəstəliklərə çarə tapılması, profilaktik işlərin yaxşılaşdırılması onu daim düşündürür. Arzu edir ki, tibb elminin tərəqqisi elə səviyyəyə çatsın ki, profilaktik baxışlar aparılarkən aşkar edilən bütün xəstəliklərin müalicəsi mümkün olsun. Nəzəriyyəçi-alim, praktik həkim Kamran Aslanovun çoxsaylı çıxışları, məqalələri, kitabları da bu məqsədi daşıyır. "Azərbaycanda stomatologiyanın tarixi və inkişaf mərhələləri”, eləcə də həmmüəllifi olduğu "Diş və ağız boşluğu xəstəlikləri (dərs vəsaiti)”, "Terapevtik stomatologiyanın propedevtikası” adlı kitablarda onun uzun illik araşdırmalarının nəticələri əksini tapıb.
Nailiyyətlər insanı
arxayınlaşdırmamalıdır
Gərgin zəhmətinin, çəkdiyi əziyyətlərin bəhrəsiz qalmaması haqlı olaraq onu qürurlandırır. Kamran Aslanov Azərbaycan Respublikasının əməkdar həkimidir. Uzun illik zəhməti, yüksək peşəkarlığı həm də "Əməkdə fədakarlığa görə” medalı, "Səhiyyə əlaçısı” döş nişanı ilə mükafatlandırılıb. Son təltifləri də azərbaycanlı mütəxəssisin, alimin əməyinə verilmiş dəyərdir. Buna görə Kamran Aslanov deyir: "Mən fəxr edirəm ki, əlli beş illik tibb sahəsində çalışmalarıma Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası da öz yüksək qiymətini verdi”.
Hər təltif, hər mükafat həm də insanı geri boylanmağa vadar edir. Kamran Aslanovun keçib gəldiyi ömür yolu enişli-yoxuşlu olub. Bu dünyanın həm sevincini, həm də kədərini, itkilərini görüb. Həyatdan aldığı dərslərdən biri də bu olub ki, əldə etdiyi bilik və bacarığına arxalanmaq olar, amma onu daim inkişaf etdirmək də vacibdir. Gənc həmkarlarına da tövsiyəsi budur ki, qazandıqları nailiyyətlərin onları arxayınlaşdırmasına yol verməsinlər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2019.- 2 mart.- S.10.