O yazını tezliklə oxuyacağıq!..

 

Həmkarlarımız

 

Azərbaycan ailələrində hələ indi, XXI əsrdə - cəmiyyətin hərtərəfli inkişaf etdiyi, gender bərabərliyinin bərqərar olduğu bir vaxtda da qızların jurnalist sənətinə yiyələnməsinə münasibət birmənalı deyil. Bu, bəlkə də təbiidir. Çünki əsl jurnalistin - fərqi yoxdur, kişidir, ya qadın - konkret iş saatı olmur. Yazını vaxtında, bəzən təcili surətdə hazırlamaq, ezamiyyətə getmək, qəzetin ertəsi gün çıxacaq nömrəsinin məsul növbətçisi olmaq, daim düşünmək, yeni yazılar üçün mövzu və qəhrəman axtarmaq, qələmə sarılıb saatlarla çalışmaq, gecəni gündüzə qatmaq daim onun qarşısında dayanan tələblər, işlərdir.

Xanım jurnalist ailə həyatı qurandan, ana olandan sonra vəziyyət daha da mürəkkəbləşir... Nə xoş ki, bu çətinlikləri bilə-bilə Rəfiqə xanımın jurnalist sənətinə yiyələnməsi və sonra da ömrünü həmin sahəyə həsr etməsi qarşısında sədd çəkilməyib.

Həm də söhbət bu gündən deyil, 1966-cı ildən, rayonda orta məktəbi bitirib sənədlərini Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə təqdim edən bir qızın taleyindən gedir. "Gəncənin səsi” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin Gəncə şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ali media mükafatçısı Rəfiqə Sadıqovanı deyirik. O zaman sənədlərini başqa bir ali məktəbə verməsini təkid etmək onun istedadı, savadı, yaradıcı təfəkkürü, bədii-estetik zövqü və seçdiyi sənətə sevgisi qarşısında sədd çəkmək demək olardı. Övladlarının mükəmməl savad, gərəkli peşə sahibi, yaxşı insan olmasını bütün varlığı ilə arzulayan və daim buna çalışan Sədəf xanım isə onların seçiminə həmişə hörmətlə və həssaslıqla yanaşırdı.

Rəfiqə Sadıqovanın bəxti sonra da gətirdi - ömür-gün yoldaşı yaradıcılıq yollarında ona dəstəkçi oldu, işinə, sənətinə həmişə hörmətlə yanaşdı və bu, indiyədək belədir.

Arxaya boylananda Rəfiqə Sadıqova keçdiyi yolların başlanğıcında, o zaman Ağdam rayonunda çıxan "Lenin yolu” qəzetinin redaksiyasında eşitdiyi bir xeyir-duanı da tez-tez xatırlayır: "Qızım, sən elə jurnalistliyi seç, uğur qazana biləcəksən”.

O vaxt orta məktəbin yuxarı siniflərində təhsil alırdı, qəzetə yazmağa isə altıncı sinifdə oxuyandan başlamışdı. Onu "balaca müxbir” deyə çağırırdılar...

İllər keçəcək və ali təhsilini də uğurla başa çatdırıb jurnalist diplomu alan, təyinatı "Gəncənin səsi” (o vaxt "Kirovabad kommunisti” adlanırdı) qəzetinə verilən Rəfiqəni burada "iti qələm” (yəni iti qələm sahibi) deyə çağıracaqlar.

Gəncə intellektual səviyyəsi yüksək olan şəhərdir. Odur ki, gəncəli oxucuların diqqətini cəlb etmək, onların sevgisini qazanmaq o qədər də asan deyil. Rəfiqə Sadıqova isə bunu bacardı - istedadı və biliyi, zəhmətsevərliyi, peşəkarlığı, işinə məsuliyyəti ilə...

Münasibət qarşılıqlı oldu - Rəfiqə bu şəhəri sevdi, oxucular da onun imzasını tanıdılar, qəbul etdilər.

Müxbirlikdən başlayıb sonra şöbə müdiri, redaktor müavini və indi artıq doqquz ildir baş redaktor olan xanım jurnalistin mövzusundan, janrından, həcmindən asılı olmayaraq qələmə aldıqlarının hamısı rəğbətlə qarşılanır. Bu isə jurnalistin peşəkarlıq səviyyəsinin meyarıdır.

