Vətəndaş
maraqlarının müdafiəçisi
Prezident
İlham Əliyevin sosial məsələlərlə
bağlı fərman və sərəncamları ictimaiyyətin
dərin rəğbətinə səbəb olub
Son illərin iqtisadi mənzərəsi
Azərbaycanın qarşısına qoyduğu hədəflərə
doğru inamla irəliləyən bir ölkə olduğunu
nümayiş etdirməklə yanaşı, Prezident İlham
Əliyevin həyata keçirdiyi inkişaf kursunun praktikada
özünü tam doğrultduğunu ortaya qoydu. Bu baxımdan
ötən 15 ildə qazanılmış nailiyyətlər
bütün ölkə rəhbərliyinin inkişaf kursunun təməlində
dərindən düşünülmüş elmi-iqtisadi əsasların,
dövlətin və xalqın maraqlarının təmin
olunmasının dayandığını göstərir.
Sosial rifah
daim diqqət mərkəzində olacaq
Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin mərkəzində dayanan əsas məsələlərdən
biri insan amilidir. İnsanın həyatını
yaxşılaşdırmağa xidmət etməyən
heç bir iqtisadi inkişaf öz məqsədinə,
yüksək amallarına nail ola bilməz. Bu mənada vətəndaşların
sosial rifahının yaxşılaşdırılması, həyat
tərzinin və səviyyəsinin dəyişdirilməsi
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas
məqsədlərindən biridir.
Son 15 ilin sosial inkişaf
dinamikasına nəzər salanda ardıcıl surətdə cəmiyyətimizin
ayrı-ayrı üzvlərinin həyat səviyyəsinin
yaxşılaşdırılması istiqamətində
mühüm addımların atıldığının
şahidi oluruq. İstər insanların əməkhaqlarının
yüksəldilməsi, istər pensiyaların
artırılması, istərsə də aztəminatlı ailələrin
sosial müdafiəsi sisteminin təkmilləşdirilməsi
ölkəmizdə həyata keçirilən sosial siyasətin
ayrı-ayrı şaxələrini təşkil edir.
Ötən il aprelin 18-də Milli Məclisdə
keçirilən andiçmə mərasimində Prezident
İlham Əliyev diqqəti sosial məsələlərə
yönəldərək dedi: "Son 15 il ərzində biz
sosial məsələlərin həllinə çox
böyük diqqət göstərmişik. Bunu rəqəmlər
də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə,
pensiyalar 10 dəfədən çox artıb. Sosial
infrastruktur yaradılır. 3100-dən çox məktəb
tikilib və təmir edilib, 640-dan çox xəstəxana
tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya
İdman Mərkəzi yaradılıb. Yəni, sosial siyasət
daim diqqət mərkəzindədir. Dəfələrlə bu
məsələ ilə bağlı fikrimi bildirmişəm,
bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə
də Azərbaycan vətəndaşının maraqları,
onun rifahı daim diqqət mərkəzində olacaqdır”.
Ölkədə yoxsulluq da təxminən
50 faizdən 5,1 faizə düşüb. İşsizliyin
aradan qaldırılması ilə bağlı geniş tədbirlər
görülüb. Hazırda işsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir.
Bu, dünyada ən yaxşı göstəricilərdən
biridir. Bütün bu statistik faktlar göstərir ki, ulu
öndər Heydər Əliyevin müəllifi olduğu
müstəqil Azərbaycanın hərtərəfli
inkişaf konsepsiyasının əsas tərkib hissələrindən
biri olan sosial siyasət kursunun Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən dövrün tələblərinə
adekvat şəkildə, həm forma, həm də məzmun
etibarilə zənginləşdirilərək davam etdirilməsi
əhalinin sosial müdafiəsi sahəsində və
bütövlükdə ölkənin sosial həyatında
böyük tarixi nailiyyətlər əldə edilməsinə
gətirib çıxarıb. Elə həmin mərasimdə
cənab Prezident növbəti illərdə çox ciddi
islahatların aparılacağını və bütün
bunların vətəndaşlarımızın
yaşayış səviyyəsinin daha da
yaxşılaşacağını bəyan etdi. Keçən
ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi,
müəyyən edilməsi və
ardıcıllığı haqqında çox geniş
işlər aparılırdı.
