Milyonların
sevinci
2018-ci ildə qazanılan iqtisadi
uğurların 2019-cu ildə daha yüksək nəticələrlə
təkrarlanacağı şübhəsizdir. Eyni zamanda, bu il
sosial sahədə qəbul edilən mühüm qərarlarla əlamətdar
olacaq. Təkcə fevral ayında Prezident İlham Əliyevin
imzaladığı fərman və sərəncamlar 3 milyon
insanın həyatında hiss olunub.
Bu mövzu ilə bağlı Milli Məclisin
deputatları öz qənaətlərini qəzetimizlə bölüşdülər.
İlham
Əliyevin iqtisadi islahatlarının nəticəsi həm də
sosial sferada görünür
Rafiq
MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin
deputatı, professor:
- Sözü, vədi ilə əməli
üst-üstə düşən Prezident İlham Əliyevin
son 15 ildə dövlətin daha da qüdrətlənməsi,
xalqının rifah halının
yaxşılaşdırılması istiqamətində
yürütdüyü müstəqil siyasət, həyata
keçirdiyi sosial-iqtisadi islahatlar əsl liderlik, insansevərlik,
humanistlik və vətənpərvərlik nümunəsidir.
Xalqa xidmət etməyi ən böyük vəzifəsi bilən
dövlət başçısının elə bir vədi
yoxdur ki, həyata keçməsin.
Müharibə şəraitində
olmasına baxmayaraq cənab İlham Əliyevin yeni inkişaf
konsepsiyasına uyğun aparılan iqtisadi islahatlar nəticəsində
Azərbaycan maliyyə imkanlarını xeyli dərəcədə
artırıb. Büdcə gəlirlərinin artması, maliyyə
imkanlarının əhəmiyyətli dərəcədə
yüksəlməsi isə bu vəsaitlərin məhz sosial
sferaya yönəldilməsinə real zəmin yaradıb.Vətəndaşların
sosial rifahının
yaxşılaşdırılmasını ən
başlıca vəzifə hesab edən dövlət
başçısı 2019-cu ilin başlanğıcından
bu istiqamətdə həyata keçirdiyi islahatlarla siyasətinin
mərkəzində Azərbaycan vətəndaşının
dayandığını bir daha təsdiqlədi. Təkcə
fevral ayında minimum əməkhaqqının, minimum
pensiyanın, təqaüdlərin, müavinətlərin
artırılması, digər ödənişlərin verilməsi
istiqamətində imzalanan fərman və sərəncamlar
Prezidentin böyük sosial paketinin ilkin təzahürləridir.
Əgər diqqət yetirsək
görərik ki, imzalanan sərəncam və fərmanlar
milyonlarla insanın sosial rifah halının
yaxşılaşdırılmasına xidmət edir. Məsələn,
minimum əməkhaqqının, minimum pensiyanın təxminən
40 faiz artırılması 830 minə yaxın insanı əhatə
edirdisə, sosial müavinətlərin orta hesabla 100 faiz
artırılması ilə bağlı sərəncam təxminən
600 min insana şamil olundu. Çoxmənzilli binaların sənədləşdirilməsi
ilə bağlı fərman təxminən 350-400 min insanı
əhatə edir.
Dövlət
başçısının hər zaman diqqət və
qayğısı ilə əhatə olunan şəhid ailələrinin
problemlərinin həlli, müavinətlərin
artırılması və ödənişlərin verilməsi
minlərlə insanı sevindirdi. Tələbələrin təqaüdləri
əhəmiyyətli dərəcədə
artırıldı, bu da 100 mindən çox tələbənin
maliyyə vəziyyətini yaxşılaşdırır. Yəni,
cənab İlham Əliyevin son bir ayda ardıcıl olaraq
imzaladığı sərəncam və fərmanlar yüz
minlərlə vətəndaşımızın
dolanışığının müsbət yöndə dəyişməsinə
təsir edəcək.
Digər sosialyönümlü
addımlar və fevralın 28-də Prezidentin əhalinin
problemli kreditlərinin həlli ilə bağlı verdiyi fərman
isə xalqın böyük sevincinə səbəb oldu.
Çünki dünyada analoqu olmayan bu sənəd bir milyona
yaxın insanın problemini həll edəcək.
