Hədəf tədqiqat
universitetidir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”, həmin strategiyanın həyata keçirilməsi
ilə bağlı "Fəaliyyət Planı”, eləcə
də "2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı”
universitetlərin inkişaf istiqamətlərini müəyyən
etmişdir. Bu istiqamətlərdən biri universitetlərin
elm, tədqiqat mərkəzinə çevrilməsidir. Azərbaycan
Dövlət İqtisad Universiteti (UNEC) də tədqiqat
universitetinə transformasiya edilməyi hədəfləyir.
Bu məqsədə nail olmaq
üçün hansı işlər
görülmüşdür? İlk olaraq universitetlərdə
səmərəli elmi tədqiqatların təşkili məsələsini
müzakirə etmək məqsədilə Nobel mükafatı
laureatı Əziz Sancarın iştirakı ilə beynəlxalq
konfrans düzənləndi. Konfransda başda Azərbaycan
Respublikasının təhsil naziri olmaqla "Clarivate Analytics”
nümayəndələri çoxlu xarici mütəxəssislərlə
birlikdə bu istiqamətdə ən aktual məsələlərə
aydınlıq gətirildi.
Regionda ilk dəfə müəllimlərin
reytinq sistemi tətbiq edildi və həmin reytinqdə elmi tədqiqatların
payı əvvəlki 40 faizdən hazırda 70 faizə qədər
yüksəldildi.
Nüfuzlu, impaktı yüksək
olan jurnallarda çap edilmiş məqalələrə
görə 4000 manata qədər qonorar vermək haqqında qərar
verildi. Məlumat üçün bildirək ki, yalnız
2018-ci ildə 2017-ci illə müqayisədə belə
qonorarın həcmi 34 dəfə artmışdır.
"Clarivate Analytics” ekspertləri tərəfindən
UNEC müəllimlərinə nüfuzlu jurnallarda məqalə
çap etdirilməsi yollarına dair iki təlim təşkil
edildi. Ölkədə ilk dəfə TEDx və tələbələr
arasında elmin cəlbediciliyini artırmaq üçün
Science Slam konfransı keçirildi. Gənc alimlər
şurası yaradıldı, UNEC Ekspert jurnalı təsis
edildi, Diskurs.az virtual iqtisadi forumu təşkil edildi.
UNEC-də 22 tədqiqat mərkəzi
yaradıldı və həmin mərkəzlər UNEC-də tədqiqat
fəaliyyətinin əsası kimi görünür. Həmin
tədqiqat mərkəzlərinin bəzi nailiyyətlərini
də qeyd etmək yerinə düşərdi. "UNEC
İnkişaf iqtisadiyyatı” Tədqiqat Mərkəzi
dünya iqtisad elmi tarixində ilk dəfə Azərilight
neftinin dünya bazar qiymətinin
proqnozlaşdırılması modelini qurmuşdur. Bu layihə
SOCAR-ın sifarişi əsasında yerinə yetirilmişdir.
Qürurla demək istəyirəm ki, bu layihənin nəticəsi
kimi hazırlanmış monoqrafiya "Springer” nəşriyyatı
tərəfindən çapa qəbul edilmiş və
martın 29-da işıq üzü görəcək. Həmin
kitab artıq Springer və Amazonda sifarişlər
üçün yerləşdirilmişdir.
Başqa bir tədqiqat mərkəzi
"UNEC Empirik tədqiqatlar mərkəzi”nin tələbələrlə
birlikdə apardığı tədqiqatın nəticələri
Scopus indeksli jurnalda nəşr edilmişdir. Bu, UNEC tələbələrinin
nüfuzlu və indeksli jurnalda məqaləsinin nəşri
baxımından UNEC üçün bir yenilik və ciddi
uğurdur.
2017-ci ildə UNEC Tədqiqat Fondu təsis
edildi və bu fond tərəfindən bir sıra ciddi tədqiqat
layihəsi həyata keçirilmişdir.
Bir necə gün əvvəl Web of
Science və Scopus indeksi olan beynəlxalq "ESD” konfransa UNEC
evsahibliyi etmiş və həmin konfransa UNEC əməkdaşlarının
147 məqaləsi qəbul edildi ki, bu da böyük uğur
kimi qəbul edilə bilər.
