Milli ruhun simfoniyası

 

İrs

 

Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümz də bundadır. Bu ənənələr, bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün vacibdir və hər bir Azərbaycan vətəndaşının gələcəyi, inkişafı üçün böyük rol oynayır.

 

İlham Əliyev

 

Mütəxəssislər deyirlər ki, zərifliyi qədər də incə olan bu gözəlliyin özündə, mahiyyətində, fəlsəfəsində çoxlu sirr gizlənib. Kəlağayı xalqın məişətini, xüsusiyyətlərini, dünyaya baxışını və estetik dəyərlərini özündə cəm edib. Və beləliklə də Azərbaycan xanımlarının mədəniyyətimizin gözəl nümunəsi olan milli geyiminin bir hissəsinə çevrilib.

 

"Hava kimi yüngül, su kimi şəffaf”

 

Kəlağayı təbii ipəkdən hazırlanır. Arxeoloji-etnoqrafik tədqiqatlar göstərir ki, Azərbaycanda ipəyin tarixi Böyük İpək yolunun meydana çıxması ilə sıx bağlıdır. İpəyin vətəni olan Çinlə qarşılıqlı əlaqələrin yaranması nəticədə ilk növbədə Şirvanda ipəkçiliyin inkişafına təkan vermişdir. Coğrafi vəziyyəti və əlverişli iqlim şəraiti Azərbaycanın əsrlər boyu dünya ipəkçilik mərkəzlərindən biri olmasına zəmin yaratmışdır. Burada yetişdirilən barama yüksək keyfiyyəti ilə fərqlənirdi. Buna görə də ipək saplar və bu saplardan toxunmuş parçalar hamı tərəfindən bəyənilirdi.

Avropada ipəyə olan tələbat Böyük İpək yolunun yaranmasına təkan vermişdi. İpək o qədər baha idi ki, qiyməti qızıl ilə ölçülürdü və çox vaxt ticarətdə pul vahidi kimi istifadə olunurdu. Deyirlər ki, ipək olan yerdə zənginlik var. Axar suya bənzəyən, zərif toxunuşlu ipək paltar xaricdə sadəcə öz gözəlliyinə və davamlılığına görə deyil, həm də o dövrlərdə çox vacib sayılan gigiyenik keyfiyyətinə - həşəratlara qarşı qoruyucu təsirinə görə də qiymətləndirilirdi. Yüngül, incə, axıcı ipək tarix boyu həmişə qiymətli sayılmış və sirli bir aləmlə əhatə olunmuşdur. Bu "hava kimi yüngül”, "buz kimi şəffaf” materiya indi də yaxşı zövq və dəbdəbə əlaməti sayılır. Şamaxı Azərbaycanda ən qədim ipəkçilik mərkəzi hesab edilir. Müxtəlif əsrlərdə yaşamış səyyahların əsərlərində Azərbyacanın Gəncə, Şəki, Təbriz, Şuşa kimi şəhərlərində də yüksəkkeyfiyyətli ipəyin istehsal olunduğu yazılır. XIV əsrin ikinci yarısından etibarən Ordubad və Culfa ipək ticarətinin ən iri mərkəzləri kimi tanınırdı. Bir sözlə, neftə qədər Azərbaycanı dünyada məşhurlaşdıran ipək olub.

İpək tutqun parlaqlığı ilə göz oxşayır, insana rahatlıq gətirir, xışıltısı isə xəyallara qanad verir. Geyimdə və interyerdə ipəkdən istifadə olunması incə zövq və firavanlığın əlamətidir. Bu baxımdan Azərbaycanda ipəkdən hazırlanan məmulatlar içərisində kəlağayı xüsusi yer tutur.

 

Oynaq rənglər, incə naxışlar...

 

Qədim dövrlərin rayihəsi hopmuş kəlağayı üç əsrdən çoxdur ki, məişətimizə daxil olmuşdur. O, hər zaman unikal və ənənəvi qadın baş örtüyü kimi qiymətləndirilib. Təxminən 300 il bundan əvvəl meydana çıxıb. Alimlər Azərbaycanın İsmayıllı rayonunun qədim Basqal kəndində qorunub saxlanılmış naxışvuran dəzgaha məhz bu qədər yaş veriblər. Qaynar rənglər və mumla naxışların salınması üçün istifadə olunan forma və matrisaların isə 200 illik tarixi var deyirlər.

Basqal Asiya ilə Avropanı birləşdirən Böyük İpək yolunun üzərində mühüm dayanacaqlardan biri olub. Bu kənd sənətkarlığın mərkəzinə çevrilib və ilk növbədə ipək toxuculuğu və yüksəksəviyyəli kəlağayılarımızın istehsalı ilə tanınıb.

