Maştağa qəsəbəsi sakinlərinin
problemləri dinlənilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüş sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunub.
Görüşdə çıxış edən Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi sakinlərlə ilk görüşünü məhz böyük tarixə malik Maştağa qəsəbəsində keçirdiyini bildirib.
Bu gün paytaxtımızın sürətlə inkişaf etdiyini, onun müasir görkəm aldığını vurğulayan icra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamların, qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Bakı şəhəri və onun qəsəbələrində xeyli sayda yeni məktəb, uşaq bağçası, tibb müəssisələri tikilib, köhnələri əsaslı təmir olunub. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən "Abad məhəllə” layihəsi çərçivəsində son 6 ay ərzində 50-dən çox məhəllə əsaslı təmir olunub və bu işlər hazırda da davam etdirilir. Həmçinin paytaxtımızdakı çoxmənzilli binaların dam örtükləri, girişləri, fasadları əsaslı təmir olunur. "Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub. Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhəri və onun qəsəbələrinin inkişafı ilə bağlı xüsusi proqram hazırlanır” - deyə icra başçısı vurğulayıb.
Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə danışan icra başçısı bildirib ki, dövlət başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır.
Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, dövlət başçısının düşünülmüş siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edir, yeni sənaye sahələri yaradılır, insanların rifah halı gündən-günə yaxşılaşır.
Maştağanın Sabunçu rayonunun ən böyük qəsəbələrindən biri olduğunu bildirən Şamil Alıyev buradakı mövcud infrastruktur obyektləri, tarixi abidələr barədə ətraflı məlumat verib. Bildirib ki, son illər bütün ölkə ərazisində olduğu kimi, qəsəbədə də təhsil, səhiyyə, sənaye və digər sahələrdə mühüm nailiyyətlər əldə edilib.
"Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən maştağalılar Bakı şəhərində, eyni zamanda, Maştağa qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa dəstək ifadə ediblər.
Görüşdə 35 nəfər sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.
Bu kimi görüşlərin digər qəsəbələrdə
də keçirilməsi nəzərdə tutulub.
Azərbaycan.-
2019.- 3 mart.- S. 2.