Adətən jurnalistlərin əksəriyyəti konkret bir mövzuda yazır. Təbii ki, çalışdıqları mətbuat orqanı, yaxud şöbə onları hər hansı bir sahə üzrə "ixtisaslaşdırır”. Ona görə də qələm sahibləri yaxşı bilirlər ki, uzun müddət bir mövzuda yazdıqdan sonra digərinə keçmək bəzən heç də asan olmur. Amma qələmi üçün bu məhdudiyyət olmayan jurnalistlər də var ki, onlardan biri də məhz Rəfiqə Sadıqovadır.

Biz hələ janrları demirik... Bütün qəzet janrlarından bacarıqla istifadə edən bu xanım jurnalist uzun illərdir publisistikada da qələm işlədir. Portret oçerkləri xüsusilə uğurlu alınır. Burada o, insanın bütün mənəvi aləmini və zahiri görüntülərini kağıza sanki bir rəssam kimi köçürür. Psixoloji məqamları qələmə almaq və hər sözdən yerində istifadə etməklə canlı obraz yaradır.

Rəfiqə Sadıqovanın qadınlara həsr etdiyi silsilə oçerklər xüsusilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, buna görə hələ 1982-ci ildə "Qızıl qələm” mükafatına layiq görülüb. Bu daimi mövzusu indi daha da şaxələnərək müəllifin irihəcmli əsərlərində də öz əksini tapır.

Yeri gəlmişkən, təcrübəli jurnalisti narahat edən məsələlərdən biri bu gün qəzetlərimizdə janrların "itməsi”dir. "Nə üçün jurnalistikamızda zarisovka, oçerk, təhlili yazılar azalıb? Sanki hamı informasiya janrında, xəbər üslubunda yazır...” - deyir.

İnformasiya texnologiyalarının jurnalistlərin köməyinə gəldiyinin yaxşı hal olduğunu söyləsə də, Rəfiqə xanım bundan yerli-yerində, faydalı istifadə etməyin vacibliyini xüsusi vurğulayır. Belə ki, jurnalist hər hansı mənbədən götürdüyü materiala da öz duyğusunu qatmalı, öz münasibətini bildirməli, faktları təhlil etməlidir. Ən azından əldə olunan məlumatların sistemləşdirilməsi, onların arasında əlaqə, keçid yaradılaraq məqalə halına salınması vacibdir.

Qaldı ki, jurnalistin müxtəlif janrlarda yazmağına... Rəfiqə xanım bunun da mümkünsüzlüyünü inkar edir: "Gəlin idmandakı beşnövçülüyü yada salaq...”

Rəhbəri olduğu jurnalist kollektivinin yaradıcılığında bunlara riayət edilməsinə çalışan baş redaktor ən yaxşı nümunəni özü göstərir. İstəyir ki, "Gəncənin səsi” yüksək səviyyədə çıxsın, qəzet oxucu əlindən düşməsin. Axı bu, zəngin ənənələrə malik bir qəzetdir, gələn il 100 yaşı tamam olacaq!

Jurnalistikada uzun bir yol keçən Rəfiqə Sadıqova heç vaxt hansısa vəzifəni tutmağa, yaxud titullar qazanmağa can atmayıb. Layiq görüldüyü "Tərəqqi” medalı, "Qızıl qələm”, Həsən bəy Zərdabi mükafatları, Ali media mükafatı və s. halal zəhmətinə verilən layiqli qiymətdir.

Bir mükafatı da oxucuların rəğbəti, daha biri isə həm çevrəsindəki, həm də bəzən heç yaxından tanımadığı insanların minnətdarlığıdır. Axı Rəfiqə xanım ünsiyyətcil, qəlbiaçıq, bacardığı, imkanı çatdığı köməyi əsirgəməyən insandır. Belələri haqqında el arasında deyirlər ki, əsl xeyir-şər adamıdır. Yəni başqasının sevincinə şərik çıxmağı, dərdini isə bölməyi bacarır, ona kömək üçün üz tutanı naümid qoymamağa çalışır. Bu, Rəfiqə Sadıqovanın genindən, sənətindən, həyat təcrübəsindən qaynaqlanır.

"Düzü düz, əyrini əyri” demək onun həyat devizidir. Odur ki, lazım gələndə haqq səsini ucaltmağı da bacarır. Məsələn, 2004-cü ildə Ankara Ticarət odası və erməni araşdırmalar mərkəzinin təşkil etdiyi simpoziumda Xocalı soyqırımı haqqında etdiyi məruzə tədbirin xüsusi buraxılışında nəşr olunub.