Budur, cənab İlham Əliyevin
qeyd etdiyi məqamlar 2019-cu ilin əvvəlindən
başlayaraq artıq real həyata vəsiqə qazanır.
İlk olaraq yanvar ayında həyata keçirilən struktur
islahatları deyilənləri təsdiq edir.
İslahatların
əsas hədəfləri
"2019-cu ildən başlayan
islahatların əsas hədəfi Azərbaycanı müasir,
inkişaf edən və gələcəkdə inkişaf
etmiş ölkəyə çevirməkdir, ölkədə
mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları
narahat edən problemləri tamamilə gündəlikdən
çıxarmaqdır, insanların rifah halını
yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli
dövlət qurmaqdır”. Bu fikirləri Prezident İlham
Əliyev fevralın 12-də "Real” televiziyasına
müsahibəsində söylədi. Və elə fevral
ayında imzaladığı müvafiq fərman və sərəncamlar
göstərdi ki, dövlət başçısının fəaliyyətinin
əsas qayəsini insan amilinin uca tutulması təşkil
edir.
Öncə onu qeyd etmək yerinə
düşər ki, Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident
Sarayında şəhid ailələrinin üzvləri ilə
keçirdikləri görüş bu ilin ən yaddaqalan və
cəmiyyətimizin ovqatını yüksəldən bir hadisə
oldu. Elə həmin görüş göstərdi ki, bu
kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi
daim diqqət mərkəzində saxlanılacaq. Həmin
görüşdən sonra dövlət
başçısının Azərbaycanın ərazi
bütövlüyü uğrunda həlak olmuş hərbi
qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin
yaxşılaşdırılması ilə əlaqədar əlavə
tədbirlərlə bağlı fərmanına əsasən,
birdəfəlik ödəmə alan şəhid ailələrinin
əhatə dairəsi daha da genişləndi. Bu fərmanla
birdəfəlik ödəmənin verilməsi prosesi artıq
12268 şəhidin vərəsələrini əhatə edir.
Bundan iki ay sonra Prezident İlham
Əliyev şəhid ailəsinin sosial müdafiəsini
gücləndirmək və onlara dövlət
qayğısını artırmaq məqsədi ilə
növbəti fərman imzaladı. "Şəhid ailəsi
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
artırılması haqqında” fərmana əsasən, şəhid
ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün
aylıq məbləği 58 manat artırılaraq 300 manat
müəyyən edildi.
Geridə qoyduğumuz fevral ayı
isə sosial sferada qəbul edilən inqilabi qərarlar
dövrü kimi yadda qaldı. Belə ki, fevral ayında
Prezident İlham Əliyev tərəfindən təkcə
sosial məsələləri əhatə edən bir neçə
fərman və sərəncamlar imzalaması möhtəşəm
sosial islahatlar paketindən xəbər verir.
Dövlət
başçısının imzaladığı sərəncamlardan
biri minimum əməkhaqqının artırılması ilə
bağlıdır. Fevralın 8-də imzalanan "Minimum
aylıq əməkhaqqının artırılması
haqqında” sərəncamla ölkə üzrə minimum əməkhaqqı
50 manat, yəni, təxminən 38,5 faiz artırılaraq 180
manata çatdırıldı. Bu qərar artıq mart
ayının 1-dən qüvvədədir. Qeyd edim ki, bu,
dövlət büdcəsindən maliyyələşən təşkilatlarda
və özəl sektorda işləyən 600 min
işçinin əməkhaqqının artması deməkdir.
Bunlar dövlət sektorunda işləyən 450 min nəfərin
aylıq əməkhaqqında 30 faiz, özəl sektorda
işləyən 150 min nəfərin əməkhaqqında isə
25 faiz artımda özünü göstərəcək.
Minimum əməkhaqqının artırılması ilə
bağlı dövlət büdcəsindən illik 400 milyon
manat əlavə vəsait yönəldiləcək.