Tərkibində dörd şöbə
olan UNEC elmi fəaliyyətin təşkili və idarəedilməsi
departamenti və ilk dəfə olaraq Elmmetriya şöbəsi
yaradılmışdır.
2030-cu ildə Azərbaycan Dövlət
İqtisad Universitetinin 100 yaşı tamam olacaq və bu tarixlə
bağlı əsas hədəfləri özündə ehtiva
edən UNEC-100 strategiyası qəbul edilmişdir. Həmin
strategiyaya uyğun olaraq UNEC Beynəlxalq Beyin Mərkəzinin
yaradılmasını Scopus indeksli UNEC beynəlxalq
konfransın təşkil edilməsini ortamüddətli
dövrdə qarşıda duran əsas vəzifə kimi
müəyyən edilmişdir.
UNEC müəllimlərinin ingilis
dilində elmi məqalələr yazmaq
bacarığını formalaşdırmaq məqsədilə
British Counsil ilə bağlanmış müqaviləyə əsasən
25 müəllim üçün "Akademik ingilis dili” kursuna
10 gün əvvəl start verilmişdir.
Keçən dövr ərzində
görülmüş işlərin nəticəsi nə oldu?
- 2019-cu ilin yanvarında
açıqlanan "Google Akademik” istinadlara görə UNEC
ardıcıl olaraq ikinci dəfə Azərbaycanda universitetlər
arasında sitatların sayına görə birinci yerə
yüksəldi.
Sonuncu QS inkişaf etməkdə olan
Avropa və Mərkəzi Asiya reytinginə əsasən UNEC
Akademik reputasiya göstəricisinə əsasən regionun
101-ci ən yaxşı universiteti seçildi.
Web of Science-də çap olunmuş
məqalələrin sayı 2014-cü illə müqayisədə
2018-ci ildə 9 dəfə artmışdır.
Sevindiricidir ki, təkcə 2018-ci ildə
Web of Science-ə daxil olan mənbələrdə UNEC müəllimlərinin
çap olunmuş məqalələrinin sayı
1992-2014-cü illəri əhatə edən 22 ildə çap
olunmuş məqalələrin sayından çoxdur.
Nüfuzlu elmi jurnallarda nəşrlərinin
sayının ilbəil artmasına və dünya elm məkanına
uğurla inteqrasiya etdiyinə görə "Clarivate Analytics”
UNEC-i "Web of Science Awards - 2018” və "Most progressive
universities in Web of Science for the last 3 years” mükafatları ilə
təltif edilmişdir. Belə ki, "Clarivate Analytics”-in məlumatına
əsasən UNEC-in 1991-2018-ci illərdə "Web of Science”-ə
daxil edilən elmi əsərlərinin 56 faizi məhz son 3 ilin
payına düşür.
Bütün bu uğurlara baxmayaraq
elmi fəaliyyət sahəsində vəziyyət
universitetimizin hədəflərindən uzaqdır və
UNEC-in mövcud potensialına cavab vermir.
UNEC-in zəif yerlərini aşkar etməyi
öyrənməli, etiraf edəcək qədər
güclü olmalı və zəif yerlərinin gələcəkdə
güclü tərəfinə çevirməyi bacarmaq
üçün ciddi işlər davam etdirilməlidir. Bu
gün UNEC-də hələ də aradan qaldırıla bilməyən
zəif yerlər nədir?
QS beynəlxalq reytinq agentliyinin
hesabatına görə UNEC-in ən zəif yerlərindən
biri elmi tədqiqat və araşdırmalar olduğu qeyd edilir.
QS dünya universitetlərinin reytingində 20 faiz və regional
reytinqdə 5 faiz çəkisi olan "məqalələrə
görə sitat sayı” göstəricisi üzrə UNEC hələ
də belə bal əldə edə bilmir. Bunun əsas səbəbi
SCOPUS-da bu göstərici üzrə son 5 ildə UNEC-in ən
azı 150 məqaləsinin olmamasıdır. Bununla
bağlı maraqlı fakt: 2014-2018-ci illəri əhatə edən
son 5 ildə Web of Sciencedə universitetimizin əməkdaşlarının
məqalələrinin sayı 55 olmuşdur. Bu göstərici
2009-2013-cü illəri əhatə edən 5 ildə çap
olunan məqalələrin sayından 5 dəfə, 2004-2008-ci
illəri əhatə edən daha əvvəlki dövrdə
çap olunan məqalələrin sayından 7 dəfə
çox olmuşdur. Hesab edirəm ki, 82-si elmlər doktoru,
441-i fəlsəfə doktoru olmaqla 818 müəllimin
çalışdığı UNEC-də 5 il ərzində
150 məqalənin Scopus-da çap edilə bilməməsi
ciddi siqnaldır və bu, görülmüş işlərin
hələ də yetərli olmadığını göstərir.