Və bütün bunlar bir yerə toplanaraq Rəfiqə Sadıqovaya özünü həm də səriştəli bir yazıçı kimi tanıtmağa imkan verib. O, "Dünya beş günlük deyil”, "İkinci toy” və "Nigaran qalacağam” romanlarının, "Yarımçıq səadət” sənədli povestinin müəllifidir. "Gecikmiş etiraf” və "Lalə əfsanəsi” hekayələri ingilis dilinə tərcümə edilərək Amerika oxucularına təqdim olunub.

2017-ci ildə müəllif bədii yazılarına görə Prezident mükafatına layiq görülüb.

Yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun müəllifin "Gecikmiş etiraf” kitabının "Ön söz”ündə yazdığı kimi: "Jurnalistlik fəaliyyəti dövründə daha çox insan taleləri, milli-mənəvi dəyərlər və ailə-məişət münasibətləri mövzusunda qələm işlətməyi sevən Rəfiqə Sadıqovanın çalışdığı "Gəncənin səsi” qəzetinin səhifələrinə sığmayacağı və gec-tez ədəbiyyatın geniş havasına çıxacağı məntiqi və gözlənilən idi. Belə də oldu. Ədəbiyyatda ilk qələm təcrübəsi sayılan "Dünya beş günlük deyil” romanı əslində illər boyu qəzet səhifələrində bəsləyib boya-başa çatdırdığı, araya-ərsəyə gətirdiyi çoxsaylı publisistik qəhrəmanların, özünəməxsus xarakter və xüsusiyyətləri olan Azərbaycan qadınının bədii obrazı idi. Əsərin qısa müddətdə qazandığı uğur və oxucu məhəbbətinin bir səbəbi bəlkə də elə bunda idi”.

Oxucu istəyinə hörmət əlaməti olaraq təkrar nəşr edilən, povest, hekayə əlavə olunmaqla toplu halına salınan "Gecikmiş etiraf” kitabı həssas, duyğulu, milli mənsubiyyətimizə bağlı olan, halal zəhməti ilə ucalmağı bacaran, yüksək və ali keyfiyyətləri özündə ehtiva edən insanlığın yoluna məharətlə çıraq tutur. Bu çırağın işığından istifadə edib öz həyat yolunu düzgün müəyyənləşdirmək bacarığı isə arzu edənlərin öz əlindədir.

Rəfiqə Sadıqova vaxtaşırı ölkənin mərkəzi mətbuatında da bədii və publisistik yazılarla çıxış edir. Müxtəlif yazıları ilə respublikadaxili yaradıcılıq müsabiqələrinin qalibi olub.

Yeri gəlmişkən, Rəfiqə xanım istənilən vaxt paytaxta köçüb mərkəzi mətbuatda çalışa bilərdi, bunun üçün heç bir maneə olmayıb. Əksinə, dəfələrlə imkan və şans da düşüb - həyat yoldaşı, tarix elmləri doktoru, professor Həsənbala Sadıqova Bakıda fəaliyyət göstərmək haqqında təkliflər gəlib. Amma görünür, Gəncə bu ailənin tale şəhəridir...

Bir alim ömrünə yol yoldaşı olan xanım, bir cüt oğul ömrünün keşiyində dayanan anadır Rəfiqə Sadıqova. Dörd əziz nəvəsi isə ömür bağının şirin barıdır.

Həmişə baharlı duyğularla yaşayan Rəfiqə xanım, demə, elə yazda dünyaya göz açıb. Bu günlərdə ömrünün növbəti baharını qarşılayır və... söz yox ki, "könlü keçir Qarabağdan”, doğulduğu, böyüdüyü, ilk gəncliyini yaşadığı Ağdamdan. Onun hiss və duyğularında bu yerlər doğma, əziz bir canlı kimi əsirlikdədir və bu, qəlbinin yeganə, lakin böyük, miqyası ölçüyə gəlməyən nisgilidir. "Ağdam barədə heç yaza da bilmirəm, - deyir. - Amma yazacağam, indiyədək yazdıqlarımın ən yaxşısını azad edilmiş Ağdamdan yazacağam”.

Həmkarımız Rəfiqə Sadıqovaya cansağlığı və xoşbəxtlik, yaradıcılıq uğurları və dediyi o yazısını tezliklə oxumaq arzusu ilə

 

Flora SADIQOVA

 

Azərbaycan.- 2019.- 5 mart.- S.8.