Qlobal iqtisadi və maliyyə
böhranı, bununla əlaqədar enerji resurslarının
qiymətinin kəskin aşağı düşməsi Azərbaycan
iqtisadiyyatına da öz təsirlərini göstərmiş,
nəticədə əhalinin müəyyən qrupunun ödəmə
qabiliyyəti zəifləmiş, xarici valyutada borc
almış vətəndaşların banklar
qarşısında öhdəlikləri artmışdı. Hətta
məsələ ilə bağlı məhkəmə müstəvisində
baxılma halları çoxalmışdı. Ancaq son
dövrdə respublikada makroiqtisadi sabitliyin təmin
olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək
artması və maliyyə imkanlarının genişlənməsi
digər sahələr kimi, əhalinin xarici valyutada olan
vaxtı keçmiş kredit borclarının ödənilməsinə
də dövlət dəstəyi göstərilməsi
üçün şərait yaratmışdı.
Problemin optimal həlli
yollarını tapmaq, bu məsələni əhali və dövlət
büdcəsi üçün ən əlverişli variantda
aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai
müzakirələr təşkil olundu və Azərbaycan
Prezidentinin tapşırığına əsasən hökumət
bu istiqamətdə fəal iş apardı və təkliflər
hazırladı. Paralel olaraq bu məsələ Milli Məclisdə
müzakirə edildi və müxtəlif təkliflər irəli
sürüldü.
Nəhayət, dövlət
başçısının böyük sosial islahatlar paketi
çərçivəsində imzaladığı fərmanla
bu məsələnin həlli yolu müəyyənləşdirildi.
Bu fərman dövlətin öz vətəndaşının
yanında, bütün problemlərinin həllində daim
iştirakçı və yardımçı olduğunu
göstərdi. Bu, bir daha Azərbaycan dövlətinin iqtisadi
qüdrətini, cənab İlham Əliyevin dönməz iradəsini
ortaya qoydu. Prezident devalvasiyadan əziyyət çəkən
insanlara misilsiz dəstək göstərdi.
Hər bir dövlət vətəndaşının
sosial müdafiəsi üçün müxtəlif layihələr
həyata keçirir. Ancaq heç bir ölkədə cəmi
bir ayda bu dərəcədə sosialyönümlü, vətəndaşın
marağını güdən fərman və sərəncamlar
imzalanmayıb. Cənab İlham Əliyevin böyük sosial
paketi təqribən 3 milyona yaxın insanı əhatə edir
və bir daha dövlətin əsl niyyətini göstərir.
Problemli kreditlərin həlli Azərbaycan
hakimiyyətinin ciddi sosial təşəbbüsüdür. Vətəndaşların
rifah halını daha da yüksəltmək, onların maliyyə
yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin
3-4 dəfə azalması ilə bağlı baş vermiş
devalvasiya nəticəsində fiziki şəxslərin xarici
valyutada olan kreditləri üzrə onların üzləşdiyi
maliyyə itkisini qarşılamaq məqsədi
daşıyır. Azərbaycan o dövlətlərdəndir
ki, burada bütün məsələlər - problemin ciddiliyi,
ağırlıq yükü, onun həllinin büdcəyə,
əhalinin rifah halının yüksəlməsinə təsiri,
maliyyə imkanları, səmərəli tətbiq mexanizminin
işlənib hazırlanması, icrası və icraya nəzarət
hərtərəfli araşdırıldıqdan sonra
müvafiq qərar qəbul olunur.
Martın 1-də mədəniyyət
və incəsənət xadimləri ilə keçirilən
görüşdə genişmiqyaslı sosial islahatlardan
söz açan Prezident bir daha vurğuladı ki, bu islahatlar
bütün sahələri əhatə edəcək. Bu səbəbdən
də 2019-cu il əvvəlki illərdən fərqlənən
çox ciddi il olacaq.
Əminliklə deyə bilərik ki,
xoşməramlı, humanist siyasəti, hər zaman əhalinin
sosial problemlərini diqqətdə saxlaması, şad gündə
də, çətin anlarda da vətəndaşların
yanında olması ilə cənab İlham Əliyev xalqın
sevimli liderinə çevrilib. Sözün əsl mənasında,
bu gün Azərbaycanda sarsılmaz xalq-Prezident birliyi
formalaşıb.
