Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanda kino sənəti əlamətdar hadisələrlə zəngin böyük inkişaf yolu keçmiş və ciddi sənət nailiyyətləri qazanmışdır. Ötən əsrin xüsusən 50-80-ci illərində yaradılmış və milli özünəməxsusluğu ilə seçilərək mədəniyyətimizin qızıl fonduna daxil olmuş ekran əsərləri kino salnaməmizin parlaq səhifələridir.

Müstəqillik illərində milli kino ənənələrinin qorunması və Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə fəaliyyət göstərə bilməsi istiqamətində mühüm addımlar atılmışdır. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” kino tariximiz üçün əhəmiyyəti baxımından ilk genişmiqyaslı mühüm sənəddir. Proqram çərçivəsində ötən dövr ərzində kino müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, o cümlədən Bakı şəhərində Dövlət Film Fondu üçün ən müasir texnoloji avadanlıqlara malik yeni bina inşa edilmiş və Nizami Kino Mərkəzi dünya standartları səviyyəsində yenidən qurulmuşdur. Dövlət sifarişi ilə film istehsalı təkmilləşdirilmiş, milli kinonun kadr potensialının gücləndirilməsinə yönəlmiş müxtəlif layihələr gerçəkləşdirilmişdir. Dövlət sifarişi və maliyyə yardımı ilə dövlət və özəl studiyalarda 300-dən artıq film çəkilmiş, istehsal edilən çox sayda ekran əsərləri beynəlxalq film festivallarında müxtəlif mükafatlara layiq görülmüşdür. Eyni zamanda, son illərdə özəl kino sektoru tərəfindən istehsal olunan filmlərin sayının və film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması, eləcə də həmin filmlərin tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi zərurətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair "Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 5,0 (beş) milyon manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

 

Azərbaycan.- 2019.- 2 mart.- S.6.