“ASAN Həyat”da Bahar festivalı

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə "ASAN Həyat” Bahar festivalına start verilib. Qubaya təşkil edilən mediaturun da məqsədi Baharın "ASAN” gəlişini qeyd etmək idi.

 

Elimizə bahar gəlir

 

Qubaya çatdığımız andan yağışa düşsək də, baharın gəlişini quşların nəğməsindən, təbiətin yaşıllaşmasından, ağacların çiçəkləməsindən hiss etmək olurdu. Ölkəmizin bu dilbər guşəsinə Quba "ASAN Həyat” kompleksində keçirilən festivalın ikinci günü gəlmişdik.

Festivalın məqsədi barədə jurnalistləri məlumatlandıran İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadə bildirdi ki, 2-19 mart tarixini əhatə edəcək tədbir çərçivəsində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhləvan və kəndirbaz oyunları, milli ornamentlərin sərgisi, idmançıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunacaq, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası həyata keçiriləcək. Bu mənada festivalın əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhvali-ruhiyyəsinin yüksəldilməsinə töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir.

 

Türkdilli ölkələrin Novruzu

 

2-5 mart Quba, 12-16 mart Şəki, 16-19 mart tarixlərində Masallı "ASAN Həyat” komplekslərində keçirilməsi nəzərdə tutulan tədbirin əsas özəlliklərindən biri də ölkəmizdə akkreditə olunmuş və Novruz bayramını qeyd edən diplomatik korpusun nümayəndələrinin bu festivalda iştirakıdır. Bununla yanaşı, Azərbaycandakı milli etnik azlıqların nümayəndələri də öz adət-ənənələri ilə festivalda təmsil olunurlar.

Mərkəzin direktoru qeyd etdi ki, Novruz bayramı ərəfəsində qeyd olunan ölkələrin təmsilçilərinin festivalda iştirakının təmin olunması Azərbaycanla bu dövlətlər arasındakı mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Elə müşahidələrimiz zamanı da gördük ki, Özbəkistan, İran, Qazaxıstan, Türkmənistan nümayəndə heyətləri öz ölkələrinə məxsus guşələrdə adət-ənənələrini nümayiş etdirirlər. Özbəkistana məxsus guşədə söhbətləşdiyimiz Şahidə Mehdiyeva bildirdi ki, ölkəsində Novruz bayramı çox böyük sevinclə, Yeni il kimi qeyd edilir. Süfrənin əsas yeməklərindən biri isə sümələk (səməni) yeməyidir. Səmənini 24 saat ərzində bişirib, bayram günü süfrəyə verirlər. Həm müalicəvi, həm də dadlı olan bu yeməklə yanaşı, süfrəyə özbək aşı, həmçinin çak-çak, çukvara kimi şirniyyatlar düzülür.

 

Bayram ab-havası

 

Festivalda, satış yarmarkası, eləcə də "ABAD” publik hüquqi şəxsin "ABAD Gastro Village” layihəsi çərçivəsində "food trucklər” (təkərli qoşqular) nümayiş olunurdu. Burada "ABAD” məhsullarından hazırlanmış "fast food”ların satışı həyata keçirilir. Elə orada olduğumuz vaxt tanınmış incəsənət ustalarının iştirakı ilə rəngarəng konsert proqramı təşkil edildi.

"ASAN xidmət” tərəfindən təşkil edilən Novruz proqramı bölgələrimizdə bayram ab-havasının daha da yüksəlməsinə öz töhfəsini verəcək.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2019.- 5 mart.- S.8.