Xalçaçılıq ölkə sənayesində əhəmiyyətli yer tutmağa başlayır

 

Bu il daha 11 fabrikin istifadəyə verilməsi nəzərdə tutulur

 

Ölkədə qeyri-neft sektoruna verilən önəm qədim tətbiqi sənət növlərindən olan xalçaçılığın inkişafını da gündəmə gətirib. Xalçaçılıq tarixən Azərbaycan xalqının həm məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Son illərdə dövlət qayğısı bu sahənin ölkə sənayesində əhəmiyyətli yer almasına imkan yaradıb.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xalçalarımızın dünyada tanınması üçün böyük əmək sərf edib. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb.

2014-cü ildə Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə Xalça Muzeyinin yeni binası istifadəyə verilib. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlayıb.

Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran və Ağdamda təzə xalça müəssisələri istifadəyə verilib. Xalçaçılığın inkişafına yönəldilən tədbirlər ardıcıl xarakter daşıyır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu sahədə yaxşı nəticələr qazanıldığı qeyd edilib. Prezident İlham Əliyev bu il daha 11 xalça fabrikinin istifadəyə veriləcəyini bildirərək deyib: "Bu fabriklər tam gücü ilə fəaliyyətə başlayandan sonra 5 minə yaxın insan, - onların mütləq əksəriyyəti qadınlardır, - işləyəcək. Həm yerləri, gözəl müəssisələr yaradılır, bizim tarixi milli sənətimiz yaşayır və yaşayacaqdır, gənclər cəlb olunur, həm də ki, xalçaçılığın böyük iqtisadi tərəfi də var. Bu, ixracyönümlü məhsuldur”.

"Azərxalça”nın Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən filiallarının sayı artmaqdadır. İndiyədək işə başlayan xalçaçılıq müəssisələrinin hamısı da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

İlk filialın məhz cəbhə bölgəsində fəaliyyətə başlaması böyük məna daşıyır. Belə ki, Horadizdəki bu müəssisə Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən birini - Qarabağ xalçaçılıq məktəbini təmsil edir. Füzuli rayonunda belə bir sənaye ocağının yaradılması həm də dövlətin məcburi köçkünlərə qayğısından qaynaqlanır. Burada 150-dən çox işçinin məşğulluq problemi həllini tapıb. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərinin sakinləridir.

Keçən ilin may ayında Xaçmaz, avqust ayında İsmayıllı filiallarının da açılışı olub. Xaçmaz filialının 160-dan çox işçisi var ki, onların əksəriyyəti qadındır. Burada əsasən Xaçmazın ayrı-ayrı kəndlərində yaşayan qız-gəlinlər öz məşğulluq problemlərini həll edirlər. Onlar da digər filialların toxucuları kimi, işə kor-koranə başlamayıblar, bir neçə ay "Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Xalçaçılar müxtəlif ölçülü dəzgahlarda çalışırlar. Onlar Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində ərsəyə gələn tarixiorijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verirlər. Ümumiyyətlə, bütün filiallarda toxunan çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Dövlət başçısının iştirakı ilə açılmış İsmayıllı filialında 162 nəfərin məşğulluq problemi həll edilib ki, bunlardan 150-si qadındır.

"Azərxalça”nın Ağdam filialının fəaliyyətə başlaması da mühüm hadisəyə çevrildi. Müəssisənin Quzanlı qəsəbəsində yerləşən binası toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixiorijinal Qarabağ xalça çeşniləri üstünlük təşkil edir.

Müəssisənin açılışı mərasimində Prezident İlham Əliyev xalçaçıları təbrik edərək demişdir: "Bu, sayca yeddinci fabrikdir. Proqramımızda Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub, yeddincisi bu gün açılır. Çox şadam ki, biz Ağdam rayonunda buna nail ola bilmişik. Burada sizin üçün gözəl şərait, 150 yeri yaradılıb, işləyənlər qadınlardır. Siz həm gözəl sənətimizi yaşadırsınız, həm gözəl əsərlər yaradırsınız. Bu işlərə gənc qızlarımızı cəlb edirsiniz. Sizin fəaliyyətiniz çox yüksək qiymətə layiqdir. Ağdamın qədim xalçaçılıq məktəbi var. Burada qədim xalçalar da nümayiş etdirilir. İndi sizin əl işləriniz göz qabağındadır”.

Xalçaçılıq müəssisələrini materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinın, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə Sabirabad rayonlarında 5 regional yun boyaq bitkilərinin tədarükü məntəqəsinin inşası davam etdirilir.

Bütün bunlar o deməkdir ki, hazırda Azərbaycan xalça sənəti dirçəliş dövrünü yaşayır. Xalça istehsalının çoxalması qədim el sənətinin yaşaması, ölkənin ixrac potensialının nəticədə qazanılan vəsaitin artması, Azərbaycan brendinin geniş şöhrət qazanması deməkdir. Bu, həm qadınların məşğulluq probleminin həllində mühüm rol oynayır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 5 mart.- S.6.