Sistemli
islahatların növbəti mərhələsi mədəniyyət
sahəsi olacaq
Prezident
İlham Əliyev ölkənin görkəmli sənət
xadimləri ilə mədəni intibahın yeni hədəflərini
müzakirə etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Əziz dostlar, mən sizi səmimiyyətlə salamlayıram. Bu gün Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı sizinlə danışmaq istərdim. Mənim ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub, həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında. Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır.
İqtisadi sahədə
apardığımız islahatlar gözəl nəticələr
verir. Bu ilin birinci
ayının göstəriciləri bunu deməyə əsas
verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa
edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından
çox ciddi nəticələr olacaqdır. Bilirsiniz,
dünyada baş vermiş çox dərin maliyyə və
iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi
və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə
iqtisadi tənəzzül müşahidə olunurdu. İlk
növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə
bağlı olan ölkələrdə bu tənəzzül
özünü daha çox büruzə vermişdir. Təsəvvür
edin ki, qısa müddət ərzində ölkənin gəlirləri
təxminən 4 dəfə aşağı düşür.
Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi
4 dəfə azaltmalı idik, çox qısa bir müddət
ərzində çox ciddi addımlar atmalı idik, heç
bir ölkə buna hazır deyildi, o cümlədən də
biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu
böhranlı vəziyyət ölkəmizə böyük zərbə
vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların
sosial müdafiəsini gücləndirmək və bu iqtisadi
böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm
ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə
ili olmuşdur. Keçən il biz artıq iqtisadi inkişafa qədəm
qoyduq. Bu il isə artıq inkişaf daha da böyük
ölçülərlə özünü göstərir.
İqtisadi islahatlar imkan verdi ki, sosial
sahədə çox ciddi addımlar atılsın. Bu ilin əvvəlindən
keçən il ərzində hazırlanmış sosial layihələr
icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları
bunu yaxşı bilirlər. Minimum əməkhaqqının,
minimum pensiyanın təxminən 40 faiz artırılması
830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin
orta hesabla 100 faiz artırılması təxminən 600 min
insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi
təxminən 350-400 min insanı əhatə edir. Şəhid
ailələrinin problemlərinin həlli, müavinətlərin
artırılması və ödənişlərin verilməsi
minlərlə insanı əhatə edir. Tələbələrin
təqaüdləri əhəmiyyətli dərəcədə
artırıldı, bu da 100 mindən çox tələbənin
maliyyə vəziyyətini yaxşılaşdırır. Digər
sosialyönümlü addımlar, dünən
imzaladığım Fərman 800 min insanı əhatə edir
və deyə bilərəm ki, bu Fərmanın dünyada
analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər
bir vətəndaş bunu görə bilər. Bu, çox
ciddi bir sosial təşəbbüsdür. Dövlət bir
daha göstərir ki, öz vətəndaşının
yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca,
ilk növbədə, problemli kreditlər məsələsini
həll etməyə qərar verdik və bunu bacardıq. Onu da
bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən
ölkələrin sayı kifayət qədər çoxdur və
bizdən də dərin devalvasiyaya uğramış ölkələr
vardır. Ancaq heç bir ölkədə bu dərəcədə
sosialyönümlü, vətəndaşın
marağını güdən addım olmamışdır. Yəni,
bütün bu sosial paket təqribən 3 milyona yaxın
insanı əhatə edir və bir daha bizim niyyətimizi
göstərir.
Digər sahələrdə islahatlar
aparılır və aparılmalıdır. Təhsil sahəsində
islahatlar aparılır və deyə bilərəm ki, müəllim
peşəsini seçən abituriyentlərin sayı kəskin
artmışdır. Yəni, cəmiyyətdə müəllim
peşəsinə ənənəvi hörmət
qayıdır və bu, islahatlar nəticəsində
mümkün olmuşdur. Təhsil sahəsinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, 3200-dən
çox məktəbin tikilməsi əlbəttə ki,
böyük dəyişikliklərə gətirib
çıxardı.
Səhiyyə sahəsində
çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və
ümid edirəm ki, biz gələn ildən icbari tibbi
sığorta sisteminə keçəcəyik. Biz bir neçə
şəhərdə pilot layihələri icra etdik və bu
layihələr çox müsbət nəticə verir. Həm
vətəndaşlar razıdırlar, həm də tibbi xidmət
yüksək səviyyədə göstərilir. Deyə bilərəm
ki, bu şəhərlərdə səhiyyə sahəsində
şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə
qurumları, ilk növbədə, Dünya Bankı, - bu
yaxınlarda onların nümayəndələri ilə mənim
görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirlər.
Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı
bunun faydasını görəcək. Bu, çox ciddi bir
islahatdır, sadə məsələ deyil, bəzi ölkələr
illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə
bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində
bütün lazımi sənədləri hazırladıq və
səhiyyə sahəsində çox ciddi dönüş
yaranacaq. Çünki keçən dövrdə biz
bütün şəhərlərimizdə müasir xəstəxanalar,
diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur
mövcuddur.
Digər sahələrdə, məsələn,
məhkəmə-hüquq sahəsində islahatlara çox
ciddi ehtiyac var və müvafiq göstərişlər
verilibdir. Şəhərsalma sahəsində. Bakı şəhərində
xaotik tikinti prosesi artıq sona çatır. Şəhərsalma
və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr
qoyulub ki, buna son qoyulsun. Əlbəttə, biz imkan verə bilmərik
ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat
iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə
iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı
şəhərsalma qaydaları baş plan əsasında
olmalıdır və gözəl şəhərimizin gözəl
siması daha da gözəlləşdirilməlidir. Şəhər
nəqliyyatı, şəhər təsərrüfatı ilə
bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu
islahatların aparılmasında uğurlar əldə edəcəyik.
O ki qaldı, mədəniyyət sahəsinə,
mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə
bağlı fikir mübadiləsi aparım və bundan sonra
görüləcək işlər haqqında danışaq.
Çünki əvvəlki illərdə bir çox işlər
görülüb. Mən Prezident kimi
çalışırdım ki, həmişə bu sahəyə
öz diqqətimi göstərim. Hesab edirəm ki,
görülmüş işlər qiymətləndirilməlidir.
Bizim əsas teatrlarımız - Milli Dram Teatrı, Rus Dram
Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr
əsaslı təmir olundu. Bölgələrdə teatrlar
tikildi və əsaslı təmir edildi, yeni teatrlar
yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin
muzeyləri demək olar ki, tam şəkildə əsaslı
təmir edildi - Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi.
İncəsənət Muzeyinin iki binası və Xalça
Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə
başladı, digər muzeylər, mən indi
hamısını xatırlaya bilmərəm. Hər bir şəhərdə
Tarix-Diyarşünaslıq muzeyləri fəaliyyətə
başladı.
Dini abidələr əsaslı şəkildə
təmir edildi. Bakıda və bölgələrdə yüzlərlə
məscid əsaslı şəkildə bərpa olundu.
Onların arasında böyük mənəvi əhəmiyyət
daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri,
Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın
ən qədim məscidi - 743-cü ildə tikilən
Şamaxı Cümə məscidi əsaslı şəkildə
bərpa edildi, Heydər Məscidi tikildi. Yəni, bunlar bizim
milli irsimizdir.
Digər sahələrdə.
Yadımdadır, elə ilk qərarlarımdan biri də o idi
ki, Azərbaycan klassiklərinin əsərlərini latın
qrafikası ilə çap etdirək. Çünki bir qədər
anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam
olaraq latın qrafikasına keçmişdik və təhsil də
latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün
klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə
çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr
onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də
maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara
gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud
idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki
Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının
klassiklərinin kitabları latın qrafikası ilə
çap olundu.
Kinoteatrların yaradılması,
özəl kinoteatrların fəaliyyətə
başlaması sevindirici haldır. Nizami Kino Mərkəzi əsaslı
şəkildə təmir edildi. Görkəmli mədəniyyət
xadimlərinin xatirəsini əbədiləşdirmək
üçün abidələr qoyuldu. Qara Qarayev, Fikrət
Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət
xadimlərimizin xatirəsi əbədiləşdirildi.
Görülən bütün işləri yada salmaq çətindir.
Bizim iki konservatoriyamızdan biri əsaslı şəkildə
təmir edildi, o birisi yenidən tikildi.
İndiyədək bu sahədə
görülən işlər bundan ibarətdir. Bundan sonra
hansı işlər görülməlidir, bunu siz deməlisiniz.
Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət
sahəsində işlər sistemli qaydada görülsün.
Biz bu məsələlərlə bağlı siyasətimizi
ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə
olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri
bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə
daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə,
mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə
mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması,
bütün bu məsələlər bir-biri ilə
bağlıdır. Ölkə iqtisadi cəhətdən
inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq
mövqeləri güclü ola bilər, ancaq əgər biz
xalqımızın əsas, təməl prinsiplərini diqqətdən
kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı
dayanıqlı ola bilməz.
Mən düz bir ay bundan əvvəl
gənclərlə görüşdə dedim ki, bizim gənc
nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu
halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə
bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas
amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır,
ana dilimizdir, milli təfəkkürümüzdür. Ona
görə bu məsələlərlə və istənilən
məsələ ilə bağlı bu gün mən sizinlə
danışmaq istərdim. Hesab edirəm, mən giriş
sözümü yekunlaşdırmalıyam ki, sizə daha
çox imkan yaradım və siz öz sözünüzü
deyəsiniz.
Diqqətinizə görə təşəkkür
edirəm.
***
Sonra mədəniyyət və incəsənət
xadimləri çıxış etdilər.
Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar
RZAYEV dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli Birinci vitse-prezident
Mehriban xanım.
Əziz dostlar.
Cənab Prezident, mən, ilk növbədə,
Sizə təşəkkür etmək istəyirəm ki,
iş qrafikinizin gərgin olmasına baxmayaraq, bizə vaxt
ayırmısınız və bizimlə
görüşürsünüz. Başqa
yaradıcılıq təşkilatları kimi,
Yazıçılar Birliyi də Sizin daim
qayğınızı və diqqətinizi hiss edir.
Yazıçılara – 50 nəfər yaşlı, 20 nəfər
cavan yazıçıya Prezident təqaüdünün təyin
olunması, 5 il bundan qabaq 80 illiyimizin geniş qeyd edilməsi,
Yazıçılar Birliyinin binasının təmiri, klassiklərimizin
və müasir yazıçılarımızın yubileyləri
bu qəbildən olan işlərdir. Siz bu ili Nəsiminin
yubileyi ilə bağlı olaraq "Nəsimi ili” elan etmisiniz.
