Qax turizm və sağlamlıq mərkəzinə
çevrilir
Azərbaycanda turizm ildən-ilə sürətlə inkişaf etməkdədir. 2017-ci ildə turizmin inkişafına görə respublikamız beynəlxalq reytinq cədvəlində 13 pillə ən çox irəliləyən ölkə olmuşdur. Yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev turizm sənayesinin ölkədə çox geniş imkanlara malik olduğunu bildirmiş və bu sahənin inkişafı üçün bir çox göstərişlər vermişdir. Həmin göstərişlərə əsasən, Qax rayonunda da xeyli işlər görülməkdədir.
Qax rayonu Böyük Qafqaz sıra dağlarının cənub-qərb ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala rayonu, cənub-şərqdən Şəki rayonu, cənub-qərbdən isə Yevlax və Samux rayonları ilə həmsərhəddir.
Qax rayonunun bütün təsərrüfat sahələrində ilbəil baş verən müsbət dəyişiklikləri görəndə həm təəccüblənir, həm də çox böyük qürur hissi keçiririk. Rayonda inşa edilən çoxsaylı təsərrüfat obyektləri, yüksək dərəcədə inkişaf etmiş infrastruktur sahələri, idman qurğuları, turizm, istirahət, iaşə və s. sahələrdə sadalamadığımız digər obyektlər Prezident İlham Əliyevin Azərbaycanın bütün bölgələrinə, o cümlədən Qax rayonuna göstərdiyi diqqətin və qayğının bariz nümunəsidir. İndi Qax rayonu 20-30 il bundan əvvəlkindən çox fərqlənir. Qax rayonu müasir gözəlliyi ilə nəinki Azərbaycanın, eləcə də Avropanın bir sıra şəhərləri arasında müqayisə edilə bilər.
Rayonun ərazisində dörd iqlim zonası mövcuddur. Burada temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 400C, Acınohurda isə müsbət 400C-yə qədər temperatur müşahidə olunur. Rayonun xeyli sahəsində subtropik tipli iqlim olur.
Qax rayonu Böyük Qafqazın Azərbaycan hissəsinin su ehtiyatlarının 3873 km3 və ya 13 faizini təşkil edir. Bu məkan Azərbaycanda yeraltı və yerüstü su resurslarına görə, xüsusən də termal və mineral suların zənginliyi ilə fərqlənir. Digər xammal ehtiyatlarından fərqli olaraq, rayon ərazisində böyük müalicəvi əhəmiyyəti olan termal sular və mineral bulaqlar da qeydə alınmışdır. Bunlardan "Oğlanbulaq”, "Qızbulaq” və "Hamambulaq” daha məşhurdur. Qax rayonunun termal suları, əsasən rayonun dağəmələgəlmə proseslərinin davam etdiyi yüksək dağlıq ərazilərdə daha çox yayılmışdır. Termal suların mövcud olduğu ərazilərin əksər hissələrində avtomobil yollarının olmaması onlardan istifadə imkanlarını çətinləşdirir. Bu ərazilərə avtomobil yolunun çəkilişi çox böyük maliyyə resursları tələb etdiyindən hələlik belə ərazilərə avtomobil yollarının çəkilişi real görünmür.
Digər tərəfdən, belə ərazilərdə qış vaxtı iqlim sərt keçdiyindən qış aylarında insanların dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə daimi istirahət və müalicə məqsədilə istirahət etmələri real görünmür. Digər tərəfdən, dəniz səviyyəsindən yüksək olan belə ərazilərdə tez-tez baş verən qar uçqunlarının, sürüşmələrin, zəlzələlərin, sellərin neqativ təsiri nəticəsində termal suların yer səthinə çıxdığı yerlərdə "gözləri itir” və qeyri-müəyyən yerlərdə Kürmük çayına qarışırlar. Fasilələrlə baş verən təbii fəlakətlər göstərilən ərazilərdə mövcud termal suların debitinin, temperaturunun qismən azalmasına və ya çoxalmasına səbəb olur. Azərbaycanda xarici və daxili turizmin son illərdə yüksək səviyyədə inkişafını nəzərə alaraq, Qax rayonunun termal və mineral sularından da səmərəli istifadənin təmin edilməsi üçün vaxt itirmədən göstərilən ərazilərdə mövcud təbii fəlakətlərə qarşı əsaslı tədbirlər görülməlidir.