Azərbaycanın müxtəlif regionlarında istehsal olunan kəlağayılar bir-birindən ornamentlərinə görə fərqləniblər. Abşeron və Şəki üçün iri naxışlar xarakterik olub. Şamaxıda xırda naxışlardan, Gəncə, Qazax və Qarabağ bölgələrində isə bütün naxışların kombinasiyalarından istifadə edilib.

 

Sirlər və təbiətin gizli xəzinəsi

 

Kəlağayı haqqında ənənəvi qadın baş örtüyü kimi düşünəndə görürsən ki, o, sadəcə funksional bir geyim elementi deyil. Milli toxuculuq sənətinin bu növü dünya düzəninin sirlərinə, təbiətin gizli qanunlarına gedib çıxır, həyat fəlsəfəsini özündə əks etdirən sərt, dönməz qaydalara əsaslanmış mütənasib forma və estetik prinsiplər sistemindən ibarətdir. Bu qədim sənət növünün araşdırıcıları BDU-nun kafedra müdiri, Rəna İbrahimbəyova, Cəlil Tarıverdiyev, Z.Miller-Tarıverdi tərəfindən işlənib hazırlanmış konsepsiyaya uyğun olaraq kəlağayı yalnız təbii ipəkdən, özü də "kəlağayı ipəyindən” hazırlanır. Alimlər yazırlar ki, hazırda kəlağayının bükülməsi də özündə dərin məna saxlayan bir prosedurdur. Bu zaman heç bir qaydanı pozmaq olmaz. İlk üç büküş uzununa, daha üç büküş isə eninə olmalıdır. Nəslən kəlağayıçı olan ustalar əmindirlər ki, bu simvolika dəyişməz təbiət qanunlarından irəli gəlmişdir. Kəlağayı özündə həyatın - həm təbiətin, həm də bəşər həyatının bütün elementlərini saxlayır. Bu baş örtüyünün üçqat uzununa bükülüsü həyat dövriyyəsinin əsasını təşkil edən üç cüt ziddiyyətli anlayışı əks etdirir: yaşam və ölüm, xeyir və şər, həqiqət və yalan. Örtüyün eninə üç büküşü isə ayrı-ayrılıqda götürülmüş hər bir insanın həyatını təşkil edən xüsusiyyətlərin - məhəbbət və nifrətin, güc və zəifliyin, müdriklik və sadəlövhlüyün rəmzidir.

 

Boyaqçılıq möcüzədir

 

Tədqiqatçı Cəlil Tarıverdiyev deyir ki, boyaqçılıq bir möcüzədir. Burada rənglərlə elə işləməlisən ki, onlar qarışmasın. İnsanlar bir yerdən digər yerə köçəndə də yeni məkanda ilk olaraq kəlağayı hazırlayıblar. Çəkisi cəmi 130 qram olan kəlağayı üzükdən rahatlıqla keçir. Naxışlarına, rənglərinə görə fərqlənən kəlağayıların zirvəsi isə "yeddirəng kəlağayı”dır. Onu doqquz dəfə qaynadır, rəngləyir və qurudurlar.

Kəlağayının hər bir rənginin də öz mənası var və müəyyən hadisə ilə əlaqədardır: qayınana gəlininə toyqabağı al-qırmızı kəlağayı hədiyyə edir. Bu, gəlinin üzünü və çiyinlərini örtür. İlk doğulmuş körpə də məhz bu kəlağayıya bükülür.

Toya gəlmiş qonaqlar qatlarla uzununa bükülmüş əsasən ağ rəngli kəlağayıları bəyin çiyninə salırlar. Bunun da öz mənası, sirri var.

Azərbaycanın qədim adətlərinə görə, qadın kəlağayısını döyüşən tərəflərin üzərinə ataraq qan tökülməsinin qarşısını ala bilir. Buna görə də o, sülh və əmin-amanlıq rəmzi sayılır.

Qız isə ona evlənmək təklifi edən oğlana kəlağayısını verməklə nikaha razı olduğuna işarə edir.

Bəzi rənglərin, məsələn, göy, qırmızı, qızılı-oxra rənglərin şəfaverici xüsusiyyətə malik olduğu söylənilir. Kəlağayının müalicəvi əhəmiyyətə malik olması - bədnəzərdən, bəlalardan qorunması barədə də çoxlu inanclar var.

Kəlağayılar naxışların yerləşmə xüsusiyyətinə görə üç növə bölünür. Birinci növə tamamilə naxışlarla örtülmüş kəlağayılar aiddir. Onlar özünəməxsus şəkildə dünyanın mənzərəsini əks etdirir. "Heyratı” ən qədim kəlağayı növüdür. Bu qrupa sarı-qəhvəyi və ya qızılı-narıncı rənglər daxildir.

