Sistemli islahatların növbəti mərhələsi mədəniyyət sahəsi olacaq

 

Prezident İlham Əliyev ölkənin görkəmli sənət xadimləri ilə mədəni intibahın yeni hədəflərini müzakirə etdi

 

Prezident İlham Əliyevin yekun çıxışı

 

-Əziz dostlar, bilirəm ki, söz almaq istəyənlər kifayət qədər çoxdur. Mən təklif edərdim belə görüşlər müntəzəm olaraq keçirilsin ki, biz bütün məsələləri əhatə edə bilək.

Bugünkü görüş bir daha onu göstərir ki, bunun çox böyük faydası var. Çünki burada qaldırılan məsələlər doğrudan da vacibdir və hesab edirəm ki, bu məsələlərin həlli bir çox mətləblərə aydınlıq gətirə bilər. Mən artıq mədəniyyət nazirinə göstəriş vermişəm, eyni zamanda, Prezident Administrasiyasına da göstəriş verirəm ki, burada səslənən bütün təkliflər təhlil olunsun, bir proqram halına salınsın və biz bu məsələləri ardıcıl olaraq həll edə bilək.

Bəzi məsələlərlə bağlı mən elə bu gün öz fikrimi xronoloji ardıcıllıqla bildirmək istərdim. Yazıçılar üçün Yaradıcılıq Evinin bərpası prosesinə start verildi. Anar müəllim bu barədə öz fikrini söylədi və bildirdi ki, biz görüş əsnasında bu məsələni həll etdik. Orada məskunlaşan köçkünlərə yeni evlər, yeni mənzillər verilir. Həmin bina əsaslı şəkildə təmir olunacaq və yazıçıların ixtiyarına veriləcəkdir. Eyni zamanda, Şabran rayonunda da Müasir Yaradıcılıq Mərkəzi yaradılır.

Digər təkliflərə, abidələrlə bağlı olan təkliflərə də mütləq baxılacaq. Cəlil Məmmədquluzadənin abidəsi ilə bağlı təklifləri mən qəbul edirəm, dəstəkləyirəm. Yazıçılar üçün tikiləcək evlə bağlı müvafiq göstəriş verildi, torpaq sahəsi ayrıldı və bu ev tikiləcək. Bununla bərabər, hesab edirəm ki, dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün yeni yaşayış binası tikilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Dövlət Əmlak Komitəsinə müvafiq göstərişlər veriləcək. Onlar indi mənim göstərişlərimi eşidirlər. Qısa müddət ərzində torpaq sahəsi ayrılsın və biz görkəmli xadimlərə gözəl ev tikək, onları mənzillərlə təmin edək.

Mən Bəstəkarlar İttifaqı tərəfindən qaldırılmış təklifləri də qəbul edirəm. Yaşar İmanovun mənzil probleminin həlli ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş veriləcək. Əgər mən bunu əvvəldən bilsəydim, çoxdan bu məsələ həll olunardı. Siz bilirsiniz ki, son illər ərzində yüzlərlə görkəmli mədəniyyət xadimi dövlət tərəfindən mənzillərlə təmin olunub. Deyə bilərəm ki, bu məsələ ilə bağlı mənə daxil olan müraciətlərin mütləq əksəriyyəti öz həllini tapıb və bundan sonra da biz bunu edəcəyik. Çünki mən hesab edirəm ki, dövlət bu məsuliyyəti öz üzərinə götürməlidir. Mən bilmirəm başqa ölkələrdə bu məsələ necə həll olunur. Amma bildiyimə görə, Azərbaycan bu sahədə də liderlik nümunəsi göstərir. Xalq qarşısında, dövlət qarşısında xidmətlər göstərmiş, xalqın sevgisini qazanmış mədəniyyət xadimləri dövlət tərəfindən mütləq dəstəklənməlidir. Bu görüşün məqsədlərindən biri də məhz ondan ibarətdir ki, mən sizdən təkliflər eşidim və bu təkliflər nəticəsində biz düzgün qərar qəbul edək.