Bu il Cəlil Məmmədquluzadənin, Cəfər
Cabbarlının, İsmayıl Şıxlının yubileyləri
haqqında Sizin sərəncamlarınız var. Yeri gəlmişkən,
istərdim ki, Cəlil Məmmədquluzadənin yubileyi ilində
onun məzarı da səliqəyə salınsın və
Bakıda heykəli ucalsın. Çünki Nizami Muzeyinin
eyvanında bizim yazıçıların və şairlərin
- Füzulinin, Mirzə Fətəlinin, Natəvanın, Cəfər
Cabbarlının heykəlləri var, o cümlədən Mirzə
Cəlilin də. Amma bizim çox böyük
yazıçımız Cəlil Məmmədquluzadənin
Bakıda ayrıca heykəli yoxdur. Naxçıvanda heykəltəraş
Mirqasımov Mirzə Cəlilin çox gözəl heykəlini
düzəldib, onun bənzərini Bakıda da ucaltmaq olar.
Dekabr ayında Siz məni qəbul
etdiniz və mən Yazıçılar Birliyinin bir çox təkliflərini,
xahişlərini Sizə yetirdim. Çox məmnunam ki, Sizin
göstərişlərinizlə bunların böyük qismi
artıq həyata keçib. Bizim Şüvəlandakı
yaradıcılıq evimizi vaxtilə qaçqınlara,
köçkünlərə vermişik, artıq 30 ilə
yaxındır orada yaşayırlar. İndi Sizin Sərəncamınızla
onlara mənzillər verilir, köçürülür və
o bina təmir olunacaq. Sizin tapşırığınızla
Bakı Şəhər İcra Hakimiyyəti Heydər Məscidinin
yanında bir sahə ayırdı, orada biz
yazıçılar üçün 16 mərtəbəli
bina tikiləcək, kooperativ ev. Bununla da bizim
yazıçıların mənzil məsələsi demək
olar ki, həll ediləcək.
Daha böyük və şad bir xəbər
odur ki, bir neçə il bundan qabaq Sizin təşəbbüsünüzlə
bəstəkarların, rəssamların və
yazıçıların yaradıcılıq evi tikilməsi
haqqında məsələ qaldırılmışdı. Mən
bir daha bunu Sizdən xahiş etdim və Siz tapşırıq
verdiniz. Mən gedib o yeri görmüşəm. Şabran
rayonunda çox səfalı bir yerdir, meşənin
içində. Amma böyük bir tala var. Ona görə deyirəm
ki, orada ağac da qırılmayacaq, bulaq var, gözəl bir
yerdir. Dünən mən Şabran Rayon İcra Hakimiyyətinin
başçısı ilə telefonla danışdım, dedi
ki, layihə artıq hazırdır. Bəstəkarlar, rəssamlar,
yazıçılar üçün üç bina, bir də
ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və
dükanlar olacaq. Torpaq və yol işləri qurtarıb. Martda
tikinti işləri başlanacaq. Mən Sizə həm
Yazıçılar Birliyi adından, həm də icazələri
ilə bizim Rəssamlar və Bəstəkarlar
ittifaqlarının adından təşəkkürümü
bildirmək istəyirəm ki, belə bir nadir şəhərcik
yaranacaq.
Bir təklifimi də vermək istərdim.
Mən istərdim ki, bu şəhərcik Ulu Öndərimizin
şərəfinə Heydərabad adlansın. Çünki
bu, həm Heydər Əliyevin Azərbaycan mədəniyyətinə
sevgisinin, qayğısının rəmzi olar, həm də Azərbaycanın
coğrafi xəritəsində Ulu Öndərin adı ilə
daha bir məskən ola bilər.
Mənim bir neçə təklifim də
var. İstəyirəm onları da bu gün fürsət var
ikən Sizə çatdırım. Ədəbiyyatımızın
xaricdə təbliği ilə bağlı məsələ
qaldırmaq istəyirəm. Bilirsiniz, ispanların Servantes Mərkəzi
var, o, bütün dünyada ispan ədəbiyyatını təbliğ
edir. Almanların Höte Mərkəzi var, o da bütün
dünyada alman ədəbiyyatını təbliğ edir.
Türklərin Yunus Əmrə Mərkəzi var, o da həmin
işi görür. Biz də belə bir Füzuli Mərkəzi
yaratsaydıq, ən azı böyük şəhərlərdə
- Moskvada, İstanbulda, Tehranda, Avropa şəhərlərinin
birində həm klassik və müasir Azərbaycan ədəbiyyatını,
həm də Azərbaycan ədəbiyyatı vasitəsilə
xalqımızın tarixini, bugünkü gününü,
siyasətini təbliğ edərdik.
Nəhayət, son təklifim odur ki, cənab
Prezident, mən çox istərdim heç olmasa ildə bir dəfə
Sizinlə bu formatda görüşək. Bir də əgər
mümkündürsə, Mehriban xanımın yanında
ziyalıların məşvərət şurasını
yaradaq ki, ara-sıra biz orada toplaşaq, ictimai-siyasi, mədəni
hadisələr haqqında söhbətlər edək. Mən
bu təkliflərimi yazılı şəkildə Sizə təqdim
edirəm, bir hissəsi həyata keçsə, çox
şad olaram, hamısı keçsə isə daha da şad
olaram. Çox sağ olun.
***
Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz ƏLİZADƏ dedi:
-Möhtərəm cənab Prezident.
Əziz və hörmətli Birinci
vitse-prezident Mehriban xanım.
Hörmətli həmkarlar.
Mən də bəstəkarlar və
musiqişünaslar adından Sizə dərin minnətdarlığımı
bildirirəm ki, vaxt tapıb bizimlə
görüşdünüz. Amma zənn edirəm ki, hər
halda bizim qədər Sizə minnətdar olan insanlar yoxdur. Ona
görə ki, ilk növbədə, Siz bizə binamızı
qaytardınız. Unudulmaz açılış oldu. Biz onu
heç vaxt unutmayacağıq. Çox gözəl bir mərasim
idi. Sizin və ailənizin çox böyük diqqəti, dəstəyi
ilə bu mərasimi həyata keçirdik. Doğrudan da uzun
illər yurdsuz-yuvasız qalan Bəstəkarlar İttifaqı,
nəhayət, öz evinə qayıtdı.
Bundan başqa, Anar müəllimin
dediyi kimi, artıq 10 ildir ki, bəstəkarlarımız və
musiqişünaslarımız təqaüd alırlar. Bu da 85
illik tariximizdə ilk dəfə olan bir hadisədir, az məbləğ
də deyil. Bizim bəstəkarlarımız və
musiqişünaslarımız onlarla kitab və yeni əsərlər
yazıblar və bu təqaüd onlara maddi tərəfdən
çox böyük dəstəkdir. Çox təşəkkür
edirik, bu, çox gözəl bir haldır. Bundan əlavə,
təbii ki, fəxri adlara, evlərə görə Sizə dərin
minnətdarlığımızı bildiririk. Amma yenə də
ehtiyaclar var, möhtərəm cənab Prezident. Burada bir
adı çəkmək istəyirəm,
bağışlayın, bəlkə yeri deyil, amma bizim 90
yaşında bir bəstəkarımız var, Yaşar
İmanov, Abxaziyadan qaçqındır. Artıq ailəsində
üç nəsil musiqiçilər böyüyüb. Onun
evi yoxdur. O, çox istərdi ki, 90 yaşında evi olsun.
Mümkündürsə, bu məsələni həll edərdiniz.
Biz çox minnətdar olarıq.
Təbii ki, gənc bəstəkarların
da evə ehtiyacları var. Bu sahədə çox
böyük işlər görülür. Amma bilirsiniz, gənc
bəstəkarlar ailə qururlar və kirayədə qalmaq
onlar üçün bir az çətin olur. Yeni tikilən o
evlərdə bizə də imkan daxilində 5-6 mənzil versəniz,
çox xoşbəxt olarıq.
Biz çox fəxr edirik ki, son illər
islahatlar aparılır. Bu, musiqiyə də aiddir. Mən
burada Heydər Əliyev Fondunun işini xüsusi vurğulamaq
istəyirəm. Biz həmişə bu Fondun sadiq köməkçiləri
olmuşuq və çox gözəl, böyük, mən deyərdim
ki, vacib layihələrdə yaxından iştirak etmişik, məsələn,
Azərbaycan və rus dillərində Muğam
Ensiklopediyasının yaradılmasında. Rus dilində
ensiklopediya bu dildə oxuyan 150 milyon insana, o cümlədən
musiqisevərlərə, muğamsevərlərə təqdim
olunan böyük elmi işdir. Bundan başqa, "Üzeyir
dünyası” bizi çox sevindirən böyük bir layihədir.
"Üzeyir dünyası”, "Fikrət zirvəsi”. Burada mən
bir məsələyə də toxunmaq istəyirəm,
möhtərəm cənab Prezident. Televiziya kanallarında
balans bir az pozulub. Mən istəyərdim ki, bu proses bir az tənzimlənsin.
Mən 2007-ci ildə bütün kanallara bəstəkarlar və
musiqişünaslar adından məktublar göndərdim ki,
televiziya kanallarında bədii şuralar bərpa olunsun. Ona
görə ki, vaxtilə bu şuralar olub, qadağa qoymaq məqsədilə
yox, tənzimləmək, yəni, bu balansı saxlamaq
üçün. Amma bu bədii şuraların tərkibi də
çox vacib bir məsələdir. Yəni, o tərkibdə
kimlər olmalıdır, onların zövqü, savadı, səviyyəsi
doğrudan da bu prosesi aparmağa yetərlidirmi? Bax, bunlar
çox böyük məsələdir.
Biz yenə də vurğulamaq istəyərdik
ki, Azərbaycan musiqisi təkcə mahnılardan ibarət
deyil. Biz çox böyük fəxr hissi ilə deməliyik və
vurğulamalıyıq ki, bütün Şərqdə,
bütün İslam dünyasında nadir bəstəkarlıq
məktəbi Azərbaycanda yaradılıb. Bu, haradan gəlir?
İlk növbədə, dahi bəstəkarlarımız
Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və
onların ənənələrini bu gün də davam etdirən
bəstəkarlar. Bu, nadir bir məktəbdir və onu həmişə
dəstəkləmək, ona kömək etmək
lazımdır. Ona görə ki, Avropada musiqi tarixi XIII əsrdən
başlayıb, amma bizdə XX əsrdə. Bu 7 əsrlik
boşluğu doldurmaq bizə o qədər də asan olmur. Belə
dahi insanlar və ulu öndərimiz Heydər Əliyevin dəstəyi,
çox böyük diqqəti, bizim bəstəkarlarla şəxsi
dostluğu - bunlar hamısı bizim üçün çox
böyük dayaq idi. Biz fəxr edirik ki, bizim müəllimlərimiz
həmişə Heydər Əliyevin yanında olub, həmişə
birlikdə gözəl layihələr işlənib.
