Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin böyük hissəsi energetika sektorunun payına düşür

 

İkitərəfli əməkdaşlığın digər sahələrdə də inkişafı üçün böyük perspektivlər var

 

Azərbaycan və Gürcüstan əsrlər boyu mehriban qonşuluq, etibarlı dostluq şəraitində yaşayıblar. Yenə də belədir və iki ölkə bütün sahələrdə bir-biri ilə sıx əməkdaşlıq edir.

Bu əməkdaşlığın böyük hissəsi iqtisadiyyat sahəsinin payına düşür. Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkəmizə rəsmi səfəri zamanı keçirilən görüşlərdə və aparılan söhbətlərdə bu, dəfələrlə vurğulandı.

Energetika sektorundakı əməkdaşlıq və tərəfdaşlıq xüsusi önəm kəsb edir. Hələ 1999-cu ildə istifadəyə verilən Bakı-Supsa neft kəməri gələcək, daha böyük layihələrin ilki oldu. Bu kəmər indi də Azərbaycan neftini Xəzərin sahilindəki Səngəçal terminalından Qara dənizin Supsa limanınadək ahəngdar və təhlükəsiz nəql edir.

2006-cı ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin istifadəyə verilməsi Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsinə çevrildi.

Azərbaycanın karbohidrogen ehtiyatlarını istehlakçılara çatdıran həmin kəmərlər üçün Gürcüstan tranzit ölkələrdən biridir. Azərbaycan, Gürcüstan və Türkiyənin səyləri ilə gerçəkləşən bu layihələr, möhkəmlənən regional əməkdaşlıq getdikcə genişlənərək mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatını yaratdı.

Cari il fevralın 27-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan və Gürcüstan prezidentlərinin mətbuata bəyanatlarında da bu məsələ öz əksini tapıb. Azərbaycan dövlətinin başçısı deyib: "Bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır. Bu marşrut üzrə bu gün "Cənub qaz dəhlizi” layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. "Cənub qaz dəhlizi”nin reallaşmasına az vaxt qalıb. Keçən il "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi olmuşdur və onun əsas hissəsini təşkil edən TANAP layihəsi də istifadəyə verilmişdir. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir. Bu layihələr ölkələrimiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır, geniş mənada əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir”.

Qarşılıqlı əlaqələr təkcə energetika sahəsindəki əməkdaşlıqla bitmir. Bu gün Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və həmin ölkədə əsas investorlardan biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır.

Nəqliyyat sahəsindəki əməkdaşlıq da böyük əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı sayəsində hər iki ölkənin ərazisindən keçən yüklərin həcmi artıb. Bu istiqamətdə də böyük perspektivlər var. Çünki Azərbaycan və Gürcüstan Asiya və Avropanı, Çini və Qərbi, Xəzər dənizini və Qara dənizi birləşdirən yollar üzərində yerləşirlər. Bu səbəbdən də sözügedən nəqliyyat dəhlizlərinə maraq gündən-günə artır. Bunu öz bəyanatında Gürcüstan Prezidenti Salome Zurabişvili də qeyd edib: "Nəqliyyat dəhlizi çox vacibdir və həqiqətən, bizim əməkdaşlığımızın təməl daşıdır. Nəqliyyat bugünkü dünyada çox potensiallı sahədir. Nəqliyyat sahəsi dünya üçün çox əhəmiyyətlidir. Asiyanın, Çinin və Avropanın birləşdirilməsi çox mühüm məsələdir və biz bu yolla gedirik. Bu, ən qısa yoldur, lakin biz hələ bu yolun imkanlarını tam inkişaf edirməmişik və bu, bizdən asılıdr... Biz bu istiqamətdə də investisiyalar cəlb etməyə hazırıq. Biz Azərbaycanla birlikdə bu imkanlardan sona qədər istifadə etməliyik”.

Gürcüstan Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində turizmin inkişafı barədə də fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, turizm sahəsi də inkişaf etdirilməlidir. Bu məkan turistlər üçün tam açıq olmalıdır. İki ölkənin və xalqın dostluğuna əsaslanaraq belə qərara alınıb ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdrımaq üçün tapşırıq verilsin.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün digər sahələrdə də, məsələn, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, mədəniyyət sahələrində də imkanlar və perspektivlər var.

Azərbaycanın və Gürcüstanın indiyədək dostluq, qarşılıqlı anlaşma, sıx əməkdaşlıq şəraitində həyata keçirdikləri enerji layihələrinin təcrübəsi və uğurlu nəticələri göstərir ki, sözügedən sahələrin hamısında buna nail olmaq mümkündür. Gürcüstanın dövlət başçısı seçildikdən sonra Salome Zurabişvilinin regiona ilk səfərini məhz Azərbaycana etməsi də yaranmış dostluq və əməkdaşlıq ənənələrinin uğurlu davamının göstəricisidir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 3 mart.- S. 1; 6