Prezident İlham Əliyevin
fevralın 14-də imzaladığı "Azərbaycan
Respublikasının ali məktəb tələbələri
üçün Prezident təqaüdünün təsis edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3
sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik
edilməsi barədə fərman, "Ali təhsil müəssisələrində
təqaüd sisteminin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər barədə” və
"Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili
müəssisələrində, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura səviyyəsində
təhsil alan tələbələrə təqaüdlərin
verilməsi haqqında” sərəncamlar da sosial islahatlar
paketinin mühüm tərkib hissələridir. Fərmana əsasən,
ali məktəb tələbələri üçün
Prezident təqaüdünün məbləği 210 manata
çatdırıldı.
"Ali təhsil müəssisələrində
təqaüd sisteminin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər barədə” sənədə
əsasən ali təhsil müəssisələrində
müvəffəqiyyət göstəriciləri əsasında
dövlət hesabına maliyyələşən təqaüd
yerlərinin sayı martın 1-dən 16 min vahid
artırılacaq. Digər sərəncama əsasən isə
doktorantura pilləsi, yəni, elmlər doktoru
hazırlığı üzrə doktorantlara 300 manat, fəlsəfə
doktoru hazırlığı üzrə doktorantlara 180 manat,
ali təhsil müəssisələrində və Milli Elmlər
Akademiyasında adlı təqaüd alan tələbələrə
170 manat ödəniləcək. Həmçinin magistratura,
bakalavriat və orta ixtisas səviyyəsi üzrə akademik
göstəriciləri olanların, peşə təhsili
müəssisələrinin tələbələrinin də təqaüdü
yüksəldi. Bu sərəncamlara əsasən, təqribən
100 minə yaxın tələbənin təqaüdü
artırıldı. Bu sənədlər təkcə bir gəncin
təqaüdünün artırılması və yaxud ailə
vəziyyətinin yaxşılaşdırılması ilə
bağlı deyil, bütövlükdə Azərbaycan dövlətinin,
ölkə rəhbərinin öz vətəndaşlarına
olan insani münasibətinin nəticəsidir.
Prezidentin fevralın 19-da
imzaladığı "Bəzi çoxmənzilli
binaların istismarına icazə verilməsinin sadələşdirilməsi
haqqında” fərmanla isə təxminən 400 çoxmənzilli
binanın sənədləşməsi məsələsində
yaranmış problemlərə son qoyulacaq. Bu addım da əhalinin
və həm də iqtisadi maraqların müdafiəsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Fevralın 21-də imzaladığı növbəti fərmanla
Əfqanıstan veteranları üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği
artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən
edildi.
Əlavə
gəlirlər ilk növbədə vətəndaşların
sosial müdafiəsinə yönəldilir
Fevralın 25-də Prezidentin
yanında keçirilən müşavirə iqtisadi və
sosial məsələlərə həsr olunmuşdu. Bu
müşavirə ilk növbədə İlham Əliyevin
öz vətəndaşının sosial rifahının daha
da yaxşılaşdırılmasına olan həssas diqqətinin
növbəti təcəssümü kimi yadda qaldı. Eyni
zamanda, bir daha göründü ki, dövlətin sosial siyasəti
ardıcıl və sistemlidir. Bəli, reallıq ondan ibarətdir
ki, Azərbaycanda son illərdə aparılan mükəmməl
iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə
gəlirlərinin artmasına, maliyyə
imkanlarımızın əhəmiyyətli dərəcədə
yüksəlməsinə səbəb olub. Müşavirədə
qeyd olunduğu kimi, təkcə ilin birinci ayında daxilolmalar
kəskin şəkildə artmışdır. Vergi
orqanları plandan əlavə 80 milyon manatdan çox,
gömrük orqanları isə plandan əlavə 20 milyon
manatdan çox vəsait toplamışlar və ümumi
daxilolmalar 105 milyon manat artmışdır.
Cənab Prezident ilk növbədə
bu vəsaitləri məhz sosial sferaya cəlb edir. Dövlət
başçısının dediyi kimi bu, imkan verir ki, əlavə
gəlirləri, ilk növbədə, vətəndaşların
sosial müdafiəsinə yönəldək.
Elə həmin gün dövlət
başçısının imzaladığı
"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında” sərəncam
əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində
növbəti mühüm addım kimi tarixə
düşdü.
