Türkiyə
Böyük Millət Məclisi Sədrinin
başçılıq etdiyi nümayəndə heyəti
TürkPA katibliyində olub
Türkiyə Böyük Millət
Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi
nümayəndə heyəti və Azərbaycan Milli Məclisinin
sədri Oqtay Əsədov martın 6-da Türkdilli Ölkələrin
Parlament Assambleyasının (TürkPA) katibliyinin inzibati
binasında olublar.
AZƏRTAC xəbər verir ki,
Türkiyə Böyük Millət Məclisinin sədri
Mustafa Şentopa katibliyin fəaliyyəti və binada
yaradılan şəraitlə bağlı ətraflı məlumat
verilib. Qeyd edilib ki, fəaliyyətini ildən-ilə genişləndirən,
beynəlxalq əlaqələrini gücləndirən
TürkPA-nın katibliyinin inzibati binasında bütün
lazımi şərait yaradılıb.
Türkiyə parlamentinin sədri
TürkPA-nın fəaliyyətini əks etdirən fotosərgi
ilə tanış olub, həmçinin burada yerləşən
kitabxanadakı eksponatlara baxıb.
Mustafa Şentop TürkPA katibliyinin
inzibati binasının həyətində dostluq və
qardaşlıq rəmzi olan həmişəyaşıl
ağac əkib.
Sonra keçirilən
görüşdə təşkilatın fəaliyyəti barədə
fikir mübadiləsi aparılıb, Azərbaycanın quruma
verdiyi töhfələr yüksək qiymətləndirilib.
Bildirilib ki, TürkPA-nın fəaliyyəti türk
xalqlarının ümumi məqsədlərinə xidmət
edir.
Azərbaycan.-
2019.- 7 mart.- S. 3.