Gənclər siyasətində əsaslı dönüş yaradacaq qanun layihəsi hazırlanıb
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyanın 96-cı maddəsini rəhbər tutaraq "Gənclər siyasəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib. Qanun layihəsi parlamentdə 2-ci oxunuşda qəbul olunub.
Təklif edilən dəyişikliklər olduqca mühüm, zəruri, aktualdır, cari dövrün tələbatından irəli gəlir. Müzakirəyə çıxarılan dəyişikliklər gənc nəslin fiziki və mənəvi sağlamlığına, gənclərin ölkədə, cəmiyyətdə layiqli yer tutmasına, onların bütün problemlərinin tez həll olunmasına daha münbit şərait yaradır.
Təklif olunan dəyişiklikləri zəruri edən Prezidentin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş Tədbirlər Planıdır. Qanunun elə ilk maddəsinə yeni müddəalar əlavə edilərək, onun əsas anlayışları daha da genişləndirilib və "sosial müdafiəyə ehtiyacı olan gənclər”, "risk qrupunda olan gənclər”, "gənc alim və tədqiqatçı”, "tələbə özünüidarəetməsi”, "gənclərin könüllü fəaliyyəti” kimi anlayışlara müvafiq təfsirlər verilib.
Məsələn, müəyyən edilir ki, gənclərin könüllü fəaliyyəti - gənclərin "Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı fəaliyyət növüdür. Gənc alim və tədqiqatçı kimi yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar müəyyənləşdirilir və s.
Qanun layihəsinin "Gənclər siyasətinin məqsəd və prinsipləri” adlanan üçüncü maddəsinə üç yarımbənd əlavə edilir ki, onlar günümüzün reallıqlarından irəli gələrək gənclərin maraq və ehtiyaclarının nəzərə alınmasını, onlara aid siyasətin formalaşmasında, həyata keçirilməsində və qiymətləndirilməsində bilavasitə gənclərin özlərinin iştirakını təmin edir, gənclərin təhsili və məşğulluğunun təmin edilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir.
"Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri” adlanan 4-cü maddəyə də çox əhəmiyyətli dəyişikliklər təklif edilib. Belə ki, gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması ilə yanaşı, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Gənclərin bu və ya digər sahələrdə maarifləndirilməsi məsələlərinə çox böyük əhəmiyyət verilir və bununla əlaqədar kadrların hazırlanmasının, o cümlədən gənclərlə işin təhlili, planlaşdırılması, təşkili və qiymətləndirilməsi üzrə mütəxəssislərin hazırlanmasının və əlavə təhsilinin təmin olunması, bu məqsədlə mütəmadi təlimlərin təşkili layihənin ayrıca yarımbəndində əksini tapıb.
Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri genişləndirilərək, buraya aztəminatlı gənc ailələrin sosial müdafiəsi, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, gənclərin sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlərin həyata keçirilməsi, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, gənclər arasında könüllülük fəaliyyətinin təşviqi, hər növ ekstremizmin və radikalizmin qarşısının alınması kimi məsələlər salınıb. Gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması, gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədi ilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi də dövlətin vəzifələrinə daxil edilib.
Qanun layihəsində xüsusi diqqət gənclərin mənəvi-əxlaqi tərbiyəsinə, xüsusi və mədəni həyatda iştirakına yönəlmişdir. Yaradılacaq "Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsində risk qrupunda olan gənclərə xidmətlər göstərilməsi, onların hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsi, sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi, cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə kömək göstərilməsi, risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi kimi vəzifələr nəzərdə tutulur.
Xüsusi əhəmiyyət kəsb edən "Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı” başlıqlı 7-ci maddədir. Burada gənclərin fiziki və reproduktiv sağlamlığının qorunması, pulsuz tibbi müayinə və gənclər arasında zərərli vərdişlərə qarşı təbliğat və sağlam həyat tərzi ilə bağlı maarifləndirmənin həyata keçirilməsi nəzərdə tutulur.
Gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı və layihədə əksini tapmış digər dəyişikliklər və əlavələr xüsusi önəm daşıyır.
İnternet məkanında gənclərimizin fəaliyyəti haqqında düşünürəm ki, ayrıca danışmalıyıq. Sosial şəbəkələr müasir dövrün ən mühüm yenilik və nailiyyətlərindən biridir, insan həyatı və münasibətlərinə ciddi təsir göstərən, hətta onların xarakterində dəyişikliklərə səbəb olan bir amildir. Sosial şəbəkələr insanlar arasında məkan və məsafə məfhumunu aradan qaldırır, bir-birindən minlərlə kilometr aralıda olan fərdlərlə asanlıqla təmasa girmək, həm ictimai məzmunlu fəaliyyətdə olmaq və müzakirələr aparmaq, həm də şəxsi əlaqələr qurmaq üçün geniş meydan açır. Bu baxımdan sosial şəbəkələri XXI əsrin unikal imkanı kimi dəyərləndirmək olar.
Azərbaycan hakimiyyəti və şəxsən ölkə Prezidenti sosial medianın qeyd olunan müsbət cəhətlərini nəzərə alaraq bu sahədə tam azadlıq və sərbəstliyi təmin etmişdir. Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev beynəlxalq informasiya agentliklərinin V konqresinin iştirakçıları ilə görüşdə söz və mətbuat azadlığı ilə bağlı ölkəmizə yönəlik iddiaları qətiyyətlə rədd edərək demişdi: "Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - "Facebook”da və "Twitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?!”