Mən istərdim ki, bir problemi də
Sizin diqqətinizə çatdırım. Son illər nədənsə
bizim bəstəkarlarımızın əsərləri
alınmır. Burada çox böyük maliyyə problemi
yaranır. Ona görə ki, bizim Bəstəkarlar
İttifaqında 11 bölmə fəaliyyət göstərir
və bu bölmələrdə bütün janrlara aid olan əsərlər
dinlənilir, seçilir. Biz istərdik ki, bu əsərlər
alınsın. Ona görə ki, bu, həm bəstəkarlara və
musiqişünaslara ruh verər, həm də ki, bu, yenə də
Sizin dəstəyinizin bir təzahürü olar.
Bundan başqa, istərdik ki,
sifarişlər də olsun. Sizin sərəncamlarınız
bizim bəstəkarları və musiqişünasları
çox gözəl istiqamətləndirir. Yəni, hansı
mövzulara daha böyük diqqət yetirmək
lazımdır. Bu baxımdan, bizim Mədəniyyət Nazirliyi
yeni əsərlər sifariş etsəydi, daha uyğun
olardı və bu əsərlər daha müntəzəm
meydana gələrdi.
Bundan başqa, yada salmaq istəyirəm
ki, Bəstəkarlar İttifaqı bütün beynəlxalq
musiqi festivallarının təşkilində yaxından
iştirak edir. Biz fəxr edirik ki, "Muğam aləmi”
festivalı artıq beş dəfə keçirilib. Biz bu
festivalda çox fəal iştirak edirik. Çox yüksək
səviyyədə simpoziumlar keçirilir. Amma Bəstəkarlar
İttifaqının da özünün gözəl Şəki
festivalı, "İpək Yolu” festivalı var. Təəssüflər
olsun ki, son illər biz bu festivalı keçirmək
üçün heç bir maliyyə dəstəyi ala
bilmirik. Bu il artıq 10-cu yubiley festivalı keçiriləcək
və çox istərdik ki, burada bir az bizə dəstək
versinlər. Son festivalda mədəniyyət naziri də
iştirak etdi. Gördü ki, orada çox yüksək səviyyədə,
UNESCO səviyyəsində simpozium keçirildi. Çox
gözəl keçdi və UNESCO-nun saytında da bu barədə
çox qiymətli sözlər söylənildi. Biz istərdik
ki, bu proses davam etsin və bizim Sizin dəstəyinizə də
ehtiyacımız var.
Nəhayət, "Nəsimi ili” bizi
çox sevindirdi. Ona görə ki, necə deyərlər,
bizim bəstəkarlarımızın qələmləri həmişə
əllərindədir, həmişə yazıb-yaradıblar.
Bizim xalqımızın bütün sevincləri, problemləri
bəstəkarların əsərlərində əks olunur. Mən
inanıram ki, bəstəkarlar və musiqişünaslar həmişə
yüksək səviyyədə, yəni, Sizin dəstəyinizə
layiq olan əsərlər yaradacaqlar. Diqqətinizə görə
təşəkkür edirəm. İstərdim ki, bizim bəstəkarlarımızın
və musiqişünaslarımızın dərin minnətdarlığını
bir daha Sizə çatdırım. Sağ olun.
***
Xalq artisti, professor Arif BABAYEV dedi:
-Hörmətli Prezident.
Hörmətli Mehriban xanım.
Əziz həmkarlar,
hamınızı salamlayıram.
Mən öz fikrimi qısa şəkildə
deyəcəyəm. Mən müsabiqələr haqqında
danışmaq istəyirəm. Bizim növbəti muğam
müsabiqəmiz bu yaxınlarda başlayacaq. Həddindən
çox insan zəng edir, soruşur, maraqlanır, deyir ki, mən
o müsabiqədə iştirak etmək istəyirəm.
Doğrudan da çox böyük bir layihədir. Sağ olsun
bu layihəni quran Mehriban xanım. Çünki muğam
müsabiqələrinin keçirilməsi bizim sənət
adamlarının inkişafına çox böyük təkandır.
Yəni, cavanların araya-ərsəyə gəlməsi,
onların püxtələşib xanəndə kimi
formalaşması böyük işdir. Məsələn, bu
yaxınlarda Ağdamda möhtəşəm bir bina tikildi.
Açılışda cənab Prezident, Mehriban xanım da
iştirak etdilər. Yəni, bununla demək istəyirəm
ki, çox sağ olun cənab Prezident, Mehriban xanım. Siz
milli mədəniyyətimizin inkişafına doğrudan da
böyük qiymət verirsiniz. Bu yaxınlarda, - gərək mən
deyim bunu, - onurğa sütunumda bir problem var idi, sağ olsun
Mehriban xanımın köməyi ilə o problem aradan
qaldırıldı. İndi şükür Allaha ki, ayaq
üstəyəm. Buna görə də Sizə təşəkkürümü
bildirirəm.
Onu demək istəyirəm ki, cənab
Prezident, camaatın Sizə çoxlu xeyir-duası,
alqışları var. Mən bir sənət adamı kimi, bir
ağsaqqal kimi Sizə "Çox sağ olun!” deyirəm. Bu
yeni fərmanlar camaatı çox sevindirdi və çox
böyük işdir. Mən qulaq asdım, doğrudan da
çox sevindim və camaat da sevindi. Bunu
alqışlayırlar. Doğrudan da bu, böyük işdir.
Mən demək istəyirəm ki,
uşaqlar musiqi məktəblərində formalaşırlar.
Xalq və bəstəkar mahnılarını onlara balaca
vaxtlarından öyrətmək lazımdır. Onların not
bilmələri daha yaxşıdır. Bir xanəndə kimi
biz bunu görürük. Mən hazırda Milli Konservatoriyada
kafedra müdiriyəm. Bizim peşəkar, çox gözəl
müəllim yoldaşlarımız var, birgə
çalışırıq və yaxşı xanəndələri
ortaya çıxarırıq.
Mən Sizə təşəkkürümü
bildirmək istəyirəm. Çox sağ olun, var olun. Diqqətinizə
görə təşəkkür edirəm.
***
Azərbaycanın və SSRİ-nin
Xalq artisti, Milli Məclisin deputatı Zeynəb XANLAROVA dedi:
-Mən də bir–iki kəlmə
söz demək istəyirəm. Görürəm ki, bəzi
çıxışlar xahişlərdən ibarətdir. Mənim
xahişim yoxdur. Mən ancaq danışa bilərəm.
Ataların bir sözü var: "Görünən dağa nə
bələdçi”.
Azərbaycanımız çox
gözəlləşib, çox böyük inkişaf var.
Biz əvvəlki dövrləri də görmüşük,
gələn turistləri də görmüşük. Hələ
indiyə qədər Azərbaycana bu cür turist axını
olmayıb. Hamı nəyə görə gəlir? Ancaq Azərbaycanımızın
gözəlliyinə. Neçə prezidentlər
görmüşəm. Mən bu sözü dəfələrlə
demişəm, yenə də özümü xoşbəxt
hesab edirəm ki, bu sözü həmişə təkrar edirəm.
Elə prezidentlərimiz, elə
başçılarımız olub ki, bizim kəndlərimizi,
rayonlarımızı tanımırdılar.
Bizim əziz Prezidentimiz, bizim əzizimiz
Mehriban xanım rayonları, kəndləri
qarış-qarış gəzirlər. Mən onlara indi rayon
deyə bilmərəm, mən onlara şəhər deyərəm.
Mən bu qədər ölkə gəzmişəm,
inanın, bəlkə də elə bir şəhər
görməmişəm. Mən, misal üçün,
keçmişdə konsertlər verirdim. Nə qədər konsertlər
vermişəm. Ancaq maşınların kuzalarını birləşdirirdilər,
üstünə xalçalar döşəyirdilər. Biz
onun üstündə stadionlarda yorulmadan konsertlər verirdik.
İndi, Maşallah, hər bir rayonda elə böyük mədəniyyət
sarayları yaradılıb ki, sanki Heydər Əliyev Mərkəzidir.
Gözəl otellər, mərkəzlər tikilib. Vallah, bunu
görməmək korluqdur. Ancaq kor adamlar bunları görə
bilməz.
Mən Prezidentimizə uzun
ömür arzulayıram. Çünki o, Azərbaycanı bu
qədər inkişaf etdirib, bu qədər gözəlləşdirib.
Hər il mən xaricdə oluram. O qədər gözəl
sözlər deyirlər. Fəxr edirəm ki, mənim Azərbaycanım
belə inkişafdadır. Mən heç bir xahişdən
ötrü gəlməmişəm. Xahiş edirəm,
çıxış edənlər də bu gözəlliklərdən
danışsınlar. Xahiş lazım olanda onsuz da elə bir
adam yoxdur ki, Prezident onunla ayrıca görüşməsin,
onu ayrıca eşitməsin. Xahiş edirəm, burada olanlardan,
Azərbaycanımızın gözəlliklərindən,
inkişafından danışaq.
Mən bunu dəfələrlə
demişəm ki, ölməz Heydər müəllimimiz var.
İnanın, mən onun yoxluğuna inanmıram. Mən elə
bilirəm ki, Heydər müəllim hələ də
yaşayır. Siz nə qədər
yaşayırsınızsa, Heydər müəllim də həmişə
yaşayacaq. Azərbaycan nə qədər varsa, həmişə
Heydər müəllim var, Sizinlə birlikdə həmişə
yaşayır.
Mehriban xanım, Sizə, mənim əziz
Prezidentim, Sizə cansağlığı arzulayıram. Bəlkə
də mən natiq deyiləm. Mən 70 ildir səhnədəyəm,
indiyədək fonoqramla oxumamışam, səslərini verirlər.
Hətta Amerikada qollarımdan tutub deyiblər ki, görəsən,
bu, canlı oxuyur, yoxsa fonoqram? Ömrüm nə qədər
var, mən canlı oxuyacağam və fonoqram görməyəcəyəm.
Yəni, bunu da demək istəyirəm. Danışmağa
çox sözüm var. Əlbəttə, muğam olsa,
mahnı olsa, mən burada çox oxuyaram, qolumdan tutub
çıxarmasanız səhnədən. Ancaq inanın,
ürəyimdə Azərbaycanımızın gözəlliyi
haqqında o qədər sözlər var ki, yoldaşlardan
xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın
gözəlliyindən, inkişafından danışın.
Çox xahiş edirəm sizdən. Sağ olun.
***
Xalq artisti, Azərbaycan Teatr Xadimləri
İttifaqının sədr müavini Hacı İSMAYILOV dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli Mehriban xanım.
Mən bizim dünya şöhrətli
müğənnimizlə tamamilə şərikəm ki, Azərbaycanın
gözəllikləri bu gün göz oxşayır. Amma o
gözəlliklərlə yanaşı, biz dayana bilmərik,
biz qabağa getməliyik, inkişaf etməliyik hər barədə,
həm mədəniyyətimiz, həm iqtisadiyyatımız. Mən
fürsətdən istifadə edərək, möhtərəm
Prezidentimizə ürəkdən təşəkkür edirəm.