Sərəncama uyğun olaraq,
sosial müavinətin məbləğinin yaşa görə
müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup
əlilliyə görə 150 manata, II qrup əlilliyə
görə 130 manata, III qrup əlilliyə görə isə
110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar üçün 82 manatdan 150 manata, ailə
başçısını itirməyə görə isə
ailə üzvlərinin hər biri üçün 68 manatdan
80 manata çatdırılması nəzərdə tutulur.
Həmçinin sosial müavinətin
məbləği valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların qəyyumları
üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi
xidmət qulluqçularının uşaqları
üçün 68 manatdan 100 manata, beşdən çox
uşağı olan qadınların hər uşağı
üçün 33 manatdan 55 manata, uşağın anadan
olmasına görə 109 manatdan 200 manata, dəfn
üçün ödənilən sosial müavinətin məbləği
isə 146 manatdan 300 manata çatdırılacaq.
Sərəncam eyni zamanda, Azərbaycan
Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin
əhatə dairəsinin genişlənməsinə əsas
yaradıb. Belə ki, sərəncamda I qrup əlillərə
və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək
şəxslərə qulluq üçün əmək
pensiyasının sığorta hissəsinə əlavə əvəzinə
I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə
və sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlara qulluq edənlərə 50 manat məbləğində
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi də yer alıb. Dövlət
başçısının yeni sərəncamı ilə
müharibə əlillərinə Prezident təqaüdünün
məbləğinin I qrup əlilliyə görə 182 manatdan
250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata,
III qrup əlilliyə görə 121 manatdan 210 manata
çatdırılması təmin ediləcək.
Sərəncam ümumilikdə,
576,8 min nəfərə yönələn sosial müavinətlərin
və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli
dərəcədə artırılması, eləcə də
həmin təqaüdlərin əhatə dairəsinin daha da
genişləndirilməsi məqsədinə xidmət edir.
Daha bir mühüm sosial addım
minimum əmək pensiyalarının artırılmasıdır.
Bu, 233 min nəfərin pensiyasında hiss olunacaq artıma gətirib
çıxaracaq. 9 min insanın pensiyası 2 dəfə, 26
min nəfərin pensiyası 30 faiz artacaq. Bütövlükdə
isə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz
civarında artacaq.
Prezidentin 25 fevral müşavirəsində
toxunduğu mühüm məsələlərdən biri
problemli kreditlər barədə idi. Qeyd edək ki, bir
neçə il əvvəl maliyyə bazarlarında baş
vermiş məlum devalvasiyadan sonra dollar hesabı ilə
banklardan götürülən kreditlərin ödənməsində
çətinliklər yaranıb. Budur, İlham Əliyevin vətəndaş
maraqlarına xidmət edən mütərəqqi sosial siyasəti
bu məsələdə də vətəndaşın
imdadına çatır. "Azərbaycan Respublikasında
fiziki şəxslərin problemli kreditlərinin həlli ilə
bağlı əlavə tədbirlər haqqında” 28 fevral
tarixli fərmana əsasən bu sahədə əhalini narahat
edən problemlərə birdəfəlik son qoyulacaq. Bu fərmanın
təxminən 800 mindən artıq vətəndaşı əhatə
etdiyini nəzərə alsaq, onun son dərəcə
mühüm sosial addım olduğunu görərik.
Bütövlükdə Prezident
İlham Əliyevin ötən ay qəbul etdiyi sosial qərarlar
təxminən 3 milyon vətəndaşı əhatə edir.
Maddi tərəfinə də gəldikdə isə bunlar
milyardlarla manat deməkdir. Bu da ondan xəbər verir ki,
dövlət başçısı üçün əsas
prioritetlərdən biri məhz vətəndaşların
sosial rifahının gücləndirilməsi, onları narahat
edən problemlərə son qoyulmasıdır. Ən əsası,
bütün bunlar onun təsdiqidir ki, Prezident İlham
Əliyev vətəndaş maraqlarının əsl müdafiəçisidir.
Nəsib
MƏHƏMƏLİYEV,
Milli Məclisin
deputatı
Azərbaycan.-
2019.- 5 mart.- S.4.