* * *
Bizim üçün bəzi hallarda istifadəsi əlçatmaz olan Qax rayonunun termal sularını 150 il bundan əvvəl rus, alman, polyak, yəhudi və s. ölkələrin alimləri tədqiq etmiş, termal və mineral bulaqların texniki göstəriciləri haqqında tam dəqiqliklə məlumat vermişlər. Termal və mineral suların debiti, temperaturu, kimyəvi tərkibi, müalicəvi xüsusiyyətləri və s. göstəriciləri özünün elmi praktiki əhəmiyyətini bu gün də saxlayır.
Qaxın 1500 km2 ümumi ərazisində
5 termal və 6 mineral soyuq bulaq var. Onlardan yeddisi bilavasitə
yer səthinə çıxışı olan termal
sulardır. İlisu, Qaynama, Nohbulaq, Kürmükçay hər
birinin bir çıxışı olan bulaqlardır. Göstərilən
termal və mineral bulaqların ilk tədqiqi 1887-ci ildə
Q.V.Strube, 1928-ci ildə isə K.N.Paffenqolts tərəfindən
aparılmışdır. İlisu termal suyunun hərarəti
müsbət 400C-yə, debiti 40000 litr/sutkaya bərabərdir.
Paffenqoltsun 1930-cu ildə İlisunun termal suyunun kimyəvi tərkibi
haqda çap etdirdiyi məqalə 1940-cı ilə qədər
İlisu termal suyu haqda nəşr olunan ilk və yeganə elmi
məqalə olmuşdur. Sonrakı illərdə Azərbaycan
tədqiqatçıları bu sahədə
araşdırmaları davam etdirmişlər.
İlisu termal su mənbəyi dəniz
səviyyəsindən 1460 metr yüksəklikdə
Kürmük çayının sol qolu olan Hamamçayın
sol sahilində yerləşir və çoxsaylı
çıxışları olan termal sulara malikdir.
Hamamçayın geniş vadisi ilə İlisu termal su mənbəyinə
gedən yol tədricən daralaraq eni 3-4 metrə
çatır və kanionvarı dərə əmələ gətirir
və Qızbulağın çıxışında bu ərazi
sıldırımlı qayalarla əvəz olunur. İlisuyun əsas
mənbəyindən çıxan sular çaydan təxminən
12-15 metr hündürlükdə yerləşən şaquli
vəziyyətdə yerləşmiş qayaların
çatlarından çıxır.
Oğlanbulağın bu suyundan yerli və
Gürcüstanın yaxın yaşayış məntəqələrindən
gələn əhali 3x3 m sahəsi və 1,4 metr dərinliyi
olan hovuzdan müalicə üçün istifadə edərmişlər.
Oğlanbulaqdan 20 metr şimalda hərarəti müsbət
400C olan Qızbulaq termal suyu yerləşir. Qızbulaqdan
azacıq şimalda isə temperaturu müsbət 350C olan
çoxsaylı çıxışlı termal sular
mövcuddur. Bundan başqa, çayın sağ sahilində hərarəti
müsbət 350C olan termal sular istifadəsiz axır. İnsan
sağlamlığı üçün çox qiymətli
olan, hələlik istifadə edilməyən bu sular
Oğlanbulağa qarışaraq Hamamçaya
çıxır. Suyun kimyəvi tərkibi xlor, natrium, kalsium
və s. element ionları ilə zəngindir.
* * *
İlisu termal suyunun əsas
çıxışı olan Oğlanbulaq və Qızbulaq
sularının çıxdığı ərazi qədimdən
yerli əhali tərəfindən müqəddəs bir ziyarətgah
kimi qəbul edilmişdir. Ona görə də bura gələn
insanlar saf niyyətlə gəlməlidirlər. Həmin
bulağın çıxdığı yerdə iki vanna fəaliyyət
göstərir. Vanna qəbulu isə pulsuzdur.
