Gəlin teatra gedək...

 

Layihə

 

Teatr mədəniyyətin vacib sahəsidir. Əvvəlki dönəmlərdə axşam işdən çıxan insanlar dincəlmək və mənəvi zövq almaq üçün kinoteatrlara və teatrlara yollanardılar. Baxılan film və oynanılan tamaşalar insanlarda xoş əhval oyadardı. Tərbiyəvi əhəmiyyətə gəlincə, gənclər əsərlərdəki qəhrəmanlar kimi sevər, yaşlılar tamaşalardakı surətlər kimi uşaqlarına yaxınlaşardılar. Bəzən tamaşalara bilet belə tapmaq problemə çevrilərdi.

Bu gün Sumqayıt Dövlət Dram Teatrının kollektivi tamaşaların təbliği yönümündə bir neçə tanıdıcı və maarifləndirici xarakter daşıyan layihələr gerçəkləşdirir. Kollektiv layihəni "Gəlin teatra gedək...” adlandırıb.

"Gəlin teatra gedək...” devizi ilə gənc və orta yaş nəsil nümayəndələrinin həftəsonu istirahətlərinin bir neçə saatını məhz teatra ayırmalarını təmin etmək məqsədilə öz repertuarını dəqiqləşdirib. Yeni layihə çərçivəsində hazırlanan repertuar planı təsdiqlənib. Repertuar planı barədə şəhərin bütün sosial təbəqəsindən olan insanları məlumatlandırmaqdan ötrü əhalinin sıx toplaşdığı məkanlarda, ictimai nəqliyyatda, sosial şəbəkələrdə reklam çarxları yayımlanır. Sosial media platformalarında davamlı olaraq teatrsevərlərin qatıldığı "könüllülər” qrupunda aparılan kampaniyalar da müsbət nəticələrini verməkdədir. Sumqayıt bulvarında, şəhər avtovağzalında qonaqlara paylanan reklam vərəqələri insanları teatra dəvət edir.

Beləliklə, yeni layihəyə əsasən Sumqayıt Dövlət Dram Teatrında mütəmadi olaraq həftəsonları fərqli janrda tamaşalar nümayiş etdiriləcək. Layihə çərçivəsində Con Patrik "Qarını öldürməliyik?” psixoloji dramında rolları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Sədaqət Nuriyeva, İzaməddin Bağırov, Cəlal Məmmədov və aktyor Yalçın Səlimov ifa edirlər. Tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenkodur.

Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Turqut Özakmanın "Ocaq” əsərinin səhnə versiyası tamaşaçıların diqqətinə çatdırılıb. Tamaşada əməkdar artistlər Xatirə Süleymanova, Fəranə Musayeva, aktyorlar Şəhla Məmmədova, Şəmistan Süleymanlı və Oktay Mehdiyev rol alıblar.

Məktəblilərin tətil günlərində tamaşaçıların sayının çoxalacağı nəzərə alınıb. M.F.Axundzadə, Con Qolsuorsi, Elçin, Əziz Nesin, Əli Əmirli, Nizami Muradoğlu və digər yazıçıların əsərləri səhnə həyatı tapacaq. Biletlərin tam satılacağı zamanda daha bir seansın əlavə olaraq göstərilməsi qərara alınıb. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov layihənin uğurla nəticələnəcəyinə əminliyini bildirib. O öz fikrini belə tamamlayıb: "Artıq ilkin nəticələr var. İlin əvvəlindən teatrımızda göstərilən əsərlər tamaşaçıların alqışlarını qazanıb. Təbliğat kampaniyasında sumqayıtlılar tamaşalara gələcəklərini bildiriblər. Tamaşaların maraqlı olacağına isə kollektivlə zəmanət veririk”.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 3 mart.- S.7.