Nəinki mədəniyyət xadimləri, bütün Azərbaycan
xalqı sizi çox istəyir, Sizə böyük
ehtiramları, böyük inamları var. Mədəniyyət
işçiləri, hamımız sevinirik ki, bizim belə Prezidentimiz
var. Dünya şöhrətli, gözəl, böyük siyasəti
olan, Azərbaycanın xoşbəxtliyini təmin edə bilən
bir insan bizim möhtərəm Prezidentimizdir, dövlətimizin
başçısıdır.
Əlbəttə ki, müstəqil
Azərbaycan Respublikası bu gün sürətli inkişaf
yolundadır. Bu gözəlliyi hamımız
görürük. Onu da qeyd edim ki, bu inkişaf başqa sahələrlə
yanaşı, eyni zamanda, mədəniyyətimizin və incəsənətimizin
də inkişafına kömək edir. Sözsüz ki, bu
inkişaf, canlanma, cənab Prezident, Sizin mədəniyyətə,
xüsusilə də teatr sənətinə qayğı və
diqqətiniz sayəsində mümkün olmuşdur. Ulu
öndər Heydər Əliyev teatrı və aktyor sənətini
həmişə yüksək qiymətləndirib, ona
böyük dəyər verib. O deyərdi ki, teatr müqəddəs
yerdir, tərbiyə ocağıdır, orada işləyənlər
fədakardırlar, fədaidirlər. Mən həmişə
teatra yaxın və bağlı olmuşam. Bu, ötəri
hiss deyil. Bu, mənim içimdən gələn bir məhəbbətdir.
Ümummilli Liderimizin mədəniyyətə
qayğısı, diqqəti bu gün məhz Azərbaycan
Respublikasının Prezidenti hörmətli İlham Əliyev
tərəfindən davam etdirilir. Əlbəttə, o gözəlliklər
deyirsiniz, inanın, mən Azərbaycanda olan teatr
binalarını, təmir olunmuş teatr binalarını, o səhnələri,
o gözəllikləri görəndə deyirəm, İlahi,
nə yaxşı ki, biz bu gözəl dövlətin vətəndaşlarıyıq.
Əlbəttə, vətəndaş olmaq üçün gərək
Vətəni sevəsən, dövlətinə qulluq edəsən,
millətinə xidmət edəsən. Bu gün buraya
yığışan insanların, Azərbaycanın görkəmli
incəsənət, mədəniyyət xadimlərinin
sözsüz ki, bu işdə böyük fəaliyyəti,
böyük zəhməti olub. Mən onların
hamısına ürəkdən təşəkkür edirəm.
Burada məndən yaşlı, məndən titullu insanlar var.
Amma çox sevinirəm ki, bu gün hamımız bir yerdəyik.
Hamımız bir yerdə Azərbaycan mədəniyyətinin
təntənəsi uğrunda nələrisə deyirik, nələrisə
istəyirik. Əlbəttə, sənət adamlarına verilən
fəxri adlar, Prezidentin fərdi təqaüdü,
mükafatlar, onların mənzillə təmin olunması -
inanın, cənab Prezident, Siz nə qədər böyük
işlər görmüsünüz ki, hamımızın qəlbində
Sizə böyük ehtiram, böyük məhəbbət var.
Biz Sizi çox istəyirik. Həmişə Sizin
yanınızda olmuşuq. İnanın son prezident seçkilərində
mədəniyyət işçiləri Sizi çox
böyük coşqu ilə dəstəklədilər. Həmin
gecə Sizin parka gəlişiniz, oradakı görüşlər,
o şadlıq, o bayram mənim heç yadımdan
çıxmır. Azərbaycan xalqı bütövlükdə
sevinirdi ki, bizim belə Prezidentimiz var. Sizin mədəniyyətə,
teatr sənətinə olan münasibətiniz bizi çox
sevindirir.
Onu da deyim ki, 50 ilə yaxın
işlədiyim Azərbaycan Akademik Milli Dram Teatrı bu illər
ərzində böyük uğurlar qazanıb.
Uğurlarımız da onda olub ki, biz elə
saydığımız yerdə qalmamışıq. Bizim teatrda
əvvəllər böyük səhnə və kiçik səhnə
olub, indi artıq böyük səhnədən başqa
dörd səhnəmiz var.
Bu gün bizim martın 1-də
toplaşmağımız çox əlamətdardır.
Çünki 2013-cü ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev məhz
martın 1-də Azərbaycanda 10 mart - Milli Teatr
Gününün təsis edilməsi haqqında Sərəncam
imzalayıb. Artıq 6 ildir ki, biz bu günü bayram edirik,
buna görə Sizə ürəkdən təşəkkür
edirik. Bu, milli teatra verilən dəyər və qiymətdir.
Akademik Milli Dram Teatrının
böyük bir arzusu var. Əvvəla deyim ki, kollektivimiz Sizi həmişə
arzulayır, həmişə istəyir. Çünki bu adət
bizə Ulu Öndər tərəfindən miras
qalmışdır. O, həmişə teatra gələndə
tamaşadan sonra aktyorlarla, rejissorlarla söhbət edirdi.
İndi də bu istək var, həmişə də bizim
işçilər tərəfindən səslənir. Mən
istəyirəm onu bir şəkili Mustafa kimi deyim: Sa qurban olum
ay Allah, noolar, elə et bizim möhtərəm Prezidentimiz bir dəfə
bizim Akademik Milli Dram Teatrına təşrif gətirsin, biz o
günü bayram edək.
Əlbəttə, bu gün Azərbaycan
teatr xadimlərinin gördüyü çox işlər var.
Yəni, bir çatışmayan, daha doğrusu, arzuolunan odur
ki, Azərbaycanda gənc dramaturqlara və gənc rejissorlara
çox böyük ehtiyac var. Biz də, bizim direktorumuz Azərpaşa
müəllim də bu barədə fikirləşdi. Keçən
il bizim ittifaqda 5 yaradıcılıq laboratoriyası
açılıb. Gənc rejissorların, aktyorların,
eksperimental rejissorların, tənqidçilərin və bir də
gənc dramaturqların laboratoriyası artıq fəaliyyət
göstərir. Burada 43 nəfər təhsil alır və mən
inanıram ki, onların Azərbaycan mədəniyyətinə
böyük töhfələri olacaq. Çünki bunlar
hamısı gəncliyə aiddir və gənclər mütləq
bu sənətə gəlməlidirlər. Bizlərin
çoxu yaşlaşır.
Mən bir cəhəti də qeyd edim
ki, Azərbaycanda tamaşaçı problemi var. Ancaq bu, bizim
teatra aid deyil. Maşallah, bizim teatrda həmişə
tamaşaçılar olur, yəqin ki, bizim teatrı çox
istəyirlər. Amma bizim teatrda uşaq tamaşaları var. Mən
mətbuatda oxumuşam, tənqid edirlər ki, Akademik Milli Dram
Teatrına uşaq tamaşaları hazırlamaq yaraşmaz.
Axı, bugünkü uşaq sabah böyüyəcək,
sabah teatrın əsas tamaşaçısına çevriləcək.
Biz onlardan necə əl çəkə bilərik? Burada əyləşən
mədəniyyət xadimlərinin hər birindən
soruşsanız ki, sən mədəniyyətə, teatra,
başqa sənətə hansı yaşından
başlamısan, hamı deyəcək ki, məktəb illərindən.
Məktəblilərlə teatrların münasibəti,
ünsiyyəti qurulmalıdır. Özü də bu, ya
yazılı, ya şifahi şəkildə olmalıdır ki,
məktəblilər mütləq teatra gəlsinlər.
Çünki onlar bizim gələcək
tamaşaçılarımızdır.
Bir–iki kəlmə də onu demək
istəyirəm ki, çox ağrılı da deyil, paradoksal
bir şeydir ki, dövlət tərəfindən maliyyələşən
ittifaqlar və təşkilatlar var. Onlar da 18 faiz vergi ödəyir.
Amma dövlət tərəfindən maliyyələşməyən
Teatr Xadimləri İttifaqı da 18 faiz vergi ödəyir.
Burada qəribə uyğunsuzluq var, yəqin ki, bunu düzəltmək
olsaydı, bizim daha çox imkanlarımız olardı.
Çünki Teatr Xadimləri İttifaqının üzvlərdən
yığdığı pulların hamısı o üzvlərin
xəstəliyinə, yaşlı olmağına, xeyrinə-şərinə
istifadə olunur. Yəni, teatr xadimləri
özü-özünü dolandırır. Mən Mədəniyyət
Nazirliyinə ürəkdən təşəkkür edirəm.
Üç ildir ki, onlar bizə maddi yardım edirlər.
Çox sağ olsun Əbülfəs müəllim o barədə.
Ürəkdən təşəkkür edirik.
Yəni, deyiləsi sözlər
çoxdur. Mən bir şeyi də qeyd edim ki, Azərbaycan
Teatr Xadimləri İttifaqı dünyada tanınmış təşkilatın
- UNESCO-nun beynəlxalq teatr institutunun üzvdür. Eyni zamanda,
Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının
üzvüdür. Buraya MDB, Baltikyanı ölkələr, bir
də Gürcüstan daxildir. Bu forumda Azərbaycanı 5 gənc
dramaturq, 6 teatr rəssamı, 3 tənqidçi təmsil edib və
iki tamaşa oynanılıb. Hazırda isə Mədəniyyət
Nazirliyinin bilavasitə təşəbbüsü, maddi köməyi
və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı
ilə Moskvadakı Şukin adına teatr məktəbində
bizim 10 gənc teatr təhsili alır, həm aktyor kimi, həm
rejissor kimi. Mən inanıram ki, onlar qayıdandan sonra bizim mədəniyyətimizə
öz töhfələrini verəcəklər və eyni
zamanda, özlərinin yeni teatr düşüncələrini
gətirəcəklər.
İcazənizlə,
çıxışımı müstəqil Azərbaycanın
memarı və qurucusu Ulu Öndərin tarixi sözləri ilə
bitirim. O deyirdi ki, yüksək mədəniyyətə malik
olan xalq həmişə irəli gedəcək, həmişə
inkişaf edəcək, həmişə yaşayacaqdır. Mədəniyyət
bəşəriyyətin topladığı gözəl
nümunələrlə xalqları zənginləşdirir. Azərbaycan
mədəniyyəti o zənginliyə öz payını
verib və əminəm ki, bundan sonra da verəcək. Diqqətinizə
görə çox sağ olun.
***
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad BƏDƏLBƏYLİ
dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli Mehriban xanım.
