Paolo Qrimoldi: İtaliya ilə Azərbaycan arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir

 

Martın 4-də Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyası yanında İtaliya nümayəndə heyəti ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli ölkələrimiz arasındaki münasibətlərin qədim tarixə malik olduğunu deyib. Bildirib ki, 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika elan edilib. Daha sonra 1991-ci ildə ölkəmiz öz dövlət müstəqilliyini bərpa edib. Hər dəfə İtaliya Azərbaycanla münasibətlər quran ilk ölkələr sırasında olub. 2017-ci ildə Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 25 illiyi qeyd olunub.

Vurğulanıb ki, iki dövlət arasında əlaqələr yüksək səviyyədədir. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul olunub. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfəri baş tutub. Həmin il Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya səfəri zamanı orada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə keçirilən konfransda iştirak edib. Eyni zamanda, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu İtaliya tarixi abidələrinin bərpasına böyük dəstək göstərir. Ötən il, həmçinin İtaliya Senatının sədri Mariya Kasellati Azərbaycana rəsmi səfərə gəlib.

Diqqətə çatdırılıb ki, dövlətlərarası münasibətlərin inkişafında parlamentlər xüsusi rol oynayır. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız həm dostluq qrupları çərçivəsində, həm də müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq edirlər. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.

Azər Kərimli vurğulayıb ki, Azərbaycan nəinki regionda, bütün dünyada dinamik inkişaf edən ölkələrdən biridir. Lakin bizim Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemimiz var. Münaqişə nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilib. Azərbaycan problemin sülh yolu ilə həllinə çalışır. Ermənistan isə tamam fərqli mövqe nümayiş etdirərək, beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlara riayət etmir, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Təqdirəlayiq haldır ki, 2010-cu ildə İtaliya Senatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi əks olunan qətnamə qəbul edilib. Həmçinin İtaliya parlamentinin xarici əlaqələr komitəsində də eyni məzmunlu sənəd qəbul olunub.

ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını deyib. O, Şəhidlər xiyabanını ziyarət edərkən baş verən hadisələr barədə aldığı məlumatlardan çox təsirləndiyini söyləyib.

Qonaq İtaliya ilə Azərbaycan arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyib. O, İtaliyanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, bu səfərin parlamentlər arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildirib, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti barədə danışıb. Paolo Qrimoldi iqtisadi, elm, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını deyib.

Paolo Qrimoldi Azərbaycanda bütün sahələrdə müşahidə olunan dinamik inkişafı qeyd edib, o cümlədən paytaxt Bakının görkəminin daha da gözəlləşdiyi, müasirləşdiyi barədə xoş təəssüratlarını bölüşüb. Qonaq ölkəmizin qısa müddət ərzində qazandığı uğurları təqdir edib.

 

Azərbaycan.- 2019.- 5 mart.- S.3.