Vətəndaş
məmnunluğuna yol açan sosial təşəbbüslər
Tahir SÜLEYMANOV,
Milli Məclisin
deputatı:
- Bu gün Azərbaycanda iqtisadi
sferada həyata keçirilən siyasətin və nail
olduğumuz inkişafın özünü qabarıq göstərən
ən mühüm cəhətlərindən biri
sosialyönümlülük faktorudur. Çünki ölkə
rəhbərliyinin inkişaf kursunun əsas qayəsi ondan ibarətdir
ki, respublikamızda aztəminatlı vətəndaş
olmamalı, hər kəsin yüksək sosial rifahı təmin
edilməlidir. Bu baxımdan aparılan məqsədyönlü
siyasət nəticəsində yüksək inkişaf göstəricilərinə
malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial
müdafiəsinin əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmasını təmin edib. Fərəhli
haldır ki, geridə qoyduğumuz hər bir il sosial rifaha xidmət
edən tədbirlərin işlənib hazırlanması və
uğurla reallaşması ilə əlamətdardır.
Ümumiyyətlə, bazar
iqtisadiyyatı şəraitində sosial ədalət
prinsipinin gücləndirilməsi, əhalinin bütün təbəqələri
üçün bərabər və əlçatan sosial təminat
mexanizminin yaradılması və təkmilləşdirilməsi,
o cümlədən onun ünvanlılığının təmin
edilməsi, aztəminatlı vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi ilə
yanaşı, sosial reabilitasiya əhəmiyyətli aktiv tədbirlərin
həyata keçirilməsi, sosial xidmət sisteminin cəmiyyətin
ehtiyaclarına uyğun qurulması kimi mühüm prioritetlər
ölkəmizdə daim diqqətdə saxlanılır. Elə
buna görə də geniş miqyasda həyata keçirilən
sosial müdafiə tədbirləri hətta dünya
iqtisadiyyatının böhranlı günlərində də
davam etdirildi. Aztəminatlı əhaliyə ünvanlı
sosial yardımların verilməsindən tutmuş, əlillərin,
müharibə veteranlarının, qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılmasına, yoxsulluğun
azaldılmasına qədər bütün sosial müdafiə
tədbirləri uğurla həyata keçirildi.
Son illərdə Azərbaycan
iqtisadiyyatında yeni keyfiyət dəyişiklikləri baş
verir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, 2017-ci il
ölkəmizdə iqtisadi sabitləşmə dövrü
oldu. 2018-ci ildə isə biz başlanmış iqtisadi
islahatların daha geniş miqyasda bəhrəsini
gördük. Təbii ki, bütün bunlar sosial sferada yeni təşəbbüslərin
ortaya qoyulmasına imkan yaradır. Yadımızdadır ki, hələ
ötən ilin prezident seçkilərindən sonra cənab
İlham Əliyevin Milli Məclisdə etdiyi
çıxışında islahatların davam etdiriləcəyini,
xüsusən sosial sahədə mühüm qərarların
qəbul ediləcəyini açıqlamışdı.
Ötən ay Prezident İlham Əliyevin imzaladığı
10-dan artıq fərman və sərəncam göstərir ki,
dövlət başçısının bir müddət əvvəl
elan etdiyi sosial prioritetlər üzrə son dərəcə
mükəmməl sosial paket hazırlanıb. Və burada cəmiyyətin
demək olar ki, bütün təbəqələrinin sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı
məsələlərin yer alması göstərir ki, cənab
Prezident hər bir vətəndaşın rihafının daha
da yaxşılaşdırılmasını diqqət mərkəzində
saxlayır.
Fevralın 25-də keçirdiyi
müşavirədə bu barədə danışan Prezident
İlham Əliyev bir daha vətəndaşların sosial
rifahının yaxşılaşdırılmasının ən
başlıca vəzifə olduğunu dedi və 2019-cu ilin
sosial inkişaf, əhalinin sosial müdafiəsi
baxımından başqa illərdən fərqlənən il
olacağını bəyan etdi. Ötən ay minimum əməkhaqqının
məbləğinin 50 manat artırılaraq 180 manata
çatdırılması, əmək pensiyaların minimum məbləğinin
38 faiz artırılaraq 116 manatdan 160 manata
çatdırılması, təqribən 100 minə yaxın
tələbənin təqaüdünün
artırılması, məcburi köçkünlər
üçün sosial müavinətin 50 faiz
artırılması, Əfqanıstan veteranlarının
müavinətinin 220 manatdan 300 manata qaldırılması, ali
təhsil müəssisələrində müvəffəqiyyət
göstəriciləri əsasında dövlət hesabına
maliyyələşən təqaüd yerlərinin
sayının 16 min vahid artırılması göstərir
ki, 2019-cü il həqiqətən, fərqli bir ildir. Bir qədər
əvvəl, yanvar ayında isə şəhid ailəsi
üçün Azərbaycan Prezidentinin təqaüdünün
aylıq məbləği 58 manat artırılaraq 300 manat
müəyyən edildi.