Bu görüşə görə dərin
minnətdarlığımı bildirmək istərdim. Burada əyləşənlərin
hamısı, bütün yaradıcılıq ittifaqları
Sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən
bacım Zeynəblə razı ola bilmərəm. Nəyə
görə, Zeynəb? Firəngiz xanım da, Anar da
böyük ittifaqların sədrləridir. Onların min dərdi
var. Onlar özləri üçün heç bir şey
xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq
lazımdır. Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız
1991-ci ildə Abxaziyadan lüt gəldi. Mən onu işə qəbul
etdim. Bütün ailə Azərbaycan üçün işləyir.
Ona görə mən Firəngiz xanımı
alqışlayıram və dəstəkləyirəm.
2021-ci ildə bizim Bakı Musiqi
Akademiyasının 100 illiyi tamam olacaq. Onun məzunları
buradadırlar, dünya şöhrətli ifaçılar
Xuraman, Fidan, Firəngiz xanım, maestro Rauf. Yəni, bizim nəticələrimiz
çox böyükdür. Bəstəkarlar məktəbi,
vokal məktəbi. İndi bizim məzunlarımız
Bolşoy Teatrda, La-Skalada ən möhtəşəm səhnələrdə
konsertlərlə çıxış edirlər. Mən
çox şadam ki, Üzeyir bəyin ənənələri
davam etdirilir. Bu ənənələrin çox böyük
bünövrəsi var, cənab Prezident, bu, musiqi məktəbləridir.
Əgər musiqi məktəbləri, bu gözəl musiqi təhsili
sistemi olmasaydı, bizim uğurlarımız da olmazdı. Bunu
mütləq və mütləq saxlamaq lazımdır. Nəbadə
musiqi məktəblərini ixtisara salmaq, xüsusilə
rayonlarda azaltmaq olmaz. Biz rayonları nəyə görə
diqqət mərkəzində saxlayırıq. Şəkidə
Firəngiz xanım öz festivalını keçirir. Qəbələ
festivalına görə sağ olsun Mehriban xanım, onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu. Bu festivala 10 il ərzində ən
möhtəşəm orkestrlər, solistlər gəliblər.
Camaat indi özləri ailə üzvləri ilə konsertlərə
gəlir. Yəni, mühit dəyişir. Rayonlarımızda
musiqi məktəbləri çox vacibdir. Ona görə
çox xahiş edirəm, biz nəbadə onlara toxunaq.
Mən ikinci məsələyə
toxunmaq istərdim. Məncə, artıq ölkəmizdə
klassik musiqi alətləri kolleksiyasının
yaradılmasının vaxtı gəlib çatıb. Cənab
Prezident, bu, bütün dünyada böyük bir bazardır.
Sizə misal gətirim. Qvarneri del Cezu skripkasının 2010-cu
ildə iki milyon dollar qiyməti var idi. Bu gün onun qiyməti
dörd milyon dollardır. Yəni, bunu biz investisiya şəklində
ala bilərik və Azərbaycanın bu kolleksiyası olsa,
burada bizim ən istedadlı cavan skripkaçılar oturublar.
Elvin Qəniyev ayın 7-də maestro Rauf Abdullayevlə
filarmoniyada çıxış edəcək. Onun qvarneri
skripkası var, ona kirayə veriblər. Mən çox istərdim
ki, Rusiyada, misal üçün, 60 milyon dollarlıq kolleksiya
alıblar, violonçel. Yenə də deyirəm, bu,
investisiyadır. Bu, o demək deyil ki, biz aldıq və
qaldı. Vaxt ötdükcə, onun qiyməti qalxır. Əgər
mümkünsə, bu kolleksiya məsələsinə
baxasınız, cənab Prezident. Bu iki məsələ, bir də
mən çox danışmaq istərdim. Amma bu iki məsələyə
toxundum.
Cənab Prezident, doğrudan da biz Sizi
dəstəklədik və sözün düzü, biz Sizi
çox sevirik. Sizin ailənizi sevirik. Maşallah, Sizin
qızınız Leylanı hamı çox istəyir. Mən
bir neçə dəfə "Xocalıya ədalət!”
kampaniyasında iştirak etmişəm. Bir qarabağlı
kimi deyim ki, bu, çox təsirlidir. O kampaniya bütün
dünyada aparılır. Sağ olsun Leyla xanım, ona dərin
təşəkkürümü bildirirəm. Qarabağ
icmasının üzvü kimi burada Elçin və bizim
ağsaqqalımız əyləşib. Biz bir arzu ilə
yaşayırıq - bu yol Şuşaya aparan yoldur.
İnanırıq ki, biz gec-tez orada olmalıyıq. Biz
Şuşasız yaşaya bilmərik. Çox sağ olun.
***
Azərbaycan Memarlar İttifaqı
İdarə Heyətinin sədri Elbay
QASIMZADƏ dedi:
-Möhtərəm cənab Prezident.
Çox hörmətli Mehriban
xanım.
Bu gün buraya Azərbaycanın ən
görkəmli sənət adamlarını
topladığınız üçün hamımızın
adından Sizə dərin minnətdarlığımı
bildirirəm. Son illərdə Azərbaycanda memarlıq və
şəhərsalma sahəsində çox böyük
işlər görülüb - şəhərlərimizin
abadlığı, yeni-yeni memarlıq əsərlərinin
yaranması, tarixi irsimizin qorunub saxlanılması, memarlıq
abidələrinin bərpası. Bu işlərdə Heydər
Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir.
Bizim ölkəmizin Mədəniyyət Nazirliyinin abidələrə
olan diqqəti, Sizin Sərəncamınızla nazirliyin tərkibində
yaranmış Dövlət Xidməti, bunlar hamısı, əlbəttə
ki, tarixi irsimizin qorunub saxlanılması üçün
çox böyük zəmindir. Bunu təkcə biz yox, bizim
beynəlxalq peşəkar qurumlar da görürlər. Ötən
ilin mart ayında Siz Beynəlxalq Memarlar İttifaqının rəhbərliyini
qəbul edərkən bu yüksək qiymətləri
onların özlərindən eşitdiniz. Onlar bunu söylədilər
və inanın ki, biz o görüşdən ayrılandan
sonra Sizin memarlıq, memarlıq sənəti haqqında
yüksək peşəkarlıq səviyyəsində
verdiyiniz məlumat onlara çox böyük təəssürat
bəxş etdi. Bunun sayəsindədir ki, Azərbaycan
memarlığı bu gün dünyada tanınır. Beynəlxalq
Memarlar İttifaqının 134 üzvü var. Yalnız 25 nəfər
Şuranın üzvü var və onlardan biri də Azərbaycan
təmsilçisidir. Bu, həqiqətən böyük nailiyyətdir.
Bu nailiyyətə biz Sizin səyləriniz nəticəsində
gəlib çıxmışıq.
Bu il iyun ayının 7-dən 11-nə
qədər Bakıda tarixi şəhərlər və turizm
mövzusunda beynəlxalq forum keçiriləcək. Bu forum
Sizin dəstəyinizlə keçirilir. Əlbəttə, biz
xoşbəxt olarıq ki, o forumun
açılışında hər ikiniz iştirak edəsiniz,
imkanınız, vaxtınız olsa. Bu forumdan sonra ayın 11-də
Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyası
keçiriləcək. Bu assambleyanın təşkil
olunması üçün adətən müsabiqə
keçirilir. Bu dəfə Beynəlxalq Memarlar
İttifaqının rəhbərliyi qərara gəlib ki, bunu
Bakıda müsabiqəsiz keçirsin. Bizim Şuranın
növbəti iclasında bəzi üzvlər məsələ
qaldırdılar ki, niyə müsabiqəsiz olur, niyə Azərbaycanda
olmalıdır? Yəni, gəlin müsabiqə elan edək,
kim qalib gələrsə, bunu götürər. Sizin artıq
tanıdığınız Beynəlxalq Memarlar
İttifaqının prezidenti Tomas Vonier dedi ki, mən sizə
bir sual verəcəyəm, əgər mənə cavab verə
bilsəniz, mən bu mövzunu davam etdirərəm. Soruşdu
ki, neçə illərdir hamınız Beynəlxalq Memarlar
İttifaqının rəhbərliyindəsiniz və
üzvüsünüz. Mənə deyin görüm, Azərbaycandan
başqa hansı ölkədə Beynəlxalq Memarlar
İttifaqının rəhbərliyini cənab Prezident qəbul
edib. O dəqiqə mübahisə aradan qaldırıldı.
Biz bu gün tədbirə çox
ciddi şəkildə hazırlaşırıq. Tədbiri biz
Bakı Media Mərkəzi ilə birgə
hazırlayırıq. Bilirsiniz ki, bu tədbirdən sonra iyul
ayında Bakıda UNESCO-nun Tarixi İrs Komitəsinin
sessiyası keçiriləcək. Əlbəttə ki,
bunların hamısı Sizin bu ixtisasa, bu sənətə
göstərdiyiniz qayğı və diqqətin nəticəsidir.
Mən də heç bir xahişlə müraciət etməyəcəyəm.
Mənim, sadəcə bir-iki təklifim var. Bu gün
Bakının mərkəz hissəsində çox
böyük abadlıq işləri aparılır, tarixi mərkəzində
binalar bərpa olunur, təmir edilir. Siz də
çıxışınızda çox gözəl
vurğuladınız ki, son vaxtlar şəhərsalma problemlərinə
çox böyük diqqət yetirilir. Çünki Siz
çox gözəl bilirsiniz ki, şəhərsalma dövlətin
sosial proqramının əsasını təşkil edən
bir amildir. Bizim şəhərimizin tarixi mərkəzinin sərhədləri
müəyyənləşməyib. Bakının tarixi mərkəzi
var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir.
Bu gün Bakının tarixi mərkəzi dörd inzibati
rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi
və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən
rəhbərlik olunsa da, aydın məsələdir ki,
dörd rəhbərin, dörd komandanın hərəsinin bu
işə baxışı müxtəlifdir. Mən təklif
edirəm o sərhədlər müəyyənləşsin və
Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi
vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə
başqa paytaxtlarda var, Moskvada da var. Bunu etsək, orada tətbiq
olunan qanunlar, normalar, əlbəttə, başqa yerlərdən
fərqlənəcək. Yeni Yasamalla Bakının tarixi mərkəzində
tələblər eyni ola bilməz. Bu, təbiidir. Onda Sizin istədiyinizə,
Bakının tarixi mərkəzinin qorunub saxlanılmasına
biz mütləq nail ola bilərik.
İkinci məsələ. Burada
yaradıcı ittifaqların rəhbərləri oturublar, məncə
bu məsələ onlara da çox yaxındır. Bu gün
yaradıcılıq ittifaqlarının fəaliyyəti Azərbaycan
Respublikasının "Qeyri-hökumət təşkilatları
haqqında” Qanunu ilə tənzimlənir. Məncə bu,
üzr istəyirəm, bir qədər ədalətsizdir.
