50 ölkə, 3600-dən çox atlet, 10 idman növü

 

"Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı olacaq

 

Avropanın idman paytaxtı Bakı bu il bir-birindən daha maraqlı mötəbər idman yarışlarına evsahibliyi edəcək.

Belə ki, Azərbaycan aprelin 26-28-də "Formula-1” Azərbaycan Qran-prisinə, mayın 29-da UEFA Avropa Liqasının final qarşılaşmasına, iyulun 20-28-də isə XV Yay Avropa Gənclər Olimpiya Festivalına evsahibliyi etməklə tarixini daha möhtəşəm nailiyyətlərlə zənginləşdirəcək. Həmin yarışlar ərəfəsində milyonlarla insanın qəlbi Bakıda döyünəcək. Bu mühüm hadisələr bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır.

 

Niyə məhz Azərbaycan?

 

Son dörd ildə bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara evsahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

İyulun 20-28-də təşkil olunacaq XV Yay Avropa Gənclər Olimpiya Festivalını Bakıda keçirmək hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.

2018-ci il mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Təşkilat Komitəsinin ötən bir il ərzində məqsədyönlü fəaliyyəti digər təşkilatlara örnəkdir. Çünki festivala 3 aydan bir az çox vaxt qalmasına baxmayaraq, cəsarətlə deyə bilərik ki, Avropa ölkələrinin federasiya nümayəndələri, idmançıları, şəhərimizin qonaqları burada aparılan hazırlıq işlərindən, onlar üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən modern idman arenalarından, xüsusən də təntənəli açılış mərasimindən heyrətə gələcəklər.

 

Gənc idmançıları bir araya gətirən yarış

 

Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını, dəyərlərini və ideallarını öyrətmək, təbliğ etmək üçün Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülmüşdü. 14-18 yaşlılar arasında gənc avropalı idmançıları bir araya gətirən yarış ilk dəfə 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. İki ildə bir dəfə (cüt deyil, tək illərdə) - qışda və yayda keçirilən Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları və ya Panama Gənclər Oyunları kimi ənənəni həmçinin Avropada davam etdirmək imkanını yaradır.

Festivala evsahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququnu qazanır.

Paytaxtımızda təşkil olunacaq və yeddi gün davam edəcək yarışın açılış mərasimi 21 iyul tarixində olacaq. Avropa Olimpiya Komitəsinin 49 nümayəndə heyətinin rəhbəri yarışa gələcəklərinə dair təsdiq veriblər. Ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə gələcək.

12 arenada 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

 

Yarışın talismanları

 

"Bakı-2019”un rəsmi talismanları Cırtdan və Bəbirdir. Tərcümədə "kiçicik” mənası daşıyan Cırtdan Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına baxmayaraq, Cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və digərlərinə rəğbəti ilə seçilir. Nağılların birində Cırtdan Divin başını qataraq, özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola bilər.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir. Keçmişdə Qafqazda geniş yayılmış bəbir hazırda yoxa çıxmaq üzrədir və Azərbaycanda, eləcə də regionda qorunan ən prioritet cinslərdən birinə çevrilmişdir.

Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də aşağı düşmüşdür. 2014-cü ildə Azərbaycanın IDEA (Ətraf Mühit naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və bəbirlərin qorunması ilə məşğul olan "Pantera” adlı dünyanın aparıcı təşkilatı arasında gələcək əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən Azərbaycanda bəbirlərin yaşayış şəraitinin qiymətləndirilməsi və gələcək nəsillər üçün bu heyvanların qorunması məqsədilə xüsusi monitorinq proqramı tərtib edilmişdir.

 

"Bakı-2015”dən "Bakı-2019”adək

 

Ümumiyyətlə, Azərbaycan böyük beynəlxalq yarışların keçirilməsi və ən yüksək səviyyədə təşkili cəhətdən artıq kifayət qədər təcrübəyə malikdir. "Bakı-2015” I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” yarış günlərində həyata keçirilən təşkilatçılıq işlərinə, möhtəşəm idman bazalarımıza, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə bilməyən xarici ölkə mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini söyləyirdilər. Eyniliklə bu kimi fikirlərə Olimpiya festivalına gedən hazırlıq prosesi çərçivəsində də rast gəlmək mümkündür.

Təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Dörd il öncə paytaxtımızda təşkil edilən və Avropa Oyunlarının standartlarını müəyyənləşdirən "Bakı-2015” eyni zamanda idmançılarımız üçün ən böyük qələbə meydanı oldu. Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutublar.

IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız elə bir möhtəşəm uğura imza atdılar ki, bu, hələ uzun müddət yaddaşlardan silinməyəcək. Belə ki, atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş, 37 bürünc) "Bakı-2017”nin ən güclüləri oldular.

 

10 Olimpiya festivalında iştirak, 17 qızıl medal

 

Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başlayıblar. Atletlərimiz indiyədək iştirak etdikləri festivallarda yüksək nəticələr qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdo və atletika idman növlərində əldə olunub. Azərbaycanın yeniyetmə idmançıları buna qədər keçirilmiş Avropa Yeniyetmələrinin 13 Olimpiya festivalından 10-da iştirak edib və ümumilikdə 45 medal (17 qızıl, 10 gümüş 18 bürünc) qazanıblar. Bu idman yarışlarında əldə olunmuş 45 medaldan 38-i cüdoçularımızın (13 qızıl, 9 gümüş, 16 bürünc), 7-si isə atletlərin (4 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.

Xatırladaq ki, 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan XIII Avropa Gənclərinin Olimpiya Festivalı atletlərimiz üçün uğurlu olmuşdu. İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla ümumi turnir cədvəlində 22-ci yeri tutublar.

2017-ci ildə Macarıstanın Gyor şəhərində keçirilən Yeniyetmələrin sayca 14-cü Olimpiya Festivalında isə qitənin 50 ölkəsindən 3600-ə qədər idmançı medallar uğrunda mübarizə aparıb. Komandamız yarışın yekununda 50 ölkə arasında 33-cü yeri tutub. 41 idmançı ilə turnirə yollanan yığmamız iki medalla kifayətlənməli olub. Cüdoçulardan 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova festivalın gümüş medalına layiq görülüb. Adil Kərimli isə (-90 kq) bürünc medal qazanıb.

Rusiya yığması 30 qızıl, 19 gümüş və 12 bürünc medalla ümumi komanda hesabında birinci yeri tutub. 14 qızıl, 11 gümüş, 13 bürünc medal əldə edən İtaliya millisi ikinci olub. Ev sahibləri isə festivalda 13 qızıl, 14 gümüş və 14 bürünc medala yiyələniblər.

Bu hələ son deyil. Qarşıda daha bir turnir və qazanılacaq medallar var. İnanırıq ki, XV Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan idmançılarının doğma divarlar arasında növbəti zəfər meydanı olacaq.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 5 mart.- S.1; 8.