“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi reallaşdırılır

 

Martın 1-də "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” (Tİİ) layihəsinin açılış konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini bildirib.

Firudin Qurbanov dövlətimizin başçısının təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, son illər Azərbaycanın ali təhsil sistemində mühüm dəyişikliklər və islahatlar həyata keçirilir, tədqiqat, ixtira, innovasiyayönümlü layihələrə dəstək verilir.

F.Qurbanov qeyd edib ki, Avropa İttifaqı ilə birgə həyata keçirilən "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində müvafiq sahələr üzrə imkanlar yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur. Həmçinin ali təhsil sistemində Tİİ üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla üç dəstək mexanizmi hazırlanacaq. Həmin mexanizmlərdən biri pilot olaraq həyata keçiriləcək.

Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edir. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, Azərbaycan ilə təmsil etdiyi qurum arasında əməkdaşlıq müxtəlif sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla davam edir. O, layihənin əsas məqsədinin Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiyayönümlü yeni mexanizmlərin yaradılması olduğunu qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkədə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradıldığını, layihənin uğurlu nəticələr verəcəyinə əminliyini qeyd edib.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev layihə barədə fikirlərini bildirib, onun təhsilə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Sonra müzakirələr aparılıb.

 

Azərbaycan. - 2019.- 2 mart.- S.8.