İkinci qrup kəlağayılarda parçanın kənarı iri naxışlarla bəzədilir. Burada buta və nar çiçəyi motivləri mühüm rol oynayır. Nəhayət, üçüncü qrupa "gündəlik” xarakter daşıyan kəlağayılar aiddir. Onlara "yeləni” və yaxud "haşiyəli” baş örtüyü deyilir.

 

"Buta”, "şah buta”, "güllü buta”...

 

Kəlağayılara vurulan naxışların zənginliyi isə əsrlər boyu insanları heyran etmişdir. Kəlağayı konsepsiyasının müəllifləri müəyyən etmişlər ki, ornamentlərin və onların kompozisiyalarının mənası qəliblərin adlarında öz əksini tapmışdır. Bugünə qədər yerli əhalidən 130-dan artıq alınmış qəlib ədəbi mənbələr və şifahi təsvirlər əsasında bərpa edilərək Basqaldakı interaktiv "Kəlağayı muzeyi”ndə saxlanılır. Alimlər tərəfindən ilk dəfə onların təsnifatı aparılmış və kataloq şəklində nəşr edilmişdir. Hər bir qəlibin də adı vardır: "şah”, "şah buta”, "güllü buta”, "badam buta”, "hirsli buta”, "küsülü buta” və s.

Azərbaycanın ən geniş yayılmış bədii ənənələrindən biri də butadır. Bu elementə xalq yaradıcılığının bütün sahələrində rast gəlmək olar. Kəlağayılarda isə həmin element xüsusilə tətbiq edilir.

Kəlağayının əsas dekorativ elementlərindən biri də "islimi” ornamentidir. Bundan Azərbaycan incəsənətində, o cümlədən memarlıq bəzəklərində, ağac və daş oymalarında, minalı keramikada, parça və xalça toxuculuğunda geniş istifadə olunur. "İslimi” sözünün Şərqə məxsus spesifik izahı isə islam dininin adı ilə əlaqələndirilir. Hazırda kəlağayının 35 növü mövcuddur. Onlar rənglərinə, ornamentlərinə və ümumi kompozisiyalarına görə bir-birindən fərqlənir.

Sovet dövründə çadraya qoyulan qadağa kəlağayıya şamil edilməmişdi. Amma ondan istifadə müəyyən səbəblərə görə məhdudlaşdırılmışdı. Sosializm sisteminin dağılmasından sonra Azərbaycanda ipəkçilik tam tənəzzül dövrünü yaşamışdı. 1990-cı illərdə kəlağayı istehsalı dayandırılmışdı. 2002-ci ildən etibarən tədqiqatçı C.Tarıverdiyevin rəhbərliyi ilə araşdırmaçılar və ustalar, rəssamlar və dizaynerlər, o cümlədən kəlağayı həvəskarları tətrəfindən gərgin iş aparılmışdı. 2004-cü ildə C.Tarıverdiyev və R.İbrahimbəyovanın "Bəsləsən, ipək olar” kitabı çapdan çıxmışdır. Toplanmış məlumatlar əsasında 2015-ci ildə kəlağayı konsepsiyası işlənib hazırlanmışdır.

 

Kəlağayı UNESCO-nun reprezentativ siyahısında

 

Bu gün kəlağayıya yeni nəfəs verilir. O, ta qədimdən Azərbaycan qadınlarının gözəllik simvoluna çevrilib. Yüzillərdir ki, birlikdə yol gəlirik. Ən xoş, sevincli günlərimizdə onu gah başımıza bağlamışıq, gah boynumuza salıb üstümüzdə gəzdirmişik. Qadınlarımız təkraredilməz gözəlliyə malik ənənəvi baş örtüyünün bu qədər xoş, məhrəm olduğunu dəfələrlə görmüş və duymuşlar.

Kəlağayı fenomeninin tarixi və mədəni dəyərini təsdiq edən bir fakta nəzər salaq: 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Ölkəmizin mədəniyyət siyasəti Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri kəlağayını əsl mənada "yox olmaqdan” qorumuş və onun gələcəyinə inam doğurmuşdur. Nəticədə minilliklər boyu tarixin sınaqlarından çıxan xalqımız daha bir uğura imza atmışdır. Bu sənət Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin ən mühüm mədəniyyət nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiq olunmuşdur.

2005-ci ildə ölkəmizdə kəlağayıya aid ilk sərgi keçirilmişdir. Sonralar Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunmuşdur. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, kəlağayı milli mədəniyyətimizin səciyyəvi etnik xüsusiyyətlərinə malik bir məfhumdur. Xalq tətbiqi sənətinin ən gözəl, möhtəşəm nümunəsidir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2019.- 3 mart.- S.7.