Şübhə yoxdur ki, bu sözlərin deyilməsindən keçən iki ildən də artıq müddət ərzində Azərbaycanda həm internet, həm də sosial şəbəkə istifadəçilərinin sayı bir qədər də artmışdır. Halbuki bu azadlıq heç də dünyanın bütün ölkələrində təmin edilmir. Bir sıra ölkələrdə bu və ya digər səbəblərdən sosial şəbəkələrə çıxışa tam və ya qismən məhdudiyyətlər tətbiq olunur. Azərbaycanda da zaman-zaman bununla bağlı haqlı narahatlığa söykənən müəyyən çağırışlar səslənsə də, Prezident İlham Əliyev azad internetin və sosial şəbəkələrin sərbəst fəaliyyətinin prinsipial tərəfdarı kimi çıxış edir. Təəssüflər olsun ki, dövlət başçısının dövlətimiz və cəmiyyətimiz üçün böyük və strateji əhəmiyyət daşıyan bu mövqeyi heç də bütün vətəndaşlar tərəfindən düzgün qiymətləndirilmir, yaradılmış imkandan sui-istifadə edən fərdlərə və qruplara rast gəlinir. Bir sıra hallarda isə bütün mənəvi-əxlaqi çərçivələrin aşılması ilə təhqirin, söyüşün baş alıb getdiyini görürük ki, buna heç bir vəchlə biganə qalmaq olmaz.
Hazırda sosial şəbəkələr informasiya müharibəsinin, ideoloji mübarizənin meydanına çevrilib. Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycanın sosial şəbəkə istifadəçiləri də bu istiqamətdə səmərəli fəaliyyət göstərməyə çalışmalıdırlar. Lakin bəzi üzdəniraq sosial şəbəkə fəalları bunun əvəzinə daxildəki ən kiçik problemləri belə şişirdərək ölkəmizi gözdən salmaqla, bu azmış kimi, dövlət və hökumət rəhbərliyini, ölkə parlamentini hədəfə almaqla, necə deyərlər, düşməni sevindirmək, onun əlinə bəhanə vermək xətti tutmuşlar.
Əlbəttə, hər bir sosial şəbəkə istifadəçisinin istənilən dövlət qurumunun işində rastlaşdığı çatışmazlıqları tənqid etmək, qarşılaşdığı neqativ halları ictimaiyyətə çatdırmaq hüququ var və buna ölkəmizdə heç bir məhdudiyyət qoyulmur. Əksinə, çoxsaylı faktlar var ki, məhz sosial şəbəkələrdə bu və digər dövlət orqanının, vəzifəli şəxsin işindəki nöqsanlarla bağlı tənqidlərə adekvat reaksiya verilmiş və problemlər operativ surətdə aradan qaldırılmışdır. Lakin bəziləri bu imkandan da yararlanmaq istəməyib açıq təhqirlər yağdırmaq, qarşıdurma yaratmaq, ictimai aqressiyaya rəvac vermək yolu ilə getməyi üstün tuturlar. Onlar bununla istər-istəməz Azərbaycanın düşmənlərinin maraqlarına xidmət etmiş olurlar, çünki sirr deyil ki, ölkəmizdəki sabitlik və davamlı inkişaf bir çox xarici qüvvələri, ilk növbədə bədnam qonşumuzu narahat edir. Ona görə sosial şəbəkələrdən söyüş və təhqir maşını kimi istifadə edərək ölkəmizin adına xələl gətirənlər düşmənin onların hərəkətlərindən məmnunluğunu görməli, dayanıb düşünməli və öz davranışlarına yenidən baxmalıdırlar.
Odur ki, təqdim olunan yeni qanun layihəsində internet məkanına aid məsələlərin
əksini tapması olduqca vacibdir.
Bu baxımdan layihənin 5.8 bəndini xüsusi qeyd etmək istərdim.
Bu bənd
müvafiq icra hakimiyyəti
orqanları tərəfindən 18 yaşınadək gənclərin
mənəvi-əxlaqi tərbiyəsini, onların həyatına,
fiziki və psixi
sağlamlığına təhlükə yaradan
zərərli informasiyalardan
qorunmasını təmin etmək məqsədi ilə "təhlükəsiz
internet” mexanizminin
yaradılmasını nəzərdə tutur.
Növbəti bənd isə müvafiq
icra hakimiyyəti orqanları, kütləvi
informasiya vasitələri, televiziya
və radio yayımçılarının
sosial media vasitəsi
ilə gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə
hörmət hisslərinin, dövlətçilik prinsiplərinə
sadiqliyin gücləndirilməsi,
tolerantlığın və multikulturalizmin
təbliği məqsədi ilə dövlət rəmzləri,
ölkə və dünya tarixi,
mədəniyyəti, tarixi şəxsiyyətlər,
milli qəhrəmanlar haqqında maarifləndirici
layihə və proqramlar, elmi-populyar
verilişlər hazırlayıb həyata keçirilməsini
vəzifə kimi müəyyənləşdirir.
Son olaraq vurğulamaq istərdim ki,
bütövlükdə təklif olunan dəyişikliklər
dövlət gənclər siyasətini təkmilləşdirərək,
onu dövrün tələblərinə uyğun
optimallaşdıracaq və bu çox vacib, dövlətçiliyimiz
üçün strateji əhəmiyyət kəsb edən sahədə
əsaslı dönüş yaradacaq.
Gövhər BAXŞƏLİYEVA,
Milli Məclisin
deputatı, AMEA akad.
Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru,
akademik
Azərbaycan.- 2019.- 3 mart.- S. 3.