Çünki biz yaradıcı ittifaqlar dövlətin siyasətini
dəstəkləyərək yaradıcılıqla,
quruculuqla məşğuluq. Amma həmin qanun çərçivəsində
bir çox təşkilatlar var ki, onlar əks fəaliyyətlə
məşğuldurlar. Mən bilirəm ki, dörd il bundan
öncə Milli Məclisdə "Yaradıcılıq
birlikləri haqqında” Qanunun hazırlanması
başlamışdı. Mən müəyyən qədər
orada iştirak etmişəm, məsləhətlərimi
vermişəm. Sonra o qanunun hazırlanması dayandı.
Düşünürəm ki, bu gün elə bir qanunun qəbul
olunması həm yaradıcılıq ittifaqlarının
statusunu qaldırar, həm onlardan olan fayda başqa ictimai təşkilatlardan
fərqlənər və bunu hamı görər ki,
yaradıcı kimdir, dağıdıcı kimdir. Məncə
bunu bərpa etmək lazımdır.
Sonuncu, bəlkə də xahişdir,
demişdim ki, etməyəcəyəm. Amma bu, elə bir
xahişdir ki, mən bilirəm, Sizin ürəyinizcə
olacaq. Bakının müasir dövrdə, yəni, XX əsrdə
memarlıq simasının formalaşmasının iki banisi
olub - Sadıq Dadaşov və Mikayıl Hüseynov. Bakıda Zivər
bəyin heykəli var, amma bu iki nəfərin heykəli yoxdur.
İcazənizlə biz onun layihəsini hazırlayarıq. Biz
Ömər müəllimlə bir yerdə bu layihə üzərində
bir müddət işləmişik, onu təqdim edək.
Xahiş edirəm, bu iki böyük şəxsiyyətə
Bakıda mütləq abidə qoyulsun. Çox sağ olun. Sizə
uğurlar, cansağlığı arzu edirəm.
***
Xalq artisti Afaq BƏŞİRQIZI dedi:
-Canım Prezidentim, mənim Sizə
danışmamağım qeyri-mümkündür. Canım
Prezidentim, çünki Sizi mən seçmişəm. Mən
Sizə səs vermişəm. Mən Sizi dəstəkləyirəm.
Canım Mehriban xanım, bu gün mənim
burada oturmağımın səbəbkarı göydə
Allah, yerdə Sizsiniz. Mənim səhhətimə göstərdiyiniz
o qayğıya görə Sizə minnətdaram, ömrüm
boyu minnətdar olacağam.
Burada əyləşən
bütün incəsənət xadimləri sənətə
öz canlarını qoyublar və bu sənətin
inkişafında çox böyük rolları olubdur. Lakin
biz bununla kifayətlənməməliyik. Biz Sizin sərəncamlarınızdan
sui-istifadə edənlərə qarşı çox
böyük bir inqilab etməliyik. İki açıq cəbhəsi
olan ovuc boyda Azərbaycanı Siz necə qoruyursunuz? Bu dövlətçiliyi
necə qoruyursunuz? Hər birimizi necə qoruyursunuz? Siz necə
əziyyətlər çəkirsiniz? Bunu biz hamımız
başa düşməliyik. Sizin əməyinizi qiymətləndirmək
bu balaca məclislərdə deyil, geniş meydanlarda
olmalıdır, bizim müsahibələrimizdə
olmalıdır. Bu hadisəni başa düşməyən və
bu hadisədən sui-istifadə edən ortabab xalqı, bəlkə
də deyim Sizə ki, sadə bir xalqı
qızışdıran, Vətənin bu vəziyyətində
öz şəxsi ambisiyaları üçün istifadə
edən şəxslərə bizim dilimiz çox uzun
olmalıdır. Çünki hər bir xalqı mədəniyyəti
ilə tanıyırlar. Hər bir tikilini təzədən bərpa
etmək olar, hər bir dağıntını təzədən
qurmaq olar, amma mədəniyyət çat verərsə, bu,
çox böyük bir bəladır. Burada oturanlar bilirlər
ki, bizə, bizim mədəniyyətimizə çox
böyük qayğı var. Bəlkə də biz yeganə
xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə,
Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu
problemdən qurtaracaq. Bəlkə də bizim içimizdə
bunu təsdiq edənlər var. Çox problemləri biz
onların vasitəsilə həll etmişik. Amma bu, təkcə
şəxsi ambisiya üçün olmamalıdır. Bizdən
sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli,
çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim
yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi
ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik
ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır,
özəl xəstəxanadır, onun pulu ödənməlidir,
o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar
hamısı həyat hadisələridir. Bunun
hamısını biz çılpaqlığı ilə deməliyik,
boynumuza almalıyıq. Nə üçün? Çünki
bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət
xadimlərinin əsas həyat devizi təbii, düzgün
olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq.
Cənab Prezident, teatr başqa sahələrə
nisbətən bir az çətin vəziyyətdədir. Yəni,
Mehriban xanımın qayğısı ilə bizim
musiqiçilərimiz, Allaha şükür olsun, muğam
festivalı, hamısı maşallah təmin olunublar. Çox
sevinirəm. Bizim özümüzün də Sizin xüsusi
mükafatınız, Allah Ulu Öndərimizə qəni-qəni
rəhmət etsin, xüsusi təqaüdünüz var. Amma
biz tək deyilik. Biz özümüzdən sonrakıları
da fikirləşməliyik. Cənab Prezident, mənim işlədiyim
Musiqili Teatr, - şəhər mərkəzində yerləşən,
öz sənəti, öz tarixi, öz sənətkarları
olan bir teatr, - üçüncü kateqoriyadadır. Mən
bir faktı diqqətinizə çatdırmaq istəyirəm.
Aktyor səhər tezdən kirayə qaldığı
Müşfiqabaddan iki övladı və yoldaşı ilə
çayını, çörəyini götürüb gəlib
Konservatoriyanın qabağında dayanır. Uşaqların
biri dərsə gedir, ikinci uşağı ikinci növbəyə
hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə
gedir. Axşam yenə də həmin o ailə qayıdır Müşfiqabada.
Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına
ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı
tək deyil. Afaq Bəşirqızı özündən
sonrakıları fikirləşməlidir. Sizə olan
xahişlər buna görədir, ümumi xalq
üçündür.
Canım Prezidentim, çox xahiş
edirəm, imkansız aktyorların maaşı və bir də
evlə təmin olunması məsələsinə diqqət
yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və
sosial vəziyyəti ağırdır, bilirsiniz ki,
maaşlarımız azdır. Başa düşürük,
indi bizim Sizdən heç nə tələb etməyə ixtiyarımız
yoxdur. Çünki biz müharibə şəraitində
yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və
başa düşənlər bunu bilirlər. Amma çox
xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri
İttifaqının inkişafı ilə bağlı yeni
konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir.
Çünki teatr xadimlərinin Teatr Xadimləri
İttifaqına həqiqətən də çox
böyük ehtiyacı var.
Qarşıdan gələn Novruz
bayramınız mübarək olsun. Uğurlu, xeyirli olsun.
Gün o gün olsun ki, Allah qoysa, Qarabağda görüşək,
sevinək və dərindən bir sevinc ahı çəkib
deyək ki, çox şükürlər olsun Sənə,
İlahi, alnımız qeyrətlə açıldı.
Çox sağ olun.
***
Xalq artisti Mehriban ZƏKİ dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli Birinci vitse-prezident
Mehriban xanım.
Mən Sizə dərin təşəkkürümü
bildirmək istəyirəm. Hər zaman mədəniyyətimizə,
incəsənətimizə qayğınız olub və
bugünkü görüşümüz bunun bariz nümunəsidir.
Mədəniyyət, bədii
yaradıcılıq nümunələri hər zaman arxetiplərimizdən
qaynaqlanmalı, tariximizə, köklərimizə söykənməli
və bu günümüzlə aktuallaşmalıdır. Mənim
uşaq vaxtı gördüyüm ilk filmlərdən biri
"Nəsimi” filmi idi. Bəlkə də həmin film, -
altı-yeddi yaşım olardı, - məni sənətə
bağladı, Nəsimi poeziyasına sevgimi artırdı. O
vaxtdan mən - altı-yeddi yaşlı uşaq Nəsiminin qəzəllərini
əzbərləməyə başlamışdım. Həmin
o sevgim illər boyu daha da artdı, artıq yarım əsr
keçib. Keçən ilin sentyabr aynda Heydər Əliyev
Fondunun və şəxsən Leyla xanımın təşəbbüsü
ilə Nəsimi festivalı keçirildi. Bakıda, Moskvada bu
tədbirdə fəal şəkildə iştirak etdim. Cənab
Prezident, bu il Sizin Sərəncamınızla elan edilən
"Nəsimi ili” ilə bağlı təşkil olunan
bütün tədbirlərdə fəal şəkildə
iştirak edəcəyəm. Həm Bakıda, həm bölgələrdə
öz təşəbbüsümlə tədbirlər təşkil
edəcəyəm, xaricdə də tədbirlərdə
iştirak edəcəyəm. Mən niyə Nəsimidən
danışdım? Çünki mədəniyyətdə və
dövlətçilikdə kino çox böyük bir rol
oynayır, çox böyük bir maarifləndirmə vasitəsidir.
Mən bu gün teatr-kino aktrisasıyam. İki universitetdə
müəllim işləyirəm və tələbələrim
var ki, çox istedadlıdırlar. Çox istedadlı gənc
nəslimiz yetişir.
Teatr barədə
danışdılar. Mən daha çox diqqətinizi kinoya
yönəltmək istəyirəm. Mənim gəncliyimdə
kinostudiyanın həyətində, onun divarları arasında
çox fəal yaradıcı proseslər baş verirdi. Son
illərə qədər bu proses davam edirdi. Müasir dövrdə,
müstəqillik dövrümüzdə artıq çəkilmiş
filmlər, mənim də çəkildiyim "Nabat”,
"Yarımçıq xatirələr”, "Dolu”,
"Axınla aşağı” filmləri və
adlarını unutduğum bir çox filmlər var. Bir
çox filmlər A kateqoriyalı festivallarda iştirak edib,
müəyyən nailiyyətlər qazanıb. Amma təəssüf
edirəm ki, son iki ildə dövlət sektorunda filmlərimizin
inkişafı, çəkilməsi nədənsə
avazıyıb. Kinostudiyamızın divarları soyuyub. Ona
görə, cənab Prezident, mənim o uşaqlıq arzum olan
kinostudiyada coşqun həyat, sənət eşqi davam etsin,
diqqətinizi bir daha oraya yönəltmək istərdim. Sizə
təşəkkür edirəm.
***
Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının sədri, Xalq
artisti Şəfiqə
MƏMMƏDOVA dedi:
-Möhtərəm cənab Prezident.
