Kürdəmir-Qrobinya əlaqələri genişlənir
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənovla birgə Latviyada səfərdə olub.
Latviya Yerli Özünüidarəetmə Orqanları Assosiasiyası və Qrobinya bələdiyyəsinin dəvəti ilə reallaşan səfərin ilk günündə qonaqlar və Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov assosiasiyanın sədri Gints Kaminskis və Latviyanın ətraf mühitin qorunması və regional inkişaf naziri Yuri Pudse ilə görüşüblər.
Görüşdə bildirilib ki, Azərbaycan ilə Latviyanın yerli özünüidarəetmə orqanları arasında 10 ildir ki, uğurlu əməkdaşlıq aparılır. Tərəflər birgə təcrübədən faydalanmaqla əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Səfir Cavanşir Axundov son illərdə ölkəmiz tərəfindən aparılan və ikitərəfli münasibətlərin inkişafına yönəlmiş məqsədyönlü tədbirlər barədə məlumat verib. O, Avropada ilk Azərbaycan Ticarət Evinin Latviyada açıldığını diqqətə çatdırıb, əmtəə dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.
Nazir Y.Putse ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib, bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu deyib.
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov bu il yerli hakimiyyətlər və bələdiyyələr arasında əməkdaşlığın 10 ilinin tamam olduğunu qeyd edərək, bu cür tədbirlərin keçirilməsinin, birgə kitabın hazırlanmasının və digər layihələrin reallaşdırılmasının zəruriliyini vurğulayıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti Qrobinya vilayətinə səfər edib. Qrobinya vilayəti və Kürdəmir rayonu arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb.
Protokolda hər iki şəhər arasında təcrübə mübadiləsi, sosial-iqtisadi, turizm, mədəniyyət, biznesin inkişafı və digər sahələrdə əməkdaşlıq, sosial və ekoloji inkişaf proqramının reallaşmasına hazırlıq mərhələləri öz əksini tapıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov imzalanan protokolun əhəmiyyətini qeyd edib, Azərbaycanda sosial-iqtisadi sahələrdə qazanılan uğurlar, respublikanın bölgələrinin sürətli inkişafı, yeni sosial layihələrin icra edilməsi barədə məlumat verib.
Qrobinya vilayətinin rəhbəri Ayvar Priedols bildirib ki, əsas məqsəd qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir: "Bu sənədlə biz xalqlarımız arasındakı əlaqələri də inkişaf etdirməyi nəzərdə tutmuşuq. Buraya məktəblilərin hər iki ölkəyə qarşılıqlı səfərlərinin təşkili, sərgilər və digər oxşar tədbirlərin keçirilməsi daxildir. Bununla, hər iki xalq bir-birini daha yaxından tanıyacaq”. Ayvar Priedols, həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi vilayət Azərbaycanın iqtisadi uğurlarını öyrənməkdə maraqlı olmaqla yanaşı, öz təcrübələrini bölüşmək niyyətindədir.
Qrobinyaya
səfər çərçivəsində Azərbaycanın
nümayəndə heyəti Qrobinya
gimnaziyası, yerli çörəkbişirmə
və süd-pendir məhsulları
kombinatlarındakı iş prinsipi ilə tanış olublar.
Azərbaycan.-
2019.- 3 mart.- S.8.