Rodos nəhəngi
Dünyanın
yeddi möcüzəsi
Dünya özü başdan-başa möcüzədir. Hər günü bir başqa havada, fərqli bir çalarda, hər gülü, çiçəyi bir ayrı qoxuda... Bu dünyanın qeyri-adilikləri sayıldıqca bitməz, xarüqəladə gözəllikləri baxıldıqca doyulmazdır.
İnsan zəkası bu fövqəladə dünyanı yeni gözəlliklərlə bəzəyir. Bəzən isə bəşər övladının düşüncələri, əməyi ilə qurulduğu heyrət doğuran əsərlər ortaya çıxır. Görünür, insan ağlı, idrakı çox mümkünsüzləri gerçəkləşdirməyə qadirdir. İnsan əli ilə yaradılan belə möcüzələrin ən qədimlərinin sorağı isə antik dövrlərdən gəlir. Təbiət hadisələri, siyasət oyunları, qovğalar əksəriyyətini məhv etsə də, texnikanın inkişaf etmədiyi vaxtlarda necə yaradıldığı heyrət doğuran o abidələr unudulmadı. "Tarixin atası” Herodot, eləcə də bir sıra qədim tarixçilər və səyyahlar tərəfindən tərtib olunan məşhur qədim abidələrin siyahısına adları qədim dünyanın yeddi möcüzəsi kimi düşdü. Həmin siyahıda altıncı sırada yazılmış möcüzənin izləri bizi Rodos adasına aparır.
Qələbə sevinci...
Gözəl təbiəti, qədim ab-havası ilə bu gün də diqqəti cəlb edən, açıq havada muzeyi xatırladan Rodos adası... Yunanıstanın Aralıq və Egey dənizinin suları ilə əhatələnən bu adanın paytaxtı Rodos şəhəridir.
Antik dövrdə təşərrüfat, sənət və ticarət inkişaf etmiş Yunanıstanda bir sıra şəhər-dövlətlər yaranmışdı. Şəhər- dövlətlərin sistemi torpaqlarda hakim idi. Milet, Samos, Efes kimi, Rodos da şəhər-dövlət idi. Belə vəziyyət Rodosun iqtisadi cəhətdən möhkəmlənməsinə də şərait yaratdı. Misirlə aparılan ticarət əlaqələri genişləndi və inkişaf etdi. Ancaq Makedoniyalı Antigonidlerin miladdan əvvəl 305-ci ildə Misirlə olan birliyi və münasibətləri pozmaq naminə şəhəri mühasirəyə almaq cəhdləri müharibənin başlanmasına səbəb oldu.
Miladdan əvvəl III əsrdə bu adaya hücum edən sərkərdə Demetri yerli əhalini məğlubiyyətə uğrada bilmədi. Adanı yadellilərə verməyən rodoslular qələbə sevincindən vəcdə gəldilər. Onlar adanın müdafiəsi şərəfinə dünyanın ən böyük heykəlini ucaltmaq qərarını verdilər.
Miladdan əvvəl 304-cü ildə sülh şəraitində hərbi materiallar əridilməyə başlandı. Həmin materiallardan Rodos heykəlinin tikintisinə başlandı. Bu böyük iş - nəhəng abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə etibar edildi. Xares abidəni on iki ilə hazırladı.
Heykəl üçün gözəgörümlü yer seçildi. Ancaq Rodos nəhənginin dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulması yeganə məlumat deyil. Əzəmətli abidənin limanın girəcəyində ucaldığı barədə də xəbərlər günümüzə qədər gəlib çatıb. Deyilənə görə, Rodoslu Kolossun heykəli o qədər iri idi ki, ayaqlarının arasından limana gəlib-gedən gəmilər keçirdi. Roma ədəbiyyatında da Rodos nəhəngi belə rəvayət olunurdu.
Rodosluların himayəçisi
Hündürlüyü 36 metr olan tunc heykəldə günəş allahı Helios təsvir edildi. Rodos əhalisi onu öz himayəçisi hesab edirdi. Gənc oğlan kimi təsvir olunan abidənin başını günəş şüalarının rəmzi sayılan nurlu bir tac bəzəyirdi. Bu işıq saçan allah Rodos adasından neçə-neçə kilometr uzaqdan görünürdü. Nəhəng heykəl Rodos adasındakı insanlar üçün birliyin simvolu oldu.
Çox keçmədi ki, bu heykəl barədə xəbərlər dünyanın hər yerinə yayıldı. Ancaq şöhrəti dillərə düşmüş Rodoslu Koloss abidəsi cəmi 66 il mövcud oldu. Belə ki, miladdan əvvəl 225-ci ildə Rodos adasını sarsıdan dəhşətli zəlzələyədək rodoslulara qürur verən nəhəng Rodos ayaq üstə möhkəm dayandı. Həmin il baş verən zəlzələ nəticəsində şəhərin böyük hissəsi dağıldı. Heykəlin ayaqları sındı və yıxıldı. Rodoslular nəhəngi ayağa qaldırmağa çox səy göstərdilər. Xeyirxah qonşularının bu işdə onlara kömək etmək istədiyi də məlumdur. Misir hökmdarı bir neçə yüz talantlıq mis, bir də ustalar göndərdi. Amma vəziyyət dəyişmədi. Bir məlumata görə də, rodoslular şəhərin yenidən qurulması və heykəlin bərpası üçün Misir hökmdarından istədikləri yardımı bir kahinin yaydığı dedi-qodu səbəbindən almadılar. Tarixçi Strabonun məlumatına görə, abidəni rodoslular "baxıcı” məsləhəti ilə qaldırmadılar.
Nəhəng heykəl düşdüyü yerdə, adanın əsas görməli yeri olan kiçik körfəzin sahilində qaldı. Miladın I əsrində Rodosa gedən Böyük Plini abidəni bu vəziyyətdə gördü. Tək bircə baş barmağını iki əl ilə qucaqlamaq mümkün olan heykəlin əzəməti Pliniyə çox maraqlı və qeyri-adi göründü. Zaman keçdi. Nəhəng Rodos qaldığı yerdə paslandı, haqqında isə saysız-hesabsız rəvayət uydurmaqda davam etdilər.
Heykəl dənizin sahilində yıxılmış vəziyyətdə min il qaldı... 653-cü ildə ərəblər Rodosu fəth etdilər. 997-ci ildə kasıblaşmış ərəb canişini onu bir tacirə satdı. Tacir heykəli əritmək üçün doğrayıb hissələrə böldü. Qədim əlyazmalarda göstərilir ki, heykəlin hazırlandığı tuncun daşınması üçün 900 dəvə lazım olub.
Amma Rodoslu Kolossun tarixdən izləri
silinmədi. Əlində tutduğu məşəllə
limana gələn gəmilərin yolunu işıqlandıran
Rodos nəhənginin yaddaşlarda yeri də işıqlı
oldu.
Bu gün azadlığın və
Amerika Birləşmiş Ştatlarının (ABŞ)
simvollarından biri olan Manhettendə, NyuYork limanında yerləşən
neoklassik heykəl antik dövrün Rodos nəhəngini
xatırladır. 1886-cı ildə ucaldılmış əsərdə
təsvir olunan ayaq üstə dayanmış xələtli
qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm
etdirir. Qırılmış zəncir onun ayağının
üstünə sərilib. Bir əlində üzərində
ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul
1776-cı il tarixinin yazıldığı tabula ansata -
qanunların yazıldığı tablet tutub. Azadlıq heykəlinin
digər əlində isə Rodoslu Koloss kimi azadlıq məşəli
var.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2019.- 3 mart.- S.7.