Prezident mədəni inkişaf məsələlərini ziyalılarla müzakirə etdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər.

Həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə dövlət başçısının bir çox görüşləri olub. Bu dəfə isə daha geniş formatda görüş keçirildi. Prezident İlham Əliyev respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, bütün sahələrdə çox ciddi islahatlar aparıldığı bir vaxtda buna ehtiyac olduğunu xüsusi vurğuladı.

Dövlət başçısı islahatların yeni mərhələsinin anonsunun keçən il prezident seçkilərindən sonra verildiyini, bu istiqamətdə çox fəal aparıldığını və bu ilin əvvəlindən genişmiqyaslı islahatların həyata keçirildiyini qeyd etdi. Bildirdi ki, bu islahatlar bütün sahələri əhatə edəcək: "İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan, 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır”.

İlin uğurlu başladığını, iqtisadi sahədə həyata keçirilən islahatların gözəl nəticələr verdiyini söyləyən Prezident İlham Əliyev bu ilin birinci ayının yüksək göstəricilərini nəzərə çarpdırdı. İqtisadiyyatımızın demək olar ki, tamamilə bərpa edildiyini vurğulayan ölkə rəhbəri iqtisadi inkişaf baxımından bu il çox ciddi nəticələr olacağına əminliyini ifadə etdi.

İndiyədək bütün sahələrdə həyata keçirilən islahatları nəzərə çatdıran Prezident mədəni inkişaf məsələlərini ziyalılarla müzakirə etdi. Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı naminə teatrlarımızın, muzeylərimizin əsaslı təmir edildiyini, yenilərinin tikildiyini vurğuladı.

Həmçinin dini abidələr əsaslı şəkildə təmir edilib. Bakıda və bölgələrdə yüzlərlə məscid bərpa olunub. Onların arasında böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilib, Heydər Məscidi tikilib.

İlk qərarlarından birinin də Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çap etdirilməsi olduğunu vurğulayan Prezident İlham Əliyev o zamankı vəziyyəti də xatırlatdı: "Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”.

Kinoteatrların yaradılmasını, özəl kinoteatrların fəaliyyətə başlamasını dövlət rəhbəri sevindirici hal kimi dəyərləndirdi. Prezidentin görüşdə vurğuladığı kimi, ötən müddət ərzində Nizami Kino Mərkəzi əsaslı şəkildə təmir edildi. Görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyuldu. Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazibaşqa görkəmli mədəniyyət xadimlərimizin xatirəsi əbədiləşdirildi. İki konservatoriyamızdan biri əsaslı şəkildə təmir edildi, digəri isə yenidən tikildi.

İndiyədək mədəniyyət sahəsində görülən işlər çox olsa da, qarşıda yeni işlər var. Prezident İlham Əliyev görüşdə iştirak edən mədəniyyət və incəsənət xadimlərinə müraciət etdi: "Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq”. Bu məsələlərə daha da geniş kontekstdə baxılmasını mühüm hesab edən ölkə rəhbəri vacib məqamlara diqqəti yönəltdi: "Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz”.

Gənc nəslin milli ruhda tərbiyə olunmasına böyük əhəmiyyət verən dövlət başçısı mədəniyyət və incəsənət xadimləri ilə görüşdə də bildirdi ki, bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün əsas amil isə Prezident İlham Əliyevin söylədiyi kimi, bizim mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, ana dilimiz, milli təfəkkürümüzdür.

Görüşdə çıxış edən xalq yazıçısı Anar, xalq artistləri Firəngiz Əlizadə, Arif Babayev, Zeynəb Xanlarova, Fərhad Bədəlbəyli, Hacı İsmayılov, xalq rəssamı Tahir Salahov və başqaları həyata keçirilən işlərin uğurlu nəticələrindən söz açdılar, Azərbaycan mədəniyyətinin, incəsənətinin bundan sonrakı inkişafı naminə görəcəkləri işlərdən danışdılar və təkliflərini söylədilər.

Mədəniyyətimizin inkişafı ilə bağlı aparılan işlərə yekun vuran dövlət başçısı, qarşıdakı vəzifələri də müəyyənləşdirdi.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2019.- 3 mart.- S. 1-2.