Əminəm ki, universitetimizdə bu vəzifənin öhdəsindən
gəlmək üçün yetərli potensial mövcuddur.
Bəllidir ki, tədqiqatçılar
öz elm sahələri çərçivəsində
çalışırlar. Onların işi ondan ibarətdir
ki, məlum olmayanı məlum etsinlər. Tədqiqatçı
kimi fəaliyyət göstərmək o deməkdir ki, elmə
hələ də bəlli olmayanı
aydınlaşdırmağı bacarsın. Etiraf edək ki,
bir sıra "tədqiqatlar” hələ də formal xarakter
daşıyır. Tanınmış Stiven Xoking deyirdi ki,
"Biliyin əsas düşməni məhz bilik
illüziyasıdır” və UNEC hələ də bu
düşmənə qalib gələ bilməmişdir.
Bildiyimiz kimi, tədqiqatçılar
təkcə öz laboratoriyalarında, tədqiqat məkanlarında
dəyərli vaxtlarını yalqızlıqda, tənhalıqda
keçirmirlər. Tədqiqat toplum tərəfindən
aparılır və bu toplumda əqli əmək
bölgüsü mövcuddur. Hər bir tədqiqatçı
öz sahəsində mütəxəssisdir və elmi bilik
bütövlükdə toplum çərçivəsində
formalaşır və paylanır. Belə bölgü o demək
deyil ki, hər bir tədqiqatçı ancaq ona aid olan
kiçik məlumat daşıyıcısıdır və
toplumun biliyi və yaxud tədqiqatının nəticəsi hər
bir tədqiqatçının nəticələrinin sadə
cəmidir. Əqli əmək bölgüsü o deməkdir
ki, toplum ona daxil olan bütün tədqiqatçıların
toplam nailiyyətlərini özündə ehtiva edir. Həqiqətdir
ki, UNEC-də hələ də elm toplumunun
formalaşdırılması istiqamətində
görülmüş işlər gözlənilən nəticəni
verməmişdir.
Bəllidir ki, tədqiqatlar sübuta əsaslanır.
Sübut isə müxtəlif formada birbaşa müşahidə
və yaxud məntiqi nəticə ola bilir. Ancaq təcrübə
göstərir ki, tədqiqatçıların nəticələrinin
böyük əksəriyyəti nə müşahidələrə,
nə də ki, məntiqi nəticələrə əsaslanır.
Daha çox nəticələr elm sahəsində
tanınmışların elmi nüfuzuna əsaslanır. Təəssüflər
ki, UNEC hələ də belələrinin nüfuzundan
faydalanmağı oyrənə bilməmişdir.
Diqqəti cəlb edən digər məsələ
tədqiqatlara görə konfranslar, seminar, simpoziumlarda
iştirak xərclərinin ödənilməsi məsələsidir.
Sirr deyil ki, bu məqsədlər üçün maliyyə vəsaitləri
əsasən tədqiqatçı olmayan digər şəxslər,
təşkilatlar tərəfindən ödənilə bilir.
Bu və digər tədqiqatı, elmi tədbirdə
iştirakı maliyyələşdirən şəxs və təşkilat
əmin olmalıdırlar ki, həmin tədqiqatçının
maliyyələşdirilməsi fərdi investora və yaxud daha
böyük topluma fayda verə bilər. Etiraf edək ki, UNEC hələ
də tədqiqatları maliyyələşdirə biləcək
investorların və ya təşkilatların maraq dairəsinə
düşə bilməmişdir.