Çox hörmətli Mehriban
xanım.
Vaxtınızı almaq istəmirəm.
Mən bəlkə də protokoldan kənar
danışacağam, ona görə çox qısa
sözüm olacaq. Çox həyəcan keçirirəm,
çünki, ilk növbədə, dərin təşəkkürümü
bildirirəm ki, bu görüşümüzü təşkil
etmisiniz, bizə diqqət yetirmisiniz. Hər şeyə görə
minnətdaram. Amma mən xahiş edirəm, burada bir neçə
ittifaqların sədri çıxış etdi, çox
gözəl təkliflər, çox gözəl xahişlər
oldu. Amma mən istərdim ki, bu Kinematoqrafçılar
İttifaqının aqibətini bu gün Sizə
çatdırım. Artıq 6 ildir ki, təsis olunmuş
Respublika Kinematoqrafçılar İttifaqı binasızdır.
Azacıq da olsa bizə dəstək verilən o büdcədən
il boyu biz kirayə pulu veririk. Fəaliyyətimizə uyğun
olmayan yerdə yerləşirik. Düzdür,
ağlamırıq. Məktublar yazmışam, lakin bəlkə
çatmayıb. Bunu mən dəqiq deyirəm.
Görürsünüz, burada nə qədər kinematoqrafçılar
əyləşiblər, mən buna görə çox sevinirəm.
Bu ittifaq 6 ildir fəaliyyət göstərməsinə
baxmayaraq, çox böyük işlər görüb, onun
artıq 400-ə yaxın üzvü var. Ümumiyyətlə,
ittifaqın aqibəti elə olub, həmişə binasız
olub. Bilirsiniz, Rəssamlar, Bəstəkarlar, Teatr Xadimləri,
Yazıçılar ittifaqları Xəqani küçəsində
düzülüb. Amma kinematoqrafçıların ordusu
çox böyükdür. Onların içində
operatorlar, istehsalın bütün növünə aid istər
rəssamlar, istər sexlərin işçiləri, istər
operatorlar, rejissorlar, ssenaristlər var. Kinematoqrafiya elə
böyük sahədir ki, mən say naminə çox
xahişlər edə bilərdim. Çünki İttifaq,
doğrudan da cavan olmasına baxmayaraq, çox işlər
görüb. Amma çox istərdim, bilirsiniz artıq bu,
mümkünsüzdür, il boyu mənim büdcədən
verilən vəsaitimin çox hissəsi kirayəyə gedir.
Ona görə mən Sizdən xahiş edirəm, bizə elə
bir məkan verilsin ki, artıq bu, Kinematoqrafçılar
İttifaqına layiq olsun. Doğrudan da
Kinematoqrafçılar İttifaqının istər İdarə
Heyəti, istər çoxsaylı üzvləri Sizə
çox əmindirlər. Təşəkkür edirəm.
***
Azərbaycan Dövlət Rus Dram
Teatrının baş rejissoru, Xalq artisti Aleksandr
ŞAROVSKİ dedi:
-On-on bir əvvəlin gözəl
may günü mənim və Rus Dram Teatrının
bütün kollektivinin yaddaşında həmişəlik
qalıb. O vaxt Siz və Mehriban xanım gəldiniz və
bütün aparatlarla, əsl teatra xas olan hər şeylə
təchiz olunmuş yeni binanın
açılışını etdiniz. Sizə deməliyəm
ki, həmin vaxtdan teatrın yeni həyatı başladı.
Dövlət sifarişi ilə biz bu günədək hər
mövsümdə 7-8 tamaşa hazırlayırdıq və
indi də hazırlayırıq. Biz çoxlu qastrollara gedirik,
kollektivləri qəbul edirik, Moskva teatrları bizdə
qastrolda olublar. Biz də xarici ölkələrə və
şəhərlərə qastrollara gedirik. Sizin şəxsən
gördüyünüz xeyirxah işlərin sayı-hesabı
yoxdur. Bunlar həm mükafatlar, həm məvaciblərin daim
artırılması, həm sosial layihələr və
qanunlar, həm də nəhayətsiz və çox gözəl,
daim davam edən tikinti işləridir. Bütün
qonaqlarımız şəhərimizin gözəlliyinə
valeh olurlar və heç bir yerdə bunun şahidi
olmadıqlarını deyirlər.
Yeganə olaraq, burada böyük
müğənnimiz də söylədi ki, xahişlə
müraciət etmək olmaz. Lakin icazə verin, hər halda
kiçik bir xahişlə Sizə müraciət edim. Məsələ
bundadır ki, teatr 100 illik yubileyi ərəfəsindədir və
o vaxt bizim teatrın açılışı zamanı Siz də
dediniz ki, Azərbaycanda rus teatrı həmişəlikdir. Siz
keçmiş ittifaq respublikalarında rus teatrlarının əksəriyyətinin
necə acınacaqlı vəziyyətdə olduğunu və
bizim bu fonda özümüzü necə yaxşı hiss
etdiyimizi bilməlisiniz. Lakin məsələ bundadır ki, həmin
respublikalarda rus dram teatrları akademikdir, bizdə isə yox.
Çox istərdik ki, biz də bu qürurverici adı
daşıyaq və Sizinlə birlikdə sevinək. Çox
sağ olun.
***
Əməkdar artist Tahir İMANOV dedi:
-Cənab Prezident.
Çox hörmətli Mehriban
xanım.
İlk növbədə, təşəkkürümüzü
bildiririk ki, bizi, KVN-çiləri bu gözəl tədbirə
dəvət etmisiniz. Bir daha fürsətdən istifadə edib
hamımızın adından təşəkkür bildiririk
ki, KVN-nin ən çətin illərində bizə dəstək
olmusunuz. Məhz Sizin sayənizdə "Parni iz Baku” KVN
komandası ən yüksək zirvələrə qalxıb, əsrin
çempionu adını qazanıb. Biz bu gün də KVN-i
yaşadırıq, təbii ki, teatrımızın çərçivəsində.
Mən heç vaxt özüm üçün xahiş etməmişəm.
Bu gün də xahiş etməyəcəyəm. Ancaq nəzərinizə
çatdırmaq istəyirəm ki, bu son illərdə bizə
qoyulan qadağalara baxmayaraq, biz aktiv fəaliyyətimizi davam
etdiririk. Bunun nəticəsi kimi, Leyla xanımın köməyi
ilə biz Rusiyada çox böyük filmi təqdim etdik. Nəinki
Rusiyada, MDB-nin 9 ölkəsində bu film yayım hüququ
aldı. Hazırda ikinci film üzərində işləyirik.
İkinci Dünya müharibəsi qəhrəmanı, milliyyətcə
azərbaycanlı olan Əhmədiyyə Cəbrayılov
haqqında film üzərində işləyirik. Daha dəqiq
desəm, Rusiya Prodüserlər Gildiyasının prezidenti
Renat Davletyarovun, həmçinin Rusiya Kino Fondu adlı bir qurum
var, onların razılığını almışıq.
Hörmətli səfirimiz Polad Bülbüloğlu bu barədə
Rusiya Mədəniyyət Nazirliyinə də məktub
yazıb, onlardan da müsbət cavab almışıq. Hətta
Rusiyanın "Rossiya 1” kanalı bu filmin 4 seriyasında
maraqlıdır ki, film orada da işıq üzü
görsün. Bildiyiniz kimi, 2020-ci ildə bütün bəşəriyyət
faşizm üzərində Qələbənin 75 illik
yubileyini qeyd edəcək. O cümlədən də biz - Azərbaycan
Respublikası. Ona görə Sizdən xahiş edirəm ki,
bizə bu işdə yardımçı olasınız. Bir
neçə biznesmenə, tanınmış iş
adamlarına müraciət etmişik, amma hamı bir nəfər
kimi deyir ki, qadağalarınız olmasaydı kömək edərdik.
Sizdən xahiş edirik ki, bizə bu işdə
yardımçı olasınız. Əgər imkan olarsa,
başqa bir görüşdə biz bu barədə daha ətraflı
məlumat verə bilərik. O cümlədən Sizdən
teatrımızın aparıcı aktyorları Bəhram
Bağırzadə və Cabir İmanov üçün fəxri
ad xahiş edirəm. Çünki biz heç bir dövlət
qurumunun balansında deyilik. Ona görə bu sistemi bilmirik, bu
sistem necə həyata keçirilir, məktublar necə
yazılır. Fürsətdən istifadə edib, Sizdən
xahiş edirəm.
Sonuncu xahişim də odur ki, bu il mənim
babam bəstəkar Süleyman Ələsgərovun 95 illiyi
qeyd olundu. Doxsan illikdə də ailəmiz adından cəhd
göstərib Sizə məktub yazdıq, amma bilirik ki, o məktublar
çatmadı. Sağ olun ki, 80 illik yubileyində Siz onun
adını əbədiləşdirdiniz, məktəbə ad
verildi. İmkan varsa, Süleyman Ələsgərovun adına
bir küçə də versəniz, biz çox şad
olarıq. Bir daha fürsətdən istifadə edib cənab
Prezident, Sizə, hörmətli Mehriban xanım, Sizə təşəkkürümüzü
bildiririk.
***
Əməkdar artist Bəhram BAĞIRZADƏ dedi:
-Cənab Prezident.
Hörmətli Mehriban xanım.
Mən üzr istəyirəm, bu
gün səmimi çıxışıma görə.
Heç vaxt Sizin qarşınızda çıxış etməmişəm.
Prezident İlham
Əliyev: Biz
çoxdan görüşməmişik KVN-çilərlə,
ona görə siz nə qədər istəyirsiniz danışın.
Bəhram
Bağırzadə: Ürəyimi boşaltmaq istəyirəm. Bu fürsət
olmayacaq.
Prezident İlham
Əliyev:
Olacaq. Bundan sonra da olacaq.
Bəhram
Bağırzadə: İnşallah. İlk növbədə, mən
ağsaqqallarımızdan və ağbirçəklərimizdən
üzr istəyirəm. Rəhmətlik atam mənə deyərdi
ki, həmişə ağsaqqallar, ağbirçəklər
olan yerdə danışma, sus, qulaq as, söz verilsə, onda
danışarsan. Ona görə hamınızdan dəfələrlə
üzr istəyirəm. Hətta zalın 60 faizi mənim müəllimlərimdir.
Hansılar ki, mənə vaxtilə dərs deyiblər.
Hamınıza minnətdaram. Sizə də, cənab Prezident,
öz minnətdarlığımı bildirirəm. Siz də,
Mehriban xanım da mənə efir vasitəsilə hər zaman
dərs demisiniz. Bu gün mən problemlər haqqında
danışmaq istəmirəm. O demək deyil ki, mənim
problemlərim olmayıb. Müəyyən həyat məqamlarında
problemlər olub, onları, şükür Allaha, Siz həll
etmisiniz, istər 1995-ci ildə, istərsə də 2000-ci ildə.