Televiziya kanallarında bədii şuraların yaradılması çoxdan gündəmdə olan məsələdir, ancaq əfsuslar olsun ki, öz həllini tapmır. Mən hesab edirəm ki, Azərbaycan Dövlət Televiziyası – AzTV bu sahədə birinci olmalıdır. Digər telekanallara da tövsiyə olunur ki, bədii şuralar yaradılsın. Ancaq Firəngiz xanım tamamilə haqlıdır deyəndə ki, baxır o bədii şuralarda kim təmsil olunacaq. Ona görə yəqin ki, burada yaradıcı insanların təklifləri nəzərə alınmalıdır. Mədəniyyət Nazirliyi, Prezident Administrasiyası, ittifaqlar təkliflər versinlər. Çünki televiziyalarda gedən proqramlarla bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar var, bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir. Bir çox hallarda özəl telekanallar reklam uğrunda mübarizə aparırlar. Ona görə daha baxımlı verilişləri təqdim etməyə çalışırlar və bəzi hallarda orada səviyyə də bir qədər aşağı düşür. Biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Ancaq mütləq bu sahədə vahid bir yanaşma olmalıdır.

Festivallara gəldikdə deməliyəm ki, Şəki festivalının dövlət tərəfindən dəstəklənməsi ilə bağlı hesab edirəm heç bir problem ola bilməz. Yenə də bu, elə məsələdir ki, çox asanlıqla öz həllini tapa bilər. İndi mədəniyyət naziri bunu qeyd edir və biz bunu da həll edə bilərik.

Muğam mərkəzlərinin yaradılması, - Arif müəllim qeyd etdi, - geniş vüsət alıb. Sonuncu mərkəz Ağdam şəhərində yaradılıb. Biz onun açılışını birlikdə qeyd etmişik. Ondan əvvəl digər şəhərlərdə açılıbdır. Muğam müsabiqələrinin çox böyük əhəmiyyəti var. Muğam bizim milli sərvətimizdir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bizim musiqi mədəniyyətimizin xüsusi çəkisi var. Təsadüfi deyil ki, canlı yayımda göstərilən muğam müsabiqələri çox böyük auditoriya yığır. Yəni, biz də baxırıq, bilirəm ki, vətəndaşların mütləq əksəriyyəti baxır. Muğam sənətinin həm ölkə daxilində, həm də xaricdə inkişafında Heydər Əliyev Fondunun, Mehriban xanımın rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması tarixi nailiyyətdir. Biz, eyni zamanda, beynəlxalq muğam müsabiqələri, festivalları keçirmişik. Bu sənət bir neçə ölkədə yaşayır, ancaq Azərbaycan muğamının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi qəbul edilməsi əlbəttə ki, böyük nailiyyətdir.

Onu da bildirməliyəm ki, UNESCO-nun müxtəlif siyahılarına Azərbaycan xalqının 13 qeyri-maddi mədəni irs nümunəsi salınıbdır.

Zeynəb xanımın həmişə olduğu kimi parlaq çıxışını mən alqışlayıram. Zeynəb xanım xalqımızın sevimli insanıdır, böyük şəxsiyyətdir, böyük sənətkardır, böyük ictimai xadimdir. Azərbaycanda elə adam tapılmaz ki, Zeynəb xanımı sevməsin. Bizim ailəmiz Zeynəb xanımla sıx bağlıdır. Xatırlayıram ki, atamın ən ağır günlərində, - o vaxt ki, o, vəzifədən çıxmışdı, pensiyada idi, səhhətində problemlər var idi, müəyyən mənada təcrid vəziyyətində idi, - Zeynəb xanım bizim evimizə baş çəkdi, onda mən də orada idim, ona mənəvi dayaq oldu. O vaxt atam üçün bu, xüsusi əhəmiyyət daşıyırdı. Əlbəttə, Zeynəb xanım da başa düşürdü ki, o vaxt Heydər Əliyev sovet məkanında arzuolunmaz şəxs kimi qəbul olunurdu. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi də ədalətsizliyə yol vermişdi. Zeynəb xanımın bu cəsarətli və vicdanlı addımları həmişə bizim ürəyimizdədir, bizim xatirəmizdədir.

Burada teatrlarla bağlı bir neçə təklif səsləndi. Aparıcı teatrların adlarını mən çəkdim və giriş sözümdə dedim ki, ilk növbədə, teatrların təmiri ilə biz məşğul olduq - Akademik Dövlət Dram Teatrının, Rus Dram Teatrının, Musiqili Teatrın, Gənc Tamaşaçılar Teatrının, Kukla Teatrının. Ona görə, əlbəttə, mən hesab edirəm ki, burada fərq qoymaq olmaz. Teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlansın və əməkhaqları əhəmiyyətli dərəcədə artırılsın. Biz bunu mütləq etməliyik. Əlbəttə ki, dəvətə görə, Hacı müəllim, təşəkkür edirəm. Mən məmnuniyyətlə gələrəm və sizinlə birlikdə gözəl tamaşalara baxmağa məmnun olaram.