Biliklərin qarşılıqlı
asılılığı bu gün daha aydın
görünür. Bir sıra elm sahələri o qədər
sayda istiqamətləri və bilik həcmini özündə
ehtiva edir ki, elmi tədqiqat aparmaq üçün zəruri
olan bütün bilikləri bir alimin mənimsəməsi
mümkün deyil. Bu gün tədqiqatçılar öz tədqiqatlarında
digərlərindən daha çox asılıdırlar və
bu müxtəlif elm sahələrini təmsil edən tədqiqatçıların
əməkdaşlığını qaçılmaz edir. Bir
elmi məqalənin müəlliflərinin sayı 1950-ci ildən
2014-cü ilə qədər demək olar ki, 4 dəfə
artaraq 1950-ci ildəki 1,5 müəllifdən 2014-cü ildə
5,5 müəllifə qədər artmışdır. Təəssüf
ki, bu gün müxtəlif elm sahələrini təmsil edən
müəllim və əməkdaşların birgə tədqiqat
nümunələrini UNEC-də tapmaq çətindir.
Universiteti ali təhsil müəssisəsi
kimi digər təhsil müəssisələrindən fərqləndirən
əsas cəhət tədrislə yanaşı, universitetlərdə
tədqiqatların aparılmasıdır. Tədqiqat prosesinə
təhsilalanlar (bakalavr və magistrlər) cəlb edilməyənə
qədər ciddi nailiyyət mümkünsüz
görünür. UNEC-də təhsilalanların birgə elmi
tədqiqatlara cəlb edilməsi və təqribən 20 min tələbənin,
gənc beyinin potensialının reallaşdırılması
üçün görülmüş işlər hələ
də öz nəticəsini verməmişdir.
Yuxarıda qeyd edilənləri əsas
tutaraq UNEC-də ciddi elmi tədqiqatlar üçün əlavə
stimullar yaratmaq üçün ən qısa vaxtda
aşağıdakı tədbirlərin görülməsi məqsədəuyğundur:
1. UNEC-də ancaq pedaqoji fəaliyyətlə
məşğul olan müəllimləri və pedaqoji fəaliyyətlə
yanaşı həm də ciddi tədqiqat aparan müəllimləri
fərqləndirmək və bunun üçün obyektiv və
şəffaf meyarları özündə ehtiva edən
qaydaların hazırlanması vaxtı
çatmışdır.
2. Nüfuzlu xarici universitetdə bir
il müddətinə qədər tədqiqat aparmaq
üçün dəvət almış UNEC müəllimlərinin
UNEC-dəki əməkhaqqının xaricdə tədqiqat
apardığı müddətdə saxlanılması məsələsi
müsbət həll oluna bilər.
3. Yuxarıda qeyd edildiyi kimi,
impaktı yüksək olan jurnallarda çap olunmuş məqaləyə
görə UNEC-də 4000 manata qədər qonorar verilir. Bu
qaydanın həm də UNEC-də təhsil alanlara -
bakalavrlara, magistrlərə və doktorantlara şamil edilməsi
faydalı olar.
Yekunda məlumat üçün qeyd edim ki, Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 2018-ci il 9 apreldə imzaladığı sərəncamla mart ayının 27-si Azərbaycan Respublikasında Elm Günü elan edilmişdir. Bu sərəncamı və sərəncamdan irəli gələn vəzifələri əsas tutaraq 27 fevral-27 mart tarixində UNEC-də elm aylığı keçirilir. Bununla bağlı 27 fevralda elm aylığının açılışına həsr edilmiş konfrans keçirilmişdir. Bütövlükdə elm aylığı çərçivəsində UNEC-də 22 tədbir, o cümlədən "Yeni elm sahələri-ekonofizika”, "Elm haqqında Elm”, "İqtisadiyyat üzrə Nobel laureatları”, "Elmi fəaliyyətin institusional sistemi”, "Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi”, "Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri”, "İslam maliyyəsi”, "Tələbələrin elmi fəaliyyətə cəlb edilməsi” və digər maraqlı mövzulara həsr edilmiş müzakirələr keçirilir. Qeyd etmək lazımdır ki, bu konfrans Azərbaycanda ilk dəfə "Nəyi bilmirik” formatında keçirilmiş və elmi tədqiqatların təşkili, aparılması, nəticələrinin saxlanması və ötürülməsi ilə bağlı suallara aydınlıq gətirmişdir.
Ədalət
MURADOV,
Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) rektoru,
iqtisad elmləri
doktoru, professor
Azərbaycan.-
2019.- 5 mart.- S.5.