Dövlət
başçısı milli-mədəni inkişafın
prioritetlərini müəyyənləşdirdi
Ölkənin hərtərəfli inkişafı, ilk növbədə onun iqtisadiyyatının gücündən asılıdır. Son on beş ilin göstəricilərinin ürəkaçan olması da məhz iqtisadi islahatlarla sıx bağlıdır. Dövlət başçısının təşəbbüsü ilə tətbiq edilən çevik iqtisadi islahatlar imkan verir ki, sosial sahədə də ciddi addımlar atılsın.
Dünyanı qlobal iqtisadi böhran bürüdüyü halda, Azərbaycanda bütün sahələrdə inkişafın şahidiyik. Həyata keçirilən islahatların nəticəsidir ki, bu ilin əvvəlindən də bir sıra sosial layihələrin icrasına başlanıb. Sosial arenada qazanılanlar özünü, təbii ki, humanitar sahədə də göstərir. Həmin sahənin də inkişafına stimul yaradır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə də bu barədə ətraflı müzakirələr aparıldı. Dövlət başçısı diqqəti ölkənin ümumi inkişafına, eləcə də bunun müqabilində humanitar sahədə əldə edilən uğurlara, qarşıda duran hədəflərə yönəldərək qeyd etdi ki, adıçəkilən sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi böyük dəyişikliklərə gətirib çıxarıb. Səhiyyə sahəsində də çox ciddi islahatlar aparılır: "O ki qaldı mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız - Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı...”
Azərbaycan Prezidentinin görüşdə xüsusi olaraq vurğuladığı kimi, Bakı şəhərinin muzeyləri - Tarix, Nizami adına Muzey, Muzey Mərkəzi, İncəsənət Muzeyinin iki binası tam şəkildə əsaslı təmir edilib. Xalça Muzeyi kimi müasir xalq sənətkarlığı məbədi tikilib, Müasir İncəsənət Muzeyi fəaliyyətə başlayıb. Hər bir şəhərdə Tarix-Diyarşünaslıq muzeyləri fəaliyyət göstərir.
Bunlardan savayı, dünyada tolerantlığın və multikulturalizmin mərkəzi kimi qəbul edilən Azərbaycanın ərazilərindəki mövcud tarixi, dini abidələr əsaslı şəkildə təmir edilib. Bakıda və bölgələrdə yüzlərlə məscid bərpa olunub. Milli irsimiz kimi böyük mənəvi əhəmiyyət daşıyan Heydər məscidi tikilib. Təzəpir, Bibiheybət, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Əjdərbəy, Azərbaycanda ən qədim məbəd sayılan, 743-cü ildə tikilən Şamaxı Cümə məscidləri əsaslı şəkildə bərpa edilib.
Dövlət başçısı İlham Əliyevin elə ilk qərarlarından biri Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirmək olub. O zaman təhsil latın qrafikası ilə aparılırdı. Lakin bütün klassiklərimizin əsərləri vaxtilə kiril qrafikası ilə çap olunduğundan şagirdlər, tələbələr onları oxuya bilmirdilər: "O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”.
Azərbaycan Prezidenti görüşdə mədəniyyətin ayrı-ayrı sahələrindəki mövcud duruma konkret münasibət bildirərkən vurğuladı ki, kinoteatrların yaradılması, özəllərinin fəaliyyətə başlaması sevindirici haldır.
Əlbəttə, Nizami Kino Mərkəzinin əsaslı şəkildə təmir edilməsi, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün abidələrinin qoyulması dövlət başçısının xalqımızın milli sərvətinə diqqət və qayğısı kimi dəyərləndirilir. Yaddaqalan mədəniyyət hadisələrindən biri də iki konservatoriyadan birinin əsaslı şəkildə təmiri, digərinin isə yenidən tikilməsidir.
Bu sahədə görülən işlər, təbii ki, yalnız dövlət başçısının yeri gəlmişkən, xatırladıqları deyil. Azərbaycan Prezidenti bundan sonra görüləcək işlər barədə fikrini bildirərkən üzünü görüş iştirakçılarına tutaraq dedi: "Bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz”.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti bir ay öncə gənclərlə görüşündə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsinə heç də təsadüfən toxunmamışdı. Dövlət başçısının fikrincə, ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün isə əsas amil mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, ana dilimiz, milli təfəkkürümüzdür. Ona görə bu məsələlərlə bağlı Prezident ölkənin tanınmış mədəniyyət xadimləri və sənət adamları ilə fikir mübadiləsinin vacibliyini qeyd etdi. Dövlət başçısı milli-mədəni inkişafın prioritetlərini müəyyənləşdirdi.
Xalq yazıçısı Anar, xalq artistlərindən Firəngiz Əlizadə, Arif Babayev, Zeynəb Xanlarova, Fərhad Bədəlbəyli, xalq rəssamı Tahir Salahov və digərlərinin görüşdəki çıxışlarlarında qaldırılan vacib məsələlərin həlli ilə bağlı dövlət başçısının tapşırıqlar verməsi məhz mədəni sahənin daha da inkişafına nail olmaq deməkdir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2019.- 2 mart.- S.1; 6.