İlisu termal suları tərkibində
natrium hidrokarbonat və sərbəst karbonat turşusu olan qələvi
karbonat tərkibli su qrupuna aiddir.
Rayonun ərazisində yerləşən
digər mineral sular əsasən yerli əhali tərəfindən
xəstəliklərin müalicəsi üçün istifadə
edilir. Tarix boyu burada yaşayan insanlar bəzi xəstəliklərini
müalicə etmək üçün göstərilən
soyuq mineral bulaqların ətrafında xəndəklər
qazır, böyük çay daşlarını tonqalda
qızdırıb, qızmar daşları həmin xəndəklərə
tökərək suyu isidib, vanna kimi istifadə edirmişlər.
Belə mineral bulaqlardan biri də
rayonun Suskəndi yaxınlığında yer səthinə
çıxan, öz kimyəvi-mineral tərkibinə görə
məşhur Naftusiya hidrokarbonatlı mineral sularla
oxşarlıq təşkil edən "Qax” mineral
bulağıdır. 1988-ci ildən həmin su
qablaşdırılaraq çox məhdud sayda Bakı şəhərində,
respublikanın digər şəhər və rayonlarında
satışa çıxarılır. Onun əsasında
1989-cu ilin fevralından etibarən "Şəfa” müalicə
pansionatı da fəaliyyət göstərir.
Pansionata gələnlərin əksəriyyəti
"Qax” mineral suyu ilə müalicəyə
üstünlük verənlərdir. Süfrə suyu kimi də
məşhur olan bu suyun tərkibi müxtəlif minerallarla zəngin
olduğundan onun çox böyük müalicəvi əhəmiyyəti
vardır. Pansionatda mədə-bağırsaq, qaraciyər,
öd yolları, maddələr mübadiləsi
pozğunluqları, böyrək daşı, ürək
qan-damar, sümük oynağı sistemi və başqa xəstəliklər
müalicə olunur. Burada xəstələr təbii bitki mənşəli
vannalar, parafin-naftalanlı müalicə, fizioterapiya, masaj, mədənin
və bağırsağın yuyulması və s. müalicələr
alırlar. 70 nəfər tibbi heyətin
çalışdığı pansionatın müalicə
şöbəsində yüksəkixtisaslı uroloq, kardioloq,
terapevt, pediatr fəaliyyət göstərir.
Təəssüf ki, hər cür
şəraiti və böyük müalicəvi əhəmiyyəti
olan bu müalicə müəssisəsi 1997-ci ilin fevral
ayından ilin cəmi 4 ayı (iyun-sentyabr) fəaliyyət
göstərir. Qalan vaxtlarda isə işçilər məcburi
məzuniyyətə göndərilir. Halbuki 1997-ci ilin fevral
ayına qədər pansionat il boyu fəaliyyət göstərmişdir.
Əlaqədar təşkilatlar xəstələrə şəfa
bəxş edən bu müalicə-istirahət müəssisəsinin
daha da genişləndirilməsi və il boyu fəaliyyət
göstərməsi üçün müvafiq tədbirlər
görsə, bunun böyük əhəmiyyəti olar.
* * *
Qax rayonu ərazisində yerləşən
"Uludağ” istirahət və turizm mərkəzi 2005-ci ildə
istifadəyə verilmiş, dörd hektar sahəni əhatə
edir. İlisu termal suyu plastik borularla mərkəzə gətirilmişdir.
Mərkəzdə kafe, bar, restoran eyni vaxtda 140-150 nəfər
yerli və xarici turistlərə xidmət göstərir. 2-4 nəfərlik
kotteclər, bura istirahətə gələnlər
üçün vannalar, hovuz, eləcə də uşaqlar
üçün kiçik hovuz, kişi və qadınlar
üçün masaj kabinləri, həkim məntəqəsi
və s. fəaliyyətdədir. Vannaların qəbulu, masaj,
hovuzdan istifadə üzrə qiymətlər Avropa ölkələrində
olan müalicə mərkəzlərindəki qiymətlərdən
ucuzdur.
