Azərbaycan BMT məkanında
Ölkəmizin bu mötəbər quruma üzv qəbul
olunmasından 27 il ötür
Bu gün Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 27-ci ili tamam olur. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi. BMT-nin tamhüquqlu üzvlüyünə qəbul olunmaqla Azərbaycan ilk növbədə beynəlxalq səviyyədə özünün maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazandı.
Azərbaycan beynəlxalq diqqəti Dağlıq
Qarabağ münaqişəsinə yönəltdi
1992-ci ilin həmin tarixində ermənilər Azərbaycan ərazilərində hərbi əməliyyatları intensivləşdirmiş, Malıbəylidə, Xocalıda dinc azərbaycanlı əhalinin soyqırımını həyata keçirmişdilər. Belə bir vaxtda respublikamız BMT-yə üzv qəbul olunmaqla ilk növbədə informasiya blokadasının yarılması, Dağlıq Qarabağda baş verənlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm platforma qazandı. Bu təşkilatla əməkdaşlığa başlayandan sonra respublikamız onun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi, BMT-nin potensial imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışdı. 1993-cü il ərzində BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. Bu qətnamələrdə Dağlıq Qarabağ və digər ərazilərin işğalı göstərildi, erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb olundu.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizin BMT tribunasından daha səmərəli yararlanması diqqəti cəlb edir. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə daha çox cəlb etməyə başladı. 1994-cü ilin sentyabrında BMT Baş Məclisinin iclasında nitq söyləyən Heydər Əliyev bu tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırdı, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etdi. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Heydər Əliyev bu qurumun yüksək kürsüsündən mövcud qlobal problemlərə dair Azərbaycanın prinsipial mövqeyini açıqladı, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırdı. Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında çıxışında da qlobalizasiya mövzusuna toxundu, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etdi.
Prezident İlham Əliyev xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Məclisinin sessiyasında iştirak etmiş, milli sosial-iqtisadi inkişaf, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdı. BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü.
Həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salındı. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edildi. Bu sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənir.
2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev diqqəti bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir.
Bütün sahələrdə səmərəli əməkdaşlıq
formalaşıb
Azərbaycan Respublikası BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin qaçqınlar üzrə ali komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Dünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar. Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə Azərbaycanın UNESCO-nun nəzdində Milli Komissiyası təsis edilib.
Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə bu orqanlara seçkilərdə aktiv iştirak edir. Respublikamız 1995-1997, 1998-2000-ci illər ərzində UNICEF-in İcra Heyətinin, 2000-2002-ci illər ərzində Qadınların vəziyyəti haqqında Komissiyanın və 2002-2004-cü illər ərzində BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilib.
Azərbaycan BMT Təhlükəsizlik Şurasında
2011-ci ildə Azərbaycanın həm beynəlxalq, həm də BMT-dəki diplomatik uğurları sırasına mühüm əlamətdar hadisə əlavə olundu. Həmin il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə Azərbaycan bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) üzv seçildi. Bu möhtəşəm hadisə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf etdiyi üçün cəmiyyətimizin xoş ovqatını daha da yüksəltdi. Bu münasibətlə xalqımızı təbrik edən Prezident İlham Əliyev Azərbaycanın BMT TŞ-yə üzv seçilməsini tarixi nailiyyət kimi qiymətləndirdi.
Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT TŞ-nin üzvü seçilən ilk ölkə olmuşdur. Bununla yanaşı, Azərbaycanın BMT TŞ-nin üzvü olarkən ən mühüm müvəffəqiyyəti 2012-ci ilin may ayında, BMT TŞ-yə sədrlik etdiyi dövrdə terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksəksəviyyəli konfransın keçirilməsi idi. Bu, Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərindən biri olmaqla ölkəmizin beynəlxalq aləmdə çəkisinin artması, dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi demək idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi konfransda BMT-nin Baş katibi Ban Ki Mun və Təhlükəsizlik Şurasının digər yüksəksəviyyəli nümayəndələri iştirak edirdilər.
Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı, TŞ-yə sədrliyi zamanı sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Təbii ki, Azərbaycanın bütün məsələlərlə bağlı özünün mövqeyi var idi. Digər tərəfdən, Azərbaycanın BMT TŞ-də fəaliyyəti ərzində diplomatiyamızın səyləri dövlətimizin mili maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Terrordan və işğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxladı.
İlham Əliyevdən
Ermənistana növbəti diplomatik zərbə
Azərbaycan Prezidentinin 2017-ci il
sentyabrın 20-də Nyu Yorkda BMT Baş Assambleyasının
72-ci sessiyasının açılışında etdiyi
çıxış ölkəmizin Ermənistana növbəti
siyasi-diplomatik zərbəsi kimi tarixə düşdü. Bununla
həm də Ermənistanın beynəlxalq səviyyədə
ifşası istiqamətində növbəti uğurlu
addım atıldı. Prezident İlham Əliyev
çıxışında öncə Ermənistanın
işğalçılıq siyasətindən və BMT-nin qərarlarının
hələ də icra olunmamasından bəhs etdi. Prezidentin
xüsusi vurğuladığı məqam isə Ermənistan
prezidentini hərbi kriminal adlandırması idi. Tam yerinə
düşən bu ifadə o zaman Ermənistana rəhbərlik
edən S.Sarkisyanın terrorçu mahiyyətini bütün
incəliklərinə qədər ifadə etdi. Ən əsası
isə ondan ibarətdir ki, Ermənistan hakimiyyəti
S.Sarkisyanın hərbi cinayətkar olduğunu heç vaxt təkzib
edə bilmədi.
Azərbaycan bu gün bir çox
mötəbər təşkilatların üzvü olmaqla
onların işində yaxından iştirak edir. Belə təşkilatlardan
biri olan BMT ilə səmərəli əməkdaşlıq
Azərbaycanın beynəlxalq əlaqələrinin
inkişafında mühüm rol oynamaqla yanaşı,
respublikamızın dünya miqyasında nüfuzunun möhkəmlənməsinə,
imicinin yüksəlməsinə yol açır. Diqqəti
çəkən məqam həm də odur ki, Azərbaycanın
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun inkişafına, multikulturalizm dəyərlərinin
yayılmasına göstərdiyi təşəbbüslər
BMT tərəfindən ən yüksək səviyyədə
dəstəklənir. Bütün bunlar Azərbaycanın
BMT-nin nüfuzlu üzvü olmasından xəbər verir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 2 mart.- S.10.