Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə “Bakı Marafonu-2019” başlayır
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.
AZƏRTAC xəbər verir ki, "Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər martın 4-dən mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki ("28 Mall”, "Gənclik Mall”, "Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya "Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.
Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, eyni zamanda, tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilər. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.
"Bakı Marafonu-2019”un
eksklüziv tərəfdaşı "Azercell Telekom” şirkətidir.
Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya
Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyaları Nazirliyi, "Regional İnkişaf” İctimai
Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi
ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG)
şirkəti həyata keçirəcək.
"Bakı Marafonu-2019”un
mükafatlandırılması iki kateqoriyada olacaq. Belə ki,
marafonun kişi və qadın iştirakçıları
qaçış zolağında ilk 3 yer uğrunda mübarizə
aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər
birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN,
3-cü yerin qalibi isə 1 000 AZN məbləğində
mükafat və hədiyyələrlə, eləcə də
medal və sertifikatlarla təltif olunacaq.
O cümlədən bütün
marafon iştirakçılarına və yarışın təşkilində
dəstək göstərən könüllülərə
sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən
ilk 1000 iştirakçı isə "Bakı Marafonu-2019”un
xüsusi medalları ilə təltif ediləcək.
Bundan əlavə, marşrut boyunca
bir sıra əyləncəli proqramlar təşkil ediləcək.
Qeyd edək ki, ötən il
keçirilən sonuncu Bakı marafonunda 18 min
iştirakçı qeydiyyatdan keçmişdi.
Keçən yarışlara Azərbaycan
vətəndaşları ilə yanaşı, ölkəmizdə
yaşayıb-çalışan əcnəbilər, ABŞ,
Braziliya, Çex Respublikası, Fransa, Hindistan, İran,
İsveçrə, İspaniya, Qazaxıstan, Malayziya, Meksika,
Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan,
Türkmənistan, Ukrayna və digər ölkələrin Azərbaycandakı
səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin, "BP Azərbaycan” şirkətinin,
Böyük Britaniyanın Azərbaycana Birgə Yardım
(UAFA) təşkilatının təmsilçiləri də
qoşulmuşdu. Yarımarafonlarda ABŞ, Almaniya, Avstriya, Birləşmiş
Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin,
Fransa, Gürcüstan, İraq, İran, İspaniya, Keniya,
Kolumbiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya və digər
ölkələrdən turistlər də iştirak
etmişdi. Layihə region sakinləri tərəfindən
böyük maraqla qarşılandığından 2017-ci il
sentyabrın 17-də Gəncə şəhərində də
yarımarafon təşkil olunmuşdu.
"Bakı Marafonu-2019” ilə
bağlı yeniliklər, yarış ərəfəsində
keçiriləcək məşqlər barədə ətraflı
məlumatlar layihənin rəsmi feysbuk səhifəsi -
www.facebook.com/bakumarathon və www.baku.marathon.az saytında təqdim
ediləcək.
Azərbaycan.-
2019.- 2 mart.- S.8.