Vergilərlə bağlı burada bir fikir səsləndi. Bu, gərək araşdırılsın və baxılsın ki, nə etmək olar. Bununla paralel olaraq, hesab edirəm ki, bizim aparıcı teatrlarımıza dövlət tərəfindən maddi dəstək də göstərilməlidir. Göstəriş veriləcək. Düşünürəm ki, özəl sektor da teatrlara sponsorluq etməlidir. Mən bu gün özəl sektora da çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək. Görüşümüzün yekunu olaraq qəbul ediləcək qərarlarda bu, öz əksini tapmalıdır.

Musiqi alətləri ilə bağlı səslənən fikirləri də mən dəstəkləyirəm. Biz son illər ərzində musiqi alətlərinin alınması ilə bağlı bəzi işləri görmüşük, o cümlədən Fərhad müəllimin təklifləri əsasında. Ancaq, eyni zamanda, biz böyük dəyər kəsb edən, o cümlədən tanınmış ustaların əsəri olan musiqi alətlərinin alınmasına mütləq baxmalıyıq. Bu sahəyə qoyulan investisiyalar həm sərmayə kimi qalacaq, həm də bizim musiqi sənətimizin inkişafında mühüm rol oynayacaq.

Mən memarlıqla bağlı səslənən təklifləri də bəyənirəm. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birlikdə Elbəy müəllimin səsləndirdiyi təklifi təhlil etsin, çünki siz tamamilə haqlısınız. Elə bil ki, Bakının mərkəzi bir neçə rayonda cəmləşir. Mən bilmirəm bu, nə üçün belə olub, tarixən belə olubdur. Burada çox böyük məntiq var. Əgər şəhərin mərkəzinin hüdudları dəqiq müəyyən olunarsa, əlbəttə ki, vahid idarəetmə sistemi də yaradıla bilər. Necə ki, misal üçün, mənim qərarımla Bulvarı, İçərişəhəri ayrı-ayrı inzibati vahid kimi yaratdıq. Məhz buna görə həm Bulvarda, həm də İçərişəhərdə indi səliqə-sahman, qayda-qanun və gözəl ab-hava var. Ona görə mən Bakının mərkəzi rayonunun yaradılması təklifini prinsipcə dəstəkləyirəm. Gərək biz bunu təhlil edək, incələyək ki, hansı addımlar atılmalıdır. Ona görə bu göstəriş də verilir.

Əlbəttə ki, biz Bakının tarixi binalarının bərpası ilə bağlı çox həssas iş aparmalıyıq. Mən həmişə demişəm ki, təmir zamanı binaların tarixi görkəmi saxlanmalıdır. Bu, əsas prinsip olmalıdır. Son illərdə şəhərimizin əsas tarixi binaları əsaslı şəkildə bərpa olunub və onların tarixi siması qorunub.

Görkəmli memarların şərəfinə abidələrin ucaldılması məsələsinə də Mədəniyyət Nazirliyi ilə birlikdə baxın və təklif verin. Aktyorların maaşları və teatrların kateqoriyalara bölünməsi məsələsini Afaq xanım səsləndirdi, mən də öz fikrimi bildirdim.

Kinofilmlərin çəkilişi ilə bağlı təkliflər səsləndi. Mən hesab edirəm ki, son bir-iki il ərzində buna kifayət qədər fikir verilməmişdir. Biz gərək bu boşluğu dolduraq. Yəni, dövlət xətti ilə, dövlət sifarişi ilə kinofilmlərin çəkilişi prosesi bərpa olunmalıdır. Düzdür, bu ilin dövlət büdcəsində bu, nəzərdə tutulmayıb. Mən bilirəm ki, Əbülfəs Qarayev çox çalışırdı ki, bu, nəzərə alınsın, ancaq hansısa səbəblər üzündən nəzərdə tutulmayıb. Ona görə bunun yolu odur ki, bu il üçün Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılsın, indi siz təklif verin. Gələn ilin və ondan sonrakı illərin dövlət büdcəsində dövlət xətti ilə kinofilmlərin çəkilişi mütləq bərpa edilməlidir.

Kinematoqrafçılar İttifaqının binası ilə bağlı. Əbülfəs Qarayev mənə dedi ki, sizin binanız var.

Əbülfəs Qarayev: Kirayədir.

Prezident İlham Əliyev: Onda təklif olunur ki, Bakı şəhərinin mərkəzində gözəl bina seçilsin. Bakı Şəhər İcra Hakimiyyətinə, Əmlak Məsələləri Komitəsinə, Mədəniyyət Nazirliyinə göstəriş verilir. Şəfiqə xanım, siz özünüz də bu məsələ ilə bağlı təkliflər verin. Əlbəttə ki, biz bunu etməliyik. Çünki Kinematoqrafçılar İttifaqının müstəqil binası olmalıdır və şərait yaxşı olmalıdır.