Cənab Prezidentin sosial məsələlərlə
bağlı addımları bununla bitmir və fevralın 25-də
imzalanan "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında” sərəncam
580 minə yaxın vətəndaşı əhatə etdiyi
üçün son dərəcə mühüm sosial təşəbbüs
kimi yadda qaldı. Sərəncama uyğun olaraq, indiyədək
müəyyən olunmuş bütün sosial müavinətlərin
məbləği əhəmiyyətli dərəcədə
artırıldı.
Respublikada aparılan sosial siyasətin
daha geniş spektrdə sosial məsələlərin həllini
əhatə etdiyini və bununla cəmiyyətin rifahında
daha önəmli rola malik olduğunu, eyni zamanda ölkədə
sosial ədalətin tam təminini təsdiq edən tədbirlərin
davamı kimi problemli kreditlərlə bağlı dövlət
başçısının təşəbbüsünü
göstərmək olar. 2015-ci ildə baş vermiş
devalvasiyadan sonra yaranmış bu məsələ banklardan
dollar hesabı ilə kredit götürmüş vətəndaşları
xüsusilə narahat edirdi. Çünki devalvasiyadan sonra onlar
dolların qiymətinin yüksəlməsinə görə
artıq faiz ödəmək məcburiyyətində
qalmışdılar. Lakin Prezident İlham Əliyev onların
bütün narahatçılıqlarına son qoydu. Belə
ki, dövlət başçısının fevralın 28-də
imzaladığı müvafiq fərmanla baş vermiş
devalvasiya nəticəsində fiziki şəxslərin xarici
valyutada olan kreditləri üzrə onların üzləşdiyi
maliyyə itkisi dövlətin hesabına yoluna qoyulacaq, beləliklə,
problemli kreditlər məsələsi dövlət dəstəyi
ilə tam həll olunacaq. Bu fərmanla hətta borcunu ödəmiş
vətəndaşların belə, artıq ödəmələri
onların özlərinə qaytarılacaq.
Dünyanın heç bir ölkəsində vətəndaşın problemli kreditin məhz dövlətin hesabına həll etdiyini görmək mümkün deyil. Lakin Azərbaycan Prezidenti bunu da etdi. Çünki cənab İlham Əliyev üçün ən mühüm prioritetlərdən biri vətəndaşının yüksək sosial rifahının təmin edilməsi, onun xoş ovqat və əhval-ruhiyyədə yaşamasıdır. Unutmalı deyilik ki, Prezident İlham Əliyev indiyədək buna bənzər digər problemləri də böyük müdrikliklə həll edib. Məsələn, ölkəmizdə sovet vaxtından qalmış əmanətlərə bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla kompensasiya verilməsini misal göstərmək olar. Təxminən 7 il əvvəl ölkəmizdə bu problemə də son qoyuldu və vətəndaşlar vaxtilə banklarda qalmış və dəyərdən düşmüş əmanətlərini hazırkı maliyyə şərtləri əmsalında geri aldılar.
Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş fərman və sərəncamlar əhatə dairəsinə görə sözün əsl mənasında, inqilabi qərarlardır. Bütün bu işlərin 2019-cu ildən etibarən geniş şəkildə reallaşması bir tərəfdən Azərbaycan hökumətinin sosialyönümlü fəaliyyətini əks etdirirsə, digər tərəfdən cənab İlham Əliyevin iqtisadi islahatlarının öz bəhrəsini verdiyini sübuta yetirir.
Bütövlükdə,
Prezident İlham Əliyevin sosial məsələləri əhatə
edən fərman və sərəncamları 3 milyona yaxın
vətəndaşı əhatə edir. Bu isə milyardlarla
manat əlavə vəsait deməkdir. Bütün bunlar
göstərir ki, Azərbaycan həqiqətən, sosial
dövlətdir. Təbii ki, iqtisadi imkanlar yüksəldikcə
ölkədə insan amilinə xidmət edən, vətəndaşların
daha yüksək sosial standartlar səviyyəsində
yaşamasına yol açan təşəbbüslərin
şahidi olacağıq.
Azərbaycan.-
2019.- 5 mart.- S.4.