Özünüzün də xəbəriniz olmayıb, amma ətrafınızda
olan insanlar mənim bütün problemlərimi həll ediblər.
Ona görə mən Sizə dərin təşəkkürümü
bildirirəm. Fürsət olmamışdı, bu gün
xalqımın qarşısında bunu edirəm.
Bir tərəfdən də,
bilirsiniz, mənim "Instagram” və "Facebook” səhifələrimdə
yarım milyona qədər izləyicim var. Bu günləri mən
onlara çıxış etməliyəm, sözümü
deməliyəm. Onlar mənə sual verəcəklər ki,
Allah-Təala sənə fürsət yaratdı, cənab
Prezidentə bu xahişi, Elbay müəllim demişkən,
xahiş yox, bir təklif kimi, Azərbaycan Respublikasının
vətəndaşı kimi, Bakı şəhərinin sakini
kimi çox istəyərdim ki, Bakı şəhərində
Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın.
Bunu nəinki mən, bunu milyonlarla insan istəyir.
Çünki onun çox böyük işləri olub Azərbaycanda,
Bakıda. İnanın mənə ki, 10 milyonluq xalq həmişə
dua edəcək Sizə, əgər bu yaxınlarda Hacı
Zeynalabdin Tağıyevin heykəli ucalsa. Kukla Teatrının
önündə bir bağ var, mən onu orada faytonda
görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub
və Siz hər dəfə səhərlər işə gedəndə
görəcəksiniz və sevinəcəksiniz ki, məhz
Sizin vaxtınızda o heykəl ucaldı. Çox sağ olun,
təşəkkür edirəm Sizə.
***
Azərbaycanın və SSRİ-nin
Xalq rəssamı Tahir SALAHOV
dedi:
-Möhtərəm Prezident.
Çox hörmətli Birinci
vitse-prezident.
Əziz İlham Heydər oğlu.
Əziz Mehriban xanım.
Bu gün Azərbaycanın yüksək
mədəniyyət ulduzları arasında olduğuma görə
çox həyəcanlıyam. Sizin bu gün bizi
toplamağınız mənim üçün tarixi
gündür. Odur ki, çox xoşbəxtəm. Şadam ki,
noyabrın 29-da Moskvada məni telefon zəngi yuxudan oyatdı və
mən İlham Heydər oğlunun səsini eşitdim.
İlham Heydər oğlu məni yubiley münasibətilə
təbrik etdi. Mən dedim: "Bəs nə üçün
belə erkən, məgər işdəsiniz?”. O isə mənə
cavab verdi: "Tahir, mən birinci olmaq istədim”. Mən bu təbrikə
görə Sizə çox minnətdaram. Bu, bizə -
yaradıcı mədəniyyət xadimlərinə
böyük stimul verir. Odur ki, Sizin mükafat barədə xəbəriniz,
- Siz ilk dəfə 1-ci dərəcəli "Əmək”
ordeni ilə təltifetmə barədə Sərəncam
verdiniz, - böyük xoşbəxtlikdir və mənim
yaradıcı əməyimə böyük hörmətdir.
Mehriban xanım, təbrikinizə və aldığım hədiyyələrə
görə çox sağ olun, çox minnətdaram.
Mən demək istəyirəm ki, Sizin
Ekspo Mərkəzində sərgimə gəlməyiniz də
məni xoşbəxt etdi. Mən bəlkə də ilk dəfə
hansısa qanunları pozdum. Hər halda Ekspo Mərkəzində
öz işlərimi göstərmək istəyirdim.
Tamaşaçılar ilə
ünsiyyətin yeni formalarını tapmaq lazımdır,
öz yaradıcılığını nümayiş etdirmək
üçün hansısa yeni cəhətlər tapmaq
lazımdır.
Siz ailəvi gəldiniz. Leyla xanım
da valideynləri ilə birlikdə gəldi. O da
yaradıcılıqla məşğul olur və Azərbaycan
mədəniyyətinin, təsviri sənətinin
inkişafında müəyyən yer tutur. Bu da böyük
xoşbəxtlikdir. Düşünürəm ki, bu gün və
qarşıdan gələn görüşdə biz mədəniyyətimizin,
bütün növlərin və janrların məqsəd və
vəzifələrini uzun illər irəlicədən müəyyən
etməli, planlaşdırmalıyıq.
Çünki əsərin ərsəyə
gəlməsi vaxt tələb edir. Siz də bilirsiniz ki, vaxt
sürətlə ötüb keçir. Odur ki, əgər
prezident seçkiləri gedirsə, mədəniyyətimizin
inkişafını da dərhal Prezidentlə birlikdə uzun
illər üçün planlaşdırmalıyıq. Gələcəkdə
mədəniyyətimizin simasını müəyyən edəcək
möhtəşəm əsərləri bu illər ərzində,
5-6 ildə yaratmaq üçün bizi hansı tarixlər,
hansı hadisələr, hansı işlər narahat edir.
Mən demək istəyirəm ki,
Heydər Əlirza oğlu mədəni həyatımızda fəal
iştirak edirdi, özü də təkcə bizim deyil,
bütün Sovet İttifaqının mədəni həyatında
da. O, bununla çox məqsədyönlü şəkildə
məşğul olurdu. O dövrdə o, Sovet İttifaqında
19 istiqaməti idarə edirdi və bütün Sovet
İttifaqının mədəniyyətinin simasını
müəyyənləşdirirdi. Yaradıcılıq
ittifaqlarına və yaradıcılıq növlərinə
dair bir çox qərarlar verilmişdi. Tretyakov
Qalereyasının və keçmiş Sovet
İttifaqının bir çox müəssisələrinin təmirinə
külli miqdarda vəsait xərclənmişdi. O, burada, Azərbaycanda
da bunu edirdi və bu işlər yüksək səviyyədə
görülürdü.
Bizim İncəsənət
Universitetimiz, Rəssamlıq Akademiyamız var. Bu illər ərzində
həmin təhsil ocaqlarını çoxlu sayda gənc rəssam
bitirib. İncəsənət Universiteti ildə 60 məzun, Rəssamlıq
Akademiyası isə 150 məzun buraxır.
Onlar istedadlı, bacarıqlı gənclərdir,
çox böyük təşəbbüsləri var. Mən
nə arzu edə bilərəm? Qoy, onların əməyindən
bütün Azərbaycan faydalansın. Baş memar vəzifələri
ilə bərabər, baş rəssam vəzifələrini də
təsis etmək lazımdır. Təkcə mərkəzdə
- Bakıda və böyük şəhərlərdə
deyil, regionlarda da. Bu, çox gözəl olardı. Heydər
Əlirza oğlu həmişə arxitektura ilə təsviri sənətin
sintezindən danışırdı. Məncə, təkcə
eksteryerdə deyil, interyerdə də arxitektura ilə təsviri
sənətin vəhdəti çox gözəl olardı və
rəssamın əməyini qiymətləndirməyə imkan
verərdi. Bu, çox gözəl olardı. Mən təklif
və xahiş edirəm ki, hər il, yaxud iki ildən bir
respublika sərgiləri keçirilsin. Təkcə Bakıda
deyil, həm də Azərbaycanın bütün
regionlarında təsviri sənət və memarlıq
festivalları və baxışları, fərdi sərgilər,
bir çox digər sərgilər təşkil olunsun. Mən
beynəlxalq səviyyəli rəssamların və münsiflər
heyətinin iştirakı ilə beynəlxalq biennale
keçirilməsini də təklif edirəm. Bilirsiniz, bu,
musiqi mədəniyyətində olduğu kimi – Qəbələdə
keçirilən festivallar kimi, təsviri sənətimizin, mədəniyyətimizin
nüfuzunu yüksəldərdi. Bu, çox gözəl
olardı.
Mən dəvətə görə təşəkkür
edirəm. Mən bu gün dostlar arasındayam. Burada oturan hər
bir şəxs mənim üçün respublikanın mədəniyyəti
ilə ürəkdən məşğul olan və tarixi
töhfə vermək istəyən insanlardır. Sizin
vaxtınız – bizik. Çox sağ olun.
***
Xalq artisti Xuraman QASIMOVA dedi:
- Cənab Prezident, çox üzr istəyirəm,
mən özüm çıxış etmək istədim.
Çünki mən bilirəm, möhtərəm Prezidentimiz,
sevimli Mehriban xanım, burada əyləşən insanların
ürəyi o qədər doludur, hər kəs Sizin
olduğunuz məclisdə iki kəlmə də olsa
çıxış etmək istəyir. Çünki Siz
bizim hər birimiz üçün o qədər gözəl
işlər görmüsünüz,
daşıdığımız fəxri adlar,
aldığımız təzə mənzillər, bunları
sadalamaq çox vaxt alar.
Amma mənim çoxdankı arzum var.
Siz Fidan xanımı bu yaxınlarda ən yüksək
mükafatla - "İstiqlal” ordeni ilə təltif etdiniz. Cənab
Prezident, bu ordeni ona şəxsən Siz verdiniz. Biz çox fəxr
edirik, çünki Sizin ailəniz, başda Ulu Öndərimiz
olmaqla bizim ailəmizin həyatında böyük rol
oynamısınız. Biz bunu heç zaman unutmuruq.
Bu gün susmaq olmazdı. Bircə
arzumuz var. Vaxt elə keçir ki, mən bilmirəm Siz bizim
ikimizi bir də səhnədə nə vaxtsa görəcəksiniz
ya yox. Çünki özünüz demisiniz ki, çox nadir
hallarda teatra gedirsiniz. Görürsünüz, burada neçə
nəfər istəyir ki, Siz teatra tez-tez gedəsiniz. Amma
çox təəssüf ki, biz artıq teatrda
çalışmırıq, yalnız Konservatoriyada
çalışırıq və bununla da fəxr edirik. Mən
yalnız demək istəyirəm ki, möhtəşəm
Heydər Əliyev Fondu var. Onu demək istəyirəm ki, bizim
evimizdə də Sizin ailənizə həsr olunan kiçik
fondumuz var. Mən Sizdən bütün xahişlərdən
bir az qeyri-adi bir xahiş etmək istəyirəm. Mən istəyirəm
ki, Siz nə vaxtsa ailənizlə birgə bizim
qonağımız olasınız. Bağışlayın,
çünki bunu möhtərəm Prezidentimiz Heydər
Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi
alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm.
Odur ki, biz Sizi hər zaman gözləyirik, bizim Sizə həsr
olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var.
Dinlədiyinizə görə çox sağ olun.
***
Qaldırılan vacib məsələlərin
həlli ilə bağlı tapşırıqlarını verən
dövlətimizin başçısı
görüşün yekununda çıxış etdi.
Azərbaycan.-
2019.- 2 mart.- S.1-4.