“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

 

Martın 2-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə "Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb, son illər bu sahədə aparılan islahatlar, ümumi təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində, müstəqil fəaliyyətə hazırlanmasında ümumi təhsil müstəsna əhəmiyyətə malikdir və bu baxımdan ən geniş əhatə dairəsi olan bu təhsil pilləsinə həmişə xüsusi diqqət göstərilib.

Ceyhun Bayramov bildirib ki, ümumi təhsil müəssisələrinin idarəedilməsinin təşkili təhsilin keyfiyyətinin yüksəldilməsində vacib amildir. Son iki ayda ümumi təhsil müəssisələrinə 132 direktor təyin olunub. Məktəb direktorlarının təyinatı prosesi davam etdiriləcək.

Yerli təhsili idarəetmə qurumlarının məktəblərlə ünsiyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan nazir, eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsində valideyn amilinin önəmini diqqətə çatdırıb.

Təhsil naziri qeyd edib ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində müəllim peşəsinin nüfuzu və bu sahəni seçənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, yeni qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri daha da yüksəlib.

Ceyhun Bayramov təhsili idarəetmə orqanları ilə pedaqoji profilli universitetlərin əməkdaşlığının vacib olduğunu qeyd edib. Bildirib ki, müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübələri ölkənin bütün ümumtəhsil məktəblərində aparılmalı, universitet-məktəb əməkdaşlığı daha da genişləndirilməlidir.

Nazir müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunmasına xüsusi diqqət yetirildiyini və bu sahədə modulların yenilənəcəyini bildirib. Eyni zamanda, məktəb bazasında səriştəyönümlü və kompetensiya əsaslı peşə təmayülünün daha da genişlənməsi istiqamətində işlər görüləcəyini nəzərə çatdırıb.

İstedadlı uşaqlarla işin təşkilinə dair həyata keçirilən layihələrdən söz açan təhsil naziri qeyd edib ki, indiyədək ölkə üzrə belə uşaqların seçimi aparılıb və 60 xüsusi sinif yaradılıb. Nazir şagirdlərdə milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Müşavirədə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan hədəflərin hər bir təhsil işçisinin üzərinə mühüm vəzifələr qoyduğunu vurğulayıb. Qeyd edib ki, hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4 min 445 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 144 min müəllim çalışır, şagirdlərin ümumi sayı 1 milyon 520 min nəfərdir.

Məhəbbət Vəliyeva bildirib ki, müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulu üzrə müsabiqəyə 2015-ci ildə 21 min 795 nəfər müraciət edib, onlardan 2 min 200-ü işə qəbul olunub. Ötən il isə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50 min 697 nəfər müraciət edib, onlardan 8 min 500-ü daimi əsaslarla işə qəbul olunub. Həmin müəllimlərin 48 faizi müddətsiz, 52 faizi müddətli müqavilə ilə fəaliyyət göstərir. Nazir müavini yerlərdə gənc müəllimlərlə işin nəzarətə götürülməsi və onların istiqamətləndirilməsinin vacib olduğunu qeyd edib.

Müşavirədə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, insan resursları şöbəsinin müdiri Eşqi Bağırov, audit şöbəsinin sektor müdiri Mürşüd Rəşidov dövlət proqramlarından irəli gələn məsələlərlə bağlı tapşırıqların, eləcə də Təhsil Nazirliyinin əmr və sərəncamlarının yerinə yetirilməsi vəziyyəti, təlim keyfiyyəti, təmayülləşmə, məktəbdaxili nəzarət və rəhbərliyin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər. Çıxışlarda, həmçinin monitorinq və araşdırmaların nəticələri və bununla bağlı görülən tədbirlər haqqında danışılıb.

Çıxışlar ətrafında müzakirələr aparılıb, yerli təhsili idarəetmə qurumlarının rəhbərlərinə tapşırıq və tövsiyələr verilib.

 

Azərbaycan.- 2019.- 3 mart.- S.6.