İnsanların burada qəbul etdikləri
müalicə vannaları qan-damar, dayaq-hərəkət
sistemlərinin, qan təzyiqi, ginekoloji, damar, dəri, piylənmə
və s. xəstəliklərin müalicəsində çox
yaxşı nəticə verir. Uludağa 6 kilometr məsafədən
çəkilən plastik borular açıq halda olduğundan
gətirilən termal suların hərarəti 10-150C
aşağı düşür və suyu yenidən
qızdırmaq lazım gəlir. Bu isə onun müalicəvi
xüsusiyyətinə mənfi təsir göstərir.
"Uludağ” turizm və istirahət mərkəzinə
çəkilib gətirilmiş bu termal su bir neçə yerdə
Kürmük çayından keçdiyindən
vaxtaşırı çayda baş verən sellərin, eləcə
də sürüşmələrin, zəlzələlərin,
qar uçqunlarının təsirinə məruz qalaraq
yararsız hala düşür. Göstərilən təbii
proseslərdən suyun gətirildiyi plastik boruları qorumaq
üçün hər dəfə külli miqdarda maliyyə
vəsaiti sərf olunur. "Uludağ” turizm və istirahət
mərkəzinə plastik borularla gətirilən termal su
qış aylarında hökm sürən kəskin
şaxtalar zamanı donur və ondan istifadə edilə bilmir.
Göstərilən termal sudan il boyu istifadə
üçün müvafiq təsirli müdafiə tədbirləri
görülərsə, bura gələnlərin sayı artar.
Burada yalnız müalicəyə gələnlərin təzyiqinin
ölçülməsi və vanna qəbulundan başqa əsaslı
digər tibbi xidmətlər, demək olar ki, yoxdur.
Qax rayonunun iş adamları rayonda
tikdirdikləri çoxlu mehmanxana, ictimai iaşə obyektləri,
istirahət, əyləncə və s. sahələrə
külli miqdarda vəsait qoymuşlar. Onların tikdirdikləri
dəbdəbəli qəsrlər o zaman səmərə verə
bilər ki, rayon mərkəzindən çoxlu termal suları
olan ərazilərə nəqliyyat yolları çəkilsin
və beləliklə, turist axını artsın.
Qax rayonu Azərbaycanın ən
çox təbiət abidələrinə: şəlalələrə,
füsunkar sıldırımlı relyefə, selli dağ
çaylarına, hələlik istifadə olunmayan tarixi
qalalara, məbədlərə, dini yerlərə və s.
malik olmaqla belə yerlər haqqında çox ətraflı
bukletlər, xəritə sxemlər hazırlanmalı və
onlar rayona xarici ölkələrdən gələn turistlərin
diqqətinə çatdırılmalıdır.
Turistlər üçün yol boyu bəlli
kilometrdən bir Qax rayonuna nə qədər
qaldığını, yollarda olan hotel və kempinqlər,
yanacaqdoldurma məntəqələri, yaxınlıqda olan
tarixi və təbii abidələr və s. kimi
çoxsaylı məlumatverici nişanların olması
yaxşı olardı.
Payız və qış aylarında
rayonda işsizliyin qismən azaldılması, həm də
rayona gələn turistlərin marağını artırmaq
üçün toxuculuq, xalçaçılıq, müxtəlif
növ suvenirlərin və başqa sahələrin
inkişafının təşkili Qax sakinlərinin arzusudur.
Bakı-Yevlax-Balakən dəmir yolu Qax şəhərindən 15 km məsafədən keçir. Bu dəmiryol xəttinin bilavasitə həm də Qax şəhərinə kimi çəkilməsi rayonun bütün təsərrüfat sahələrinin, o cümlədən yerli və xarici turizmin inkişafına müsbət təsir göstərər.
Azərbaycanın əksər bölgələrində olduğu kimi, Qax rayonunda da hotellər, kempinqlər, ictimai iaşə obyektləri, turizm və əyləncə mərkəzlərində qiymətlərin yüksək olması turizmin inkişafına mənfi təsir göstərir. Bunları nəzərə alaraq qiymətlərin tənzimlənməsinə də xüsusi diqqət göstərilməlidir.
Neron BABAXANOV,
BDU-nun professoru
İsmayıl
ƏLİYEV,
BDU-nun professoru
Azərbaycan.-
2019.- 2 mart.- S. 11.