Növbə problemli kreditlərin həllinə
çatdı
Prezidentin imzaladığı fərman minlərlə vətəndaşımızı
kredit girovluğundan xilas edəcək
Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu qəbul etdiyi qərarlarla, imzaladığı fərman və sərəncamlarla, verdiyi tapşırıq və tövsiyələrlə dəfələrlə sübut edib. Sübut edib ki, dönə-dönə xatırlatdığı "Bizim əsas vəzifəmiz xalqın güzəranını yaxşılaşdırmaqdır” bəyanatının arxasında bu istiqamətdə həyata keçirilən konkret əməl, real addımlar durur.
Bu baxımdan artıq iki ayını arxada qoyduğumuz 2019-cu ili ayağı sayalı il kimi də qəbul etmək olar. Prezidentin minimum əməkhaqqı və minimum pensiyaların kifayət qədər yüksək faizlə artırılması, əhalinin dövlətin qayğısına daha çox ehtiyacı olan təbəqələrinin, o cümlədən əlillərin, müharibə veteranlarının, məcburi köçkünlərin, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş vətəndaşlarımızın, eləcə də tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və s. digər tədbirlərlə bağlı imzaladığı sərəncamlar yüz minlərlə ölkə vətəndaşını əhatə edir. Artıq Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB-də ikincidir. Ölkəmiz orta aylıq əməkhaqqına görə də keçmiş İttifaq respublikaları sırasında ön yerlərdədir. Bu gün Azərbaycan həm də ödənilən sosial müavinətlərin sayına və həcminə görə fərqlənir. Prezidentin təkcə cari il bu istiqamətdə imzaladığı sərəncamlardan əhalinin demək olar, bütün təbəqələri - tələbədən pensiyaçıyadək hamı bəhrələnir.
Amma ölkədə müəyyən bir təbəqə də var ki, onların problemi tamam fərqlidir. Bu nə əməkhaqqı, nə də sosial ödənişlə bağlıdır. Bəli, söhbət məlum səbəbdən - neftin qiymətinin kəskin ucuzlaşması üzündən manatın məzənnəsinin ucuzlaşması ilə bağlı əhalinin banklara xarici valyutalarla olan borclarını ödəməkdə çətinlik çəkmələrindən və nəticədə ölkədə problemli kredit deyilən sosial gərginliyin yaşanmasından gedir. Lakin hətta belə gərginlikdə də sözügedən problemdən əziyyət çəkən vətəndaşlarımız bütün ümidlərini dövlətə bağlayır, Prezidentin bu məsələdə onları tək qoymayacağına inanırdılar.
İnanırdılar ki, hər zaman olduğu kimi, bu problemin aradan qaldırılmasında da dövlət başçısı vətəndaşların yanında olacaq.
Budur, Prezident "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” hamının gözlədiyi fərmanı imzalamışdır. Fərmanı heç vəchlə gecikmiş hesab etmək olmaz. Dəfələrlə sübut olunmuşdur ki, Prezident İlham Əliyev hər hansı bir problemin həlli ilə əlaqədar qərar verəndə heç vaxt tələsmir, məsələnin mahiyyətini, başvermə səbəbini dərindən öyrənir, təhlil edir, eləcə də aradan qaldırılması yollarını və mənbələrini araşdırır. Bu dəfə də belə olmuşdur. Fərmanın preambulasında yazılmışdır: "Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsində də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır”.
Bəs bu yaranmış şərait xarici valyuta ilə banklara borcu olan, amma onu ödəyə bilməyən əhaliyə nə verəcək? Fərmanda bildirilir ki, qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə bu fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına 3 aydan gec olmayaraq manatla ödəniləcək:
- 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;
- 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;
- 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
Fərmanda daha sonra qeyd olunur ki, ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək. Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği isə 5000 ABŞ dollarının ekvivalentindən çox olmayacaq.
Fərmanı şərh edən mütəxəssislər qeyd edirlər ki, güzəşt yalnız 10 min ABŞ dollarına qədər olan borclara aid ediləcək və 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq. Güzəşt üçün başlanğıc tarix 2012-ci il yanvarın 1-i, son tarix isə 2019-cu il fevralın 28-dir.
Mütəxəssislər bildirirlər ki, bu fərmanla vətəndaşların 10 min dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir. Həmçinin 2012-ci il yanvarın 1-dən 2015-ci il fevralın 21-dək olan kredit borclarının hər dollar üçün dövlət büdcəsindən 25, 2015-ci il fevralın 21-dən dekabrın əvvəlinədək verilən kreditlərin hər dolları üçün isə 60 qəpik vəsait ödənilir. Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü üstələdiyi halda banklara ödənilir, həmin müddət keçmədiyi halda isə vətəndaşın özünə verilir.
Fərmana əsasən, devalvasiya nəticəsində borcun artan və hesablanmış faiz hissələri dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan məbləğ restrukturizasiya ediləcək, yəni şərtlər dəyişdiriləcək. Bu o deməkdir ki, məsələn, 2015-ci ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5 min dollar borc götürüb. Həmin tarix üçün manatla borcu 3950 manat olmuşdusa, 2015-ci il dekabrın 21-də artıq həmin məbləğ 7750 manata çatmışdır. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənilir.
Fərmanda həmçinin nəzərdə tutulur ki, devalvasiya nəticəsində kreditin artan hissəsi ödənildikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara bir il güzəşt müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılacaq. Bunun üçün Azərbaycan Mərkəzi Bankı banklara illik 0,1 faizlə ümumi həcmi 682 milyon manat kredit verəcək.
Fərman təzə
imzalanıb və bu səbəbdən, sözsüz ki, onun
şərhi, əhəmiyyəti barədə çox
yazılacaq, çox danışılacaq, mütəxəssislər
öz fikirlərini bildirəcəklər. Lakin indidən demək
olar ki, Prezidentin digər fərman və sərəncamları
kimi, imzaladığı bu sənəd də sosial sifariş
olaraq birbaşa əhalinin problemlərinin həllinə, deməli,
həm də rifahının yüksəlməsinə, güzəranının
yaxşılaşmasına və layiqli həyat səviyyəsinin
təmin olunmasına xidmət edir. Bu fərmanla bir daha
sübut olundu ki, Azərbaycan dövləti
qarşısında onun vətəndaşının mənafeyindən
üstün heç nə yoxdur.
Raqif MƏMMƏDOV
Azərbaycan.-
2019.- 2 mart.- S.1; 9.