Rus Dram Teatrının akademik teatra çevrilməsi məsələsində mən heç bir problem görmürəm. Bu gün tapşırıq verirəm ki, bu məsələ həll olunsun və digər teatrların da səviyyəsini qaldırmaq üçün mütləq addımlar atılmalıdır. Prinsipcə, həm maaşlar, həm də status artacaq. Mən dedim ki, teatr işçilərinin maaşlarının qaldırılması məsələsi tezliklə öz həllini tapmalıdır. Siz qeyd etdiniz ki, 11 il keçməsinə baxmayaraq, sanki bu, lap yaxınlarda olub. Yəqin ki, təmirə ehtiyac var. Əgər zərurət yaranarsa, deyərsiniz. Prinsipcə, bizim teatrlarımızda təmir işləri artıq on il bundan əvvəl görülmüşdü. Əgər təmirə ehtiyac varsa, mənə məlumat verin, biz bu məsələni həll edə bilək.

Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, mən Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək.

Tahir İmanov: Özəl telekanallar qoyub qadağanı.

Prezident İlham Əliyev: Özəl telekanallar? Hesab edirəm ki, onlar səhv ediblər. Onlara da məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Hesab edirəm ki, bütün televiziya kanalları sizin kimi istedadlı insanlar üçün açıq olmalıdır.

Tahir İmanov: Təşəkkür edirik.

Prezident İlham Əliyev: Mən şadam ki, bu məsələni sən qaldırmısan. Çünki görünür ki, burada hansısa anlaşılmazlıq olub. Yəni, dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Mən sizi artıq 20 ildən çoxdur ki, tanıyıram. Əvvəlki illərdə yaxşı təmaslarımız olubdur. Bu gün də sizin fəaliyyətinizi izləyirəm. Gördüyünüz işlərlə bağlı mənə müntəzəm olaraq məlumat verilir. Şadam ki, siz öz fəaliyyət dairənizi genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir.

Tahir İmanov: Çox sağ olun.

Prezident İlham Əliyev: Qaldı Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi ilə bağlı məsələyə, bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş verirəm ki, Süleyman Ələsgərovun adına küçə verilsin. Siz də şəhər icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayın, küçənin seçilməsində sizin ailəniz mütləq iştirak etməlidir.

Tahir İmanov: Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Mən Bəhramın təklifini də bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın. Ümumiyyətlə, mən sənin fəaliyyətini izləyirəm. Sən şəhərimizin inkişafı, tarixi mirasımızın qorunması ilə bağlı çox fədakar, çox böyük iş aparırsan. Mən izləyirəm, təqdir edirəm və sənə bu işdə yeni uğurlar arzulayıram.

Mən Tahir müəllimin həm baş rəssam vəzifəsinin təsis edilməsi, həm də Bakıda bienallenin keçirilməsi təkliflərini də dəstəkləyirəm. Mənə məlumat verildi ki, bu il bienalle keçiriləcək. Bu da çox gözəl bir təklifdir.

Xuraman xanımın da dəvətini məmnuniyyətlə qəbul edirəm. Demək olar ki, burada qaldırılan əsas məsələlərə mən öz münasibətimi bildirdim.

Əziz dostlar, bir daha demək istəyirəm ki, belə səmimi və açıq söhbət bir çox məsələlərin həlli üçün gözəl imkanlar yaradır. Mən təklif edirəm, belə görüşlər bu və ya digər formatda müntəzəm olaraq keçirilsin ki, bizim bu sahədə görəcəyimiz işlər daha düzgün aparılsın, daha sistemli xarakter alsın, bu gün bizim yaradıcı ictimaiyyətimizi narahat edən problemlərin hamısı həll olunsun. Sizə təşəkkür edirəm, yeni uğurlar arzulayıram və Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Sağ olun.

 

***

 

Xalq yazıçısı Anar: Cənab Prezident, bağışlayın. Mən birinci danışdığım üçün bu cəsarəti üzərimə götürüb son sözü də demək istəyirəm, hamının adından Sizə təşəkkür edirəm. Bizi çox diqqətlə dinlədiniz, təklifləri qəbul edirsiniz və operativ cavab verirsiniz. Çox sağ olun. Sizə də, Mehriban xanıma da təşəkkür edirəm.

 

***

Sonda xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.- 2019.- 2 mart.- S.5.